Məhkəmə qərarları › İş №2(105)-1558/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1558/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1558/2025 14.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4035/2025 nömrəli qətnaməsindən Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Samsung televizor, zəmanət + 3 il xidməti qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh müqaviləyə əsasən qeyd olunan malı qüsursuz halda təhvil aldığını öz imzası ilə təsdiq etmişdir.

2. xx.xx.2024-cü il tarixli, 09417793 nömrəli məhsulların təhvil-təslim aktından görünür ki, Cavabdeh SAMSUNG UE55DU7100UXRU markalı malı tam qüsursuz şəkildə qəbul etdiyini və heç bir iradı olmadığını öz imzası ilə təsdiq etmişdir.

3. Servis aktından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə SAMSUNG UE55DU7100UXRU markalı məhsulu “ekranın sınması” qüsru ilə “Kontaktplus”un servis mərkəzinə təhvil vermişdir.

4. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öhdəliyini yerinə yetirməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xəbərdarlıq edilmişdir.

5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli, 255/25 nömrəli bildirişdə qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 09417793 nömrəli faktura əsasında "xxxx" MMC-dən (Kontakt Home) əldə etdiyiniz seriya nömrəli SAMSUNG UE55DU7100UXRU markalı mal hal-hazırda cəmiyyətə məxsus anbarda saxlanılmaqdadır. Sözügedən malın təhvil alınması ilə bağlı dəfələrlə onunla əlaqə yaratmağa çalışsalar da, zənglərə cavab verilməmiş və məhsul təhvil alınmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, bu bildirişi aldığınız tarixdən 3 (üç) iş günü ərzində, anbarımızda saxlanılan SAMSUNG UE55DU7100UXRU markalı malın təhvil alınmasını və ya ünvanınıza çatdırılmasına şərait yaradılmasını xahiş edir. Əks halda, cəmiyyət imtina etdiyi mala görə hər hansı məsuliyyət daşımayacaqdır.

6. 30.05.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung televizor, zəmanət + 3 il xidməti üçün 1.596,42 manat ödənilməmiş hissə, 159,64 manat cərimə borcu olmaqla, ümumilikdə 1.756,06 manat borcu vardır.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung televizor, zəmanət + 3 il xidməti üçün 1.596,42 manat ödənilməmiş hissə, 159,64 manat cərimə borcu olmaqla, ümumilikdə 1.756,06 manat borc və ödənilmiş dövlət rüsumuna görə 37,57 manat məbləğində pulun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung televizor, zəmanət + 3 il xidməti almış və nəticədə 1.756,06 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1.680,42 manat (yəni 18 ay x 88,69 manat + 84 manat ilkin ödəniş) olan Samsung televizor, zəmanət + 3 il xidməti üçün ümumilikdə 1.756,06 manat olmaqla, ondan 1.596,42 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 159,64 manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 84 manat təşkil edir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Samsung televizor, zəmanət + 3 il xidməti üçün 1.596,42 manat ödənilməmiş hissə, 159,64 manat cərimə borcu olmaqla, ümumilikdə 1.756,06 manat borc və ödənilmiş dövlət rüsumuna görə 37,57 manat məbləğində pulun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4035/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 05 dekabr 2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən Samsung televizor, zəmanət + 3 il xidməti üçün 1.596,42 (min beş yüz doxsan altı manat, qırx iki qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 1.626,42 (min altı yüz iyirmi altı manat, qırx iki qəpik) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 37,57 (otuz yeddi manat, əlli yeddi qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 dekabr 2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 18 aya ilkin ödəniş 84 manat olmaqla 88,69 manat aylıq ödəmək şərti ilə Samsung televizor, zəmanət + 3 il xidməti almışdır. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun 1.596,42 manat ödənilməmiş hissə və 159,64 manat cərimə borcu yaranmışdır. Məhkəmə iddia tələbinin cərimə borcunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 30 manat məbləğinədək azaldılmalıdır.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385, 425.1, 442, 443.1, 445.1, 448.1, 462.1, 465.1, 467, 600.1, 600.4, 601.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən dəyəri 1596,42 manat olan Samsung markalı televizoru kredit yolu ilə almışdır. xx.xx.2024-cü il tarixdə 84 manat məbləğində ilkin ödəniş etmişdir. Belə ki, o, həmin Samsung markalı televizoru onlayn şəkildə sifariş verib almışdır. Onun sifarişi onlayn şəkildə qəbul olunub. Kuryer çatdırılma etdikdə çatdırılan əşyanı qablaşdırılmasından açmasını və quşadırılmasını xahiş etmiş, lakin ona cavab olaraq bildirmişdir ki, o yalnız çatdırılma edir, quraşdırılma xidmətini göstərmir. Kuryer çatdırılma etdikdən sonra təxminən 2 saatdan sonra o, televizoru qutusundan açmış, açan zaman televizorun zədə olduğunu görmüş və dərhal bununla bağlı məlumat vermişdir. Bu halla bağlı "xxxx" MMC-yə yaxınlaşmış və burada ona bildirilmişdir ki, qısa zamanda ilkin ödəniş etdiyi 84 manat məbləğində pul geri qaytarılacaq və aralarında bağlanmış müqavilə ləğv olunacaq. Ona ilkin ödəniş etdiyi 84 manat məbləğində pul ödənilmədiyi üçün və müqavilənin ləğvi ilə bağlı rəsmi şəkildə heç nə bildirilmədiyi üçün dəfələrlə əlaqə saxlasa da, cavab ala bilməmişdir. Sonda malı "xxxx" MMC-yə təhvil vermişdir. Ona verilən bildirişdə də televizorun sınıq olduğu öz əksini tapmışdır. O, məhsuldan heç vaxt istifadə etməmiş, təhvil verildikdən sonra cəmi 2 saat keçməmiş məlumat vermişdir ki, ona gətirilən mal sınıqdır. Əməkdaş isə yaxınlaşıb götürəcəyik deyərək onun ahıl yaşından sui-istifadə etmiş və aldatmışdır. Hazırda isə yüklü məbləğ ilə onu məhkəməyə vermişdirlər. Mal özlərində ola-ola ondan pulunu tələb edirlər. Yararsız və sınıq malı ona gətirmələri az deyilmiş kimi, bir də faizi ilə pul tələb edirlər. O, həmin televizoru ümumiyyətlə istifadə etməmişdir. Ondan qətnamə ilə ümumilikdə 1626,42 manat məbləğində pul tələb olunur. O, qəti şəkildə bunu qəbul etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı "xxxx" MMC Apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, cavabdehlə bağlanmış ******* saylı, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, SAMSUNG UE55DU7100UXRU markalı televizoru cavabdeh, yəni Cavabdeh tam və qüsursuz şəkildə təhvil almış və imzası ilə təsdiq etmişdir. Eyni zamanda № 09417793 saylı məhsulların təhvil-təslim aktından görünür ki, SAMSUNG UE55DU7100UXRU markalı televizoru cavabdeh, yəni Cavabdeh tam və qüsursuz şəkildə təhvil almış və imzası ilə təsdiq etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Maddə 568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

19. Maddə 581. Əşyaların keyfiyyəti 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.

20. Maddə 582. Malın keyfiyyəti üçün qarantiya 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 582.3. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir.

21. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (...) 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

27. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmış, apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

32. İşin mübahisə edilən halı iddiaçı tərəfindən cavabdehə satılan televizorun sınıq olması, yəni alğı-satqı müqaviləsinə uyğun gəlməməsi və istifadə edildiyi məqsədlərə yarayan əşya olmamasıdır. İddiaçı tərəf göstərilən halı qəbul etmir və cavabdehin malı qüsursuz halda təhvil almasına dair imzaladığı sənədə istinad edir.

33. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli, 255/25 nömrəli bildirişdən görünür ki, SAMSUNG UE55DU7100UXRU markalı mal hal-hazırda cəmiyyətə məxsus anbarda saxlanılmaqdadır.

34. Mülki Məcəllənin yuxarıda göstərilən 581-ci maddəsinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur.

35. Məhkəmə kollegiyasının araşdırması zamanı cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, məhsul kuryer tərəfindən ona təhvil verilmiş, o kuryerdən məhsulu açıb təhvil verməsini tələb etsə də, kuryer onun işinin ancaq çatdırılma olduğunu bildirmişdir. Bir neçə saat sonra yoldaşı gəldikdə məhsulu açmış və televizorun üzərində çat olduğunu görmüş, bundan sonra dərhal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə nasazlıq barədə məlumat vermişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə məhsulu servis mərkəzinə təhvil vermişdir. O vaxtdan etibarən də məhsulu geri almamışdır. İddiaçı tərəf bir neçə dəfə məhsulu təhvil alması barədə ona xəbər versələr də, o qüsurlu malı təhvil almayacağını bildirmişdir.

36. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli müqavilədə Cavabdeh qeyd olunan malı qüsursuz halda təhvil aldığını öz imzası ilə təsdiq etsə də, məhsul ona xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. Məhsul cavabdehə satıcı tərəfindən deyil, kuryer tərəfindən təhvil verilmişdir.

37. Göründüyü kimi cavabdeh qeyd olunan əşyanı qüsursuz halda təhvil aldığına dair sənədi imzalayarkən əşya hələ ona təhvil verilməmişdi.

38. Apelyasiya şikayətinə əlavə edilmiş servis aktından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə SAMSUNG UE55DU7100UXRU markalı məhsulu “ekranın sınması” qüsru ilə “Kontaktplus”un servis mərkəzinə təhvil vermişdir.

39. Əşyanın xx.xx.2025-ci il tarixdə geri təhvil verməsi səbəbini isə cavabdeh onunla izah etmişdir ki, bu hal iddiaçının məsələnin həllini gecikdirdiyi üçün baş vermişdir. Məcbur qalıb özü maşın tutub əşyanı geri qaytarmışdır.

40. Bundan başqa, iddiaçının nümayəndəsinə iddia tələbinin əsasını təşkil edən sənədlərin əsllərinin məhkəməyə təqdim edilməsi təklif olunsa da, iddiaçının nümayəndəsi tərəfindən həmin sənədlərin əsllərinin saxlanılmadığı bildirilmişdir.

41. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

42. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmayaraq iddianın qismən təmin edilməsi barədə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

44. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

45. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)- 4035/2025 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

47. Kollegiya Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4035/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar