Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1585/2023 12.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(067)-1017/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qazın bərpası üçün hesablanmış 34560 kubmetr yəni, 4147 manat 20 qəpik məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X5” tərəfindən itirilmiş qazın bərpası üçün 22 dekabr 2022-ci il tarixli ******* saylı akt və tələbnamə əsasında hesablanmış 4147.20 manatın silinməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı evə guya sayğaca müdaxilə etdiyi üçün akt tərtib edilərək 4147.20 manat borc yazılmışdır. Həmin akt tərtib edilərkən o, iştirak etməmişdir. Evinə gələn bildirişə görə də qaz pulunu vaxtı-vaxtında ödəyir. Xaçmaz Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(067)-1017/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiasının tələbi edilməməsi qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(067)-1017/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh Xaçmaz X10 İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Süleyman Rüstəm (M.Qudyalçaylı-34) ünvanında yerləşən mənzilində onun adına olan qaz sayğacını onun xəbəri və iştirakı olmadan yerindən çıxararaq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Akt tərtib edilmişdir. Həmin aktda yazılmışdır ki, “Abonent Smart kart tipli qaz sayğacının giriş hissəsindən məftil vasitəsi ilə sayğaca müdaxilə edərək qazdan qeyri-qanuni istifadə edir” yazılmışdır. xx.xx.2022-cı il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnaməyə” əsasən itirilmiş qazın bərpası hesablanmış və ünvanına 34560 kubmetr, hər kubmetr 0.12 qəpikdən hesablandığı üçün 4127,20 (dörd min yüz iyirmi yeddi manat 20 qəpik) manat borc yazılmışdır. Qeyd etdiyi kimi bu hal müdaxilə halı kimi qiymətləndirilmiş, Cavabdeh Xaçmaz X10 İdarəsinin əməkdaşları “Dəymiş ziyanın bərpasına dair tələbnamədə” səhvən “sayğacdan kənar xətt ləğv edilsin” yazmışlar. Onun tərəfindən heç bir qoşulma halı və müdaxilə halı olmamışdır. Digər bir tarixdə Cavabdeh Xaçmaz X10 İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Süleyman Rüstəm (M.Qudyalçaylı-34) ünvanında yerləşən mənzilində onun adına olan qaz sayğacına onun xəbəri və iştirakı olmadan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Akt tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası hesablanmış və ünvanıma 20160 kubmetr, hər kubmetr 0.12 qəpikdən hesablandığı üçün 2419,20 (iki min dörd yüz on doqquz manat 20 qəpik) manat borc yazılmışdır. Qeyd edir ki, ona yazılmış Akt müdaxilə halına görə yazılmışdır. Onun tərəfindən heç bir qoşulma olmamışdır. Cavabdeh İB özüdə bunu etiraf edir və video görüntüdən də bu görünür. Birinci instansiya məhkəməsində Cavabdeh İBnin nümayəndəsi İsmət Niftəliyevin təqdim etdiyi sübut, yəni video-görüntüdə nə videonun səsi bilinir, nədəki videodan heçnə aydın olmur. O, heç bir qoşulma etmədiyi halda yalandan “Akt”-a qeyri-qanuni qoşulma sözünü yazılmışdır. Birinci instansiya məhkəməsi bu kimi halları qiymətləndirməmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na zidd olaraq qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı abonent kodu üzrə adına olan qaz sayğacına (abonent kodu: **********10550) dair hesablanmış borc məbləğindən 3225,3 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 011F**********01 nömrəli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, X1 şəhərində Yeni Yaşayış massivində xüsusi mülkiyyətındə olan 0.05 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 6 otaqlı ümumi sahəsi 195.9 kv.m., yaşayış sahəsi 143.8 kv.m., yardımçı sahəsi 52.1 kv.m. ibarət fərdi yaşayış evini İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Xaçmaz rayonu, Süleyman Rüstəm (M.Qudyalçaylı- 34) ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman abonentin smart kart tipli qaz sayğacının giriş hissəsindən məftil vasitəsilə sayğaca müdaxilə edərək qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir. Tələbnamə ilə dəyəri ödənilmədən 34560 kubmetr təbii qazın istehlak edilidyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş **********10550 saylı abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə İddiaçı 2022-ci il üzrə 4147,20 manat qalıq borcu qalmışdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən istehlakçı İddiaçı Xaçmaz rayonu, Süleyman Rüstəm (M.Qudyalçaylı-34) ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********10550) baxış keçirilən zaman smart kart tipli qaz sayğacının giriş hissəsindən məftil vasitəsilə sayğaca müdaxilə edərək qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmiş və bu barədə Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmiş və akta əsasən dəyəri ödənilmədən 34560 kubmetr təbii qazın istehlak edildiyi müəyyən olunduğundan 4147,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh əməkdaşları tərəfindən istehlakçı İddiaçı yaşadığı ünvana baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edildiyindən 2022-ci il üçün akt üzrə 4147,20 manat məbləğində borc hesablanmış, abonentin saldosundan da göründüyü kimi abonentin 2022-ci ilin sentyabr ayına kimi borcu olmamışdır. Belə ki, akt üzrə hesablanmış borc məbləği 1 ay üçün 345,6 manat (4147 manat:12 ay=345,6 manat) olmaqla, abonentin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə borc məbləği 1382,4 manat (345,6 manat x 4 ay = 1382,4 manat) təşkil edir. Həmçinin abonent saldosundan göründüyü kimi İddiaçı tərəfindən 2022-ci ilin sentyabr ayında 8 manat, oktyabr ayında 42,50 manat, noyabr ayında 100 manat, dekabr ayında 310 manat olmaqla cəmi 460,5 manat məbləğində ödəniş etmişdir (1382,4 manat – 460,5= 921,9 manat). Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Xaçmaz rayonu, Süleyman Rüstəm (M.Qudyalçaylı-34) ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********10550) təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 4147,20 manat məbləğdən (4147,20 manat - 921,9 manat = 3225,3 manat) 3225,3 manat məbləğində borc əsassız hesablandığından silinməlidir. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı adına olan qaz sayğacına (abonent kodu: **********10550) dair hesablanmış borc məbləğindən 3225,3 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(067)-1017/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Xaçmaz rayonu, Süleyman Rüstəm (M.Qudyalçaylı-34) ünvanında yerləşən fərdi yaşayış evinə aid İddiaçı abonent kodu üzrə adına olan qaz sayğacına (abonent kodu: **********10550) dair hesablanmış 3225,3 (üç min iki yüz iyirmi beş manat otuz qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1585/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1585/2023
12.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver