Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4541/2025 27.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətçisi olduğu Abşeron rayonu, Fatmayı kəndi, Məmmədəli Vəlixanlı küçəsi, 219 saylı evdən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı onun kürəkənidir. İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşma əsasında 2024-cü ilin noyabr ayından cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evində məskunlaşaraq yaşayır. Razılaşmaya əsasən iddiaçı cavabdehə həmin evi 330000 manata satmağı, cavabdeh isə ilkin olaraq iddiaçıya 30000 manat, daha sonra 6 ay ərzində 300000 manat ödəməli, bundan sonra tərəflər notarial qaydada alqı-satqı müqaviləsi bağlamalı idilər. Lakin cavabdeh bu günə kimi ilkin ödədiyi 30000 manatdan sonra heç bir ödəniş etməmişdir. Belə ki, cavabdeh iddiaçıya beh verdikdən sonra qalan pulu da ödəyəcəyini bildirmiş, ancaq pulu indiyədək ödəməmişdir. Sözügedən ev ilə bağlı İddiaçı adına 2022-ci ildə çıxarış verilmişdir. Cavabdeh hazırda İddiaçı mülkiyyət hüquqlarını pozaraq onun evindən çıxmaqdan açıq-aşkar imtina edir. Onlar cavabdehin evdən çıxması müqabilində ilkin ödəniş olaraq ödənilmiş 30000 manat məbləğində pulu cavabdehə qaytarmağa razıdırlar. Lakin cavabdehin evin qiymətini hissə-hissə olaraq iddiaçıya ödəməsinə razı deyildirlər. Məhkəmə iclasında cavabdeh tərəfin dedikləri ilə razı deyildirlər, belə ki, alqı-satqı münasibətləri İddiaçı ilə Cavabdeh arasında olmuşdur və onlar qarşı tərəfin cavabdeh qismində cəlb etmək istədiyi X2 tanımırlar. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 izahatında bildirdi ki, X1 və Cavabdeh ilə birlikdə tikinti materiallarının alqı-satqısı ilə məşğul olmuş, cavabdeh özü Nuranə Sadıqovaya ziyan vuraraq qaçmışdır. Hazırda isə cavabdeh axtarışdadır. Qeyd edir ki, mübahisə predmeti olan evi alan Nuranə Sadıqovadır və hazırda həmin evdə Nuranə Sadıqova yaşayır. Əvvəllər evin alqı-satqısı zamanı tərəflər arasında 300000 manata razılığa gəlinmişdir, qalan pul məbləği isə mal və materiallar kimi qarşı tərəf veriləcəkdi. Bildirir ki, sözügedən fərdi yaşayış evi ilə bağlı 80000 manat dəyərində olan mal və materiallar verilmişdir. Həmin evi faktiki olaraq X3 almışdır və evin Cavabdeh heç bir aidiyyəti yoxdur. Hətta evin alqı-satqısı zamanı 30000 manat məbləğində beh X3 tərəfindən ödənilmişdir. Cavabdeh ilə X3 arasında qeyri-rəsmi nikah münasibətləri olmuşdur. Həmin evdə 100000 manat dəyərində təmir işləri aparılmışdır. Nuranə Sadıqova mübahisə predmeti olan evi verməyə razı deyildir. Hesab edirlər ki, cavabdeh əsl cavabdeh ilə əvəz edilməlidir. Onlar qarşı tərəf ilə danışıqlar aparılması və yazılı müqavilə bağlanılması məqsədilə vaxt verilməsini istəyir. Göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 203,40 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsi və cavabdehin vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 203,40 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Məhkəmə cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxmamasını iddiaçının mülkiyyət hüquqlarını və qanuni maraqlarını pozması kimi qiymətləndirir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci və 157-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, yuxarıda qeyd edilən normalara istinad edərək məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4541/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4541/2025
27.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver