Məhkəmə qərarları › İş №2(105)-674/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-674/2025

04.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-674/2025 04.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qarşı mülki iş üzrə (Açar sözlər: daşınmaz əmlakdan çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 oğlunun iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2756/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də “Akkord” şirkəti tərəfindən inşa edilən 1 saylı binanın 77-ci bloku, 38a saylı mənzilindən şəxsi əşyaları ilə birlikdə çıxarılaraq, mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə onun mərhum əri X3 arasındakı nikah Masallı Rayon Məhkəməsinin 25 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin dövrdə Qönçəşir Süleymanov ipoteka krediti ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də “Akkord” şirkəti tərəfindən inşa edilən 1 saylı binanın 77-ci bloku, 38a saylı mənzili əldə etmişdir. Nikah pozulduqdan sonra Cavabdeh iddia qaldıraraq, yuxarıda qeyd edilən əmlak üzərində mülkiyyət payının bölünməsini tələb etmiş, Xətai Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, mənzil kreditlə ödənilib və dəyəri hələ ödənilmədiyindən əmlak bölünə bilməz. O, Süleymanov Qönçəşirlə evləndikdən bu günədək həmin mənzilin kredit borcunu ödəmişdir. xx.xx.2023-cü ildə Qönçəşir Süleymanov vəfat etmişdir. O, ərindən qalan mirası qəbul etmək üçün müraciət etmiş və 14 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır. Həmin icraat çərçivəsində aldığı arayış əsasında mərhum əri ilə bağlanmış kredit müqaviləsi onun adına dəyişdirilmiş və o, evin ipotekaqoyanı hesab olunmuşdur. Cavabdehə dəfələrlə həmin mənzili tərk etmək üçün müraciət etsə də, o, həmin mənzili boşaltmır. Cavabdehin hərəkəti qanunsuzdur və onun mülkiyyət hüququnu məhdudlaşdırır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2756/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin edilmiş, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də "xxxx" ASC tərəfindən inşa edilən 1 saylı binanın 77-ci bloku, 38a saylı mənzilindən şəxsi əşyaları ilə birlikdə çıxarılması, həmin mənzilin İddiaçı təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı qaytarılması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə İddiaçı isə xx.xx.2017-ci il tarixdə X3 ilə nikaha girmişlər. Cavabdehlə Q.U.Süleymanovun nikahı Masallı Rayon Məhkəməsinin 2(050)-1024/2013 saylı, 25 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. X3 12487 saylı, xx.xx.2010cu il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili almış və onu 174 saylı, xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi ilə 174 saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin təminatı kimi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh X2 qarşı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair qalan kredit ödəniş borclarının tərəflər arasında bərabər qaydada bölünməsi barədə iddia qaldırmış, lakin iddia Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2014cü il tarixli, 2(011)-760/2014 saylı qətnaməsi ilə təmin olunmamışdır. X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra İddiaçı Q.U.Süleymanovun vərəsəsi müəyyən olunmuş, "xxxx" ASC ilə 12487 saylı, xx.xx.2010-cu ıl tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin qanun üzrə vərəsəlik hüququna əsasən ötürülməsinə dair AK/77-16-20 saylı, xx.xx.2024-cü il tarixli əlavə razılaşma, "xxxx" ASC ilə isə YML-45 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi imzalamışdır. Kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən kreditin təyinatı xx.xx.2012-ci il tarixli, KAP-İ-12/151 saylı kredit müqaviləsinin bağlanılmasıdır. 1.4-cü bəndə görə isə borcalan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilən 1 saylı 10 mərtəbəli binanın 77-ci blokunun, 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 49.72 kv.metr olan 1 otaqlı, 38a nömrəli mənzil üzərində mülkiyyət hüququ əldə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq çıxarış verildikdən sonra 5 gün müddətində borcverənin xeyrinə ipoteka ilə yüklü edilməsini öhdəsinə götürmüşdür. Mübahisəli mənzillə bağlı X1 malik olduğu bütün hüquqlar və öhdəliklər o, öldükdən sonra arvadı (vərəsəsi) İddiaçı ötürülmüşdür. Başqa sözlə, onun mənzilə dair mülkiyyət hüququ qeydə alınmasa da bu əmlakla bağlı sahiblik və istifadə hüququnun mövcud olması şübhəsizdir. Bu baxımdan, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmışdır. Cavabdehin isə bu mənzillə bağlı hər hansı hüququnun, o cümlədən istifadə hüququnun olması iş materiallarından görünmür. Onun vaxtilə mərhum X1 arvadı olması və ya mənzilə dair hər hansı ödənişləri həyata keçirməsi mövcud qanunvericiliyə görə bu daşınmaz əmlakla bağlı hüququnun yaranması üçün əsas hesab edilmir. Bununla belə məhkəmə izah edir ki, cavabdehin əmlakla bağlı icra etdiyi ödənişləri mənzilin hazırki sahibi İddiaçı tələb etmək hüququ vardır. Cavabdehin iddiaçının sahibliyində olan mənzilə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə bu yaşayış sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına yol verilə bilməz. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilə dair hər hansı hüququ olmadığından onun hazırda bu daşınmaz əmlakda yaşaması üçün heç bir əsas yoxdur.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60, Mülki Məcəllənin 157.8, 158.1, 164.1, 165.1, 1133.1, 1145, 1146, 1151.1, 1159.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-2756/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, evin ipotekqoyanı mərhum Qonçəşirin, hazırki iddiaçı Şəlaləlin və onun mənzil ipoteka qoyulması yolu ilə əldən olunandan sonra və ondan əvvəl heç birinin gəlir yeri, qazancı məhkəmə tərəfindən araşdırılmayıb. Belə ki, məhkəməyə aylıq ipoteka ödənişlərinin kimin adı ilə ödənilməsi bağlı müvafiq banka sorğu göndərilsə də bank sorğuya cavab olaraq tələb olunanın bank sirri təşkil etdiyindən yalnız məhkəmə qərardadı ilə təmin olunub göndəriləcyini bildirmişdir. Cavabdeh tərəf israr etsə də məhkəmə müvafiq sübutların təmin olunması qərardadını qəbul edib, banka göndərməmiş, həmin məlumatları tələb etməmişdir. Həmçinin qeyd edir ki, qazancı hesabına evi birgə nikah dövründə tam təmirsiz halından əsaslı təmir etdirmiş, əmlak dəyərini əhəmiyyətli dərəcədə artırmışdır. Bu kimi hallar da məhkəmə tərəfindən araşdırılmamışdır. Qonçəşirin heç bir gəlir yeri və rəsmi işi olmamışdır. O isə Yaşıl bazar yaranandan orada alverlə məşğuldur. Hazırda özünə məxsus başqa yaşayış yeri yoxdur. O mübahisəli mənzildən çıxarılacağı zaman yaşadığı mənzildən istifadə hüququndan məhrum olunur. O, mərhumun keçmiş həyat yoldaşıdır, keçmiş yaxın qohumu sayılır. Onun maddi vəziyyəti nəzərə alınmaqla həmin mənzilə istifadə hüququ məhkəmə tərəfindən saxlanıla bilərdi. Qonçəşir nikaha xitam veriləndən sonra da sağlığında heç bir vaxt ondan mənzili tərk etməsini istəməmişdir. Həmçinin, Şəlalə ilə yeni rəsmi nikaha girsə belə, Yaqutla faktiki nikah münasibətində olmuş, mübahisəli ünvanda birlikdə ailə təsərrüfatı aparmışlar. Qeyd edilən hallara məhkəmə tərəfindən qiymət verilməmişdir. Məhkəmə nəzərə almalıydı ki, mübahisəli mənzil Akkord Tikinti Şirkəti ilə Qonçəşir arasında bağlanmış alqı-satqı müvaviləsi ilə müvafiq ipotekaya qoyulmaqla mərhum Qonçəşirlə onun birgə nikahının qüvvədə olduğu zaman alınıb. Birgə nikah dövründə və rəsmin nikahdan sonra faktiki nikah dövründə də onun Yaşıl bazarda alver edib əldə etdiyi qazancı hesabına ilkin və aylıq ödənişləri edilib. Həmçinin yuxarıda qeyd etdiyi kimi qazancı hesabına evi tam təmirsiz halından əsaslı təmir etdirmiş, əmlak dəyərini əhəmiyyətli dərəcədə artırmışdır. Bu kimi hallar da məhkəmə tərəfindən araşdırılmamışdır. 2013-cü ildən mərhum Qonçəşirin onunla nikahına rəsmi qaydada xitam verilməsinə və 2017-ci ildən Şəlalə ilə rəsmi nikaha daxil olmasına baxmayaraq, ipoteka qoyanın yəni rəhmətə gedənin vəfat etdiyi tarixə kimi onunla faktiki nikah münasibətində olması məsələsinə məhkəmə tərəfindən diqqət yetirilməyib. Yəni 2024-cü il yanvar ayından miras açılan tarixdən üç il əvvələ kimi Qonçəşirlə Şəlalənin ayrı yaşadıqlarını, onunla birgə yaşadığını məhkəmə müəyyən etsə idi, Şəlalənin vərəsəlik hüququndan məhrum edilə bilərdi. Tərəfindən məhkəməyə həmin ünvanda yaşadığı 14 il ərzində ödədiyi kommunal ödənişlərin qəbzləri təqdim olunsa da məhkəmə bu kimi hallara qiymət verməmişdir. Həmçinin təqdim olunan Qonçəşirin şəxsiyyət vəsiqəsinin surətindən də görünür ki, mərhum yataqxana ünvanına qeydiyyatdadır, tərəflərdən heç birinin mübahisəli ünvana pasport qeydiyyatına düşməmələrinin səbəbi məhkəmə tərəfindən araşdırılmayıb.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, "xxxx" ASC-yə birgə nikah dövründə cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi ilə əlaqədar sorğu vermiş, lakin bank məhhkəmə qərarı əsasında məlumatları verə biləcəyini bildirib. Xətai Rayon Məhkəməsinin qətnaməsində Akkord Şirkətindən verilən arayışa istinad edilmiş, orada evin sahibinin Yaqut xanım olduğu göstərilmişdir. İlkin müqavilədə Yaqut xanımın adının keçməsi məsələsini aydınlaşdırmaq lazımdır. Evin ipotekqoyanı mərhum Qonçəşirin, hazırki iddiaçı Şəlaləlin və Cavabdeh mənzil ipoteka qoyulması yolu ilə əldən olunandan sonra və ondan əvvəl heç birinin gəlir yeri, qazancı məhkəmə tərəfindən araşdırılmayıb. Belə ki, məhkəməyə aylıq ipoteka ödənişlərinin kimin adı ilə ödənilməsi bağlı müvafiq banka sorğu göndərilsə də bank sorğuya cavab olaraq tələb olunanın bank sirri təşkil etdiyindən yalnız məhkəmə qərardadı ilə təmin olunub göndəriləcyini bildirmişdir. Cavabdeh tərəf israr etsə də məhkəmə müvafiq sübutların təmin olunması qərardadını qəbul edib, banka göndərməmiş, həmin məlumatları tələb etməmişdir. Yaqut öz qazancı hesabına evi birgə nikah dövründə tam təmirsiz halından əsaslı təmir etdirmiş, əmlak dəyərini əhəmiyyətli dərəcədə artırmışdır. Bu kimi hallar da məhkəmə tərəfindən araşdırılmamışdır. Qonçəşirin heç bir gəlir yeri və rəsmi işi olmamışdır. Yaqut xanım isə Yaşıl bazar yaranandan orada alverlə məşğuldur. Hazırda cavabdehin özünə məxsus başqa yaşayış yeri yoxdur. O mübahisəli mənzildən çıxarılacağı zaman yaşadığı mənzildən istifadə hüququndan məhrum olunur. Yaqut mərhumun keçmiş həyat yoldaşıdır, keçmiş yaxın qohumu sayılır. Onun maddi vəziyyəti nəzərə alınmaqla həmin mənzilə istifadə hüququ məhkəmə tərəfindən saxlanıla bilərdi. Şəxsiyyət vəsiqəsindən də görünür ki, Masallıda qeydiyyatdadır, lakin burada yaşayır, başqa yaşayış yeri yoxdur. Qonçəşir nikaha xitam veriləndən sonra da sağlığından heç bir vaxt Yaqutdan mənzili tərk etməsini istəməmişdir. Həmçinin Şəlalə ilə yeni rəsmi nikaha girsə belə, Yaqutla faktiki nikah münasibətində olmuş, mübahisəli ünvanda birlikdə ailə təsərrüfatı aparmışlar. Qeyd edilən hallara məhkəmə tərəfindən qiymət verilməmişdi. "xxxx" ASC-yə ödənilmiş 7000 manat ilkin ödəniş, təmirə çəkilmiş xərclər və komunal ödənişlərin edilməsi cavabdehin həmin evə istifadə hüququnun yarandığını göstərir. Ona görə də hesab edir ki, cavabdehin evdən çıxarılması onun hüquqlarının pozulması ilə nəticələnəcəkdir Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh bildirdi ki, mərhum əri ilə 30 il evli olmuş, əziyyətlə işləmiş, pul qazanıb evin alınmasına, təmirinə xərc çəkmişdir. Boşansalar da bir yerdə yaşamışlar. 2014-cü ildə məhkəmə prosesindən sonra yenə bir yerdə yaşamışlar. Evin təmirinə çəkilmiş xərc, həmçinin kommunal ödənişlərin əvəzi ödənildiyi təqdirdə evdən çıxmağa razı deyil. Cavabdeh evin alınmasına, birgə nikah dövründə evin təmirinə heç bir ödəniş həyata keçirməyib.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, ev rəsmi sənədlərlə ona məxsusdur, ödənişlərini həyata keçirir, Qəbələdə yaşayır, ödənişləri oradan edir. Qönçəşir Qəbələdə onunla yaşayıb. Qönçəşirlə 1983-cü ildən bir yerdə yaşamışdır, 2017-ci ildə isə nikaha girmişdir. Əri dənizdə işləyən dövrdə gedib cavabdehlə yaşayıb sonra geri qayıdırdı. Qönçəşir ona şərləndiyini demişdi. Mərhumla nikaha 2017-ci ildə girmişdir. Evi alanda onunla yaşayıb. Həmin evdə yaşamağına cavabdeh imkan verməyib. Cavabdeh Qönçəşirin üstünə şər atırdı, ona görə evdən çıxarılma ilə bağlı iddia qaldırmırdı. 3-5 il həmin evdə yaşamasına icazə vermişlər, amma əri öləndən sonra artıq oradan çıxmalıdır.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Cavabdeh bildirir ki, yaşamağa başqa yer yoxdur, lakin cavabdehin evdən çıxarılmaması ilə iddiaçının əmlak hüququ pozulur. Cavabdehin birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsünə dair iddiası rədd edilmişdir, bununla belə cavabdeh evə çəkilmiş xərc və kommunal ödənişlər barədə təmsil etdiyi şəxsə qarşı ayrı iddia qaldırmaldır. Hazırki mübahisənin predmeti tamamilə fərqlidir. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Vərəsə kimi müvafiq arayış alınıb və onun əsasında ipoteka müqaviləsi iddiaçının adına dəyişdirilib, sahiblik və istifadə hüququ iddiaçıya keçdiyindən subyektiv hüquq vardır. İddiaçının adına dəyişdirilmiş ipoteka müqaviləsi mövcuddur, həmin müqavilə iş materiallarında da var. İddiaçının həm "xxxx" ASC ilə müqaviləsi, həm də Akkord Şirkətlər qurupu ilə ilkin müqaviləyə əlavə razılaşması var. xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi onda yoxdur. xx.xx.2024-cü il tarixdə bankla yeni ipoteka müqaviləsi bağlanıb. "xxxx" ASC ləğv olunduqdan sonra onun hüquq və vəzifələri "xxxx" ASC-yə keçməsi ilə əlaqədar 2012-ci ildə "xxxx" ASC ilə Qönçəşir arasında yeni müqavilə bağlanılmışdır.

İşdə olan sübutlar

14. AZ-İİ 237012 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar.

15. Ölüm haqqında AZ-İİ 315729 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür.

16. "xxxx" ASC-nin "xxxx" ASC-yə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3215 saylı məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, KAP-İ-12/151 saylı kredit müqaviləsinə əsasən verilən kredit vəsaitləri hesabına Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km-də inşa edilən 1 saylı, 10 mərtəbəli binanın 77-ci blokunun, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı 38a nömrəli mənzil X3 tərəfindən alınmışdır. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 14 saylı Notariat ofisinin 5S saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə mərhum X1 vərəsəsinin İddiaçı olduğu müəyyən edilmişdir. Bu səbəbdən mənzilin və kredit borcunun İddiaçı adına keçirilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət olunmuşdur. Yuxanda qeyd olunanları nəzərə alaraq, "xxxx" ASC tərəfindən Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km-də inşa edilən 1 saylı, 10 mərtəbəli binanın 77-ci blokunun, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı 38a nömrəli mənzilin X1 vərəsəsi İddiaçı adına keçirilməsinə etiraz edilməmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ayrılmış kredit borcu tam ödənilənədək, yuxanda qeyd edilən mənzilin özgəninkiləşdirilməsinə icazə verilməməsi xahiş edilmişdir.

17. Bakı şəhəri 14 saylı Notariat ofisinin 5S saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mərhum X1 vərəsəsinin İddiaçı olduğu müəyyən edilmişdir.

18. 174 saylı, xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, X3 174 saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin təminatı kimi sahibliyində olan Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km-də inşa edilən 1 saylı, 10 mərtəbəli binanın 77-ci blokunun, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı 38a nömrəli mənzilini "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

19. 12487 saylı, xx.xx.2010-cu il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin qanun üzrə vərəsəlik hüququna əsasən ötürülməsinə dair AK/77-16- 20 saylı, xx.xx.2024-cü il tarixli əlavə razılaşmadan görünür ki, "xxxx" ASC ilə İddiaçı razılaşır ki, bu razılaşmaya əsasən satıcı və X3 arasında bağlanılmış müqavilə üzrə alıcının bütün hüquq və öhdəlikləri qanun üzrə vərəsəlik hüququna əsasən razılaşma qüvvəyə mindiyi andan, İddiaçı ötürülür, İddiaçı satıcı qarşısında yaranmış bütün hüquq və öhdəlikləri (əgər varsa) qəbul edir və həmin öhdəliklərə görə satıcı qarşısında məsuliyyət daşıyır, satıcı isə bunu qəbul edir və etiraz etmir. İddiaçı müqavilədən və bu razılaşmadan irəli gələn bütün vergi, rüsum və sair öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehdir.

20. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış YML-45 saylı, xx.xx.2024-cü il tarixli kredt müqaviləsinin surətindən görünür ki, 58 ay 4 gün müddətinə illik 12% tətbiq edilməklə borcalana 13040 manat kredit verilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditin təyinatı xx.xx.2012-ci il tarixli, KAPİ-12/151 saylı kredit müqaviləsinin bağlanılmasıdır. 1.4-cü bəndə görə isə borcalan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilən 1 saylı 10 mərtəbəli binanın 77-ci blokunun, 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 49.72 kv.metr olan 1 otaqlı, 38a nömrəli mənzil üzərində mülkiyyət hüququ əldə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq çıxarış verildikdən sonra 5 gün müddətində borcverənin xeyrinə ipoteka ilə yüklü edilməsini öhdəsinə götürür.

21. AZ-İ 114028 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Süleymanova soyadı verilmişdir.

22. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli, 2(011)760/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh X2 qarşı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair qalan kredit ödəniş borclarının tərəflər arasında bərabər qaydada bölünməsi barədə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədə istinad olunan Masallı Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(050)-1024/2013 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X3 arasında bağlanmış nikah pozulmuşdur.

23. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-928/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli, 2(011)-760/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

26. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

27. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarı. 4.15. Birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyriyaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 4.1. Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

29. Məhkəmə kollegiaysı tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2756/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2756/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə, İddiaçı isə xx.xx.2017-ci il tarixdə X3 ilə nikaha girmiş, cavabdehlə Q.U.Süleymanovun nikahı Masallı Rayon Məhkəməsinin 2(050)1024/2013 saylı, 25 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, X3 12487 saylı, xx.xx.2010-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili almış və onu 174 saylı, xx.xx.2010-cu il tarixli, ipoteka müqaviləsi ilə 174 saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin təminatı kimi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh X2 qarşı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair qalan kredit ödəniş borclarının tərəflər arasında bərabər qaydada bölünməsi barədə iddia qaldırmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli, 2(011)-760/2014 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-928/2015 nömrəli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra iddiaçı onun vərəsəsi müəyyən olunmuş, "xxxx" ASC ilə 12487 saylı, xx.xx.2010-cu ıl tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin qanun üzrə vərəsəlik hüququna əsasən ötürülməsinə dair AK/77-16-20 saylı, xx.xx.2024-cü il tarixli əlavə razılaşma, "xxxx" ASC ilə isə YML-45 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi imzalamışdır. Kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən kreditin təyinatı xx.xx.2012-ci il tarixli, KAP-İ-12/151 saylı kredit müqaviləsinin bağlanılmasıdır. 1.4-cü bəndinə görə isə borcalan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilən 1 saylı 10 mərtəbəli binanın 77-ci blokunun, 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 49.72 kv.metr olan 1 otaqlı, 38a nömrəli mənzil üzərində mülkiyyət hüququ əldə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq çıxarış verildikdən sonra 5 gün müddətində borcverənin xeyrinə ipoteka ilə yüklü edilməsini öhdəsinə götürmüşdür. Mübahisəli mənzilə dair bağlanmış alqı-satıq müqaviləsi üzrə X1 malik olduğu bütün hüquqlar və öhdəliklər o, öldükdən sonra arvadı (vərəsəsi) iddiaçıya ötürülmüşdür. "xxxx" ASC ilə 12487 saylı, xx.xx.2010-cu il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin qanun üzrə vərəsəlik hüququna əsasən ötürülməsinə dair AK/77-16-20 saylı, xx.xx.2024-cü il tarixli əlavə razılaşma qüvvədə olmalqa, iddiaçının mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Qeyd olunan müqavilə mübahisələndirilməməklə yanaşı, mübahisəli mənzil üzərində pay hüquqlarının müəyyən olunmasına dair cavabdeh tərəfindən iddia da qaldırılmamışdır. Belə olduğu təqdirdə isə iddiaçı mübahisəli mənzilin qanuni sahibi hesab olunur.

32. Birinci instansiya məhkəməsi haqlı olraq qeyd etmişdir ki, cavabdehin mərhum X3 ilə nikahda olduğu müddət ərzində əmlakın əldə edilməsi ilə bağlı edilmiş ödənişlər, mənzilin dəyərinin artırılması ilə bağlı çəkdiyi xərclər hazırkı mübahisənin predmetinə aid olmamışdır. Buna görə də apellyasiya şikayəti üzrə qeyd olunan və digər dəlillərin də hazırkı icraat çərçivəsində araşdırılmasına zərurət olmamaqla, cavabdeh mübahisəli mənzilə dair hər hansı bir hüququnun pozulduğunu iddia etdiyi təqdirdə məhkəmə müdafiəsi hüququndan istifadə etmək imkanına malik olmaqdadır.

33. Hazırkı vəziyyətdə isə yuxarıda istinad olunan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən mərhum X3 ilə cavabdeh arasında nikah pozulduğundan onun mübahisəli evə istifadə hüququ da itmişdir. Nikah pozulduqdan sonra cavabdehin mübahisəli mənzildə mərhum X1 iradəsi ilə və ya iradəsindən kənar yaşaması isə onun həmin mənzilə istifadə hüququnun yaranmasına əsas verməmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2756/2024 nömrəli dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2756/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar