Məhkəmə qərarları › İş №2(105)-1580/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1580/2021

13.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1580/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri 1 saylı notariat kontoruna və maraqlı şəxslər 1 saylı Bakı ASAN xidməti mərkəzində notariat ofisinə və Maraqlı şəxs2 qarşı vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(060)-826/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 aprel 2020-ci ildə vəfat etmiş X2 Maraqlı şəxs2 Qəib oğluna Sumqayıt şəhəri, 1 saylı notariat kontorunda verilmiş vəsiyyətnamənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 aprel 2020-ci ildə onun dayısı qızı X3 vəfat etmişdir. Onun vəfat etməsindən dərhal sonra Maraqlı şəxs2 bildirmişdir ki, X3 onun adına vəsiyyətnamə qoymuş və onun bütün əmlakını artıq o, idarə etməlidir. Bu səbəbdən də dayısı qızının evinə girib ona məxsus əmlakları və digər bahalı əşyaları evdən çıxarıb satmağa başlamışdır. O, maraqlı şəxsə dayısı qızının ağır xəstə olduğunu və belə bir vəsiyyətnamə yaza bilməyəcəyini dedikdə, Maraqlı şəxs2 cavabında onunla 1 saylı notariat kontoruna getmiş və orada vəsiyyətnamə yazıb qoyduğunu demişdir. O, maraqlananda ona bu haqda məlumat verməkdən imtina etmişdilər. Çox araşdırmalardan sonra o, vəsiyyətnamənin surətini əldə edə bilmiş və başa düşmüşdür ki, dayısı qızının xəstəliyindən istifadə edən Maraqlı şəxs2 1 saylı notariat kontorunun işçiləri ilə birləşib bu vəsiyyətnamənin yazılmasına nail olmuşlar. Dayısı qızı ağır xərçəng xəstəsi idi və son aylarda nə etdiyini belə bilmirdi. Bu səbəbdən də onun heç evdən çıxmağa belə halı olmurdu, nəinki notariat kontoruna gedib vəsiyyətnamə yazmağa. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesi onun iştirakı olmadan keçirilmiş, maraqlı şəxsin nümayəndəsinin də iştirakı olmamış, bu səbəbdən mülki iş baxılmamış saxlanılmalı idi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlk öncə məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, iddiaçı məlumatlandırmadan (xəbərnamə) əldə etmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının tələbi irəli sürməyə subyektiv hüququnun olmaması, həmçinin X3 onun dayısı qızı olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. İşdən görünür ki, iddiaçı Məhərrəm X1 dayısı qızı olmasına dair qohumluq faktını təsdiq edən müvafiq sənədləri məhkəmə kollegiyasına təqdim etməmişdir. Lakin iddiaçının Vəkil2 iddiaçının qohumluq faktını təsdiq edən məhkəmə qətnaməsini növbəti məhkəmə iclasına təqdim edəcəyi barədə vəsatətini nəzərə alaraq məhkəmə kollegiyasının iclası 02 iyul və 13 iyul 2021-ci il tarixlərə təxirə salınsa da, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bu sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Tərəfin çəkişməli prosessdə iştirak dərəcəsi onun öz iradəsindən aslıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik olmadığından, iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər (Mülki Məcəllənin 1166, 1179.1. və 1180.1. maddələri). İşdən göründüyü kimi X3 05.03.2020-ci ildə Sumqayıt şəhər 1 saylı Notariat Ofisində təsdiq edilərək qeydiyyata alınmış vəsiyyətnamə ilə bütün əmlakını Maraqlı şəxs2 vəsiyyət etmiş və 08 aprel 2020-ci ildə vəfat etmişdir. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 1225.1., 1225.2. və 1225.3. maddələri). Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, vəsiyyətnamə birtərəfli iradə ifadəsi olan əqddir. Vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, əqdin etibarsızlığını tələb edən şəxs etibarsızlığın əsaslarını sübut etmə öhdəliyi daşıyır. Əgər əqdin etibarsızlığı əsasları müəyyən edilməzsə, etibarlı hesab edilir. Belə olan halda, çəkişmə və tərəflərin bərabərliyi prinsipi çərçivəsində sübut etmə öhdəliyi daşıyan şəxslərin həmin öhdəliyinin onlardan alınaraq əks tərəfin üzərinə qoyulması mülki mühakimə icraatının mahiyyətinə zidddir. Göründüyü kimi mübahisələndirilən vəsiyyətnamənin etibarsızlığına əsas olan halları sübut etmə yükü daşıyan iddiaçı öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşımasına baxmayaraq, hər hansı bir sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Sumqayıt şəhəri 1 saylı notariat kontoruna və maraqlı şəxslər 1 saylı Bakı ASAN xidməti mərkəzində notariat ofisinə və Maraqlı şəxs2 qarşı vəsiyyətnamənin etibarsız sayılması barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar