Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1580/2025 18.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətnin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: öhdəliyin icrası) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2(074)-950/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024- cü il tarixli müqaviləyə əsasən, qabyuyan “BOSCH”, zəmanət + 3 il xidməti üçün 1980 (bir min doqquz yüz səksən) manat ödənilməmiş hissə, 198 (bir yüz doxsan səkkiz) manat cərimə olmaqla, cəmi 2178 manat borcun və ödənilmiş 41,78 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, qabyuyan BOSCH, zəmanət + 3 il xidməti almış və nəticədə 2178 (iki min yüz yetmiş səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1980 (bir min doqquz yüz səksən) manat (yəni 18 ay x 110 manat + 0 manat ilkin ödəniş) olan qabyuyan BOSCH, zəmanət + 3 il xidməti üçün ümumilikdə, 2178 (iki min yüz yetmiş səkkiz) manat olmaqla ondan 1980 (bir min doqquz yüz səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 198 (yüz doxsan səkkiz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
3. Cavabdeh iddia tələbinə etiraz edərək göstərdi ki, iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, qabyuyan BOSCH, zəmanət + 3 il xidməti almışdır. Həmin qabyuyanda qüsur olduğu üçün qaytarmış, işləməyən əşya üçün pul ödəməyəcəyini bildirmiş, dəyişdirilməsini istəmiş, lakin dəyişdirilməmişdir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, cavabdeh qabyuyan BOSCH, zəmanət + 3 il xidməti almış və nəticədə 2178 (iki min yüz yetmiş səkkiz) manat borcu yaranmışdır.
5. Cavabdehlə bağlanılmış xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktında göstərilir ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.
6. "xxxx" MMC tərəfindən Cavabdeh borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
7. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən qabyuyan Bosch, zəmanət + 3 il xidməti üçün 1980 (bir min doqquz yüz səksən) manat ödənilməmiş hissə, 198 (yüz doxsan səkkiz) manat cərimə olmaqla, cəmi 2178 manat borc yaranmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Şamaxı Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2(074)-950/2025 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1980 (bir min doqquz yüz səksən) manat əsas borc, 90 (doxsan) manat cərimə olmaqla, cəmi 2070 manat borc və ödənilmiş 40.70 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1, 600.4, 600.5, 385.1, 425.1, 448.1, 442 və 462.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2(074)-950/2025 nömrəli qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həqiqətən də iddiaçı "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2024-cü tarixli müqaviləyə əsasən, qabyuyan BOSCH (zəmanət + 3 il xidməti) cihazını almışdır. Həmin qabyuyanda əvvəldən ciddi qüsur olduğu üçün o, həmin əmlak geri qaytarmış və işləməyən əşya üçün pul ödəməyəcəyini iddiaçıya və məhkəməyə dəfələrlə bildirmişdir. Odur ki, ona satılmış işləməyən bu əmlakın dəyişdirilməsini iddiaçıdan xahiş və tələb etmişdir. Lakin iddiaçı ciddi deffektli olan, ona satdığı həmin əmlakı dəyişdirməmişdir. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məlumat üçün bildirir ki, “Kontakt Home” mağazasının sürücüsü qabyuyan maşını gətirib evinə quraşdırmış, lakin hiss olunmuşdur ki, həmin sürücü bu qurğunu işlətmək qaydasını tam bilmirdi. Odur ki, o, həmin qabyuyanı evində qoşub getmiş və özünə məxsus mobil telefon nömrəsini də ona vermişdir ki, nəsə problem olsa onunla əlaqə saxlasın. Elə həmin gün və sabahısı gün aldığı qabyuyanı işlətməyə çalışsa da həmin əmlakın texniki qüsurlu (yəni deffektli) olmasının şahidi olmuşlar. Belə ki, qabyuyan söndürülərkən də öz-özünə işləmiş, naməlum səbəbdən səthinə elektrik keçdiyindən ona toxunarkən onları cərəyan vurmuş və bu insan həyatı üçün çox təhlükəli idi. O cümlədən həmin qabyuyan düzgün işləmədiyindən qabları da təmiz yumurdu. Ona görə də qabyuyanı onların evinə gətirib qoşmuş sürücüyə, “Kontakt Home” mağazasına dərhal narazılığını bildirmişdir ki, götürdüyü əmlak deffektlidir. Onlar isə ustanın telefon nömrəsini vermiş və çağırışı əsasında usta gəlib evindəki qabyuyana baxmış və elə onu da elektrik cərəyanı vurmuşdur. Evə gəlmiş usta da belə qorxulu halı aidiyyəti şəxslərə demişdir. Nəhayət ona məsləhət görülmüşdür ki, sözügedən qabyuyan aparatına Bakı şəhərində yüksək ixtisaslı mütəxəssis gəlib baxmalıdır. Lakin nə qədər çalışsa da Bakı şəhərindən olan yüksək ixtisaslı mütəxəssis gəlməmişdir. Beləliklə, “Kontakt Home” Mağazalar Şəbəkəsi ilə aralarında mübahisələr başlamışdır. Qabyuyan deffektli olduğundan düzgün işləmədiyinə görə onu aparıb Şamaxı şəhərindəki “Kontakt Home” mağazasına geri qaytarmışdır. Sonra eşitmişdir ki, həmin qabyuyanı Bakı şəhərinə servisə yoxlanışa göndərəcəklər və guya göndəriblər və orada məlum olub ki, guya onun heç bir deffekti yox imiş. Amma fakt odur ki, qabyuyan ciddi deffektli olduğundan normal işləmirdi. Surətini iş materiallarına daxil etdiyi xx.xx.2024-cü il tarixli digər sənəddə yazılanlardan aşkar görünür ki, əvvəldən deffektli, texniki qüsurlu olan – yəni normal işləməyən həmin qabyuyanı o, “Kontakt Home” mağazasına geri qaytarmışdır. Qeyd edir ki, satıcı və onları təmsil edən şəxslər nə ona düzgün işləyən yeni qabyuyan vermədilər, nə də onlar 3 il zəmanət müddəti olduğu halda ona satdıqları həmin əmlakı təmir etdirə bilmədilər. Əvvəldən bu deffektli qabyuyan aparatının təmiri heç mümkün də deyildi. Bu səbəblərdən onunla İddiaçı MMC-ni təmsil edən şəxslər arasında xx.xx.2024-cü il tarixli, 18715233 saylı müqavilə qüvvədən düşmüş hesab olunmalıdır deyə Şamaxı Rayon Məhkəməsinə bildirmişdir. Fakt aşkar görünür ki, aralarındakı mübahisə ona satılmış qabyuyanın əvvəldən nasaz və texniki qüsurlu olması ilə bağlıdır. Ona görə də, təqsirkar o deyil, ona texniki qüsurlu qabyuyan qurğusunu satanlardır. Odur ki, onun adına hər hansı borc və onun faizi hesablana bilməz. Yuxarıda qeyd etdiyi səbəblərdən Şamaxı Rayon Məhkəməsinin e-2(074)-950/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 442, 448, 462 və 600cü maddələrinin tətbiq edilməsi səhvdir və bu maddi hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Qətnamədə Mülki Məcəllənin qeyd olunan maddələri, texniki cəhətdən qüsursuz olan əmlaklara aiddir və həm də o, 3 illik qarantiya müddətində həmin nasaz əmlakı geri qaytarmışdır. İddiaçı ona satdığı işləməyən cihaz üçün pul tələb edə bilməz. Həmin malı düzəldə bilmədilər, lakin sonradan uydurublar ki, guya servisdə yoxlanılıb və o saz və işlək vəziyyətdədir. Həmin Servis Xidməti də iddiaçıya xidmət edən və onlarla əlbir fəaliyyət göstərən bir müəssisədir. Bu mübahisəyə tam bitərəf olan ekspert və mütəxəssis baxışı həyata keçirilməmişdir. Şamaxı Rayon Məhkəməsinə yazılı şəkildə bildirmişdir ki, anadangəlmə ruhi xəstəni, karı, koru, lalı, dəlini və sair bu kimi xəstələri heç bir həkim tam müalicə edib sağalda bilmədiyi kimi - əvvəldən zavodskoy deffektli və ciddi qüsurlu olan qabyuyan aparatını da heç bir Servis Xidməti təmir edə bilməz. Beləliklə, Şamaxı Rayon Məhkəməsinin e-2(074)-950/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində işin faktiki halları tam aydınlaşdırılmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamışdır. Bu, qətnamədə maddi hüquq normalarının yuxarıda qeyd etdiyi pozulmaları ilə yanaşı, həm də prosessual hüquq normaları da pozulmuşdur. Belə ki, iş materiallarından aydın görünür ki, iddiaçı "xxxx" MMC iddia ərizəsi yazıb Şamaxı Ray Məhkəməsinə göndərsə də, heç bir məhkəmə iclasına üzürsüz səbəbdən gəlməmiş və nəticədə iddiaçı ilə cavabdeh arasında çəkişmə prinsipi olmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
14. Cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
20. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, cavabdeh qabyuyan Bosch almış və nəticədə 2178 (iki min yüz yetmiş səkkiz) manat borcu yaranmışdır. İddiaçı müqavilə öhdəliyinin cavabdeh tərəfindən pozulduğunu iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
22. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi qət edilmişdir /bax bənd 8 /.
23. Məhkəm mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh həmin müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında malların dəyərini hissə-hissə iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan malların nisyə almasına dair hüququndan istifadə etmiş, malların dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
24. Məhkəmə həmçinin cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, 198 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq, 90 manat məbləğində müəyyən edilməlidir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır və bu səbəbdən əlavə araşdırma aparılmasına zərurət görmür, hesab edir ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
26. Məhkəmə kollegiyası alıcıya qüsurlu məhsul satılmasına dair şikayətin dəlili ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələbinə görə əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələb irəli sürmək hüququna malikdir.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, e-2(074)-950/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kasaasiya şikayəti verilə bilməz.