Məhkəmə qərarları › İş №2(105)-1573/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1573/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1573/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X13, cavabdeh X2 nümayəndəsi vəkil X8 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər “Şahin KFT”-yə, X3, X9, X10, X11, X12 qarşı borc məbləğinin tutulması, borcun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(027)-3/2020 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddiaçı "xxxx" ASC-nin cavabdehlər “Şahin KFT”-yə, X3, X9, X10, X11, X12 qarşı borc məbləğinin tutulması, borcun ipotekaya qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddiasınin təmin edilməməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, 14.10.2004-cü il tarixli, 1/14 saylı təminatlı kredit xətti müqaviləsinin ləğv edilməsini, kredit müqaviləsi üzrə ödənilməmiş qalan 28 528 manat əsas və 22 727 manat faiz borcu, 4108 manat penya olmaqla, cəmi 55 363 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması, tutulmanı Cavabdeh1 məxsus olan Quba rayonu Amsar kəndində yerləşən iki mərtəbəli, on otaqlı, yaşayış evinə (ümumi sahəsi 317,9 kv.m), Quba rayonu Amsar kəndi Quba-Tüləkəran yolunun sol tərəfində yerləşən Tövlə binalarına və Quba rayonu amsar kəndində yerləşən iki mərtəbəli dörd otaqlı evə yönəldilməsinə və həmin yaşayış evləri və tövlə binaları açıq-hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu MPM-nin 53-cü maddəsini əsas tutaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər hüquqi şəxs “Şahin KFT”-dən, X1, X4, X5, X6, X7 müştərək qaydada qalan 28 528 manat əsas, 20 800 manat faiz borcu, 3423 manat penya olmaqla, cəmi 52,751 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması, tutulmanı Quba rayonu Amsar kəndində yerləşən iki mərtəbəli, on otaqlı, yaşayış evinə (ümumi sahəsi 317,9 kv.m), Quba rayonu Amsar kəndi Quba- Tüləkəran yolunun sol tərəfində yerləşən Tövlə binalarına və Quba rayonu Amsar kəndində yerləşən iki mərtəbəli dörd otaqlı evə yönəldilməsinə, həmin yaşayış evləri və tövlə binaları açıq-hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan “Şahin KFT” “məhsulların istehsalı məqsədilə kredit vəsaiti ayrılması üçün iddiaçıya müraciət etmiş və buna müvafiq olaraq tərəflər arasında 14.10.2004-cü il tarixli 1/14 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 60 ay müddətinə ödəməklə illik 7 %-lə 40000 (qırx min) manat kredit almışdır. Verilmiş kreditin təminatı Cavabdeh1 məxsus Quba şəhəri, Amsar kəndində yerləşən iki mərtəbəli on otaqlı yaşayış evini (ümumi sahəsi 317,9 kv.m., 07 may 2001-ci ildə 1 nömrəli reyestr kitabında 71 nömrəli reyestr ilə qeydə alınmışdır), Quba rayonu, Amsar kəndi, Quba-Tüləkəran yolunun sol tərəfində tövlə binaları (07 may 2001-ci il tarixində 1 nömrəli reyestr kitabında 45-ci səhifədə 178 nömrəli reyestr ilə qeydə alınmışdır) və Quba rayonu Amsar kəndində yerləşən iki mərtəbəli dörd otaqlı evi (ümumi sahəsi 169.20 kv.m., 07 may 2001-ci il tarixində 1 nömrəli reyestr kitabında 72 reyestr nömrəsi ilə qeydə alınmışdır) ipoteka predmetləri kimi banka təqdim etmiş və bu barədə 14 oktyabr 2004-cü il tarixində ipoteka müqaviləsi bağlanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" ASC Quba rayon məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamə əsassız və qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh X2 nümayəndəsi vəkil X14 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən göründüyü kimi 14 oktyabr 2004-cü il tarixdə tərəflər arasında 60 ay müddətinə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin icra müddəti 14 oktyabr 2009-cu il tarixdə bitdiyindən və həmin andan iddia müddətinin axımı başlamış, lakin iddiaçı həmin müqavilə üzrə borcu 04 aprel 2013-cü il tarixdə tələb etmişdir. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.2. maddəsi). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). İşdən göründüyü kimi iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Quba rayon məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar