Məhkəmə qərarları › İş №2(105)-1567/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1567/2024

05.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1567/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1970/2024 nömrəli, 19 iyul 2024cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh1 13000 manat məbləğində kompensasiya ödənilməklə onun Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 7B saylı evin 34 saylı mənzilindən istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən Cavabdeh2 ilə əmlakları ilə birlikdə çıxarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 122.40 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, Cavabdeh1 mənzilə istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən Cavabdeh2 əmlakları ilə birlikdə çıxarılması eyni vaxtda icra olunması qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Cavabdeh1 10800 manat məbləğində kompensasiya verərək, Cavabdeh1 istifadə hüququna xitam verilməklə və digər Cavabdeh2 ilə birlikdə Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 7B, 34 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, kompensasiyanı cavabdehə 13000 manat məbləğində təklif etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 7B, 34 saylı mənzili onun mərhum ərinə məxsus olmuşdur. Ərinin ölümündən sonra vərəsəlik qaydasında həmin mənzil üzərində onun xüsusi mülkiyyət hüququ tanınmışdır. xx.xx.2021ci il tarixindən onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 onun oğludur. Digər Cavabdeh2 isə onun gəlinidir. Cavabdehlər xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Hazırda cavabdehlər həmin mənzildə yaşayırlar. Onlarla birgə yaşamaqları qeyri-mümkün olduğuna görə cavabdehlərin mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh2 Ailə Məcəlləsinin 15-ci fəslində ehtiva edilmiş yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına daxil deyildir. Bu səbəbdən də mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Digər Cavabdeh1 onun övladı olduğuna görə, həmin mənzildə yaşadığına görə ona kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Hesab edir ki, hazırda cavabdehə təklif olunan kompensasiya məbləği ilə həmin mənzil şəraitinə oxşar şəkildə başqa mənzildə üç il müddətində yaşaya bilər. Hazırki mənzilin aylıq kirayə haqqının 300 manat olduğunu nəzərə alaraq (36x300=10.800) Cavabdeh1 10800 manat məbləğində kompensasiya təklif edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, bu kompensasiya məbləğinə razı olmamış, məhkəmə əsassız olaraq özəl bir şirkətin qiymətləndirməsini əsas götürüb və belə hesab edib ki, bu məbləğ kompensasiya üçün kifayətdir. Arvadı Cavabdeh2 münasibətdə də məhkəmə düzgün hüquqi nəticəyə gəlməmiş və kompensasiya məbləğini düzgün müəyyən etməmişdir. İstifadə hüququna xitam verilməsi tələb olunan mənzilin yerləşdiri ərazidə olan evlərin kirayə qiymətləri məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. İşə faktlar əsasında düzgün qiymət verilməmişdir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən mübahisəli mənzilin yerləşdiyi ərazidə olan kirayə qiymətlərinin 250 manat olması sübut edilmir, belə olan halda məhkəmə dövlət ekspertizası təyin etməklə bu məsələyə aydınlıq gətirməli idi. Lakin bunu etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində Cavabdeh1 istifadə hüququna xitam verilməsini məqsədəmüvafiq hesab etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, sonuncu qətnaməni kompensasiya məbləği hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Cavabdeh1 kompensasiya məbləği hissəsində qətnaməni mübahisələndirdiyini nəzərə alaraq həmin hissədə apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi yaşayış hüququna xitam verilməsi barədədir. Həmin tələbin qanuni əsasını isə Mülki Məcəllənin 228.2. maddəsi təşkil edir. Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddədə nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirilməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2007-ci il tarixli qərarı). Göründüyü kimi qanunverici hər hansı şəxs və şəxslər tərəfindən tanınmış, xüsusi mülkiyyət hüququ əsasında mənsub olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən mülkiyyətçinin iradəsini əsas götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsaiti ehtiva edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2. maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. İşdən görünür ki, cavabdeh iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğindən narazı olduğunu bildirmiş və bu məqsədlə tərəflərə kompensasiya məbləği ilə bağlı razılaşmaları üçün müəyyən vaxt verilməklə məhkəmə baxışı təxirə salınsa da, növbəti məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehə 30.000 manat kompensasiyanın təklif olunduğunu, cavabdeh isə bu məbləğlə razı olmayaraq iddiaçı tərəfindən ona 3 otaqlı ev alıb verməsini bildirmişdir. Məhkəmə kollegiyası həmçinin müəyyən etmişdir ki, cavabdeh iddiaçının oğlu olmaqla, ailəlidir və ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. İddiaçı onlarla birlikdə yaşayışın mümkünsüzlüyündə israrlıdır. Nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlməklə, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Məhz kompensasiyanın verilməsində məqsəd cavabdehin özünə yaşayış sahəsi qurmaqdan ötrü iddiaçının hesabına müəyyən müddətə başqa ərazidə yaşayışının təmin edilməsi mümkün olsun. Həmçinin o da vurğulanmalıdır ki, Mülki Məcəllənin 228.2. maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə tərəfindən kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi prosessual qənaət prinsipinə əməl edilməsini təmin etməklə yanaşı, mülkiyyətçinin hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təklifi ilə bağlı analoji iddiaları qaldırmasının qarşısını alır. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehə təklif olunan 30.000 (otuz min) manat məbləğini hazırkı bazar qiymətinə uyğun hesab edərək kompensasiyanın məbləği 30.000 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı tərəfindən Cavabdeh1 verilən kompensasiyanın məbləği 30.000 (otuz min) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar