Məhkəmə qərarları › İş №2(105)-1574/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1574/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1574/2025 21.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi Nümayəndə (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3943/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 26 iyul 2021-ci il tarixli SQK10498 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC dəyəri satıcı cavabdehə müqavilənin əlavələsində göstərilən “Samsung” markalı soyuducu satmağı, cavabdeh isə həmin malın dəyərini satıcıya 24 ay ərzində 92 manat, sonuncu ay isə 84 manat olmaqla, cəmi 2200 manat məbləğində pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür.

2. Təhvil-təslim aktından görünür ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyanı təhvil almış, texniki göstəricilərinə və yararlığına dair iradlar bildirməmişdir.

3. Faktorinq müqaviləsi və ona əlavə olunan sazişdən görünür ki, "xxxx" MMC tələbetmə hüquqlarını “X3 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt etmişdir.

4. Bildiriş məktubunun surətindən görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 26 iyul 2021-ci il tarixli SQK10498 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 2043,83 manat borcun və ödənilmiş 40,43 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Satıcı "xxxx" MMC ilə Cavabdeh arasında 26 iyul 2021-ci il tarixdə SQK10498 nömrəli nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı cavabdehə müqavilənin əlavələsində göstərilən “Samsung” markalı soyuducu satmağı, cavabdeh isə həmin malın dəyərini satıcıya 24 ay ərzində 92 manat, sonuncu ay isə 84 manat olmaqla, cəmi 2200 manat məbləğində pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür. Malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə, təhviltəslim aktında göstərilən “Samsung” markalı soyuducu cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə tərəfimizdən xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında 26 iyul 2021-ci il tarixli SQK10498 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 1266 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən borcun ödənişi gecikdirildikdə hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,3% həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 777,83 manat təşkil edir (maliyyə arayışı əlavə edilmişdir). Hazırda cavabdehin iddiaçı qarşısında 26 iyul 2021-ci il tarixli SQK10498 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1266 manat qalıq borcu, 777,83 manat cərimə borcu olmaqla, cəmi 2043,83 manat borcu yaranmışdır.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3943/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 26 iyul 2021-ci il tarixli SQK10498 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 2043,83 manat borcun və ödənilmiş 40,43 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilməsi qət edilmişdir (hakim Elçin Kazımov).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 567, 601.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 284-1 və 284-5.3cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-3943/2025 nömrəli qətnaməsini ləğv edərək iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş və iş üzrə obyektiv araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdir. İşdən görünür ki, iddiaçı iddia tələbində qeyd edib ki, cavabdehin 1266 manat qalıq borcu, 777,83 manat cərimə borcu var. Yəni cəmi 2043,83 manat borc tələb olunur. Lakin qətnamədə qeyd olunub ki, maliyyə arayışından görünür ki, cavabdehin 340,96 manat qalıq və 216,64 manat cərimə borcu vardır. Lakin məhkəmə bu ziddiyyəti araşdırmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdehin iddiaçıya 1266 manat məbləğində borcu yoxdur. Hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən əsas borc məbləği araşdırılmalıdır. Əks halda 1266 manat borcla razı deyil və borcu qəbul etmir. Məhkəmə obyektiv araşdırma aparmamışdır. Ona görə də iddia tələbini qəbul etmir. 777,83 manat cərimə borcuna gəldikdə isə hesab edir ki, həmin borc da əsassızdır. Qanunun tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə cəriməyə dair hissədə də məbləği azaltmamış və iddiaçının tələb etdiyi kimi iddianı təmin etmişdir. Halbuki məhkəmə dəbbə pulunu azalda bilərdi. Çünki cavabdehin maddi vəziyyəti ağırdır və xəstəlikdən əziyyət çəkir. Həmçinin o, təqaüdçüdür. Yəni məhkəmə həmin məbləği cavabdehin maddi durumunu nəzərə alıb 10 manata qədər azalda bilərdi. Yəni qanunla bu mümkündür. Lakin məhkəmə bunu da nəzərə almamışdır. Hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən bu hal da məhkəmə tərəfindən nəzərə alınacaq və obyektiv şəkildə hüquqi qiymət veriləcək. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mülki qanunverciliyin 6.1.1-ci bəndinə əsasən qanunvercilik tələb edir ki, mülki hüquq subyektləri bərabərdir. Lakin birinci instansiya məhkəməsi bu maddi normanı tətbiq etməməklə, cavabdehin qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, məhkəmə iş üzrə əsas borcun dəqiq müəyyən olunması üçün ekspertiza təyin etməmiş və iddia tələbinə əlavə edilmiş sənədlər əsasında qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə iddia tələbi üzrə tələb olunan məbləğin dəqiq məbləğini müəyyən etmək üçün ekspertiza təyin etməli idi. Çünki iddia tələbi və ona əlavə edilmiş maliyyə arayışında ziddiyyət var. Bu hal isə araşdırılmamışdır. Hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən bu hallar aydınlaşdırılmalı və qanuni və əsaslı qətnamə qəbul olunmalıdır.

11. Lakin məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə prossesin çəkişmə prinsipini təmin etməmiş, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır.

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyekiv tədqiqinə lazımi şərait yaratmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Maddə 600. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

23. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

30. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Apellyasiya şikayətlərindən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3943/2025 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

34. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin dəbbə borcu 777,83 manatın Cavabdeh iddiaçının xeyrinə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddianın qismən təmin edilməsi, 130 manat məbləğində dəbbə pulun tutulması barədə yeni qətnamə qəbul edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, cavabbdeh müqavilə üzrə yaranmış əsas borcun qaytarılmasına dair hər hansı sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsi əsas borcun - 1266 manatın tutulması hissəsində iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

37. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin cərimə pulunun tutulması barəsində hissəsini də araşdıraraq hesab edir ki, qətnamədə iddia həmin hissədə tam təmin edilməklə əsaslı olmamışdır.

38. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

39. Kollegiya hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə pulu əsassız və şişirdilmiş məbləğdir.

40. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

41. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan müqaviləyə görə cərimə pulunun 777,83 manat məbləğində deyil, 130 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır.

42. Kollegiya həmçinin bildirir ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

43. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində digər mübahisələndirilən hissələrə dair göstərdiyi dəlilləri formal mülahizə kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğvi üçün əsas ola bilməz.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3943/2025 nömrəli qətnaməsi qismən – iddia tələbinin dəbbə borcu olan 777,83 manatın Cavabdeh iddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. Həmin hissədə iddia qismən təmin edilsin, 130 (yüz otuz) manat məbləğində dəbbə pulu Cavabdeh tutularaq iddiaçı “X3 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar