Məhkəmə qərarları › İş №2(105)-1559/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1559/2023

18.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1559/2023 18.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, vəkili və nümayəndəsi Vəkil1, Maraqlı şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı tərəflər Maraqlı şəxs2 və "xxxx" QSC BOKT-yə qarşı maddi və mənəvi zərərə görə pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(028)-252/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-ci il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:41-də ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək Sumqayıt şəhəri Maşın bazarı ilə üzbəüz avtosalonda müştəri qismində olan şəxslərin münaqişə yaratması və özünü yandıracağını deməsi barədə məlumat vermişdir. Daxil olmuş müraciət araşdırma aparılmasından ötrü xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin törədilmiş və ya hazırlanan cinayətlər bərədə məlumatların qeydiyyatı kitabında NK-1/163 nömrə ilə qeydiyyata alınmışdır.

2. Cavabdeh xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-in 5-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə əvvəllər maşın satdığı Qəribağa adlı şəxs və onun yanında olan tanımadığı 2 nəfər şəxs ona aid Sumqayıt şəhərinin girişində yerləşən "İdeal 005" avtosalonuna gəlib orada onunla söz mübahisə edərək onlardan biri (kişi) özünü yandıracağını demiş, lakin bununla bağlı hər hansı bir real addım atmamışdır.

3. Qobustan rayonu Nabir kəndində yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-in 5-ci PB-nə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Cavabdeh 15300 (on beş min üç yüz) manata "Hyundai-Tucson" markalı **-NY-*** d.n.n. avtomobili almış, lakin 2023-cü ilin fevral ayında ona məlum olmuşdur ki, həmin maşın "X15 Edilməsi Agentliyi" MMC tərəfindən verilmiş iddia nəticəsində Bakı Kommersiya Məhkəməsinin qərarına əsasən avtomobil üzərinə həbs qoyulmuşdur.

4. Daxil olmuş müraciət araşdırma aparılmasından ötrü xx.xx.2023-cü ıl tarixdə Sumqayıt SPİ-nin 5-ci PB-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında NK-1/164 nömrə ilə qeydiyyata alınmışdır.

5. X3 xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-in 5-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, qaynatasının 2021-ci il tarixdə Sumqayıt şəhərinin girişində yerləşən "İdeal 005" avtosalonundan almış olduğu "Hyundai Tucson" markalı avtomobil sonradan bankın iddiası ilə məhkəmə tərəfindən üzərinə həbs qoyulmuş, avtomobilin pulunu avtosalonun sahibindən almaq üçün xx.xx.2023-cü il tarixdə qaynatası və həyat yoldaşı Saleh ilə birlikdə həmin avtosalona getmiş, orada olan zaman avtosalonun sahibi Azim ilə aralarında söz mübahisəsi yaranmışdır.

6. 07.03.2023-cü il tarixdə material araşdırmanın davam etdirilməsindən ötrü İŞ-nə göndərilmişdir.

7. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, 2021-ci ilin noyabr ayında tanımadığı bir nəfər şəxs özünə maşın almaq üçün Sumqayıt şəhərinin girişində yerləşən və ona aid olan avtosalona gəlmiş, həmin şəxs 4 təkəri çəkən "Hyundai- Tucson" markalı avtomobil istədiyini demiş, o isə salonda olan həmin maşının 2 təkər çəkdiyini demiş və maşını yoxlamaq üçün sürməyə çıxmışlar. Həmin vaxt o, yolun digər tərəfində olan Fuada aid avtosalonda dayanmış olan həmin maşının 4 təkəri çəkənini görmüş, maşını sürüb qayıtdıqdan sonra üzbəüzdə olan "Sülh 001" adlı avtosalona getmişlər. Orada həmin maşını 15300 manata almağa razılaşmış və salonun qarşısında 11000 manatı Fuada vermişlər. Maşını alan Qəribağanın 4300 manat pulu çatmadığı üçün salondan çıxıb Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən lombarda getmişlər. Həmin lombarda Fuadın avtosalonunun işçiləri ilə birlikdə getmişlər. Orada sənədləşmələr aparıldıqdan sonra kassadan pul verilmiş və Fuadın işçiləri lombardın içərisində 4300 manat pulu götürüb getmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin maşının üzərinə bank tərəfindən verilmiş iddia ilə həbs qoyulmuş və xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində yol polisi əməkdaşları tərəfindən maşın Qəribağadan alınaraq cərimə meydançasına aparılmışdır. xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə isə həmin kişi yanında olan iki nəfər biri kişi və biri qadın olmaqla işlədiyi avtosalona gələrək orada səs-küy salmış və onunla söz mübahisəsi etməyə başlamışlar. Onlardan biri (kişi) maşının pulu verilməsə özünü yandıracağını demiş, lakin bununla bağlı real bir addım atmamışdır.

8. İzahatı alınmış İddiaçı izahatında qeyd etmişdir ki, o, 2021-ci ilin noyabr ayında Sumqayıt şəhərində özü üçün almağa maşın axtaran zaman Sumqayıt şəhərinin girişində yerləşən və Azim adlı şəxsə aid avtosalona getmiş, orada 4 təkəri çəkən "Hyundai- Tucson" markalı avtomobil istədiyini demişdir. Azim isə onda olan həmin maşının 2 təkər çəkdiyini demiş və sənədləşmə üçün gedən zaman yolda olanda kimsə Azimə zəng edərək o istədiyi maşından olduğunu demişdir. Buna görə geri qayıtmışlar və yolda olan zaman beh kimi 1000 manat pulu Azimə vermiş və qayıdıb Azimin avtosalonunda onun otağında maşının qiymətini 15300 manata razılaşmışlar. Belə ki, 10000 (on min) manat pulu da o, Azimə vermiş, lakin 4300 manat pulu çatmadığı üçün aldığı maşınla Azim maşını idarə edərək Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən lombarda getmişlər. Orada sənədləşmələr aparıldıqdan sonra kassadan pul verilmiş və Azim qalan 4300 manat pulu götürüb getmişdir. Həmin lombardda da ona maşını sürmək üçün etibarnamə verilmişdir. O da maşını götürüb evə getmişdir. Həmin vaxtdan bu vaxta kimi olan müddət ərzində hər ay lombarda pul ödəmişdir. Bele ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində o, həmin maşın ilə Sumqayıt şəhərindən Novxanı yolu ilə Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olan zaman ona zəng gəlmiş və özünü yol polisi idarəsinin işçisi kimi təqdim edərək olduğu yeri ondan soruşmuşlar. O, olduğu yeri demiş, təxminən 20 dəqiqə sonra həmin şəxs yanında 2 nəfər digər polis əməkdaşı ilə birlikdə onun olduğu yerə gəlmiş və maşının bank tərəfindən həbsdə olduğunu deyib maşını götürüb Bakı şəhərinə Qurd qapısı kimi tanınan yerdə olan cərimə meydançasına aparmışlar. Bundan sonra o, bankdan sənədləri götürüb Azimin yanına getmiş, orada Azimdən onu aldatdığı üçün verdiyi pulu tələb etmiş, həmin vaxt onunla Azim arasında söz mübahisəsi olmuş, ancaq həmin mübahisə zamanı nə o, nə də ki, Azim bir-birlərini təhqir etməmiş və bir-birlərinə qarşı hər hansı bir qanunsuzluğa yol verməmişlər.

9. İzahatları alınmış X3 və X1 Qəribağa İslam oğlunun izahatı ilə analoji izahatlar yazaraq həmin xüsusatları bir daha təsdiqləmişlər.

10. İddiaçı xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nə ərizə İlə müraciət edərək 2021ci ildə Cavabdeh vasitəsi ilə almış olduğu "Hyundai- Tucson" markalı **-NY-*** dn.n. avtomoibilin üzərinə həbs qoyulması məsələsinin mülki xarakterli olması ilə əlaqədar Xətai Rayon Məhkəməsində iddia qaldırmaq niyyətində olduğunu bildirərək şikayət ərizəsi əsasında başlanılmış araşdırma üzrə cinayət işinin başlanılmasının rədd edilməsini xahiş etmişdir. Toplanmış materialdan görünür ki, Cavabdeh və İddiaçı müraciətində qeyd olunmuş faktlarda cinayət hadisəsi yoxdur.

11. Ona görə də qeyd olunan faktlar üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir.

12. Bakı şəhəri 41 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən, Maraqlı şəxs2 tərəfindən İddiaçı "Hyundai- Tucson" markalı **-NY-*** dövlət nömrə nişanlı avtomobili üzrə xx.xx.2022-cü il tarixli 7E/-6944 nömrəli reyestrlə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə etməki haqqında» etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Hundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınaraq ona verilməsi, həmin avtomaşının alınaraq ona verilməsi mümkün olmadıqda cavabdehə avtomaşına görə ödəmiş olduğu 15300 (on beş min üç yüz) manat əsas borcun, ödənilmiş 136 manat dövlət rüsumunun, cəmi 15436 (on beş min dörd yüz otuz altı) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh 5500 (beş min beş yüz) manat maddi ziyana görə və 5000 (beş min) manat mənəvi zərərə görə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 noyabr 2021-ci ildə özünə avtomaşın almaq məqsədilə Sumqayıt şəhərində yerləşən maşın bazarı ünvanına gəlmişdir. Burada avtosalonun direktoru kimi özünü təqdim edən Azim adlı şəxslə görüşmüş və ona Hundai Tucson markalı avtomaşın almaq niyyətində olduğunu bildirmişdir. Azim ona bildirdi ki, Hundai Tucson markalı avtomaşın satışda var. O, Azimlə birlikdə onun göstərdiyi Hundai Tucson maşına əyləşib Ceyranbatan istiqamətinə yola düşüb gedən zaman Azimin mobil telefonuna zəng gəlmişdi. Azim ona bildirdi ki, zəng edən şəxsdə 2009-cu il buraxılışlı Hundai Tucson markalı, hər iki (həm qabaq, həm də arxa tərəfi) tərəfi çəkən avtomaşın var. O, təqdim olunan həmin avtomaşını alacağını bildirdi. Belə olan halda hər ikisi yenidən Azimə məxsus avtosalona qayıtmışlar. O, həmin avtomaşını bəyənmiş və Azimlə birlikdə sənədləşmə aparmaq üçün Xırdalan şəhərinə, Baş Dövlət Yol Polis İdarəsinə gəlmişlər. Azim ona bildirdi ki, bu maşın daha yaxşıdır və yol ilə gedəndə ondan beh kimi 1000 (bir min) manat pul almışdı. O, orada olanda Azim digər bir maşınla bir nəfər şəxslə Sumqayıt şəhərinə gəlmişdi. Onlar Sumqayıtdan qayıtdıqdan sonra avtomaşınla birlikdə onunla avtosalona gəlmişlər. Avtomaşını Azim salonun qarşısında saxlayıb ondan həmin avtomaşına görə 15300 (on beş min üç yüz) manat pul tələb etmişdi. Həmin vaxt üzərində cəmi 11000 (on bir min) manat pul var idi. Həmin puldan 1000 (bir min) manatını Azimə beh şəklində vermişdi. Azimə demişdir ki, üzərində 15300 (on beş min üç yüz) manat yoxdur, cəmi 11000 (on bir min) manatı var. Azim ona bildirmiş ki, Sumqayıt şəhərində kredit verən Lombard var. Azim Lombardın əməkdaşı ilə danışmış və birlikdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, H.Əliyev prospekti ünvanında fəaliyyət göstərən “S Lombard” müəssisəsinə gəlmişlər. Burada xx.xx.2021-ci ildə 100131 saylı kredit müqaviləsi bağlamış və o, 24 ay müddətinə 4200 (dörd min iki yüz) manat kredit götürmüşdü və götürülən pulu Lombardın işçisi Azimə vermişdi. Azim həmin pulu cibinə qoymuşdu. Elə həmin vaxt ona "Nəqliyyat vasitəsindən istifadə (idarə) edilməsinə dair” etibarnamə verilmişdi. Etibarnaməni ona maşının mülkiyyətçisinin adından Lombardın əməkdaşı vermişdi. O, etibarnamə alan zaman nə Fuad adlı şəxsi, nə də həmin avtomaşının mülkiyyətçisi olan Maraqlı şəxs2 görməmişdir. Yuxarıda qeyd etdiyi kimi həm birinci və həm də ikinci dəfə həmin avtomaşının idarə edilməsinə görə verilən etibarnaməni ona “S Lombard” müəssisəsinin işçisi təqdim etmişdir. 15 fevral 2023-cü ildə Mehdiabad istiqamətində hərəkətdə olarkən ona məxsus mobil telefona tanımadığı şəxsdən zəng gəlmişdi. Zəng edən özünü Yol Polisi əməkdaşı kimi təqdim etmiş və ona bildirmişdir ki, avtomaşınına baxış keçirəcəklər. Həmin şəxslər avtomaşına baxış keçirərək onu Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən cərimə meydançasına aparmış və ona bildirmişlər ki, Xətai Rayon Məhkəməsinin 2 (011)1509/2018 saylı qətnaməsinə əsasən idarə etdiyi avtomaşının üzərinə həbs qoyulmuşdur. Hal-hazırda həmin avtomobil qeyd edilən ünvanda yerləşdirilib. Sonradan ona məlum olmuşdur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2557/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" QSC BOKT-nın cavabdeh "Daşınar və Daşınmaz Əmlakların satışı X21”nə qarşı iddiası təmin olunmuş, **-GB-*** qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair xx.xx.2021-ci il tarixli 26/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Bu barədə Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci ildə icra vərəqəsi verilmişdir, Həmçinin Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2/01 11509/2018 saylı icra sənədinə əsasən borclu X4 22366,85 manatın tutularaq Maraqlı şəxs3 MMC-уə ödənilməsi, borcun tutulması məqsədilə S.Hümmətovun mülkiyyətçisi olduğu “Hyundai Tucson” minik markalı **-GB-*** qeydiyyat nişanlı avtomaşına yönəldilməsi qət edilmişdir. “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” xx.xx.2022-ci ildə ona etibarnamə verilərkən “Hundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi Maraqlı şəxs2 olmuşdur. O, həmin şəxsi tanımır və etibarnamə verilərkən o, Maraqlı şəxs2 görməmişdir. Avtomaşına görə 15300 manatı Cavabdeh ödəmişdir. Cavabdeh onu aldadaraq ona məxsus olmayan və üzərinə həbs qoyulmuş avtomaşını ona satmışdır. Məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Müraciəti əsasında araşdırma aparılmış və Sumqayıt ŞPİ-nin İŞ-i tərəfindən xx.xx.2023-cü İl tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Eyni zamanda cavabdehin günahı üzündən 15300 (on beş min üç yüz) manat vəsaitindən məhrum olunmuş, nəqliyyat vasitəsi almamış, dəfələrlə yaşadığı Qobustan rayonundan cavabdehin yaşadığı Sumqayıt şəhərinə gəlib-getməli olmuşdur. O, alacağı avtomaşınla Bakı-Qobustan istiqamətində taksi fəaliyyəti göstərməli idi. Maşın ondan alındığına görə o, gündəlik 50 manat puldan məhrum olmuşdur.xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinədək, yəni 70 gün x 50 manat=3500 manat. Həmçinin aldadılaraq lombarddan 4200 manatı 24 ay müddətinə kredit almışdır. Həmin kreditə görə o, 6400 manat ödəməlidir, yəni 2000 manat artıq. O və ailə üzvləri dərin sarsıntı keçirmiş, mənəvi cəhətdən sarsılaraq səhhətlərində problemlər yaranmışdır. Hesab edir ki, mənəvi sarsıntıya görə cavabdehdən 5000 (beş min) manat pul alınaraq ona ödənilməlidir.

16. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi iddianı qəbul etməmiş və göstərmişdir ki, iddiaçı maşını Sumqayıt şəhərinin girişində yerləşən və Cavabdeh aid olan avtosalonda deyil, yolun digər tərəfində olan Fuada aid avtosalonda almış və pulu məhz Fuada vermişdir. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında maraqlı tərəf "xxxx" QSC BOKT-nin nümayəndəsi iddianı qəbul etməmiş və göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2557/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" QSC BOKT-un cavabdeh "Daşınar və Daşınmaz Əmlakların satışı X21”nə qarşı iddiası təmin olunmuş, **-GB-*** qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair xx.xx.2021-ci il tarixli 26/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Bu barədə Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2021-ci ildə icra vərəqəsi verilmişdir. Həmçinin Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2/01 11509/2018 saylı icra sənədinə əsasən borclu X4 22366,85 manatın tutularaq Maraqlı şəxs3 MMC-уə ödənilməsi, borcun tutulması məqsədilə S.Hümmətovun mülkiyyətçisi olduğu “Hundai Tucson” minik markalı **-GB-*** qeydiyyat nişanlı avtomaşına yönəldilməsi qət edilmişdir. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir.

18. Qubadlı Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(028)-252/2023 nömrəli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh “Hundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınaraq İddiaçı verilməsi, həmin avtomaşının alınaraq İddiaçı verilməsi mümkün olmadıqda Cavabdeh avtomaşına görə ödəmiş olduğu 15300 (on beş min üç yüz) manat əsas borc, ödənilmiş 136 manat dövlət rüsumu, cəmi 15436 (on beş min dörd yüz otuz altı) manat pulun tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmədə İddiaçı və Cavabdeh arasında şəxsi qərəzçilik, düşmənçilik münasibətlərin olması müəyyən olunmamışdır və əgər İddiaçı maşını Fuad adında olan şəxsdən alıb, ona 15300 manat versəydi, ona cavabdeh qismində Cavabdeh deyil, həmin Fuad adında olan şəxsi göstərməsinə heç nə mane ola bilməzdi. Məhkəmə xüsusi ilə qeyd etmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-in 5-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə əvvəllər maşın satdığı Qəribağa adlı şəxs və onun yanında olan tanımadığı 2 nəfər şəxs ona aid Sumqayıt şəhərinin girişində yerləşən "İdeal 005" avtosalonuna gəlib orada onunla söz mübahsisə edərək onlardan biri (kişi) özünü yandıracağını demiş, lakin bununla bağlı hər hansı bir real addım atmamışdır. Belə olan halda Cavabdeh İddiaçı maşın satdığını etiraf etmişdir. Tərəflər arasında avtomobilin alqısatqı müqaviləsi qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməmişdir. Eyni zamanda məhkəmədə müəyyən olunub ki, İddiaçı 15300 (on beş min üç yüz) manat pulu Cavabdeh vermişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 646, 647, 650, 324.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 106, 217-ci maddələri ilə əsaslandırmışdır.

21. Qətnamədən cavabdeh "xxxx" QSC BOKT apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(028)-252/2023 saylı qətnaməsinin Cavabdeh “Hundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı verilməsi hissəsini ləğv edərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, qətnamənin avtomobilin Cavabdeh alınaraq İddiaçı verilməsi hissədə ləğv olunması və iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh "xxxx" QSC BOKT apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,: - iddiaçı Maraqlı şəxs3 MMC cavabdeh X9 qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-1509/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ödəniş gününə qüvvədə olan məzənnə ilə 9732 (doqquz min yeddi yüz otuz iki) ABŞ dolları məbləğində əsas borc, 3424,97 (üç min dörd yüz iyirmi dörd dollar doxsan yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, cəmi 13 156,97 ( on üç min yüz əlli altı dollar doxsan yeddi sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının "xxxx" QSC-yə ödənilməsi, tələbin X9 məxsus “Hyundai Tucson” minik markalı, ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracda satılması qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamənin icrası ilə bağlı Xətai rayon İcra şöbəsi tərəfindən icra tədbirlərinin görülməsi ilə əlaqədar icraata başlanılması ilə bağlı qərar qəbul edilmiş və borclu X9 məxsus ipoteka predmeti olan “Hyundai Tucson” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərmiş, 6000 manat məbləğində qiymətləndirilmiş və ixtisaslaşdırılmış müəssisələrdə hərrac sifariş verilməsi üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı X21” MMC-yə göndərilmişdir. xx.xx.2021-ci il tarixli hərrac yekunları barədə protokola əsasən X13 qalib alıcı elam olunmuş, lakin nə qalib alıcı, nə də ki, sifarişçi icra şöbəsinin xüsusi hesabından ipoteka predmeti olan avtomobilin satışından əldə olunmuş vəsait tələbkarın hesabına ödənilməmişdir. X8 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin X9 qaytarılması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və Xətai rayon İcra Şöbəsinin e206486/2020-5 nömrəli, xx.xx-2021-cı il tarixli sifariş məktubu əsasında hərraca çıxarılmışdır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01 nömrəli bildirişindən müəyyən edilir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 6000 manatdır, hərrac xx.xx.2021-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Açıq hərracın keçirilməsinə dair elan Birja qəzetinin 10 mart 2021-ci il tarixli 239 nömrəli buraxılışında dərc olunmuşdur. Hərracın yekunları barədə 26/01 nömrəli protokoldan məlum olur ki, Xətai rayon Məhkəməsinin 2(011)-1509/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə, Xətai rayon İcra Şöbəsinin e206486/2020-5 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən “İpoteka haqqında”Azərbaycan Respublikası Qanunun 41, 42 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. Satış günü icra vərəqəsində edilmiş icra hərəkətlərinin dəyişdirilməsi haqqında heç bir rəsmi məlumat daxil olmamışdır. Əmlakın dəyəri Hərrac Mərkəzinin depozit hesabına ödənilməmişdir. İpoteka predmetinin ilkin hərrac qiyməti 6000 manat, satış qiyməti isə 6020 manat olmuşdur. xx.xx.2021-ci il tarixli TT**********7156020 nömrəli qəbzin surətindən məlum olur ki, Xətai Rayon İcra Şöbəsinin bank hesabına Hərracın yekunları barədə 26/01 nömrəli protokola əsasən qalib alıcı X13 tərəfindən 6020 manat məbləğində pul köçürülmüşdür. Lakin nə qalib alıcı, nə də ki, sifarişçi icra şöbəsinin xüsusi hesabından ipoteka predmeti olan avtomobili olan avtomobilin satışından əldə olunmuş vəsait tələbkarın hesabına ödənilməmiş və aparılan bu icra tədbirləri və alqı-satqı ilə bağlı tələbkara heç bir məlumat verilməmişdir. Tələbkar "xxxx" QSC tərəfindən hərracın nəticələri mübahisələndirilmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2557/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “Daşınar və Daşınmaz Əmlakların Satışı X21” MMC tərəfindən borclu X9 məxsus ipoteka predmeti olan “Hyundai Tucson” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair xx.xx.2021-ci il tarixli 26/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Daha sonra Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2557/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən narazı qalan maraqlı tərəf X13 həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1003/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsi Cavabdeh “Hundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınaraq İddiaçı verilməsi, həmin avtomaşının alınaraq İddiaçı verilməsi mümkün olmadıqda Cavabdeh avtomobilə görə ödəmiş olduğu 15300 (on beş min üç yüz) manat əsas borc, ödənilmiş 136 manat dövlət rüsumu, cəmi 15 436 (on beş min dörd yüz otuz altı) manat pulun tutularaq İddiaçı ödənilməsini qət etmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi “Hundai Tucson”markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq iddiaçıya verilməsi hissəsində qətnamə qəbul edərkən məhkəmə tərəfindən hərracın nəticələri barədə protokolun ləğv edilməsi, həmin avtomobilin ipoteka predmeti olaraq verilmiş kreditin təminatı olması nəzərə alınmamış, ipoteka predmeti olan avtomobilin iddiaçıya verilməsi qət edilmişdir. Bu hal isə ipoteka saxlayan kimi "xxxx" QSC-nin hüquqlarının pozulması deməkdir. Məhkəmənin nəzərinə çatdırılır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2557/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh “Hundai Tucson”markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı verilməsi hissəsi əsassız olduğundan ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, mübahisələndirilən avtomobilin ipoteka predmeti olması nəzərə alınmamışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,: - iş üzrə iddiaçı mübahisə predmeti olan avtomobili Cavabdeh məxsus avtosalondan yox, həmin ərazidə yerləşən və Fuad adlı şəxsə məxsus olan digər avtosalondan almış, məhz pulu da ona vermişdir. İş materiallarına nəzər salınsa, iddiaçı avtomobilin alınması üçün pulu məhz Cavabdeh verməsi barədə hər hansı sübut təqdim etməmiş, iddia tələbini yalnız sözlərlə əsaslandırmışdır. Məhkəmə isə heç bir araşdırma aparmadan, iş üzrə hər hansı əsaslı sübut olmamasına baxmayaraq iddia tələbini təmin etmişdir. Cavabdeh Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,: mübahisəli avtomobilin, yəni, Hundai Tucson” markalı**-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşını mülkiyyətçisi özüdür. Belə olan halda “Hundai Tucson” markalı **-NY- *** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh alınaraq İddiaçı verilməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçı həmin avtomobilə görə Cavabdeh hər hansı bir məbləğdə pul ödəyibsə o, həmin pul vəsaitini tələb edə bilər və məhkəmə də həmin hissədə iddia tələbini təmin edə bilər. Ona məxsus avtomobilin Cavabdeh alınaraq İddiaçı verilməsi tamamilə qanunsuz və əsassızdır. Ona görə də qətnamə həmin hissədə ləğv olunmalı və iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən, hesab edir ki, iddiaçının avtomobili tələb etməklə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin oluna bilməz və qətnamə həmin hissədə ləğv olunmalı və iddia həmin hissədə rədd olunmalıdır

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etmiş, apellyasiya şikayətlərinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Bildirmişdir ki, pulu Cavabdeh vermişdir. Cavabdeh özünə məxsus olmayan avtomobili satmaqla onu aldatmışdır. Atomaşının mülkiyyətçisi olan Maraqlı şəxs2ı isə tanımamışdır. Lombardda onun kimliyi barədə soruşanda, ona bildirmişlər ki, lombard işçisidir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı verilməsi hissəsində ləğv edərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

27. Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ.Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ.Hər kəsin mülkiyyət hüququ vardır. İİ.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 646. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Maddə 647. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı cəkir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh "xxxx" QSC BOKT-un və cavabdeh Maraqlı şəxs2 apelyasiya şikayətləri təmin edilməli, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(028)-252/2023 nömrəli qətnaməsi qismən- Cavabdeh “Hundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşının alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2021-ci ilin noyabr ayında Sumqayıt şəhərində özü üçün maşın axtaran zaman Sumqayıt şəhərinin girişində Azim adlı şəxsə aid avtosalona getmiş, orada "Hyundai-Tucson" markalı avtomobil istədiyini bildirmişdir. Son nəticədə iddiaçıya təklif olunmuş avtomaşının qiymətini 15300 manata razılaşmışlar. İddiaçı bildirir ki, beh kimi 1000 manat pulu Azimə vermiş və qayıdıb Azimin avtosalonunda onun otağında maşının qiymətini 15300 manata razılaşdıqdan sonra 10000 manat pulu da Azimə vermiş, lakin 4300 manat pulu çatmadığı üçün salondan çıxıb lombarda getmişlər. Orada sənədləşmələr aparıldıqdan sonra kassadan pul verilmiş və Azim qalan 4300 manat pulu götürüb getmişdir. İddiaçı 15 fevral 2023-cü ildə Mehdiabad istiqamətində hərəkətdə olarkən Yol Polisi əməkdaşları tərəfindən avtomaşın cərimə meydançasına aparılmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1509/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən avtomaşının üzərinə həbs qoyulması ona bildirilmişdir.

35. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin iddiaçının Fuad adlı şəxsə məxsus olan digər avtosalondan avtomaşın alması, pulu da ona verməsi, onun pulu alması barədə iddiaçı tərəfindən sübut təqdim edilməməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, hər iki tərəfin izahatı ilə müəyyən olunur ki, lombarda iddiaçı Azimlə getmiş, pulu da Azimə vermişdir. Həmin vaxt Fuad adlı şəxsin orada olması müəyyən olunmur. Pulu Fuadın almalı olduğu halda, cavabdehin lombarda getməsi və pulu almasını kollegiya ağlabatan hesab etmir. Pulun Fuad tərəfindən alınması ilə bağlı isə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir.

36. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

37. Kollegiya Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh avtomaşına görə ödənilmiş 15300 manat pulun tutularaq İddiaçı ödənilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, bunun avtomaşının iddiaçıya verilməsi mümkün olmadıqdan sonra mümkün olması ilə bağlı səhv nəticəyə gəlmişdir.

38. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

39. Maraqlı tərəf "xxxx" QSC BOKT-un apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi “Hyundai Tucson”markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq iddiaçıya verilməsi hissəsində qətnamə qəbul edərkən məhkəmə tərəfindən hərracın nəticələri barədə protokolun ləğv edilməsi, həmin avtomobilin ipoteka predmeti olaraq verilmiş kreditin təminatı olması nəzərə alınmamış, ipoteka predmeti olan avtomobilin iddiaçıya verilməsi qət edilmişdir. Bu hal isə ipoteka saxlayan kimi "xxxx" QSC-nin hüquqlarının pozulması deməkdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və təmin edilməlidir.

41. Belə ki, işin halları və "xxxx" QSC-nin apellyasiya şikayətinin dəlilləri ilə müəyyən edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1509/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin X9 qarşı iddia tələbi təmin olunmuş və cavabdeh X5 13 156.97 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın ipoteka predmeti olan **- GB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Tucson” markalı minik avtomobilinə yönəldilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin icrası ilə bağlı Xətai rayon İcra şöbəsi tərəfindən icra tədbirlərinin görülməsi əlaqədar icraat başlamış və borclu X9 məxsus ipoteka predmeti olan “Hyundai Tucson” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərmiş, 6000 manat məbləğində qiymətləndirilmişdir və ixtisaslaşdırılmış müəssisələrdə hərrac sifariş verilməsi üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı X21” MMC-yə göndərilmişdir. 06 aprel 2021-ci il tarixli hərrac yekunları barədə protokola əsasən X13 qalib alıcı elan olunmuşdur. Nə qalib alıcı, nə də sifarişçi icra şöbəsinin xüsusi hesabından ipoteka predmeti olan avtomobilin satışından əldə olunmuş vəsaiti tələbkarın hesabına ödəməmişdir. Bundan sonra, qalib alıcı X13 tərəfindən ipoteka predmeti olan “Hyundai Tucson” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobil Maraqlı şəxs2 satılmış və alqı-satqıdan sonra ipoteka predmeti olan “Hyundai Tucson” markalı avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirilərək **-NY-*** kimi AR DİN DYPİ-nin Qeydiyyat-imtahan idarəsində dövlət qeydiyyatına alınmışdır. Lakin aparılan bu icra tədbirləri və alqı-satqı ilə bağlı tələbkara heç bir məlumat verilməmişdir. Həyata keçirilmiş icra tədbirləri, o cümlədən alqı-satqıdan məlumat əldə edildikdən sonra dərhal tələbkar "xxxx" QSC tərəfindən həmin hərracın nəticələri mübahisələndirilmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2557/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “Daşınar və Daşınmaz Əmlakların Satışı X20” MMC tərəfindən borclu X9 məxsus ipoteka predmeti olan “Hyundai Tucson” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair xx.xx.2021-ci il tarixli 26/01 saylı hərrac protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2557/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən narazı qalan X13 həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apelyyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 1003/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2557/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə hal-hazırda qanuni qüvvəsini almışdır.

42. Bundan başqa, Bakı şəhər Xətai rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2557/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə istinad olunmuş və X10 məxsus avtomobilin hansı dövlət qeydiyyat nişanlı olması ilə bağlı Xətai rayon İcra şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur.

43. Bakı şəhər Xətai rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli növbəti məktubda isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022ci il tarixli, 157143/222 saylı cavab məktubuna əsasən avtomobilin dövlət qeydiyyat nişanı **-NY-***-dir və Maraqlı şəxs2 mülkiyyətindədir.

44. X15 edilməsi Agentliyi MMC-nin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda işin yuxarıda qeyd olunan halları sadalanmış və borclu X9 məxsus ipoteka predmeti olan “Hyundai Tucson” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs2 avtomobil üzərində mülkiyyət hüququnun ləğv edilməsi, həmçinin “Hyundai Tucson” markalı avtomobilə verilmiş **-NY-*** dövlət qeydiyyat nişanının dövlət qeydiyyatının ləğv edilməsi, borclu X9 məxsus ipoteka predmeti olan “Hyundai Tucson” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin qeydiyyat nişanı ilə X8 mülkiyyəti kimi "xxxx" QSC qarşısında ipoteka yüklülüyünün bərpa edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi və bu barədə ipoteka saxlayana rəsmi məlumat verilməsi xahiş olunmuşdur.

45. Məktubların məzmunu ilə müəyyən olunur ki, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

46. Məhkəmə isə ipoteka predmeti olaraq verilmiş kreditin təminatı olmasını nəzərə almadan “Hyundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşının İddiaçı verilməsi nəticəsinə gəlmişdir.

47. Məhkəmə kollegiyası Maraqlı şəxs2 apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd edir ki, hazırda avtomobilin onun mülkiyyətində olması mübahisəlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" QSCnin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu X9 məxsus ipoteka predmeti olan “Hyundai Tucson” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs2 avtomobil üzərində mülkiyyət hüququnun ləğv edilməsi "xxxx" QSC tərəfindən xahiş olunmuşdur. Lakin apellyasiya şikayətində avtomaşının Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində qətnamənin ləğvi xahiş olunduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" QSC BOKT-un və cavabdeh Maraqlı şəxs2 apelyasiya şikayətləri təmin edilsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(028)-252/2023 nömrəli qətnaməsi qismən- Cavabdeh “Hundai Tucson” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomaşını alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar