Məhkəmə qərarları › İş №2(105)-1544/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1544/2020

17.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1544/2020 17.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4036/2019 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4036/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanılaraq Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 3M-635 nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tənha qadındır, həyat yoldaşından boşanmışdır, qızlarını ata köməyi olmadan, təkbaşına böyütmüşdür. Qızları təhsil alan zaman pul vəsaitinə ehtiyacı olduğu üçün qonşuluqda yaşayan, bütün qonşulara 12- 14 faizlə sələmə pul verən və qızıl alveri ilə məşğul olan Cavabdeh 2012-ci ildən 2015-ci ilədək hissəhissə olmaqla 2000 manat məbləğində pul vəsaitini 12 faizlə sələmə götürmüşdür. Onun götürdüyü 2000 manat pul vəsaitinin sələmi ilə birlikdə 7000 manat təşkil etdiyini Cavabdeh 2015-ci ildə ona bildirmiş və bir neçə gün müddətində 7000 manatı verməyini tələb etmişdir. Onun həmin məbləğdə pulu olmamışdır. Cavabdeh onun həyətindəki torpaq sahəsini satmaq fikrində olduğunu öyrənərək satdığı torpaq sahəsini ona verməsini təklif etmişdir. Həmin vaxt o, 100 m2 torpaq sahəsini 10000 manata satmağa müştəri ilə razılığa gəlmişdi. Cavabdeh 7000 manat borcu nəzərə alınmaqla, 2000 manat da verməklə torpağı özü almağa onu məcbur etmişdir. Cavabdeh onu razı salmış və 2000 manatı ona verərək, həmin torpaq sahəsinin verilməsinə onun razılığını almışdır. Bir müddət keçəndən sonra Cavabdeh qonşu Zərqələmdən həmin torpaq sahəsinə maşın yolu ala bilmədiyinə görə 9000 manatı ondan geri tələb etmişdir. Onun isə verməyə pulu olmamışdır. Daha sonra Cavabdeh qonşuları X4 ilə razılığa gəlmişdilər ki, ona əlavə olaraq 10000 manat pul verərək ünvan 1 ünvanındakı onun iki otaqlı fərdi yaşayış evini alsınlar. Onlar razılaşmış və Mirvari Abbasova ilə Cavabdeh öz aralarında 8700 manat pulu və bir ədəd 1300 manat dəyəri olan sadə qızıl sepi ona verərək qeyd edilən fərdi yaşayış evini almış və bildirmişlər ki, evi alqı-satqı edəcəkləri müddətədək razılaşdırılmış və ona verilmiş pula görə notariusda kredit müqaviləsi imzalamalıdırlar, evin sənədi verildikdən sonra kredit müqaviləsini ləğv etdirəcəklər, çünki evin sənədləri bankda girovda olmuşdur. Onlar razılaşmışlar ki, evi həmin şəxslərin adına alqı-satqı edən zaman ona əlavə olaraq 6000 manat pul da veriləcək və aldığı həmin vəsait alqı-satqı müqaviləsi bağlananadək kredit müqaviləsində qeyd ediləcəkdir. Evin alıcılarından biri olan Mirvari Abbasova Cavabdeh adına kredit müqaviləsi bağlanmasına razılıq vermişdir. Onlar Abşeron rayonu 1 saylı notariat kontoruna getmiş, heç bir pul söhbəti olmadan, pul vəsaiti depozitə qoyulmadan və heç bir pul əməliyyatı aparılmadan notarius onlara kredit müqaviləsinə imza etdirmişlər. Hüquqi savadı olmadığından onun kredit müqaviləsindən bilgisi olmamış və notarius da ona bu barədə izahat verməmişdir. ünvan 1 ünvanındakı onun iki otaqlı fərdi yaşayış evi Cavabdeh və Mirvari Abbasovanın xoşuna gəlməmişdir. Buna görə də təklif etmişdilər ki, həmin evə görə verdikləri vəsaitin əvəzinə, ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsindəki 90 m2 ölçüdə olan mağazanı həyətyanı sahəsi ilə birlikdə həmin şəxslərə versin. Başqa çarəsi olmadığından buna razılıq vermişdir. Mağazanın faktiki sahibliyini bu şəxslərə verdikdən sonra Cavabdeh kredit müqaviləsini ləğv etdirməyi demişdir. Cavabdeh onu arxayın etmişdir ki, evin sənədi onun adınadır, əgər başqa hərəkət olarsa, ev onundur, bağladıqları müqavilə boş şeydir. Həmin vaxtdan da ara sakitləşmişdir. Hadisədən xeyli keçmiş Cavabdeh onu taksi ilə notariusa apararaq onun adına sənədləşdirdiyi evi təcili satdığını bildirmiş, notariat kontorunda ona bir neçə sənədə imza etdirmişlər. Hələ bir neçə il əvvəl cavabdeh öz evini onun adına sənədləşdirərək dövlətdən məcburi köçkün kimi mənzil almışdır. Həmçinin Cavabdeh qonşulara və digər şəxslərə yüksək faizlə pul vəsaiti verərək onları var-yoxdan çıxarmış, ailələrin evlərini, torpaq sahələrini, mənzillərini əllərindən alaraq bir neçə ailəni evsiz qoymuşdur. Kredit müqaviləsinin 1-ci bəndində notarius təsdiq edir ki, borc verən borc alana 19000 manat məbləğində borc pul verir. Borc verənin və borc alanan şəkilləri kredit müqaviləsində göstərildiyi üçün pul alınıb verilən yerdə kamera və ya digər vasitələrdən istifadə olunmuş, belə olan halda, pul alınan və pul verilən yerdə şəkilləri, yaxud kreditor tərəfindən verilən pul vəsaitinin banka depozitə qoyulma sənədi və ya borclunun həmin pulu alması haqqında notariusun qəbzi olmalıdır. Bunlar hamısı birmənalı olaraq kredit müqaviləsinin qeyri-qanuni və yalan əqd olmasını sübut edir. Cavabdeh kredit müqaviləsinin icrasına başlaması haqqında ona xx xxxx 2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsindən məlumat verilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır. O, tənha qadındır, həyat yoldaşından boşanmışdır, qızlarını ata köməyi olmadan, təkbaşına böyütmüşdür. Qızları təhsil alan zaman pul vəsaitinə ehtiyacı olduğu üçün qonşuluqda yaşayan, bütün qonşulara 12-14 faizlə sələmə pul verən və qızıl alveri ilə məşğul olan Cavabdeh 2012-ci ildən 2015-ci ilədək hissə-hissə olmaqla 2000 manat məbləğində pul vəsaitini 12 faizlə sələmə götürmüşdür. Onun götürdüyü 2000 manat pul vəsaitinin sələmi ilə birlikdə 7000 manat təşkil etdiyini Cavabdeh 2015-ci ildə ona bildirmiş və bir neçə gün müddətində 7000 manatı verməyini tələb etmişdir. Onun həmin məbləğdə pulu olmamışdır. Cavabdeh onun həyətindəki torpaq sahəsini satmaq fikrində olduğunu öyrənərək satdığı torpaq sahəsini ona verməsini təklif etmişdir. Həmin vaxt o, 100 m2 torpaq sahəsini 10000 manata satmağa müştəri ilə razılığa gəlmişdi. Cavabdeh 7000 manat borcu nəzərə alınmaqla, 2000 manat da verməklə torpağı özü almağa onu məcbur etmişdir. Cavabdeh onu razı salmış və 2000 manatı ona verərək, həmin torpaq sahəsinin verilməsinə onun razılığını almışdır. Bir müddət keçəndən sonra Cavabdeh qonşu Zərqələmdən həmin torpaq sahəsinə maşın yolu ala bilmədiyinə görə 9000 manatı ondan geri tələb etmişdir. Onun isə verməyə pulu olmamışdır. Daha sonra Cavabdeh qonşuları X4 ilə razılığa gəlmişdilər ki, ona əlavə olaraq 10000 manat pul verərək ünvan 1 ünvanındakı onun iki otaqlı fərdi yaşayış evini alsınlar. Onlar razılaşmış və Mirvari Abbasova ilə Cavabdeh öz aralarında 8700 manat pulu və bir ədəd 1300 manat dəyəri olan sadə qızıl sepi ona verərək qeyd edilən fərdi yaşayış evini almış və bildirmişlər ki, evi alqı-satqı edəcəkləri müddətədək razılaşdırılmış və ona verilmiş pula görə notariusda kredit müqaviləsi imzalamalıdırlar, evin sənədi verildikdən sonra kredit müqaviləsini ləğv etdirəcəklər, çünki evin sənədləri bankda girovda olmuşdur. Onlar razılaşmışlar ki, evi həmin şəxslərin adına alqı-satqı edən zaman ona əlavə olaraq 6000 manat pul veriləcək və aldığı həmin vəsait alqı-satqı müqaviləsi bağlananadək kredit müqaviləsində qeyd ediləcəkdir. Evin alıcılarından biri olan Mirvari Abbasova Cavabdeh adına kredit müqaviləsi bağlanmasına razılıq vermişdir. Onlar Abşeron rayonu 1 saylı notariat kontoruna getmiş, heç bir pul söhbəti olmadan, pul vəsaiti depozitə qoyulmadan və heç bir pul əməliyyatı aparılmadan notarius onlara kredit müqaviləsinə imza etdirmişlər. Hüquqi savadı olmadığından onun kredit müqaviləsindən bilgisi olmamış və notarius da ona bu barədə izahat verməmişdir. ünvan 1 ünvanındakı onun iki otaqlı fərdi yaşayış evi Cavabdeh və Mirvari Abbasovanın xoşuna gəlməmişdir. Buna görə də təklif etmişdilər ki, həmin evə görə verdikləri vəsaitin əvəzinə ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsindəki 90 m2 ölçüdə olan mağazanı həyətyanı sahəsi ilə birlikdə həmin şəxslərə versin. Başqa çarəsi olmadığından buna razılıq vermişdir. Mağazanın faktiki sahibliyini bu şəxslərə verdikdən sonra Cavabdeh kredit müqaviləsini ləğv etdirməyi demişdir. Cavabdeh onu arxayın etmişdir ki, evin sənədi onun adınadır, əgər başqa hərəkət olarsa, ev onundur, bağladıqları müqavilə boş şeydir. Həmin vaxtdan da ara sakitləşmişdir. Hadisədən xeyli keçmiş Cavabdeh onu taksi ilə notariusa apararaq onun adına sənədləşdirdiyi evi təcili satdığını bildirmiş, notariat kontorunda ona bir neçə sənədə imza etdirmişlər. Hələ bir neçə il əvvəl cavabdeh öz evini onun adına sənədləşdirərək dövlətdən məcburi köçkün kimi mənzil almışdır. Həmçinin Cavabdeh qonşulara və digər şəxslərə yüksək faizlə pul vəsaiti verərək onları var-yoxdan çıxarmış, ailələrin evlərini, torpaq sahələrini, mənzillərini əllərindən alaraq bir neçə ailəni evsiz qoymuşdur. Kredit müqaviləsinin 1-ci bəndində notarius təsdiq edir ki, borc verən borc alana 19000 manat məbləğində borc pul verir. Borc verənin və borc alanan şəkilləri kredit müqaviləsində göstərildiyi üçün pul alınıb verilən yerdə kamera və ya digər vasitələrdən istifadə olunmuş, belə olan halda, pul alınan və pul verilən yerdə şəkilləri, yaxud kreditor tərəfindən verilən pul vəsaitinin banka depozitə qoyulma sənədi və ya borclunun həmin pulu alması haqqında notariusun qəbzi olmalıdır. Bunların hamısı birmənalı olaraq kredit müqaviləsinin qeyri-qanuni və yalançı əqd olmasını sübut edir. Cavabdeh kredit müqaviləsinin icrasına başlaması haqqında ona xx xxxx 2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsindən məlumat verilmişdir. Kredit müqaviləsinin yalan, qeyri-qanuni və əsassız bağlanması nəticəsində onun hüquqları cavabdeh və notarius tərəfindən pozulmuş, almadığı pul vəsaitinin dövlət sənədində əsassız olaraq alınması öz təsdiqini tapmışdır. Buradan görünür ki, bağlanmış kredit müqaviləsi yalan, qeyri-qanuni və əsassızdır, ona görə də məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Məhkəmə tərəfindən işdə olan sənədlərə və təqdim edilmiş faktlara heç bir hüquqi qiymət verilməmiş, eləcə də notariusun iştirakı ilə pulun verilib-verilmədiyi aydınlaşdırılmamışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayonu 1 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, Abşeron rayonu 1 saylı notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “Borc verən” Cavabdeh ilə “Borc alan” İddiaçı arasında xx xxxx 2015-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda bağlanılaraq 3M-635 sayla reyestrdə qeydə alınmış kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alan”a 19000 manat məbləğində pul verməyi, “Borc alan” krediti xx.xx.2015-ci il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Abşeron rayon X5 şöbəsinin təhqiqatçısının xx xxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, toplanmış materialda İddiaçı əməlində cinayət tərkibi aşkar olunmadığından Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh ərizəsində göstərdiyi xüsusatlarla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsində 0,018 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 93 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx xxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 102 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdən görünür ki, birinci insyansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikası MM-nin 329, 337.1, 354.2-ci maddələrini tətbiq edərək iddianı rədd etmişdir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı iddia tələbini İddiaçı ilə aralarında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin yalan əqd olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 340.2-ci maddəsinə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İşdən görünür ki, İddiaçı mübahisələndirdiyi kredit müqaviləsi xx xxxx 2015-ci il tarixdə bağlanmışdır. İddiaçı hazırki iddia ilə x xxxxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı yalan əqd kimi istinad etdiyi hal hələ kredit müqaviləsi bağalanarkən ona məlum idi, lakin hazırki iddia ilə 2019-cu ilin sentyabrında məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə də maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir, həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Məhkəmə kollegiyası sadalanan hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4036/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar