Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1572/2022 26.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2(060)-2940/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2(060)-2940/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1400 (bir min dörd yüz manat) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Almaz Süleymanova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2(060)-2940/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi» barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 manat məbləğində vurulmuş zərər və 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1434 manat alınaraq iddiaçı "xxxx" ASCnin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ və Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edrək göstərdi ki, iddiaçı ondan pul tələb edir. Qəzanı o, törətməyib, amma barəsində protokol tərtib olunub. Onun maşınını sığorta etdirdiyi təşkilat hazırda qarşı tərəfin maşınını təmir edir. Bildirir ki, hadisə zamanı sükan arxasında o olmuş, maşını sürücülük vəsiqəsi olmadan sürmüşdür. Hesab edir ki,protokol əsassızdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2(060)-2940/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2(060)-2940/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia təmin olunmalıdır. İş materillarından görünür ki, PXA 87017 saylı sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə sığortalı “Opel Sintra” markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomobil Sumqayıt şəhəri, Niyazi küçəsində “VAZ 21015” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə 1400 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. İş materiallarında olan AP seriyalı № ******* saylı Sumayıt şəhər DYPŞ-nin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11.30-da “Opel Sintra” markalı, **-BR-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən Əsədov X1 sağdan sola manevr edib dönərkən arxa solundan düzünə hərəkətdə olan “VAZ 21015” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomaşının qabaq hissəsi ilə toqquşmuşdur. Sürücünün sürücülük hüququ yoxdur. İş materiallarnda olan TP seriyalı ******* saylı Sumqayıt şəhər DYPŞ-nin xx.xx.2021ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. “AutoBox” avtomobil servis tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4368 saylı qiymətləndirmə aktından görünür ki, “VAZ 21015” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş zərərin məbləği 1400 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları nəzərdə tutulmuşdur. Həmin əsaslardan biri də iddiaçının iddia tələbinin əsası olaraq istinad etdiyi 25.1.3cü maddəsidir; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab etmişdir ki, cavabdehin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapdığından iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, cavabdeh vurduğu zərər həddində mülki cavabdehlik və məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq 1400 manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 34 manat Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, TP seriyalı ******* saylı Sumqayıt şəhər DYPŞnin xx.xx.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Həmin qərar da hazırda qüvvədədir. “AutoBox” avtomobil servis tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4368 saylı qiymətləndirmə aktından görünür ki, “VAZ 21015” markalı, **-DJ-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş zərərin məbləği 1400 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətini əsaslandıra bilməmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillər araşdırılaraq qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2(060)-2940/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2(060)-2940/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1572/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1572/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver