Məhkəmə qərarları › İş №2(105)-1583/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1583/2022

20.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1583/2022 20.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(012)-1768/2022 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi X1 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(012)-1768/2022 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı Cavabdehnə qarşı cərimə borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2361.6 (iki min üç yüz altmış bir manat altmış qəpik) manat borcun abonent kodu **********10001 olan İddiaçı məxsus abunə hesabından silinməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(012)-1768/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdehnə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 2656.8 manat cərimə borcunun ona məxsus abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Həyat yoldaşı 12 il bundan əvvəl vəfat etmiş, həmin evdə də o, qızı ilə birlikdə yaşayır. Onun xəbəri olmadan barəsində xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlara görə guya mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar edilmiş və nəticədə ona 2656.8 manat cərimə yazılmışdır. Onun bu hadisədən uzun müddət xəbəri olmamış, daha sonra o, sayğaca pul yükləyən zaman ödənilən puldan tutulmalar olduğunu görmüş, ona görə də qaz idarəsinə yaxınlaşmışdır. Orada tərtib edilmiş aktlar əsasında ona 2656.8 manat cərimə hesablandığı bəlli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: Cavabdeh nümayəndəsi X4 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 06 may 2022-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2, 4.8, 4.9-cu bəndinin, Azərbaycan Respublikası MPM-nin 77, 88-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən sayğacın kənar qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar cavabdeh Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktla bağlı cavabdeh Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmişdir. Daha sonra həmin Aktlar əsasında Tələbnamə təsdiq edilmiş və itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı müvafiq hesablamalar aparılaraq müəyyənləşdirilmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2020-ci tarixli, ******* saylı və xx.xx.2021-ci tarixli, ******* saylı aktlardan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmış, akt abonent tərəfindən imza edilməkdən imtina edilmişdir. Cavabdeh İB-nin nümayəndələri S.Baxşiyevin, P.Quliyevin, M.Mahmudovun imzaları ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyindən təbii qaz təchizatı dayandırılmış, akt istehlakçı tərəfindən imza edilməkdən imtina edilmişdir. Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 270 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 26568 m3 ödənilməsi, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2020-ci tarixli ******* saylı akt olmuşdur. Abonent kodu **********10001 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 7C saylı evdə xx.xx.2018-ci il tarixdə Smart G-4 İtron Diafraqma tipli 1802AZ**********77 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), aktlara əsasən abonentin 2021-ci ilə aid olan borcu 2656.80 manat göstərilmişdir. “Gasrep” GPG18015577 smart sayğaclı abonentin saldosundan görünür ki, abonent kodu **********10001 olan, İddiaçı adına olan sayğaca görə yükləmələr və tutulmalara əsasən müəyyən edilmişdir ki, abonent xx.xx.2018-ci il tarixdən etibarən sayğaca pul yükləmiş və borca görə tutulmalar xx.xx.2021-ci il tarixdən başlanmaqla xx.xx.2022-ci il tarixinədək cəmi 63.3 manat olmaqla tutulmuşdur. -xx.xx.2019-cu il tarixli 020953 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumi xəstəlik səbəbindən İ qrup əlillik verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.5 və 3.1.7-ci bəndlərinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırlması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.4 və 4.9-cu bəndlərinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur: - 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. İş tədqiq edilmiş materiallarından və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. İddia tələbindən göründüyü kimi, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən istehlakçı barəsində xx.xx.2020-ci tarixli ******* saylı və xx.xx.2021-ci tarixli ******* saylı akt tərtib edilərək həmin akt əsasında sonuncuya cərimə hesablanmışdır. Məhkəmə, həmin aktlara hüquqi qiymət verib belə qənaətə gəlir ki, tədqiq olunmuş akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacına dair tərtib olunmuş sənəddir. Lakin göründüyü kimi, iddiaçı xx.xx.2020-ci tarixli ******* saylı və xx.xx.2021-ci tarixli ******* saylı aktları qəbul edərək, qaz xəttinə qanunsuz olaraq 1 ay müddətində qoşulma halının olduğunu səmimi şəkildə etiraf etmişdir. Bu səbəbdən də, iddiaçının həmin aktları inkar edərək qaz xəttinə qanunsuz olaraq qoşulma halının olmasını gizlətməsi istisna edilmədiyi halda, bir ay müddətində qoşulma olmasını etiraf etməsini məhkəmə səmimi şəkildə qəbul etmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı iddiaçının izahatı əsasında həmin ünvanda yaşayan şəxs tərəfindən 1 (bir) ay müddətində qaz xəttinə qanunsuz olaraq qoşulması müəyyən edilmişdir. Kənar şəxsin qanunsuz olaraq qoşulması mənzil sahibini həmin borcun ödənilməsindən azad edən hal deyildir. Baxmayaraq ki, mülki iş materiallarına əlavə olunmuş abunə müqaviləsindən göründüyü kimi, mənzilə qaz xəttinin verilməsinə dair müqavilə məhz İddiaçı ilə bağlandığı halda, nəzarət də eyni zamanda, iddiaçının üzərinə düşür. Məhkəmə tərəflərin izahatı əsasında müəyyən etmişdir ki, mübahisəli akt əsasında hesablanmış 2656.8 manat pul məbləği abonentə 270 gün ərzində qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı ilə qaz xəttinə kənar xətt yolu ilə bir ay müddətində qoşulmaqla qazdan istifadə qaydasını pozması öz təsdiqini tapmış, həmin halı inkar edəcək mötəbər, təkzibolunmaz sübutlar isə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də məhkəmə xx.xx.2020-ci tarixli ******* saylı və xx.xx.2021-ci tarixli ******* saylı akt əsasında 270 gün müddətində hesablanmış 2656.8 manat pul vəsaitinin, 30 gün müddətinə hesablanmaqla sadə riyazi hesablama qaydasına riayət edərək, (30 x 2656.8 / 270 = 295.2; 2656.8 - 295.2 = 2361.6). hesablamışdır. Beləliklə də, qaz xəttinə qanunsuz olaraq qoşulma nəticəsində 295.2 manat zərərin dəydiyi müəyyən edilmişdir ki, həmin məbləğin ödənilməsi də abonentin vəzifəsidir, 270 gün müddət üçün hesablanmış 2656.8 manat pul vəsaitindən 1 ay müddət üçün hesablanmış 295.2 manat pul məbəği çıxılmaqla qalan 2361.6 manat pul vəsaiti iddiaçıya məxsus olan abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fıkirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qismən təmin olunması nəticəsinə gələrkən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə idianın məbləği 2361,6 manat təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh nümayəndəsi X1 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2(012)-1768/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar