Məhkəmə qərarları › İş №2(105)-1584/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1584/2023

17.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1584/2023 17.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Maraqlı şəxs iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e- 2(012)-615/2023 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqaviləyə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 01 saylı binanın 13-cü mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi 79.69 kv.m. olan 105 saylı mənzilin ayrılaraq X1 və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması və mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsində yol verilmiş texniki yanlışlığın aradan qaldırılaraq “X16”nun “İddiaçı” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqaviləyə əsasən, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 01 saylı binanın 13-cü mərtəbəsində, 105 saylı, 2 otaqdan ibarət sahəsi 79.69 kv.m. olan mənzil hər kvadratı 650 manatdan olmaqla, 51798.5 manat ödənilməklə İddiaçı satılmışdır. Müqaviləyə əsasən, mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənildiyindən bu barədə xx.xx.2019-cu il tarixdə B1/105 saylı maliyyə arayışı verilmişdir. Bağlanmış müqavilənin 7.6-cı bəndinə əsasən, mənzilin dəqiqləşdirilmiş sahəsinin dəyərinin 70 faizindən az olmayan hissəsinin ödənilməsi şərti ilə alıcı yaşayışa buraxılmalı idi. Həmin müqavilənin 7.8-ci bəndinə əsasən isə mənzilin dəyərinin 100 faiz ödənilməsi şərti ilə alıcıya maliyyə arayışı verilir. İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə, bu barədə maliyyə arayışı verilməsinə, bina tikilərək ayrı-ayrı vətəndaşların təmir aparmasına icazə verilməsinə baxmayaraq, müqavilədə nəzərdə tutulan mənzil iddiaçıya təhvil verilməmiş və yaşayış sahəsinə buraxılmamışdır. Bu barədə dəfələrlə şifahi olaraq Cavabdeh MTK-ya bildirilsə də, heç bir nəticəsi olmamış, müxtəlif bəhanələr gətirərək, əlavə vəsait almaqla cavabdeh əsassız olaraq varlanmaq iddiasına düşmüşdür. Bu barədə xx.xx.2022-ci il tarixdə iddiaçı rəsmi qaydada Cavabdeh MTK-ya məktub yazmaqla, müqavilə öhdəliklərini yerinə yetirməsini tələb etmiş, lakin heç bir hərəkət olunmamış və iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh MTK ilə bağlanmış müqavilənin 7.9-cu bəndinə əsasən, bu müqavilənin şərtlərindən irəli gələn bütün hüquq və öhdəliklər tərəf və onların hüquqi nümayəndələri üçün zəruridir. Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2(012)-615/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqaviləyə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış kompleksində 01 saylı binanın 13-cü mərtəbəsindəki 2 otaqdan ibarət ümumi sahəsi 79.69 kv.m. olan 105 saylı mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulmaqla mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2(012)-615/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzilin xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilə əsasında İddiaçı satılması barədə tərəflər razılığa gəlmiş, iddiaçının borcunun olmamasına dair isə maliyyə arayışı təqdim etmişdir. Cavabdeh məktubunda əslində, mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilmədiyini bildirsə də, göstərilən bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə daxili inamına və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq belə qənaətə gəlir ki, ilkin olaraq, tərəflər müqavilənin bütün şərtləri barədə razılığa gəlməklə, müqavilə artıq bağlanmış hesab olunmuşdur. Eyni zamanda, müqavilə tərəfi kimi MTK mənzilin ödənişinin tam şəkildə ödənilməsində maraqlı olduğu halda müqavilənin bağlanmasından sonra icraçı tərəfindən ödənişin pozulduğunu bildirsə də, müqavilənin ləğvi tələbi ilə çıxış etməmiş, müqaviləyə əsasən müqavilənin ləğv edilməsi şərti nəzərdə tutulduğu halda, birtərəfli qaydada xx.xx.2020-ci il tarixli qərarı ilə müqavilə və maliyyə arayışı ləğv edilmişdir. MTK eyni zamanda, məktubunda sözügedən müqavilə və maliyyə arayışının ləğv edilməsi barədə iddiaçıya məlumat verildiyini qeyd etsə də, qeyd olunan dəlillər də öz təsdiqini tapmamışdır. Göründüyü kimi, cavabdehin müqavilənin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirmək hüququ olduğu halda müqavilənin bağlandığı gündən bu hüququ mübahisələndirməmiş, başqa sözlə, müqavilə ilə razılaşmışdır. Məhkəmə əslində işi tərəflərin qarşılıqlı münasibətlərinə uyğun qiymət vermək əvəzinə işi birtərəfli aparmışdır. Belə ki, müqavilənin 4-cü bölməsinin 4.1.3cü bəndinə əsasən “Alıcı” tərəfindən ödəniş şərtləri 2 (iki) ay ardıçıl pozularsa “Satıcı” 5 (beş) gün qabaqcadan “Alıcı”ya rəsmi bildiriş vermək şərti ilə bu müqaviləyə birtərəfli xitam verir, mənzil satılmamış hesab olunur və yenidən satışa çıxarılır. Məhz müqavilədə tərəflərin razılaşdığı bu şərt əsas tutularaq Cavabdeh MTK “Alıcı”ya əvvəl bir neçə dəfə şifahi, sonra rəsmi qaydada poçt vasitəsi ilə xx.xx.2020-ci il tarixdə özünün 61 saylı xx.xx.2020-ci il tarixli "xxxx"ini ünvanlamışdır. Bundan sonra T.Həsənov MTK-ya gəlmiş və evin pulunun 27.000 manatını Şəadət adlı şəxsə verdiyini etiraf edərək həmin pulu alıb gətirərək MTK-ya ödəyəcəyinə vəd versə də, vədinə əməl etməmişdir. Bundan sonra isə bu səbəbdən Cavabdeh MTK və“Alıcı” arasında bağlanmış mənzilin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqaviləni təsisçilərin ümumi yığıncağının 29 fevral 2020-ci il tarixli iclasının qərarı ilə ləğv etmiş və mübahisələndirilən müqavilənin ləğv edilməsi barədə poçt vasitəsi ilə xx.xx.2020-ci il tarixdə İddiaçı bildiriş göndərilmişdir. Məhz bu səbəbdən də Cavabdeh MTK tərəfindən İddiaçı qarşı müqavilənin ləğvi və ya etibarsız sayılması barədə məhkəməyə müraciət etməmişdir. Ona görə də məhkəmənin bu barədə gəldiyi nəticə əsassız sayılmalıdır. İddiaçının müqavilənin ləğv olunmasından 2 ildən artıq müddət yəni, 2020-ci ildən xəbərdar olduğu halda İddiaçı məhkəməyə yalnız 2022-ci ilin axırlarında müraciət etmişdir. Müqavilədə satıcının MTK, alıcının isə İddiaçı olduğu göstərilsə də, alıcı İddiaçı pulu müqavilə şərtlərinə zidd olaraq MTK ilə heç bir əlaqəsi olmayan Şəadət adlı şəxsə ödəməklə müqavilənin 2.3-cü bəndinin tələblərini pozmuşdur. Bu səbəbdən də həmin mənzil İddiaçı sahibliyinə və istifadəsinə verilməmişdir. Maliyyə arayışı Vasif Atakişiyev tərəfindən səlahiyyəti olmadığı halda özünün dediyi kimi təcrübəsizliyindən istifadə olunaraq ələ keçirilmişdir. Belə ki, həmin mənzillə yanaşı 12 mənzil torpaq sahibi üçün pulsuz ayrıldığından həmin mənzillərlə bağlı MTK-ya heç bir borc yoxdur. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı onun qudasıdır. Qudası ev almaq istədiyini ona bildirmişdir. Tanış makler vasitəsilə Şəhadət adlı adını tam dəqiq xatırlamadığı şəxsin evini təcili satmaq istədiyini bilmişlər. Bir neçə dəfə mənzilə getmişlər, lakin onları içəri buraxmırlar. Həmçinin, bu hal dəfələrlə baş vermişdir. Səbəb isə onların mənzili ucuz qiymətə alması ilə bağlı irəli sürülən iradlardır. Müqavilənin ləğv olunması ilə bağlı onun məlumatı yoxdur. Qudası 50000 manatlıq maşınını 30000 manata satıb pul düzəltmişdir. MTK-nın binası binanın altında, açıq bir yerdə, Abşeron rayonu Masazır kəndində "xxxx" yaşayış kompleksinin arxa tərəfində yerləşir. Şəadət MTK-ya dəvət olunarkən bildirmişdir ki, Əkbər adlı maklerin ona borcu olduğundan İddiaçı 27 000 manat pul almış və Əkbərin özünə olan borcunu silmişdir. Şəadət Mustafayevin mübahisləndirilən mənzillə bağlı heç bir səlahiyyəti olmamışdır. Masazır qəsəbəsində Şəadət və Əkbər ev alqı-satqısı ilə məşğul olan makler kimi tanınır. Göründüyü kimi "xxxx" MTK tərəfindən torpaq sahibinə verilməsi üçün 1-ci binadan 12 mənzil ayrılmışdır. Həmin mənzillər torpaq sahiblərinə pulsuz olaraq verilmişdir. Həmin mənzillər torpaq sahiblərinin adına sənədləşdirilmiş, sonradan isə satılaraq pulun ödənilməsi nəzərdə tutulmuşdur. Həmin dövrdə makler kimi fəaliyyət göstərən Əkbər, Şəadət və qeyriləri həmin evlərin satılması üçün müştərilər tapıb sənədləşdirilərkən müqavilə ilə birlikdə mənzillərin pulu ödənilmədən maliyyə arayışlarının verildiyini görüb həmin evləri dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişlər. Satılan mənzillərin alıcılarından 5 nəfəri vicdanlı alıcı olmuş və maliyyə arayışlarını alsalar da, sonradan gələrək borc müqaviləsi bağlamaqla mənzillərin dəyərini tam ödəmişlər. Bunlarla bərabər İddiaçı da rəsmi məlumat verərək maliyyə arayışının Vasif Atakişiyevin təcrübəsizliyindən səhv olaraq verildiyini, mənzilin dəyərinin onun tərəfindən ödənilməsi təklif olunsa da, əvvəl razı olmuş, Şəadət Mustafayevə verdiyi 27000 manat pulu alıb gətirərək MTK-nın kassasına ödəyəcəyinə söz versə də, buna əməl etməmiş və bu səbəbdən də 29 fevral 2020-ci il tarixdə həmin mənzillərlə bağlı müqavilə və maliyyə arayışları ləğv edilmiş və bu barədə xx.xx.2020-ci il tarixdə İddiaçı poçtla rəsmi məlumat verilmişdir. Cavabdeh MTK və “Alıcı” arasında bağlanmış mənzilin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilədən öncə Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 01 saylı binanın 13-cü mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi 79.69 kv.m. olan 105 saylı mənzili xx.xx.2018-ci il tarixli AZ/B01/MR13/MN105/TRP/161118 saylı müqavilə ilə onun sahibliyinə və istifadəsinə verilmişdir. Bu səbəbdən də İddiaçı tərəfindən mənzilin dəyəri ödənilmədiyindən həmin xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilənin 4.1.3-cü bəndi əsas götürülməklə ləğv edilmiş onun adına olan müqavilə isə bərpa edilməklə onun sahibliyinə və istifadəsinə verilmişdir. Hal-hazırda 1-ci binanın 105-ci mənzilində sahiblik və istifadə hüququnun ona müqavilə əsasında təqdim edildiyindən və MTK-nın həmin məzillə bağlı heç bir səlahiyyəti olmadığından məhkəmənin çıxartdığı qətnamənin icrasının MTK tərəfindən icra olunması qeyri-mümkündür. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs X17 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, o, cavabdehlə müqavilə bağlamış və razılığa əsasən ona məxsus olan torpaq sahəsində bina tikməyinin əvəzi olaraq cavabdeh ona 12 mənzil verməli idi. Həmin 12 mənzil verilən dövrdə MTK-nın sədri axtarışda olmuşdur. Vasif Atakişiyev adında bir şəxsi müavin təyin etmişlər. Həmin dövrdə onun da razılığı ilə evlərin satılması qərarına gəlmişlər. Bu zaman cavabdeh tərəfindən 12 evə dair pulun ödənilməsi barədə maliyyə arayışı verilmişdir. O, maliyyə arayışına deyil, mənzillərin satılıb pulunun verilməsinə razılıq vermişdir. Maliyyə arayışı ilə maklerlər vətəndaşlara mənzil verirlər. Onlardan bəziləri vicdanlı alıcı idi və sonra evin pulunu qrafiklə ödədilər. Bəzi alıcılar isə ödəmədilər ki, artıq maliyyə arayışları var. 2019-cu ildə iddiaçını çağırdıq, o, da orada olmuş və söhbət etmişlər ki, evin pulunu vermək lazımdır. İddiaçı isə inkar etmişdir ki, 28.000 manatı Şəadət adında maklerə ödəmişdir. Daha sonra xx.xx.2020-ci ildə ümumi yığıncaq çağırılmış və yığıncaqda qərar qəbul edilmişdir ki, 8 nəfər mənzilin pulunu ödəməmiş və ona görə mənzil onlardan alınmalıdır. 4 nəfər vicdanlı alıcı mənzillərin pulunu ödədiklərinə görə onların mənzilinə toxunulmamışdır. İddiaçının mənzili 1-ci binanın 105-ci mənzili idi. Həmin mənzil iki dəfə ona verilmiş, o, həmin mənzili almış və təmir etdirmiş, daha sonra iddiaçı gəlmişdir ki, həmin evi alsın, lakin o, həmin mənzili onun aldığını bildirmişdir. Bundan sonra uzun müddət iddiaçını görməmişdir. Fikirləşmişdir ki, artıq pulu kimə veriblərsə ondan geri almışdır. İddiaçı qeyd edir ki, həmin ev Şəadətə verilmişdir. Müqavilənin 1-ci bəndində qeyd edilmişdir ki, həmin evləri yalnız MTK sata bilər. Satmaq istəyəndə evi MTK-ya qaytarıb ondan sonra satırlar. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və ətraflı araşdırmamışdır. Birinci instansiya məhkəməsində iddiaçının qudası dindirilərkən bildirmişdir ki, həmin mənzili 30.000 manata almışdır, lakin müqavilədə görünür ki, həmin mənzil 51.000 manata satılmışdır. MTK-nın da üzvlərindən ibarət ümumi yığıncaq keçirilib və iddiaçı ilə bağlanmış müqavilə ləğv edilib və bununla bağlı iddiaçıya bildiriş göndərilmişdir. Müqavilə iddiaçı və cavabdeh arasında bağlanıb və iddiaçı bildirir ki, həmin mənzilin məbləği Şəadətə verilib. Bundan əlavə cavabdehlə maraqlı şəxs arasında müqavilə imzalanıb və maraqlı şəxs mübahisə edilən mənzilin pulunu ödəyib və buna görə həmin mənzil ona verilib. Hal-hazırda 105 saylı mənzilin iddiaçıya verilməsi mümkün deyil və iddiaçı kənar şəxs Şəadət Mustafayevlə müqavilə imzlayıb və bunun MTK-ya heç bir aidiyyatı yoxdur. Həmçinin həmin müqaviləni iddiaçı məhkəməyə təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, X17 ondan əlavə pul istəyirdi, o da verməmişdir. Buna görə də həmin mənzili ona verməkdən imtina edir. O, mənzili almaq üçün Şəadətə pul vermişdir. Şəadət evə 51.000 manat pul verib almış, o isə Şəadətə 32.000 manat ödəmiş, bu puldan 1500 manat rəmiləşdirmə üçün xərclər çəkilmiş, Şəadətə isə 30.500 manat pul qalmışdır. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirmişdir ki, mübahisəli mənzillə bağlı maraqlı şəxsin heç bir hüquq yoxdur. Özünün də qeyd etdiyi kimi icraat materialları ilə təsdiq olunur ki, maliyyə arayışı torpağa görə verilmişdir. Bundan əlavə 51.000 manatın ödənilməsi barədə qrafik göstərsə də, qrafiklə ödəmə hissə-hissə olur, lakin maraqlı şəxs özü qeyd edir ki, o pulu birdəfəyə ödəmişdir. Maliyyə arayışındakı ştampda tarix yoxdur. Bu da həmin arayşın saxta olduğunu göstərir. Maraqlı şəxs Əkbər Bağırova və Şəadət Mustafayevə maliyyə arayışı veriləndə heç bir etirazını bildirməmişdir. Mənzilin qiyməti barədə razılaşıblar, kooperativin müavininin yanına gediblər və mənzil iddiaçıya satılmışdır. Əgər maraqlı şəxs həmin mənzilin sahibi olsaydı bu zaman həmin mənzilin satılması ilə bağlı etirazını bildirərdi. Sənədlərin hamısını maraqlı şəxs və cavabdeh özləri saxtalaşdırmışlar. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X12 izahatında bildirmişdir ki, o Əkbər Həsənov adlı şəxsdən həmin mənzili almışdır. Əkbər Həsənov həmin MTK-da işlədiyinin əvəzinə həmin mənzil ona verilmişdir. Əkbər Həsənov ona təklif etmişdir ki, həmin mənzili alsın, o da razılaşmışdır. O, həmin evi maliyyə arayışında 51798 manat göstərilsə də, faktiki 41.000 manata Əkbər Bağırovun adına almışdır. Həmin pulu da Əkbər Bağırova vermişdir. Çünki mənzil onun idi. Həmin mənzili aldığını MTK da bilirdi, Nizami Kərimov da bilirdi. Həmin hadisədən 6 il keçdikdən sonra iddia edirlər ki, pul ödənilməmişdir. Ona təcili pul lazım olduğundan mənzili 28.000 manata satmışdır. Əkbər Bağırov onun qudasının oğludur. Hal-hazırda Əkbər Bağırov yük avtomobilinin sürücüsü olmaqla ölkə hüdudlarından kənardadır. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq üçüncü şəxs X18 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan Satıcı Cavabdeh MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu Masazır qəsəbəsində inşa etdiyi 1 saylı binanın 13-cü mərtəbəsində 2 otaqlı ümumi sahəsi 79.69 kv.m, hər kv.m-i 650 manatdan olan 105 saylı mənzili tam dəyəri 51798.50 manat olmaqla alıcıya satmışdır. Müqavilənin 1.3-cü və 1.4-cü bəndlərinə əsasən, alıcı tərəfindən seçilən mənzilin dəyəri bu müqavilənin 1.2-ci bəndinə əsasən müəyyən olunur və 51798.50 manat təşkil edir. Mənzilin dəyərinə tikinti xərcləri və rüsumlar daxildir. Müqavilənin 2.3-cü bəndinə əsasən, alıcı mənzilin dəyərinin ödənişini müqavilənin 2.2.1. bəndində göstərilən birdəfəlik tam ödəniş üsulunu seçir, belə ki, müqavilənin 1.3. bəndində göstərilən 51798.50 manat məbləğin 100%-ni müqavilə bağlandığı tarixdə satıcıya ödəyir. Müqavilənin 4.1.2-ci bəndinə əsasən, tərəflərin bu müqavilə ilə öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiyi halda bu müqavilə pozula bilər. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli B1/105 saylı maliyyə arayışından görünür ki, İddiaçı həqiqətən, Abşeron rayonu, Masazır qəsəbəsində Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış kompleksində AZ/B01/MR13/MN105/TRP/270819 saylı xx.xx.2019-cu il tarixli müqavilə əsasında aldığı bina 1, mərtəbə 13, sahəsi 79.69 kv.m olan 2 otaqlı 105 saylı mənzilin 51798.50 manat dəyərini tam ödəmişdir. İş materiallarında olan Cavabdeh MTK-nın İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 20 saylı məktubdan görünür ki, İddiaçı Cavabdeh MTK-ya vermiş olduğu müraciətə cavab olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRT/270819 saylı müqavilə və maliyyə arayışı mənzilin dəyəri olan 51798.50 manat pul MTK-nın xəzinəsinə ödənilmədiyindən dəfələrlə bu barədə xəbərdarlıq edildikdən sonra xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, MTK-ya məxsus mənzilin qiyməti müqavilədə göstərilən 51798.50 manat pulun MTK-nın xəzinəsinə ödənilməsini öhdəsinə götürdüyü halda, İddiaçı və X4 izahatlarından görünür ki, İddiaçı həmin pulun yalnız 28000 manatını Şəadət Mustafayevə ödəmişdir. Şəadət isə öz növbəsində, həmin pulu MTK-nın xəzinəsinə ödəmək əvəzinə, guya X13 ona borcu olmasını əsas götürərək mənimsəmişdir. Yəni, mənzilin pulu İddiaçı tərəfindən müqavilə əsasında götürdüyü öhdəliyə əsasən, MTK-nın xəzinəsinə mədaxil edilməmişdir. İddiaçı təqdim etmiş olduğu müqavilə və maliyyə arayışı Cavabdeh MTK-da qeydiyyatı aparılan müqavilələrin qeydiyyatı jurnalında aşkar edilməmişdir. Yəni, İddiaçı təqdim etmiş olduğu müqavilə və maliyyə arayışı MTKdan kənarda aparılmışdır. Mülki Məcəllənin 441-ci maddəsinə əsasən, İddiaçı ilə MTK arasında bağlanmış müqavilə şərtləndirilmiş müqavilə hesab edilir, yəni, İddiaçı MTK-ya məxsus mənzilin dəyəri olan 51798.50 manat pulu ödəməyi öhdəsinə götürmüş, MTK isə həmin pul tam ödənildikdən sonra mənzili İddiaçı sahibliyinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı göstərilən məbləği MTK-nın kassasına mədaxil etmədiyindən bağlanmış müqaviləni birtərəfli qaydada xx.xx.2020-ci il tarixdə ləğv etmişdir. Yəni, İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 51798.50 manat pulu MTK-nın kassasına ödəyib kassa mədaxil çekini almaq əvəzinə, müqavilənin şərtlərini pozaraq, dediyi kimi, həmin pulun 28000 manatını müqaviləyə aidiyyatı olmayan Şəadət Mustafayevə qanunsuz olaraq ödəməklə müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Şəadət Mustafayev isə aldığı 8000 manat pulu tanışı X13 ona borcu olduğunu əsas götürərək mənimsəmişdir. Maliyyə arayışını imza etmiş Vasif Atakişiyevin evin alqı-satqı müqaviləsi əsasında maliyyə arayışı verməyə səlahiyyəti olmamışdır.(Maliyyə arayışı MTK-nın sədri, baş mühasibi və xəzinədarı tərəfindən təsdiq edildikdə səlahiyyətli hesab olunur). Bu səbəbdən də, öz təcrübəsizliyini dərk edən Vasif Atakişiyev İddiaçı və MTK-ya bu barədə sonradan məlumat verdiyindən İddiaçı verilmiş müqavilə və maliyyə arayışı ümumi yığıncağın qərarı ilə ləğv edilmişdir. Maliyyə Nazirliyinin Q-02 nömrəli, xx.xx.2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, müəssisə və təşkilatların, habelə, sahibkarlıqla məşğul olan fiziki şəxslərin nağd vəsaitlərinin kassada mədaxili müəssisənin rəhbəri, baş mühasib və xəzinədar tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş ciddi hesabat blankı hesab edilir. Kassa mədaxil qəbzi ciddi hesabat blankıdır, fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tətbiqi xx.xx.2004-cü il tarixli 118 nömrəli qərarı ilə tənzimlənir. Ciddi hesabat blanklarının onlara oxşar rekvizitlərə malik olan ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz edilməsinə yol verilmir. Forması Maliyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli Q-09 nömrəli Qərarla tənzimlənmişdir. Odur ki, təqdim edilmiş müqavilə və maliyyə arayışı heç bir hüquqi qüvvəsi olmayan, aldatma yolu ilə əldə edilmiş müqavilə və maliyyə arayışı hesab edilir. İddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəlik icra olunmadığından (kooperativin pay haqqının ödənilməsi) bundan irəli gələn hüquqi hərəkətlər (pay haqqını ödəmiş şəxsin kooperativə üzv qəbul olunması barədə üzvlərin ümumi yığıncağının qərarının qəbulu) həyata keçirilməmişdir. Mənzilin pay dəyərinin ödənilməsini təsdiq edən mötəbər sübut qismində qəbul ediləcək xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi ciddi hesabat blankı İddiaçı tərəfindən təqdim olunmamış və MTK-da da mövcud olmamışdır. Maliyyə Nazirliyinin Q-02 nömrəli xx.xx.2013-cü il tarixli Qərarına əsasən, maliyyə arayışı kassa mədaxil çekini əvəz edə bilməz və mühasibatlıq sənədi sayılmır. Bununla da, bir daha sübut olunur ki, Hüseynov X10 Şəadət Vəli oğlu və X19 ilə qanunsuz olaraq bir qrup halında həmin dövrdə MTK-da sədr müavini vəzifəsini icra edən Vasif Atakişiyevin təcrübəsizliyindən, etibarından sui-istifadə edib mənzilin pulunu bir neçə gün müddətində ödəyəcəyinə vəd verib, aldatma yolu ilə MTK-ya məxsus 51798.50 manat dəyərində əmlakını ələ keçirməyə cəhd etmişdir. Bu səbəbdən də, Cavabdeh MTK-nın sədr müavini Vasif Atakişiyev tutduğu vəzifəsindən azad edilmiş və təqdim edilmiş həmin müqavilə və maliyyə arayışı MTK-nın xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv edilmiş və bu barədə İddiaçı məlumat verilmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MTK ilə bağladığı xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqaviləyə əsasən, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 1 saylı binanın 13-cü mərtəbəsindəki 2 otaqlı ümumi sahəsi 79.69 kv.m olan 105 saylı mənzili bir pay kimi almağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilə üzrə alınmış mənzilin dəyəri 51798.50 manat müəyyən edilməklə dəyəri iddiaçı tərəfindən ödənilmiş və bu barədə Cavabdeh MTK tərəfindən iddiaçının borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. Payçı tərəfindən müqavilə üzrə öhdəlik icra edilərək mənzilin dəyəri tam ödənilmiş, lakin icraçı tərəfindən mənzilin payçıya təhvil verilməsi öhdəliyi icra edilməmişdir. Bundan əlavə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilin xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilə əsasında İddiaçı satılması barədə tərəflər razılığa gəlmiş, iddiaçının borcunun olmamasına dair isə maliyyə arayışı təqdim etmişdir. Cavabdeh məktubunda əslində, mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilmədiyini bildirsə də, göstərilən bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə daxili inamına və məhkəmə gedişatının nəticəsinə əsaslanaraq belə qənaətə gəlir ki, ilkin olaraq, tərəflər müqavilənin bütün şərtləri barədə razılığa gəlməklə, müqavilə artıq bağlanmış hesab olunmuşdur. Eyni zamanda, müqavilə tərəfi kimi MTK mənzilin ödənişinin tam şəkildə ödənilməsində maraqlı olduğu halda müqavilənin bağlanmasından sonra icraçı tərəfindən ödənişin pozulduğunu bildirsə də müqavilənin ləğvi tələbi ilə çıxış etməmiş, müqaviləyə əsasən, müqavilənin ləğv edilməsi şərti nəzərdə tutulduğu halda, birtərəfli qaydada xx.xx.2020-ci il tarixli qərarı ilə müqavilə və maliyyə arayışı ləğv edilmişdir. MTK eyni zamanda, məktubunda sözügedən müqavilə və maliyyə arayışının ləğv edilməsi barədə iddiaçıya məlumat verildiyini qeyd etsə də, qeyd olunan dəlillər də öz təsdiqini tapmamışdır. Göründüyü kimi, cavabdehin müqavilənin məhkəmə qaydasında mübahisələndirmək hüququ olduğu halda mübahisələndirməmiş, başqa sözlə, müqavilə ilə “razılaşmışdır”. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqaviləyə əsasən, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış kompleksində 01 saylı binanın 13-cü mərtəbəsindəki 2 otaqdan ibarət ümumi sahəsi 79.69 kv.m. olan 105 saylı mənzilin İddiaçı sahiblik və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulmaqla mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə hər hansı maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi qənaətinə gəlmişdir. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.5, 113.3, 178.8, 385.1, 389.1, 399.1, 405.1, 442, 448.1, 567-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Maraqlı şəxs apellyasiya şikayəti verərək şikayətində Cavabdeh MTK və “Alıcı” İddiaçı arasında mənzilin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilə bağlanmamışdan öncə Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 01 saylı binanın 13-cü mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi 79.69 kv.m. olan 105 saylı mənzil xx.xx.2018-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/161118 saylı müqavilə ilə onun sahibliyinə və istifadəsinə verildiyini, bu səbəbdən də İddiaçı tərəfindən mənzilin dəyəri ödənilmədiyindən həmin xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilənin 4.1.3-cü bəndi əsas götürülməklə ləğv edildiyini, onun adına olan müqavilənin isə bərpa edilməklə mənzilin onun sahibliyinə və istifadəsinə verildiyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, Cavabdeh MTK-nın inşa etdiyi binanın yerləşdiyi torpaq sahəsinin bir hissəsi X6 məxsus olmuş, MTK tərəfindən həmin torpaq sahəsinin qarşılığında ona həmin mübahisəli mənzil verilmiş, həmin şəxs sonradan öz pay hüququndan imtina etmiş, mənzili MTK-ya qaytarmış, onunla bağlanmış müqavilə ləğv edilmiş, daha sonra Cavabdeh MTK ilə X19 arasında həmin mənzilin alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqavilə əsasında mənzil ona verilmiş, MTK tərəfindən ona borcunun olmaması barədə arayış verilmiş, bundan bir müddət sonra Əkbər Həsənov mənzilini satmaq qərarına gəlmiş və həmin mənzili X2 razılaşmış, MTK-nın razılığı ilə mənzil Şəadət Mustafayevin qohumu olan X14 adına sənədləşdirmişdir. Daha sonra İddiaçı mənzil almaq qərarına gəlmiş və mənzil alqı-satqısı ilə məşğul olan şəxs vasitəsilə Şəadət Mustafayevi tanımış və mənzilin alqı-satqısına dair razılığa gəlmişlər, bundan sonra onlar MTK-ya müraciət etmişlər və 1500 manat qarşılığında MTKnın razılığı əsasında həmin mənzilə dair müqavilə və maliyyə arayışı İddiaçı adına keçirilmiş və ona xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilə, o cümlədən mənzilə dair borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. İşin araşdırılmış hallarına əsasən həmin müqavilələrin ləğv edildiyi müəyyən olunsa da, cavabdeh MTK hüquqdan sui-istifadə edərək həmin müqavilələrin mövcud olmadığını bildirərək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsində digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə kimi təsbit olunmuşdur. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edildi ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilə qüvvədə olduğu və ləğv edilmədiyi müddətdə MTK Maraqlı şəxs ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlayaraq xx.xx.2018-ci il tarixli AZ/B01/MR13/MN105/TRP/161118 saylı mənzilin alqı-satqısına dair müqaviləni yeniləmiş və mənzili Maraqlı şəxs vermişdir. Bundan əlavə, Maraqlı şəxs apellyasiya şikayətində Cavabdeh MTK və “Alıcı” İddiaçı arasında mənzilin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilə bağlanmamışdan öncə Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 01 saylı binanın 13-cü mərtəbəsində, 2 otaqdan ibarət ümumi sahəsi 79.69 kv.m olan 105 saylı mənzil xx.xx.2018-ci il tarixli AZ/B01/MR13/MN105/TRP/161118 saylı müqavilə bağlandığını qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin ilk sahibi olmuş X9 ilə Maraqlı şəxs arasında MTK-nın inşa etdiyi binanın yerləşdiyi torpaq sahəsinin alqı-satqına dair müqavilə xx.xx.2019-cu il tarixdə, yəni MTK ilə Maraqlı şəxs arasında mənzilin alqı-satqısı müqaviləsi bağlanandan 1 il sonra bağlanmışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli AZ/B01/MR13/MN105/TRP/270819 saylı müqavilə qüvvədə olduğu müddətdə Cavabdeh MTK-nın Maraqlı şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli AZ/B01/MR13/MN105/TRP/161118 saylı müqaviləni xx.xx.2020-ci il tarixdə yeniləyərək mənzilin yenidən Maraqlı şəxs verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllnin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2(012)-615/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar