Məhkəmə qərarları › İş №2(105)-1606/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1606/2021

25.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1606/2021 25.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı1 cavabdehlər Sumqayıt Şəhər İcra İdarəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın yekunlarına dair alqı-satqı protokolunun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(060)-5153/2019 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim İ.Mahmudov) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 10 may 2019-cu il tarixli qərardadı ilə (hakim Emin Abdullayev) Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddianın təmin edilməsi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri, 4-cü məhəllə, 21/12 saylı evin, 21 saylı mənzilinin satışı ilə bağlı keçirilmiş hərracın yekunlarına dair "xxxx" MMC ilə "xxxx" İKB ASC arasında imzalanmış 08.12.2014-cü il tarixli, 47/02 saylı protokolun etibarsız hesab edilməsi qət edilmişdir Üçüncü şəxs "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Telman Quliyev, Gülnarə Tağızadə) 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs "xxxx" ASC-nin apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5153/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı1 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və "xxxx" MMC-yə qarşı hərracın yekunlarına dair alqı-satqı protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), G.Quliyev və Z.Əliyev) iddiaçı X1 kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1987/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı1 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər İcra İdarəsinin müraciəti əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən 53,77 kvadrat metr yaşayış sahəsinin satılması barədə 8 dekabr 2014-cü il tarixli, 47/02 saylı hərracın yekunlarına dair tərtib edilmiş alqı-satqı protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 20.08.2008-ci il tarixində ünvan 1 ünvanında yerləşən 53,77 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı mənzili "xxxx" İKB ASC-yə girov qoymaqla bankdan 26000 ABŞ dolları məbləğində kredit götürmüş, həmin kreditin ödənilməsini mütəmadi olaraq həyata keçirmiş, bankla heç bir problemi olmamışdır. Lakin buna baxmayaraq bank ona qarşı məhkəmədə iddia qaldırmış və girov qoyulan mənzilin qiymətləndirilməsi barədə hərrac təşkilatına müraciət etmiş, "xxxx" MMC tərəfindən əmlakı bazar qiymətindən aşağı qiymətləndirilmişdir. Bütün bunlardan o xəbərsiz olmuş, ona hərracın keçirilməsi barədə məlumat verilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin hərracın nəticələri haqqında protokolunun və "xxxx" MMC ilə "xxxx" İKB arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. "xxxx" MMC hərracın keçirilməsi ilə bağlı müvafiq qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etmiş, hər hansı bir qanun pozuntusuna yol verməmişdir. Bu səbəbdən, hərracın nəticələri haqqında protokol və əmlaka dair alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz. Bundan başqa İddiaçı1 "xxxx" X2 sədrinə 24.05.2016-cı il tarixdə müraciət etdiyi ərizəsindən görünür ki, bütün məhkəmə proseslərindən məlumatı olmuş, bildirişlər almış və kredit borcu ödənilmədiyi halda girov qoyulmuş mənzilin boşaldılmasına möhlət verilməsinini xahiş etmiş, Sumqayıt şəhər Məhkəməsinin 18.02.2011-ci il tarixli 2(060)-l34/2011 saylı qətnaməsi ilə ondan tutulmuş məbləğin 10 avqust 2016-cı il tarixədək ödəyəcəyini bildirmişdir. Belə ki, İddiaçı1 "xxxx" MMC-nin hərracın nəticələri haqqında protokolunun və "xxxx" MMC ilə "xxxx" İKB arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin bağlanmasından uzun müddət, yəni 3 il müddət keçdikdən sonra hazırki iddianı qaldırmışdır. Belə olan halda “hərracın nəticəsi haqqında protokolun”un ləğv edilməsinə dair iddia qanunla müəyyən edilmiş müddətdə verilməmişdir. Bu isə iddia tələbinin rədd edilməsi üçün əsasdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Sumqayıt Şəhər İcra İdarəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndələri iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni "xxxx" MMC tərəfindən mənzilinin satışı ilə bağlı hərracın ciddi qanun pozuntuları ilə keçirilməsinə əsaslanmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 307.1., 319.4., 414.1., 415.2., 416.1., 416.2., və İpoteka haqqında Azərbaycan Respublikası qanununun 39.3.3., 42.1.. 43.1.1., 43.1.4., 43.2., 43.3., 43.4., 43.7., 43.8-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan üçüncü şəxs "xxxx" ASC apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək, iddianın rədd edillməsinə dair qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan İddiaçı1 qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən 08 dekabr 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması barədə 27 noyabr 2017-ci il tarixdə iddia qaldırmaqla Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddəti ötürməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsinin qanunun tələbinə zidd olduğunu, iddiaçının 08.12.2014-cü il tarixdə keçirilmiş hərracda iştirak etmədiyi və Mülki Məcəllənin 415-ci maddəsinin tələblərinə əməl edilməklə hərracın keçirilmə vaxtı və yeri barədə ona məlumat verilməsinə dair işdə hər hansı bir sübutun olmadığını, apellyasiya məhkəməsinin isə işin həmin halına qəbul etdiyi qətnamədə aydınlıq gətirmədiyini, hərracın keçirilməsi zamanı qanun pozuntularına yol verilibverilməməsini, həm də hərracın keçirilməsi vaxtını iddiaçının bildiyi və bilməli olduğu günü müəyyən etdikdən sonra nəticəyə gələ bilməsinin Mülki Məcəllənin 354.2-ci maddəsinin tətbiqi üçün mühüm əhəmiyyət kəsb etdiyindən, həmin halın araşdırılmadan qəbul edilmiş qətnamənin qanuni sayıla bilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakı qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi hərracın yekunlarına dair alqı-satqı protokolunun etibarsızlığı barədədir və işin mübahisə edilməyən halı isə ondan ibarətdir ki, iddiaçı bankdan 26000 Abş dolları kredit götürmüş və kreditin təminatı kimi ünvan 1 ipoteka il yüklü etmiş, məhkəmənin qətnaməsinə əsasən iddiaçıdan kredit borcunun tutulması və tutmanın həmin mənzilə yönəldilməsi qət edilmişdir. Hazırki iddianın qanuni əsasını Mülki Məcəllənin 415-ci maddəsi təşkil edir. İddiaçı1 iddia etməsinə görə ona hərracın keçirilməsi barədə məlumat verilməmiş və ona məxsus mənzilin hərracda satılmasından xəbərsiz olmuşdur. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü Hərrac Mərkəzi "xxxx" MMC-yə sorğu göndərilmiş, cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-nin 01/2801 № li 07 may 2021-ci il tarixli, 02/3627 №li 08 iyul 2021-ci il tarixli və 01/4172 №li 24 avqust 2021-ci il məktublarında İddiaçı1 məxsus əmlak üzrə keçirilmiş hərracların sənədlər toplusu dəfələrlə yerləşdikləri ünvanların dəyişikliyi və uzun müddət keçməsi ilə əlaqədar olaraq təqdim edilməsinin mümkünsüzlüyü qeyd edilmişdir. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmet müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (Mülki Məcəllənin 415.2-ci maddəsi). İşdən göründüyü kimi iddiaçıya məxsus əmlakın satılması ilə bağlı birinci hərrac 22.09.2014-cü ildə tarixdə keçirilsədə, hərrac barədə məlumatı əks etdirən bildiriş tərəflərə 02.09.2014-cü il tarixdə göndərilmişdir. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (Mülki Məcəllənin 416.1. və 416.2. maddələri). Qanunun mənasından göründüyü kimi, maraqlı şəxsin iddiası üzrə keçirilən hərracın etibarsız hesab edilməsi üçün Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydalar pozulmuş olmalıdır. Hazırkı işdə hərrac keçirilərkən Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət cavabdeh tərəfindən pozmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədində ipotekanın ilkin satış qiyməti göstərilməmiş, yalnız iddiaçı ilə bank arasında bağlanmış ipoteka müqaviləsində 51250 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Halbuki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununa əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1. maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 51.1. maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Lakin ipoteka predmetinin yenidən qiymətləndirilməsi zamanı qanunvericiliyin yuxarıda qeyd olunan halı nəzərə alınmamışdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 42.1. maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifariş poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir. (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. İşdən göründüyü kimi cavabdeh "xxxx" MMC hərracla bağlı Sumqayıt şəhər üzrə İcra İdarəsinin sifarişini 2011-ci ildə alsa da, sonuncu tərəfindən hərrac 2014-cü ildə keçirilməklə İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 42.1. maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa cavabdeh "xxxx" MMC tərəfindən təkrar hərracın keçirilməsi qaydalarında düzgün əməl edilməmiş və nəticədə 20 günlük müddət pozulmuşdur. Belə ki, İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə isə də iddia müddətinin ötürülməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddət iddia müddəti olmamaqla qanunun həmin normasının qüvvəsi müddətin tətbiqi barədə ərizənin verilməsindən asılı olmayaraq, bunun üçün qanuni əsaslar olduqda tətbiq edilir. Hazırki işdə iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət isə ötürülməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar