Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1558/2021 19.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(029)-278/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(029)-278/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuş və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı çıxarışın ləğv edilməsi ilə bağlı çıxarışı vermiş müvafiq inzibati orqana müraciət etməli olduğu izah edilmişdir. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərardadın qanunsuz və əsassız olduğunun göstərmiş və həmin qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(029)-278/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, onun iddiası ümumiyyətlə DƏDRX-ə qarşı deyil. İddia ərizəsində DƏDRX cavabdeh deyil, 3-cü şəxs kimi göstərilmişdir. X3 və “xxxx” a qarşıdır. Çünki əsas məsələ məhz Notariat Kontorunda olan qanunsuzluq olmuşdur. Həmçinin müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırılarkən ümumiyyətlə cavabdehə qarşı pretenziya qaydalarına riayət olunmur. Çünki adından göründüyü kimi müqavilənin etibarsızlığından söhbət gedirsə onun bağlandığı andan etibarsız olması nəzərə alınmalıdır. O, məhkəmədə kiminsə adına verilmiş çıxarışın ləğvini deyil, yüklülük çıxarışının ləğviuni tələb etmişdir. Bu da kiminsə mülkiyyət hüququnun deyil, yüklülüyün DƏDRX-də ləğvi anlamına gəlir. Burda kiminsə mülkiyyət hüququnun məhdudlaşdırılmasından və ya ləğvindən söhbət gedə bilməz. Lakin məhkəmə artıq ikinci dəfədir ki, kobud prosessual pozuntu edərək onun məhkəməyə müraciət hüququnu pozur. Odur ki, şikayətin təmin edilərək Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(029)-278/2021 saylı qərardadının ləğv edilməsi, işin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı və Cavabdeh1, Qusar rayon Notariat Kontorunun nümayəndəsi və üçüncü şəxs DƏDRX 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə iddia ərizəsində həm də, inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən verilmiş yüklülük çıxarışının ləğv edilməsi tələb olunmasını, həmin tələbə baxılmasının isə ümumi məhkəmələrin səlahiyyətinə aid olmamasını, həmin tələblə bağlı əvvəlcə çıxarışı vermiş orqana müraciət olunmalı olmasını, müsbət cavab alınmadıqda isə müvafiq inzibati məhkəməyə müraciət edilməli olmasını müəyyən edərək iddianın yolverilməzliyinə görə iddia ərizəsinin geri qaytarılmış, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 153.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qeyd edilən əsaslarla geri qaytararkən düzgün nəticəyə gəlməmişdir. Hazırki işdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Qusar Rayon Notariat Kontoruna və “xxxx” ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülük çıxarışının ləğv edilməsi və girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırki iddia ərizəsinin əsasını cavabdehlər Cavabdeh1 ilə “xxxx” ASC arasında Qusar rayon Notariat Kontorunda bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi təşkil edir, sonrakı tələblər- yüklülük çıxarışı ləğv edilməklə girov əmlakın yüklülükdən azad edilməsi isə iddianın müqavilənin etibarsız hesab edilməsi hissəsindən doğan tələblərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia ərizəsi inzibati orqanın qəbul etdiyi qərarın, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb deyil, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, bundan sonra ipoteka müqaviləsi əsasında əmlakın girov qoyulmasına dair verilmiş yüklülük çıxarışının ləğvi və girov üzərindən yüklülüyün götürülməsi barədədir. Başqa sözlə hazırki tələb inzibati orqanın qəbul etdiyi qərarın, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb deyildir. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslarla iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilmə məsələsinin yenidən müzakirə edilməsi üçün mülki iş Qusar Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(029)-278/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbul edilmə məsələsinin yenidən müzakirə edilməsi üçün Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1558/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1558/2021
19.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver