Məhkəmə qərarları › İş №2(105)-1585/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1585/2025

24.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1585/2025 24.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə (şikayətin geri qaytarılması, ötürülmüş prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsi) X1 (sədrlik edən və məruzəçi), X7 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin e-2(012)-4039/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilən şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Cavanşir küçəsi, 15 saylı evdən cavabdehlər Cavabdeh2 və Cavabdeh1, onlara məxsus əşyaların cavabdehlərin hesabına boşadılması və çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-4192/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 özlərinə məxsus əşyaları ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Cavanşir küçəsi, 15 saylı evdən çıxarılmaları qət edilmişdir.

3. Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)- 4192/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4192/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.

5. Həmçinin bu iş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4039/2025 nömrəli qərardadından şikayət verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi geri qaytarılmışdır.

6. Daha sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-4192/2024 nömrəli qətnaməsindən şikayət vermə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)-4192/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4039/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası (poçt xəbərnaməsindəki imzanın kimin tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədi ilə) təyin edilmişdir.

8. Bundan sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)- 4039/2025 nömrəli qərardadı ilə Cavabdeh2 və Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-4192/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizələri rədd edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-4192/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixdə, Cavabdeh1 tərəfindən isə xx.xx.2025-ci il tarixdə verilmiş apellyasiya şikayətlərinin geri qaytarılmasə qərara alınmışdır.

9. Bu qərardaddan Cavabdeh2 tərəfindən şikayət verilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4039/2025 nömrəli qərardadının ləğv edilərək prosessual müddətin bərpası barədə ərizənin təmin edilərək apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə dair yeni qərar çıxardılmasını xahiş edilmişdir.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4039/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4039/2025 nömrəli qərardadı ilə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, mülki iş materialları müvafiq rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1209 saylı rəyinə əsasən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 110-cu vərəqində olan Cavabdeh2 adına olan SX039026074AZ ştrix kodlu poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən verildi” qrafasında “Ələsgərova Qəmizə” yazıları qarşısındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuş, ekspertizaya təqdim edilmiş, mülki işin 110-cu vərəqində olan Cavabdeh2 adına olan SX039026074AZ ştrix kodlu poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən verildi” qrafasında “Ələsgərova Qəmizə” yazıları - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

12. Məhkəmə qeyd edib ki, cavabdehlər ayrı-ayrılıqda məhkəmə iclaslarından məlumatlı olmalarına baxmayaraq, yekun məhkəmə aktı qəbul edilən gün iştirak etmədiklərini, bundan əlavə qət edilmiş qətnamədən sadəcə İcra İdarəsindən evə ünvanlanmış bildiriş əsasında xəbərlərinin olduğunu, bundan əlavə Cavabdeh2 tərəfindən 10 manat məbləğində rüsum ödənildikdən sonra qətnamənin ona rəsmi qaydada verildiyini, qətnamədən yalnız rəsmi qaydada əldə etdiyi vaxtdan – xx.xx.2025-ci il tarixdən etibarən apellyasiya şikayəti vermək hüququnun yarandığını irəli sürərək, qanunla müəyyən edilmiş qaydada xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək 1 aylıq şikayət müddətini ötürmədiyini bildirmişdir. Həmçinin Cavabdeh1 imza atıb bildirişi aldığını, lakin qətnaməni almadığını, sözügedən qətnaməni yalnız xx.xx.2025-ci il tarixdə rəsmi şəkildə əldə etdiyini irəli sürərək 1 aylıq şikayət müddətini ötürmədiyini bildirmişdir. İş materiallarına nəzər yetirərək məhkəmə belə qənaətə gəlib ki, cavabdehlər ayrı-ayrılıqda Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-4192/2024 nömrəli qətnaməsinin rəsmi qaydada olduqca gec – Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixdə, Cavabdeh1 tərəfindən isə xx.xx.2025-ci il tarixdə əldə edildiyini, bundan əlavə Cavabdeh1 xəbərnaməyə imza edərək sadəcə bildirişi əldə etdiyini, Cavabdeh2 isə xəbərnamədəki imzanın ona məxsus olmadığını qeyd etsə də, iş materiallarından, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1209 saylı rəyindən sözügedən məhkəmə qətnaməsindən xx.xx.2025-ci il tarixdən məlumatlı olduğu müəyyən olunmuşdur. Bu kimi hallar məhkəməyə o qənaətə gəlməyə əsas verir ki, cavabdehlər tərəfindən müddətin bərpa edilməsi barədə verilmiş ərizədə göstərilən hallar ağlabatan deyildir və müddətin bərpa edilməsini üzrlü hesab edilməsinə əsas vermir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 360, 363-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

14. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz mövqeyini sözügedən qətnamədən şikayət vermək üçün qanunla nəzərdə tutulan prosessual müddəti ötürməsiylə, yəni qətnaməni iş üzrə Cavabdeh1 ilk dəfə xx.xx.2025-ci tarixdə alınması ilə əsaslandırmışdır. Bununla bağlı verilmiş ərizənin məhkəmə gedişatı zamanı iş üzrə ekspertiza təyin edilmiş, imzanın məxsusluğunu aydınlaşdırmaq qərara alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1209 saylı rəyində Cavabdeh2 adına olan SX039026074AZ ştrix kodlu poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən verildi” qrafasında “Ələsgərova Qəmizə” yazıları qarşısındakı imza - Cavabdeh2 tərəfindən icra olunması, Cavabdeh2 adına olan SX039026074AZ ştrix kodlu poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən verildi” qrafasında “Ələsgərova Qəmizə” yazıları - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması qeyd edilmişdir. Bildirirr ki, ekspertin tədqiqatına səbəb olan xəbərnamə məhkəmə tərəfindən ona təqdim olunmamış, iş materiallarına əlavə edilməmiş. həmçinin iş ekspertizaya göndərilərkən belə həmin xəbərnamə deyil, sadəcə onun imza nümunələri, şəxsiyyət vəsiqəsində çəkdiyi imza nüsxəsi və məhkməyə yazığı məktubun imza yerinə çəkdiyi qol nümunələri göndərilmişdir. Həmin imza nümunələrinə baxış keçirilən zaman aydın görünür ki, imza onun tərəfindən çəkilməmiş, sadəcə kimsə tərəfindən bənzədilməyə çalışmışdır. Habelə rəydə ad və soyadın onun tərəfindən yazılmaması, lakin imzanın onun tərəfindən çəkilməsi qeyd olunmuşdur. Məhkəmə ekspertin rəyini müzakirə etmədən, obyektiv araşdırmadan tələsik qərar vermişdir. Hesab edir ki, məhkəmə təkrar ekspetiza təyin etməli, ekspert qarşısına yeni suallar qoyaraq işə mahiyyəti üzrə daha düzgün,obyektiv baxmalıdır. İmza nümunələrində yuxarıda çəkilən xətt sonradan çəkilərək onun imzasına bənzədilməyə çalışılmışdır. Habelə ekspert rəyində ad və soyadın onun tərəfindən yazılmaması şübhə doğuran məsələdir və həmçinin məhkəmənin son qərar verməsi üçün əsaslı deyildir. Odur ki, eskpert qarşısına yeni sual "Eyniləşdirmə üçün ekspertizaya göndərilən imza nümunəsinin onun tərəfindən çəkilmiş imza nümunəsinə bənzədilməsi və həmin imzanın çəkilməsinin üzərindən keçən müddət" barədə qeyd edilməlidir. Habelə ekspertizanın keçirilməsində onun iştirakı təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, qətnamənin onun tərəfindən 2025-ci ilin yanvar ayında alınmağı ilə bağlı yeganə sübut həmin xəbərnamədir. Lakin o sübut məhkəmədə və ekspertizada göstərilməmiş, sadəcə qısaca imza nümunələrinə istinad edilməklə qərar verilmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

15. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasından şifahi icraata keçərək tərəflərin dinlənilməsi zəruri hesab edilmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 şikayəti müdafiə edərək, sonda təmin olunmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı şikayətə etiraz edərək bildirdi ki, cavabdeh tərəf işi süni şəkildə uzatmaq üçün şikayət vermişdir. Ona görə də şikayətin təmin olunmamasını xahiş edir.

19. İş üzrə digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, gəlməmişdir. Kollegiya şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; Maddə 128.1. Prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.1. Həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 363.1.3 Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır.

21. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X10 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta .. məhkəmə onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

Apellyasiya baxışının hədləri

22. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin e-2(012)- 4039/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

23. Ona görə də Abşeron Rayon Məhkəməsinin e-2(012)-4039/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iş materiallarını tərəflərin izahatı ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-4039/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-4192/2024 nömrəli qətnaməsi xx.xx.2025ci il tarixli məktubla tərəflərə, o cümlədən cavabdeh Qəmizə Ələsgərovanın ünvanına (ünvan 1iş, SX039026074AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən həmin qətnamə “Ələsgərova Qəmizə” adlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir.

26. İşin mübahisəsiz hallarından isə müəyyən edilir ki, cavabdeh xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsinin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Yenə iş materiallarında olan (iş vərəqə 120) qəbzə əsasən cavabdeh Qəmizə Ələsgərovaya mübahisələndirilən məhkəmə qətnaməsi təkrarən (qanunda nəzərdə tutulan məbləğdə dövlət rüsumu ödənilməklə) təqdim edilmişdir. Bundan sonra cavabdeh məhkəməyə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizəylə müraciət etmişdir.

27. Sonuncunun ərizəsinin dəlilləri əsasında obyektiv halın müəyyən edilməsi məqsədi ilə işə baxan məhkəmə məhkəmə qətnaməsinin göndərişinə dair poçt xəbərnaməsindəki imzanın kim tərəfindən icra edilməsinin aydınlaşdırılması məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir.

28. Əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1209 saylı rəyinə əsasən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 110-cu vərəqində olan Cavabdeh2 adına olan SX039026074AZ ştrix kodlu poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən verildi” qrafasında “Ələsgərova Qəmizə” yazıları qarşısındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuş, ekspertizaya təqdim edilmiş, mülki işin 110-cu vərəqində olan Cavabdeh2 adına olan SX039026074AZ ştrix kodlu poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən verildi” qrafasında “Ələsgərova Qəmizə” yazıları - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

29. Göründüyü kimi xəbərnamədəki imzanın məhz Cavabdeh2 tərəfindən imzalanması faktı əsaslandırılmış ekspert rəyi ilə təsdiq edilmişdir. Apellyatorun həmin rəyə istinadla “Ələsgərova Qəmizə” yazısının onun tərəfindən icra edilməməsi barədə arqumentini isə kollegiya əsassız hesab edərək qeyd edir ki, həmin yazının kənar şəxs tərəfindən yazılması qəbzdəki imzanın cavabdeh tərəfindən imza edilməməsi anlamına gəlmir və bütün halda görünən odur ki, apellyator məhəmə qətnaməsindən vaxtında məlumatlı olmuşdur.

30. Digər tərəfdən kollegiya qeyd edir ki, hazırkı iş üzrə məhkəmə iclaslarında cavabdeh şəxsən iştirak etmiş və mövcud mübahisədən xəbərdar olmuşdur. Habelə iş materiallarında olan və cavabdehin eyni ünvanına daha öncə göndərilən məhkəmə bildirişləri də analoji qaydada “Ələsgərova Qəmizə” yazısı və imza ilə qəbul edilmişdir. Göstərilən hallar isə cavabdehin hazırkı halda qətnamədən zamanında məlumatlı olmaması, habelə prosessual müddətin üzrlü səbəbdən ötürülməsinə dair digər dəlillərini əsassız edir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: “İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur”.

32. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

33. Beləliklə, yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-4039/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Prosessual qanunvericiliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 47.1, 120 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-4039/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar