Məhkəmə qərarları › İş №2(105)-157/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-157/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-157/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-1398/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh R0075163 saylı, 30 aprel 2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 724 manat əsas, 72 manat cərimə borcu vardır.

2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0075163 saylı, 30 aprel 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsindən və ona edilmiş 1 saylı əlavədən görünür ki, İddiaçı MMC dəyəri 774 manat olan televizor və asqını Cavabdeh nisyə satmağı, alıcı isə qəbul edib avadanlığın dəyərini 18 ay müddətində hər ay 44 manat, sonuncu ay isə 26 manat olmaqla, hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

3. Xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh R0075163 saylı, 30 aprel 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi tələb olunmuş, müqavilə üzrə yaranmış borcun ödənilməsi lazımi qaydada aparılmadığı halda borcun məhkəmə qaydasında tələb ediləcəyi və müqavilənin şərtlərinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdan İddiaçı MMC-nin xeyrinə 724 manat əsas borc, 72 manat cərimə, 30 manat dövlət rüsumu olmaqla, cəmi 826 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0075163 nömrəli, xx.xx.2023-cü il tarixli alqı satqı müqaviləsinə əsasən satıcı alıcıya 18 ay müddətinə, 774 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 774 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri yerinə yetirmiş və 50 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1398/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 30 aprel 2023-cü il tarixli R0075163 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 724 manat əsas, 10 manat cərimə, cəmi 734 (yeddi yüz otuz dörd) manat borc və 30 (otuz) manat dövlət rüsumunun tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia tələbi qismən təmin edilərək Cavabdeh 30 aprel 2023-cü il tarixli R0075163 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 724 manat əsas, 10 manat cərimə, cəmi 734 manat borc və 30 manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 386.2, 425.1, 442, 443.1, 445.2.1, 448.1, 467, 567-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 284.1, 119-cu maddələrinin tələbləri ilə əsaslandırmışdır.

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1398/2024 nömrəli qərardadı ilə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(060)-1398/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçı MMC ilə televizor almaq məqsədilə müqavilə bağlamışdır. Aralarında R0075163 saylı, 30 aprel 2023-cü il tarixli alğı-satqı müqaviləsi rəsmiləşdirmiş və həmin müqaviləyə əsasən, televizoru o, 18 ay müddətində hər ay 44 manat, sonuncu ay isə 26 manat olmaqla, hissə-hissə satıcıya ödəmək şərtilə əldə etmişdir. Həmçinin müqavilə şərtlərində satılan malın keyfiyyətinə də zəmanət verilmişdir. Buna baxmayaraq televizor iddiaçı MMC-nin əməkdaşları tərəfindən təhvil verildikdən bir neçə gün sonra televizorda nasazlıq yaranmışdır. Bununla bağlı onlara müraciət edilmiş, əməkdaşları tərəfindən aparılmışdır. Onlarla bu barədə dəfələrlə telefon danışıqları olmuşdur, mübahisəli müqavilə üzrə alınmış televizorda nasazlıq olduğundan məlumatlı idilər. Televizoru qaytarmaq niyyəti olmadığına görə televizoru MMC-yə qaytararkən aralarında təhvil təslim aktı imzalanmamışdır. O sadəcə xarab televizorun yenisi ilə əvəz edilməsini onlardan istəmişdir. Lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq MMC tərəfindən televizor geri qaytarılmamışdır. Hətta bununla bağlı DİN 102 xidmətinə də şikayət ərizəsi ilə müraciət etmiş, televiorun geri gətirilmədiyi ilə bağlı şikayətini bildirmişdir. Lakin mülki qaydada olduğuna görə iş dərin araşdırılmamışdır. Onu da qeyd etmişdir ki, şikayət həyat yoldaşı tərəfindən edilmişdir. Lakin şikayət ərizəsi və izahatlar ona təqdim olunmamışdır. Hesab edir ki, işin obyektiv baxılması məqsədi ilə səlahiyyətləri daxilində həmin işi üzrə materialları AR DİN SŞPİ-nin 2-ci Polis Bölməsindən tələb edə bilər. Orada televizorun onlarda olmadığı öz əksini tapmışdır. Bundan başqa aldığı televizor iddiaçı MMC tərəfindən geri gətirilmədiyinə görə məcbur olaraq yeni televizor almalı olmuşur. Üzərindən 6 ay sonra o, digər şirkətlə müqavilə bağlayaraq 659 manat dəyərində yeni televizor almışdır. Həmin televizoru "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, ******* №-li alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. O, özü aztəminatlı ailədir. Himayəsində 1-ci qrup əlil həyat yoldaşı və azyaşlı övladı vardır. Evində televizor ola-ola yeni televizor alması ağlabatan məsələ deyildir. Qətnamə məhkəmə tərəfindən düzgün əsaslandırılmamış, çəkişmə prinsiplərinə düzgün əməl edilməmişdir. Məhkəmə prosesindən heç bir məlumatı olmamışdır. Lazım olan sübutları məhkəmə çəkişməsi zamanı hakimə təqdim etmək mümkün olmamışdır. Bundan başqa iş üzrə qətnaməyə icraya yönləndirilmiş, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru İsayev Turalın icraatına verilmiş və xx.xx.2024-cü il tarixli, 104445/2024-47-48-002 №-li icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həyat yoldaşı 1-ci qrup əlilidir, o da onun qanun üzrə qəyyumu təyin edilmişdir. Qəyyumluğa dair kartına ödənilən 100 manat pulun 50 faizi həmin pula çıxır. Hesab edir ki, məhkəmə bu halları nəzərə alaraq iş üzrə dügün qərar verəcəkdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı MMC-yə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

19. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

20. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

21. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

22. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.

30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0075163 saylı, 30 aprel 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC dəyəri 774 manat olan televizor və asqını Cavabdeh nisyə satmağı, alıcı isə qəbul edib avadanlığın dəyərini 18 ay müddətində hər ay 44 manat, sonuncu ay isə 26 manat olmaqla, hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən Cavabdehdan alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi tələb olunmuş, müqavilə üzrə yaranmış borcun ödənilməsi lazımi qaydada aparılmadığı halda borcun məhkəmə qaydasında tələb ediləcəyi və müqavilənin şərtlərinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, alğı-satqı müqavilələrindən irəli gələn münasibətlərin mahiyyətinə uyğun olaraq, satıcı əşyanı alıcıya vemək öhdəliyini daşıyır, alıcının öhdəliyi əşyanı qəbul etməklə onun qiymətinin ödənilməsindən ibarətdir.

36. İşdə olan 30 aprel 2023-cü il tarixli malların təhvil-təslim aktından görünür ki, 1 ədəd Tv TCL 43s65a və divar asqısı Baus LPA52-466 İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh R0075163 saylı, 30 aprel 2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 724 manat əsas, 72 manat cərimə borcu vardır.

37. İşin müəyyən olunmuş hallarına görə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh təhvil aldığı malların dəyərini ödəmədiyindən iddiaçının mövcud tələbi əsasında cavabdehdən cəmi 734 manat borcun alınaraq iddiaçıya qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin mahiyyətinə uyğun olmuşdur.

38. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, cavabeh Cavabdeh telvizoru İddiaçı MMC-yə qaytardığını qeyd etsə də, bununla bağlı təhvil-təslim aktı və ya digər mötəbər sübut təqdim etməmişdir. Həmçinin göstərilən halı iddiaçı etiraf etməmişdir.

39. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamə çıxarılan zaman iş üzrə yuxarıda göstərilən nəticəyə gəlməsi düzgün olmuş, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsi üçün əsas yoxdur.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1398/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar