Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1537/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı Hacəhməd oğlunun və cavabdeh Qusar rayon Hil Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Hacəhməd oğlunun cavabdeh Qusar rayon Hil Bələdiyyəsinə qarşı «sərəncamın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 17 may 2005-ci il tarixli, 2-172/2005 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Hacəhməd oğlu cavabdeh Qusar rayon Hil Bələdiyyəsinə qarşı «sərəncamın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Qusar rayonu Hil Bələdiyyəsi sədrinin 02 noyabr 2004-cü il tarixli, 34 saylı sərəncamının ləğv edilməsi, 3,41 hektar torpaq sahəsi üzərində hüquqlarının pozulmasının aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qusar Rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli, 17/3 saylı qərarı ilə ailəsinin mülkiyyətinə torpaq payları verilmiş, hüquqları JN:382 və JN:383 saylı dövlət Aktları ilə rəsmiləşdirilmişdir. Şərh olunan torpaq sahələrindən JN:381 saylı Akt üzrə 2,60 ha, JN:382 saylı Akt üzrə 0,21 və JN: 383 saylı Akt üzrə 0,6 ha sahələr kənd təsərrüfatı istehsalı üçün tam yararsızdır. Sahələrə mütəxəssis komissiyası tərəfindən baxış keçirilmiş, cəmi 3,41 ha sahənin yararsız olduğunu müəyyən edərək 03 aprel 2003-cu il tarixdə müvafiq Akt tərtib edilmişdir.Yararsız torpağın yararlı sahə ilə əvəz edilməsi barədə rəsmi qərar qəbul edilmiş, lakin Hil Bələdiyyəsinin sabiq sədri bələdiyyə qərarının etibarsız sayılmasına dair sərəncam vermişdir. Qusar Rayon Məhkəməsinin 17 may 2005-ci il tarixli, 2-172/2005 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Hil Bələdiyyəsinin sabiq sədri tərəfindən verilmiş 02 noyabr 2004cü il tarixli, 34 saylı sərəncamının etibarsız sayılaraq ləğv edilməsi, Hil Bələdiyyəsinin 29 mart 2003-cü il tarixli (protokol № 9) qərarı ilə İddiaçı Hacəhməd oğlunun ailəsinə verilmiş 3,41 hektar torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi qət edilmişdir (hakim T.Məmmədov). İş materiallarından görünür ki, həmin qətnamənin surəti maraqlı şəxs Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Qusar rayon şöbəsinə göndərilsə də, qətnamənin surətinin maraqlı şəxsə rəsmi qaydada təqdim edilib-edilməməsi iş materiallarından müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, həmin qətnamənin surəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən rəsmi qaydada xx.xx.2023-cü il tarixdə alınmışdır. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 17 may 2005-ci il tarixli, 2-172/2004 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Hacəhməd oğluna verilmiş 3,41 hektar torpaq sahəsi üzərində Qusar rayon Hil Bələdiyyəsi mülkiyyət hüququna malik deyildir. Qətnamədə göstərilir ki, 03 aprel 2003-cü il tarixli Aktla müəyyən edilir ki, İddiaçı Hacəhməd oğlunun ailəsinə JN: 381, JN: 382 və JN: 383 saylı Dövlət Aktları ilə verilmiş cəmi 3.41 ha yararsız sahələr əvəz edilməlidir, ona Hil bələdiyyəsinin 29 mart 2003-cü il tarixli qərarına əsasən «Qirgit qoza» adlı sahədən 3,41 hektar kənd təsərrüfatı istehsalına yararlı sahə verilməlidir. Lakin məhkəmə tərəfindən əvəz edilməsi nəzərdə tutulan torpaq sahələrinə aid JN: 381, JN: 382 və JN: 383 saylı Dövlət Aktları ilə verilmiş cəmi 3.41 ha hissədə ləğvi ilə, o cümlədən həmin aktların verilməsinə əsas olmuş Qusar Rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli, 17/3 saylı qərarının ləğvinə münasibət bildirməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Hacəhməd oğlu izahatında halhazırda yeni torpaq sahəsindən istifadə etdiyini, həmin torpaq sahəsinin 3 hektar olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Qusar rayon Hil Bələdiyyəsinin nümayəndəsi X2 izahatında iddiaçının uzun illərdir həmin torpaqdan istifadə etdiyini, imtina olunmuş köhnə torpaqların bələdiyyə torpağı kimi göstərildiyini,lakin bələdiyyənin adına rəsmiləşdirilməsinin mümkün olmadığini bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayonu Hil Bələdiyyəsi sədrinin 34 saylı, 02 noyabr 2004-cü il tarixli sərəncamından görünür ki, İddiaçı Hacəhməd oğlunun mülkiyyətində olan 381, 382 və 383 №-li Dövlət Aktlarında göstərilən torpaqların Hil bələdiyyəsinin X5 ilə dəyişdirilməsi haqqında Hil bələdiyyəsinin 29 mart 2003-cü il tarixli, 09 saylı protokol qərarı qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarında olan 03 aprel 2003-cü il tarixli Aktdan görünür ki, Hil bələdiyyəsinin 29 mart 2003-cü il tarixli, 09 saylı protokol qərarına əsasən İddiaçı Hacəhməd oğlunun ailəsinə JN: 381, JN: 382 və JN: 383 saylı Dövlət Aktlarındakı torpaqlar Hil bələdiyyəsinə məxsus torpaqlarla əvəz edilərək 3 hektar torpaq sahəsi «Qirgit qoza» adlı sahədən 0,41 hektar torpaq sahəsi isə kəndin «Tulab» adlı sahəsindən verilmişdir. İş materiallarında olan 29 avqust 2003-cü il tarixli müqavilədən görünür ki, Hil bələdiyyəsinin sədri S.Xidirov iş üzrə İddiaçıla rəsmi müqavilə tərtib edərək İddiaçı Hacəhməd oğluna Qusar Rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli, 17/3 saylı qərarı ilə verilmiş yararsız torpaq sahələrinin yararlı sahələr ilə əvəz edilməsi barədə razılaşmışlar. İş materiallarında olan Hil bələdiyyəsinin 29 mart 2003-cü il tarixli qərarın çıxarışından və xəritədən (plan-sxemdən) görünür ki, yararsız torpaqların əvəz edilməsinə dair qərarın icra edilməsi ilə əlaqədar xəritə tərtib edilmiş, xəritə bələdiyyə sədri S.Xidirovun imzası və bələdiyyənin möhürü ilə təsdiq edilmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 02 noyabr 2004-cü il tarixli, 34 saylı sərəncamı Hil bələdiyyəsinin sabiq sədri S.Xidirov təkbaşına vermiş, sərəncamda həll edilən məsələ bələdiyyə iclasında müzakirə olunmamışdır. Bələdiyyə sədri bələdiyyə mülkiyyəti barəsində hər hansı bir təkbaşına sərəncam vermək hüququna malik deyil, belə bir sərəncam və ya qərar verilsə də, hüquqi qüvvəyə malik ola bilməz, belə sərəncam və ya qərar hüquq və vəzifələr yarada bilməz. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, Qusar Rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1998-ci il tarixli, 17/3 saylı qərarı ilə İddiaçı Hacəhməd oğlunun ailəsinin mülkiyyətinə torpaq sahələri ayrılmış və həmin torpaq sahələrinə dair hüquqları JN: 381, JN: 382 və JN: 383 saylı dövlət Aktları ilə rəsmiləşdirilmişdir. İddiaçının ailəsinə ayrılmış torpaq sahələrindən JN:381 saylı Akt üzrə 2,60 ha, JN:382 saylı Akt üzrə 0,21 və JN: 383 saylı Akt üzrə 0,6 ha, ümumilikdə 3,41 ha sahələr kənd təsərrüfatı istehsalı üçün yararsız sahələr olduğundan 03 aprel 2003-cü il tarixli Akt əsasında Hil bələdiyyəsinin 29 mart 2003-cü il tarixli, 09 saylı protokol qərarına əsasən İddiaçı Hacəhməd oğlunun ailəsinə JN: 381, JN: 382 və JN: 383 saylı Dövlət Aktları əsasənda məxsus olan torpaq sahələri Hil bələdiyyəsinə məxsus torpaqlarla əvəz edilərək 3 hektar torpaq sahəsi «Qirgit qoza» adlı sahədən, 0,41 hektar torpaq sahəsi isə kəndin «Tulab» adlı sahəsindən verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ailəsinə məxsus 3,41 ha yararsız sahələrin Hil bələdiyyəsinin 29 mart 2003-cü il tarixli, 09 saylı protokol qərarına əsasən Hil bələdiyyəsinə məxsus torpaqlarla əvəz edilərək 3 hektar torpaq sahəsi «Qirgit qoza» adlı sahədən, 0,41 hektar torpaq sahəsi isə kəndin «Tulab» adlı sahəsindən verilməsi qanunvericiliyin tələblərinə uyğun olmadan, yəni həmin torpaq sahəsinə Hil bələdiyyəsinin mülkiyyət hüququnun olub-olmaması müəyyən edilmədən, torpaq sahəsinin sərhədləri yerində müəyyən edilmədən, onun plan və ölçüsü tərtib edilmədən, torpaq sahəsinin verilməsi barədə müqavilə bağlanmadan və müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilmə həmin torpaq sahələri Hil Bələdiyyəsinin qərarı ilə əvəz edilmişdir. Bundan əlavə, Qusar rayonu Hil Bələdiyyəsi sədrinin 34 saylı, 02 noyabr 2004-cü il tarixli sərəncamına əsasən İddiaçı Hacəhməd oğlunun mülkiyyətində olan 381, 382 və 383 №-li Dövlət Aktlarında göstərilən torpaqların Hil bələdiyyəsinin X5 ilə dəyişdirilməsi haqqında Hil bələdiyyəsinin 29 mart 2003-cü il tarixli, 09 saylı protokol qərarı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 17 may 2005-ci il tarixli, 2-172/2005 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 17 may 2005-ci il tarixli, 2-172/2005 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1537/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1537/2023
21.09.2023 · Sair mülki iş - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver