Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1567/2023 03.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi, mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun tutulması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi və s. tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)- 50/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat, **********26 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qusar rayonu X7 kəndi ünvanında yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır.
2. Qusar Rayon İcra Hakimiyyəti aparatından Cavabdeh ünvanlanmış 09 fevral 2021ci il tarixli 3-148 saylı məktubun surətindən görünür ki, Qusar rayonu X7 kəndində ona məxsus torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş plan bölmələri məlumatlandırma icraatı qaydasında Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır.
3. “Qaz İxrac” İdarəsi X6 Kəmərləri Sahəsi tərəfindən Cavabdeh ünvanlanmış və 16 iyun 2021-ci il tarixdə həmin şəxsə təqdim edilmiş bildirişdən görünür ki, həmin şəxs tərəfindən inşa edilmiş ev ilə yüksək təzyiqli və 325 mm diametrli qaz kəmərinin arasındakı məsafənin yaşayış evi ilə 30 metr daş hasarla 3-6 metr təşkil etdiyi, inşa etdiyi tikilinin yaxınlığında olan magistral qaz kəmərlərinin keçdiyi yerlərdə baş verə biləcək hər hansı bədbəxt hadisələr nəticəsində ona dəyən maddi və mənəvi ziyana görə Siyəzən MQKSnin məsuliyyət daşımadığı və inşa etdiyi tikili ilə bağlı aidiyyəti qurumlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi Siyəzən magistral X5 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonu X7 kəndi ərazisində yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Bundan başqa, “Qaz İxrac” İdarəsi məhkəməyə iddia ərizəsinə əlavə verərək Siyəzən magistral X5 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Qusar rayonu X7 kəndinin ərazisində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması, ödənilmiş dövlət rüsumunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95,00 (doxsan beş) manat pulun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. “Qaz İxrac” İdarəsi iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Az DTN 2.9-2 X4 Layihələndirmə Normalarının tələbləri pozularaq Qusar rayonu X7 kəndinin ərazisindən keçən, “Qaz İxrac” İdarəsinin Siyəzən magistral X5 balans və istismarında olan 325 mm diametrli “Qusar QPS qolu” yeraltı magistral qaz kəmərindən mühafizə zonasında 30 metr məsafədə Cavabdeh məxsus fərdi yaşayış evi və 6-3 metr məsafədə hasar tikilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Qusar Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə "Qaydalar”ın 2.23-cü bəndinin tələblərinə əsasən X4nin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə bir razılaşma isə mövcud deyildir. Həmçinin, Qaydaların 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Belə ki, tikinti aparmaq üçün lazımi icazələr (yəni “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı...) alınmadan və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla inşa edilmişdir. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Cavabdehə məxsus mühafizə zonasında inşa olunan tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin qanunun 22-ci maddəsinə görə bu qanunu pozn hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.
7. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həmin torpaq sahəsini o, 2000-ci ildə almışdır. Sonradan orada ev tikmişdir. Ev tikəndə icra hakimiyyəti ilə razılaşdırılıb, evin layihəsi təsdiq olunub. Əri İİ qrup əlildir, o, çox gəzə bilmir, buna görə də torpaq sahəsi onun adına alqı-satqı yolu ilə alınıb. Torpaq sahəsində bir mərtəbəli bir otaq və eyvandan ibarət tikili tikilib. Orada yaşayış yoxdur, istifadəyə yararlı deyil. Torpaq sahəsinə çıxarış sənədi var. Tikiliyə çıxarış almamışdır, qısa müddətdə tikiliyə çıxarış alacaqdır. Həmin ərazidə başqa şəxslərə məxsus evlər də var. O, torpaq sahəsində tikili tikəndə oradan qaz kəmərin keçdiyini bilmirdi. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. İşdə olan xx.xx.2021-ci il tarixdə Siyəzən MQKS-nin nümayəndələri tərəfindən Qusar rayonu X7 kəndində tərtib edilmiş aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2009-cu il tarixli 17 saylı əmri ilə təsdiq edilmiş “2.9-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nın tələbləri pozularaq Qusar rayonu X7 kəndində yaşayan Cavabdeh tərəfindən həmin kəndin ərazisindən keçən 325 mm-lik, 12 atm təzyiqli “Qusar QPS qol qaz kəmərinin mühafizə zonasında kəmərdən 30 metr məsafədə fərdi yaşayış evi və 3-6 metr məsafədə hasar inşa olunmuşdur.
9. İşdə olan “Qaz İxrac” İdarəsi tərəfindən Qusar Rayon İcra Hakimiyyətinə ünvanlanmış 08 iyul 2021-ci il tarixli məktubdan görünür ki, Siyəzən Magistral X5 istismarında olan “Qusar QPS qolu” magistral qaz kəmərinin Qusar rayonu X7 kəndi ərazisindən keçən hissəsində, Cavabdeh tərəfindən qaz kəmərindən 3-6 metr məsafədə daş hasar və 30 metr məsafədə fərdi yaşayış evi inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinin “a” hissəsinə əsasən X4nin mühafizə zonalarında hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Həmin Qaydaların 26-cı bəndinə əsasən yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində, kəmərləri istismar edən hüquqi şəxslərə maksimal kömək göstərməli, Qaydaların tələblərinin bütün hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsini təmin etməli, kəmərlərdə qəzaların və onların nəticələrinin ləğv edilməsində yardım göstərməlidirilər. Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədi ilə tikinti işlərinin dayandırılması, tikililərin sökülməsi üçün müvafiq köməklik göstərilməsi və lazımi tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə məlumat verilməsi xahiş olunmuşdur.
10. İşdə olan “Qaz İxrac” İdarəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinə ünvanlanmış 08 iyul 2021-ci il tarixli məktubdan görünür ki, Siyəzən Magistral X5 istismarında olan “Qusar QPS qolu” magistral qaz kəmərinin Qusar rayonu X7 kəndi ərazisindən keçən hissəsində, Cavabdeh tərəfindən qaz kəmərindən 3-6 metr məsafədə daş hasar və 30 metr məsafədə fərdi yaşayış evi inşa edilmişdir. Aparılan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə ziddir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın müddəalarına əsasən qaz kəmərlərinin, qazpaylayıcı stansiyaların (QPS), qaztənzimləyici məntəqələrin (QTM), qaz avadanlıqlarının mühafizə tədbirlərindən biri də qaz kəmərləri yerləşən zonaların kınar təsirlərdən qorunması və onların fəaliyyətlərini məhdudlaşdıran maneələrin olmamasıdır. Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədi ilə tikinti işlərinin dayandırılması, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin olub-olmamasının müəyyən edilməsi üçün köməklik göstərilməsi xahiş olunmuşdur.
11. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********69 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Qusar rayonu, X7 kəndində yerləşən, Cavabdeh inşa etdiyi tikili (anbar) və hasar “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X5 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. İnşa edilmiş tikili yüksək təzyiqli qaz xəttindən 33.34 m-35.0 m aralı yerləşir, həmin tikili qaz xəttinin mühafizə zolağındadır. Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi 0.1310 ha təşkil edir. Həmin isifadə olunan torpaq sahəsinin 0.12 ha hissəsi **********26 nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətindədir (sxem tərtib olumuşdur). Qusar rayonu, X7 kəndində yerləşən, Cavabdeh inşa etdiyi tikilinin (anbarın) yerləşdiyi torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.
12. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli 10/566 nömrəli ekspert rəyindən görünür ki, Qusar rayonu, X7 kəndində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evi və hasar “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X5 istismarında olan “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. İnşa edilmiş tikili yüksək təzyiqli qaz xəttindən 33.34-35.0 m aralı yerləşir, həmin tikili qaz xəttinin mühafizə zolağındadır. Ekspert tərəfindən qeyd edilir ki, mütəxəssis rəyinə əsasən “Qusar QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəməri ilə tikili arasında olan məsafənin 33.34- 35.0 metr olduğu müəyyən edildiyi nəzərə alınarsa, həmin tikilinin qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir. Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi 0.1310 ha təşkil edir. Həmin istifadə olunan torpaq sahəsinin 0.12 ha hissəsi **********26 nömrəli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətindədir (sxem tərtib olunmuşdur). Qusar rayonu, X7 kəndində yerləşən, Cavabdeh inşa etdiyi tikilinin (anbarın) yerləşdiyi torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.
13. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-50/2023 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddiasının, mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manat pulun tutulması tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərclərinin “Qaz İxrac” İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun “Qaz İxrac” İdarəsinə aid edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152,5, 180, 240.1, Torpaq Məcəllənin 49, 58, 84, 111, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 118.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən inşa edilən tikili fərdi yaşayış evi dövlətin müstəsna səlahiyyətində olan iddiaçıya məxsus qaz kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, yəni, Qusar rayonu, X7 kəndi ərazisində cavabdeh tərəfindən, “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X5 istismarında olan 325 mm diametri “Qusar QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasından 30-35 metr məsafədə inşa edilmişdir. Qusar rayonu, X7 kəndi ərazisində yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikili qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan (yəni qaz kəmərini istismar edən təşkilatdan yazılı razılıq), şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. İşin mübahisəsiz halı bundan ibarətdir ki, həmin tikili qaz kəmərinin mühafizə zonasının daxilindədir. Belə ki, Qusar rayonu, X7 kəndi ərazisində cavabdeh tərəfindən, “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X5 istismarında olan 325 mm diametri “Qusar QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasından 30-35 metr məsafədə tikili inşa edilmişdir. Həmin tikili magistral qaz kəmərinin “Qəbələ qolu” üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan məhkəməsi isə qətnamə çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamışdır. Mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Qeyd edilən qanunlara əsasən, mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Belə ki, qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Məhkəmə iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...)
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)
Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
23. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 19. Mühafizə zonası və tədbirləri
1. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.
2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.
3. Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirləri ilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirini Qaydaları”
1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir. 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, iş materiallarından müəyyən edilir ki, Qusar rayonu X7 kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Ona məxsus torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş plan bölmələri məlumatlandırma icraatı qaydasında Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır.
29. Səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikilinin özbaşına tikili hesab edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, hazırkı işdən şəhərsalma və tikinti qaydalarına uyğun tikintinin aparılması müəyyən olunur. Tikili qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşsə də, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar alındığından yuxarıda qeyd olunan normativ hüquqi aktlara əsasən özbaşına tikili hesab olunmamalı və Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri tətbiq olunmamalıdır.
30. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
31. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
32. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, 0,12 ha torpaq sahəsinə Cavabdeh xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış və onun verilməsinə əsas olan sənədlər qüvvədədir, həmin sənədlər hər hansı şəxs və orqan, o cümlədən iddiaçı tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir.
34. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
35. Göründüyü kimi, qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını müəyyən etmiş və bundan hər hansı kənara çıxma da bir qayda olaraq istisna edilmişdir. Belə olan halda, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həqiqiliyi prezumpsiyası qüvvədədir və cavabdehin torpaq sahəsinə hüquqlarını təsdiq edən həmin çıxarış ləğv edilməyib, cavabdehin həmin çıxarışdan irəli gələn hüquqlarını həyata keçirməsindən məhrum etmək mülkiyyət hüquqlarının pozulması hesab olunmalıdır.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sökülməsi tələb edilən tikili cavabdehin adına dövlət reyestrində qeydiyyata alınmasa da, həmin tikili cavabdehin mülkiyyətində olan həyətyanı torpaqda yerləşməklə, məlumatlandırma icraatı qaydasında Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmaqla inşa edilmişdir.
37. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.
38. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
40. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-50/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.