Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1590/2025 02.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoru, Cavabdeh2 qarşı vərəsəlik işinə əsasən verilmiş şəhadətnamənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), X12 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (sonuncu məhkəmə iclasına gəlməmişdir), Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2510/2025 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. AZ-İ seriyalı, 279211 nömrəli, Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Musayev Elbəy Musa oğlu xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007-ci ilin okyabr ayının 23 günündə 1538 № ilə qeyd edilmişdir.
2. AZ-İ seriyalı, 550890 nömrəli, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29 iyul 2012-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012ci ilin 08 ayının 08 günündə 1215 № ilə qeyd edilmişdir.
3. AR Ədliyyə Nazirliyinin Sumqayı regional Vəkil bürosuna ünvanlanan müraciətə cavabdan görünür ki, elektron notariat informasiya sistemindəki araşdırma nəticəsində müəyyən olunmuşur ki, mərhum E.Musayev barəsində xx.xx.2012-ci il tarixində və mərhum Y.Musayeva barəsində isə xx.xx.2013-cü il tarixində Sumqayıt şəhər 1 saylı notariat ofisində vərəsəlik işi açılmışdır.
4. Sumqayıt şəhər 2 saylı Notariat Kontorunun Musayev Elbəy Musa oğlunun vəsiyyətnaməsindən görünür ki, ünvan 1, 17 nömrəli mənzildə qeydiyyatda olan Musayev Elbəy Musa oğlu ölən günədək ona məxsus olan, bütün əmlakı oğlu X13 oğluna vəsiyyət etmişdir.
5. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007ci ildə vəfat etmiş, ünvan 1, 17 nömrəli mənzildə yaşamış Musayev Elbəy Musa oğlunun vərəsəsi ünvan 1, 17 nömrəli mənzildə qeydiyyatda olan oğlu Cavabdeh2 miras əmlakdan tam pay irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli, 14/4404 №-li arayışına və AR Sumqayıt şəhər texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş reyestr kitabı № 14, invertar iş №-si 9151 olan qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi-59.69 kv.m, yaşayış sahəsi 47.05 kv.m, yardımçı sahəsi-12.64 kv.m olan 3 otaqlı 17 nömrəli mənzildən ibarətdir.
6. ƏN-İ sriyalı, 312170 nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, məhəllə 18, ev 6/27 B, mənzil 3-də yaşayan İddiaçı2 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hərəkətləri etmək barədə etibarnamə vermişdir.
7. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seryalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, 17 nömrəli mənzil Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 189 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi İdarəsinin texniki pasportundan görünür ki, ünvan 1, 17 nömrəli mənzil Cavabdeh2 adınadır.
9. xx.xx.2024-cı il tarixli bildirişindən görünür ki, ünvan 1, 17 nömrəli mənzilin vergi ödəyicisi Cavabdeh2dur.
10. Arayışdan görünür ki, mərhum Musayev Elbəy Musa oğlu ünvan 1, 17 nömrəli mənzildə yaşayır. Mənzil 3 otaqlıdır, sahəsi 47.05 kv.metrdir.
11. BA seriyalı, 156886 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadənaməsinin surətindən görünür ki, Cavabdeh2 adına ünvan 1, 17 nömrəli mənzil "xxxx" sığorta şirkəti ASC tərəfindən sığorta olunmuşdur.
12. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 5 saylı MKS-nin sahə ustası X1, ünvan 1, 23 nömrəli mənzildə qonşu X8, ünvan 1, 16 nömrəli mənzildə qonşu X4 təsdiq etmişdilər ki, ünvan 1, 17 nömrəli mənzildə Cavabdeh2, Musayev Elbəy Musa oğlu, X6 göstərilən ünvanda 1988-ci ildən yaşamışdırlar. X9, qızı X5, oğlu X10 göstərilən ünvanda Musayev Elbəy Musa oğlu vəfat etdikdən sonra X6 ilə birlikdə yaşamışdırlar. X2 vəfatından bir müddət sonra X9 uşaqları ilə birlikdə köçüb öz evlərinə getmişdir. Həmin vaxtdan mənzildə daim yaşayan olmamışdır.Mənzilə Tovuz nəzarət etmişdir.Son 4-5 ildir ki, mənzil kirayədədir.
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoru, Cavabdeh2 qarşı “vərəsəlik işinə əsasən verilmiş şəhadətnamənin ləğv edilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Sumqayıt Şəhər 1 saylı notarius ofisində 11 sentyabr 2012- ci il tarixdə 2V-1509 və 31 yanvar 2013-cü il tarixdə 2V-43 reyestr nömrələri ilə açılmış vərəsəlik işinə əsasən verilmiş şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək bildirmişdir ki, mərhumların 5 övladı vardır. Buna baxmayaraq, miras əmlakı vərəsələr arasında düzgün bölünməmişdir. Məhkəmədən Sumqayıt Şəhər 1 saylı notarius ofisində 11 sentyabr 2012-ci il tarixdə 2V-1509 və 31 yanvar 2013-cü il tarixdə 2V-43 reyestr nömrələri ilə açılmış vərəsəlik işinə əsasən verilmiş şəhadətnamənin ləğvi, miras əmlakının vərəsələr arasında bərabər bölünməsi və yeni şəhadətnamələrin verilməsini xahiş etmişdir.
15. Daha sonra Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbini qəbul etmir, tələbi aşağıda sadaladığı hallara görə əsassız hesab edir. Belə ki, mübahisələndirilən şəhadətnamələrdən 11 sentyabr 2012-ci il tarixdə 2V-1509 reyestr nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik şəhadədətməsinə əsasən atası Musayev Elbəy Musa oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə tam vərəsəlik hüququ tanınaraq mənzil onun mülkiyyətinə keçmişdir. Qeyd edir ki,atası xx.xx.2007-ci ildə vəfat etmişdir.Yəni mirasın açılmasından artıq 18 (on səkkiz) il müddət keçmişdir.Qanunverici mirasın qəbulu üçün 6 ay müddət müəyyən etmişdir ki, vərəsə miras qalmış əmlaka həmin müddətdə faktiki sahiblik etsin və ya notariat orqanına ərizə ilə müraciət etmiş olsun. İddiaçılar miras açılandan sonra həmin mirasın faktiki qəbulu ilə bağlı hər hansı hərəkət etməmişlər və ya rəsmi notariat orqanına ərizə ilə müraciət etmişlər. Atası vəfat edəndən sonra mənzil faktiki onun sahibliyində olmuş, həmin vaxt mənzildə mərhum anası X6, bacısı Tovuz Musayeva və bacısının övladları Vüsalə və Ətraf yaşamışlar. Mənzilin bütün saxlanma kommunal xərclərini anası sağ ikən də özü qarşılamışdır. Mənzillə bağlı vərəsələr olaraq iddiaçılar ilə arasında və ya Tovuzla hər hansı ixtilaf olmamışdır.Çünki atası hələ sağlığında həmin mənzili ona vəsiyyət etmiş,eyni zamanda anasına bacısı Tovuza arxa dayaq olmağı tapşırmışdır. Belə ki, bacısı boşandıqdan sonra 1999-cu ildə ata-anasının yaşadığı həmin miras qalmış mənzilə köçüb gəlmişdir.Ona görə də atası vəfat edəndən sonra mənzili onun ixtiyarına vermişdir. Həmişə o, xəstə anasının qayğısına qalmış, anası vəfat edənə kimi ona baxmış yanında yaşamışdır. Mənzilin saxlanmasını hazırkı vaxta kimi Tovuz idarə edir, evin əmlak vergisini, kommunal xərclərinin ödənilməsini və sair işləri onun adından o, həyata keçirir. Miras qalmış mənzilin adına sənədləşməsinə gəldikdə isə bununla bağlı iddiaçılardan İddiaçı2 etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Savatın müraciətinə əsasən vərəsəlik işi açılmış həmin mənzil üzrərində tam paya dair adına Sumqayıt şəhəri 1 saylı notariat ofisində 11 sentyabr 2012-ci il tarixdə 2V-1509 qeyd alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmçinin mənzilə mülkiyyət hüququna dair çıxarış Savat tərəfindən əldə edilmişdir. Amma iddiaçılar iddia edirlər ki, guya o, yalan məlumat verərək miras əmlakı qəbul etmişdir və sözügedən mənzil üzərində mülkiyyət hüququ əldə edilmişdir. Yuxarıda qeyd etdiyi xüsusatlar Sumqayıt şəhəri 1 saylı notariat ofisinin 11 sentyabr 2012-ci il tarixli 2V1509 nömrəli vərəsəlik işinin materiallları, həmin vərəsəlik üzrə mirasın predmeti - ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə dair kommunal xərclərin ödənilməsinə dair qəbzlər, əmlak vergisinə dair ödəniş qəbzləri, 5 saylı MKS-i tərəfindən qonşuların iştirakı ilə tərtib edilmiş akt və sair sübütlarla öz təsdiqini tapır. Həmçinin etirazda qeyd etdiyi xüsusatlarla bağlı məhkəmədə şahidləri ifadə verəcəklər. AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı mübahisə edilən vərəsəlik hüquq münasibətləri yarandığı zaman qüvvədə olan AR Mülki Məcəlləsininin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin zaman qüvvədə olan AR Mülki məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. AR Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsaəsən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Yuxarıda göstərilənlərə əsasən iddia tələbəni əsassız hesab edir, AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
16. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə mərhum Musayev Elbəy Musa oğluna məxsus olmuşdur. xx.xx.2007-ci il tarixdə onun vəfatından sonra sözügedən mənzil onun həyat yoldaşı X2 mülkiyyətinə keçmişdir. 29 iyul 2012-ci ildə Musayeva Yaxşının vəfatından sonra miras əmlakı üzrə vərəsəlik işi açılmışdır. İddiaçılar və cavabdeh bacıqardaşdırlar. Ailədə 5 bacı-qardaş olmuşlar. Onu bildirmişdirlər ki, valideynlərin vəfatından sonra cavabdeh yalan məlumat verərək miras əmlakını yalnız özü qəbul etmiş və sözügedən mənzili xüsusi mülkiyyətinə keçirmişdir və mənzilə mülkiyyət hüququna dair çıxarış almışdır. İddiaçılar miras əmlakından imtina etmədikləri halda, onlara düşən pay cavabdehə verilmişdir. Cavabdeh ümumiyyətlə sözügedən mənzildə yaşamır. Lakin bu iddiaçıların hüquqlarının pozulmasına maneə deyil. Hesab edilir ki, Sumqayıt şəhəri 1saylı notariat ofisində 11 sentyabr 2012-ci il tarixdə 2V-1509 və 31 yanvar 2013-cü il tarixdə 2V-43 reyestr nömrələri ilə açılmış vərəsəslik işinə əsasən verilmiş şəhadətnamə ləğv olunmalı, miras əmlakı vərəsələr arasında bərabər bölünməli və vərəsələrə yeni vərəsəlik şəhadətnamələri verilməlidir.
17. xx.xx.2025-ci il tarixli iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilən məhkəməyə ərizə daxil olmuşdur. Ərizədə qeyd olunmuşdur ki, icraatda olan hazırki mülki iş üzrə iddia tələbini tam həcmdə müdafiə etməklə yanaşı, həm də iddianın hüquqi əsasına əlavə edirlər. Belə ki, ötən məhkəmə iclasında cavabdeh tərəfin vəkili məhkəməyə vəsiyyətnamə təqdim etmişdir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, xeyrinə vəsiyyətnamə olduğu halda, cavabdeh digər vərəsələri mirasda məcburi pay almaq hüququndan məhrum etməyin ən asan yolunu seçərək, notariusla əlbir olmaqla qanun üzrə vərəsəlik açılmasına nail olub və bu yolla bütün mirasa asanlıqla yiyələnibdir. Halbuki, vəsiyyətnamə vardırsa, vəsiyyət üzrə vərəsəlik açılmalıdır, qanun üzrə vərəsəlik açıla bilməz. Odur ki, həm də bu əsasa görə iddia tələbi təmin olunmalıdır. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmədiyi halda, işə iştirakı olmadan baxaraq, hazırki ərizəni də nəzərə almaqla mülki işi məhkəmə baxışına təyin etməyi xahiş edir.
18. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2510/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Aynur Behbudova).
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ, V hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1243.1, 1243.2, 1246, 1248.1, 1202.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 19 fevral 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59, 60-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 119.1, 124.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2510/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin hazırki iş üzrə miras açılarkən qüvvədə olan mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İş materiallarından görünür ki, hazırki iş üzrə miras Musayev Elbəy Musa oğlu xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi ilə açılmışdır. Vərəsəlik işi isə, Sumqayıt Şəhər 1 saylı notarius ofisində 11 sentyabr 2012-ci il tarixdə, miras açılanda 5 il sonra açılmış, qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə isə, 31 yanvar 2013-cü ildə verilmişdir. Halbuki, vərəsə mirasın qəbulu müddətini ötürmüşdür və o, ya mirasın qəbulu faktının müəyyən edilməsi barədə, yaxud da mirasın qəbulu müddətinin ötürülməsin in üzrlü sayılaraq bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim etdikə, yaxud da bütün vərəsələrin razılıq ərizəsini təqdim etməkdə notarius ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verə bilərdi. İş materiallarından görünür ki, belə hal müəyyən olunmur. Bundan əlavə, notarius hətta cavabdehin nümayəndəsi kimi etibarnamə təqdim edərək vərəsəlik işini aparan nümayəndəsinin də qanun üzrə vərəsə olduğunu bildiyi və ya bilməli olduğu halda, onun mirasın qəbuluna münasibətini aydınlaşdırmamış, müvafiq imtina və ya qəbul ərizəsi almamaqla qanunvericiliyin və notariat hərəkətlərinin aparılmasına dair təlimatın tələblərini pozmuşdur.
22. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, xeyrinə vəsiyyətnamə olduğu halda, cavabdeh digər vərəsələri mirasda məcburi pay almaq hüququndan məhrum etməyin ən asan yolunu seçərək, notariusla əlbir olmaqla qanun üzrə vərəsəlik açılmasına nail olub və bu yolla bütün mirasa asanlıqla yiyələnibdir. Halbuki, vəsiyyətnamə vardırsa, vəsiyyət üzrə vərəsəlik açılmalıdır, qanun üzrə vərəsəlik açıla bilməz. Göründüyü kimi, hazırki iş üzrə vəsiyyətnamə vardır və bu o deməkdir ki, yalnız vəsiyyət üzrə vərəsəlik mövcud ola bilər, qanun üzə vərəsəlik istisna olunur. Digər vərəsələrin heç biri mirasın qəbulundan və ya mirasda məcburi payın qəbulundan imtina etməmişlər. Notarius digər vərəsələri axtarmamış, onları məlumatlandırmamışdır. Məhkəmənin guya cavabdehin mirası faktiki qəbul etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh miras açılandan sonra ölkədə olmamışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
25. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
26. Məhkəmə iclasında üçüncü şəxs X9 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
27. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Dövlət Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
28. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
29. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
31. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
32. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
33. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
34. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
35. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.
36. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
37. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
38. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
39. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.
40. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
41. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
42. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
43. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
44. Maddə 60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarı
45. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.
A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2021-ci il tarixli Qərarı
46. ...Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
48. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı
49. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
57. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
58. Apellyasiya şikayətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2510/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
59. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Beləliklə, Musayev Elbəy Musa oğlu ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilini Cavabdeh2 vəsiyyət etmiş, nəticədə Cavabdeh2 xx.xx.2007-ci il tarixli vəsiyyətnamə verilmiş, mübahisə yaranmamış, daha sonra qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Hazırda iddiaçılar həmin qanun üzrə vərəsəlik şəhadətnaməsini mübahisələndirirlər.
62. Kollegiya qeyd edir ki, iddiaçılar tərəfindən miras əmlakın mövcudluğundan, ən əsası vəsiyyətnamə və miras əmlakın kim tərəfindən fakitiki qəbulundan məlumatlı olduqları halda, həmin miras əmlakla bağlı mübahisə yaratmadıqları, üzərindən uzun müddət keçdikdən sonra qardaş və bacılar arasında narazılıqların yaranması səbəbindən mübahisələndirmələri düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən əsaslı və qanunvericiliyin tələbinə uyğun sayılmamışdır. İddiaçılar bundan əlavə miras əmlakın fakitiki qəbul etməyərək, miras əmlak cavabdeh tərəfindən qəbul edildikdən, ən əsası şəxsi narazılıq yarandıqdan sonra mübahisələndirmişlər.
63. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir.
64. Həmçinin, yuxarıda göstərilən Qərarda qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
65. Belə olan halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir.
66. Belə ki, Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.
67. Kollegiya qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
68. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).
69. Lakin işin hallarından görünür ki, iddiaçılar Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq, mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmişlər, yəni mirası qəbul etmək arzusunda olduğunu bəyan etməmişlər, notariat kontoruna müraciət etməmişlər.
70. Beləliklə kollegiya hesab edir ki, iddiaçılar miras açıldığı vaxtdan sonra yuxarıda göstərilən müddət daxilində, yəni 6 ay ərzində notariat orqanına ərizə vermədiklərindən, miras qoyanın mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olduğunu bildirmədiklərindən, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.
71. Bununla belə, məhkəmə kollegiyasının araşdırması zamanı birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də maddi hüquq normalarına tamamilə uyğun olması, prosessual normaların pozulmasına yol verilmədiyi müəyyən edilmişdir.
72. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
73. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2510/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2510/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.