Məhkəmə qərarları › İş №2(105)-1596/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1596/2021

19.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1596/2021 19.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(067)-874/2021 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi N.V.Əhmədovun verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(067)-874/2021 saylı qətnaməsi ilə (hakim S.A.Səmədzadə) İddiaçı cavabdeh “xxxx” ASC-nin X6 Şəbəkəsi MMC-yə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilib, İddiaçı məxsus Xaçmaz rayonu Mehrəli-qışlaq kəndində yerləşən yaşayış evinə «xxxx» ASC-nin X6 Şəbəkəsi MMC tərəfindən elektrik enerjisindən sərfiyyata görə hesablanmış 462 manat pulun İddiaçı adına olan abonent hesabından silinməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi N.V.Əhmədov apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(067)-874/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02.03.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 310-cu maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2010cu ildən 30.08.2017-ci il tarixə kimi cəzasını çəkmiş və cəzaçəkmə müəssiəsindən buraxıldıqdan sonra yaşadığı Xaçmaz rayonu Mehrəli-qışlaq kəndində yerləşən evinə gəlmişdir. Qeyd olunan müddət aralıqda ona məxsus evdə yaşayış olmamışdır. Ailəsi ilə 2010-cu ildən ayrılmışdır və ailəsi həmin vaxtdan Bakı şəhərində yaşayır. Bu hal kənd İcra Nümayəndəliyinin arayışı ilə təsdiq olunur. Evə qayıtdıqdan sonra bilmişdir ki, 24.11.2016-cı il tarixdə onun güya elektrik enerjisinə görə 462 manat borcu var. Cavabdeh təşkilat bunu kompyuter səhvi ilə izah etmişdir. Ona görə də, cavabdeh «xxxx» ASC-nin X6 Şəbəkəsi MMC tərəfindən ona məxsus Xaçmaz rayonu Mehrəliqışlaq kəndində yerləşən yaşayış evinə elektrik eherjisindən sərfiyyata görə hesablanmış 462 manat pulun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi N.V.Əhmədov verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 05 mart 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının X2yə görə 03.03.2021-ci il tarixə enerjitəchizatı müəsissəsinə 461,43 manat məbləğində bocu vardır. Həmin borcun 5,22 manat hisəsi 2016-cı ilədək 456,21 manat hissəsi isə 2016-2021-ci illərdə yaranmışdır. Abunə haqqından çıxarışdan da göründüyü kimi iddiaçıya qarşı hər hansı cərimə və ya digər hesablaşma tətbiq edilməmişdir. Borc məbləği 2006 və 2016-cı ildə quraşdırılmış elektrik heabat sayğacı əsasında yaranmışdır. İddiaçı üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam həcmdə yerinə yetirmədiyi üçün bu günki gündə həmin məbləğdə borc yaranmışdır. İddiaçı heç bir əsas olmadan 462 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi N.V.Əhmədov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini qəbul etməyib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 7.11, 8.32 və 8.33-cü bəndlərinə istinad edərək gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, İddiaçı Xaçmaz rayonu Mehrəli-qışlaq kəndində yerləşən evdə 02.03.2010-cu ildən 30.08.2017-ci ilədək həmin evdə yaşamadığı və ev başqasına kirayə verilmədiyi halda 24.11.2016-cı il tarixdə elektrik enerjisinə görə 462 manat borcun hesablanması həqiqətə uyğun deyil və abunə haqqında “xxxx” ASC tərəfindən verilmiş sənəddən görünür ki, 17.11.2016-cı ilə abunəçi İddiaçı borcu olmamış, 24.11.2016-cı ilə isə faktiki olaraq 7 günə 462 manat borc yazılmışdır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan abunə barəsində olan çıxarışdan müəyyən olunur ki, İddiaçı akt üzrə 462.0 manat pul hesablanmışdır. Xaçmaz Rayon İHB-nın Hülövlü kənd nümayəndəsinin 03 fevral 2021-ci il tarixli 203 saylı arayışından müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonu Mehrəli-qışlaq kəndində yaşayır və 02.03.2010-cu ildən 30.08.2017ci ilədək həmin evdə yaşamamışdır və ev başqasına kirayə verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 106 №-li arayışla təsdiq olunur ki, İddiaçı 02.03.2010-cu ildən 30.08.2017-ci ilədək cəza müddətini çəkib və Qaradağ Rayon Məhkəməsinin 30.08.2017-ci il tarixli qərarı ilə cəzadan azad olunub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enercisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirak ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı məxsus Xaçmaz rayonu Mehrəli-qışlaq kəndində yerləşən yaşayış evinə «xxxx» ASC-nin X6 Şəbəkəsi MMC tərəfindən elektrik enerjisindən sərfiyyata görə hesablanmış 462 manat pulun İddiaçı adına olan abonent hesabından silinməsi barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən və apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404- 1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi N.Əhmədovun verdiyi apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(067)-874/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar