Məhkəmə qərarları › İş №2(105)-1607/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1607/2024

20.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1607/2024 20.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: bağışlamaqdan imtina) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının nümayəndələri və vəkilləri Nümayəndə, Vəkil3, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağışlamaqdan imtina” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(067)-1657/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 269.5 kv.m olan qeyri yaşayış binasına, ünvan 1 ünvanında yerləşən 0.0143 ha torpaq sahəsinə dair Xaçmaz rayonu, 1 saylı notariat Ofisi tərəfindən bağlanmış 11 iyul 2023-cü il tarixli, 4Ə-1908 nömrəli, ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 185.3 kv.metr olan fərdi yaşayış evinə, ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə dair ünvan 4 2023-cü il tarixli, 4Ə1918 nömrəli, ümumi sahəsi 108.97 kv.metr olan ünvan 3 ünvanında yerləşən evə dair ünvan 4 2023-cü il tarixli, 4Ə1917 nömrəli “Daşınmaz Əmlakın Bağışlanması müqavilələrinin” etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun arvadıdır. 03 avqust 2005-ci il tarixdə nikaha girmişlər, birgə nikahdan 2006-cı il təvəllüdlü X2 və 2008ci il təvəllüdlü, X3 anadan olmuşlar. Cavabdehlər 2023-cü ilin ortalarında münasibətləri korlandıqdan sonra nikahın pozulmaması üçün ona təklif etmişdir ki, ona məxsus olan əmlakları onun adına keçirsə onun uşaqları üçün təminat olacaqdır, o, isə əvəzində ailəni qoruyub saxlayacaq, nikahın pozulması halına yol verməyəcəkdir. Cavabdeh ona vəd vermişdir ki, boşanmayacaqdır. Bu səbəbdən də o, ona məxsus əmlakları cavabdehə pay kimi vermişdir. Üzərindən qısa bir müddət keçdikdən sonra cavabdeh ona qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə müraciət etmiş, hal-hazırda iddia ərizəsi Xaçmaz Rayon Məhkəməsinin icraatında 2(067)-498/2024 saylı nömrə ilə baxılmaqdadır. Cavabdeh onu aldatmış, aldatma yolu ilə əmlakları öz adına keçirmişdir. Bu halda onu ağır vəziyyətə salmış, maddi imkanını azaltmışdır və o, maddi cəhətdən imkansızlaşmışdır. Onunla Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 269.5 kv.m olan qeyriyaşayış binasına, ünvan 1 ünvanında yerləşən 0.0143 ha torpaq sahəsinə, ünvan 2ünvanmda yerləşən, ümumi sahəsi 185.3 kv.metr olan fərdi yaşayış evinə, Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi, ev 80 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə, ümumi sahəsi 108.97 kv metr olan ünvan 5 ünvanında yerləşən evə dair ünvan 6 iyul 2023-cü il tarixli, 4Ə-1908 nömrəli, 12 iyul 2023-cü il tarixli, 4Ə-1918 nömrəli, 12 iyul 2023-cü il tarixli 4Ə-1917 nömrəli “Daşınmaz Əmlakın Bağışlanması müqavilələri” bağlanmışdır.

3. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 0,0143 ha torpaq sahəsinin, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.08 ha torpaq sahəsinin, ünvan 8 ünvanında yerləşən mənzilin tərəfindən Cavabdeh bağışlanmasından imtina olunmasının qəbul edilməsini və həmin əmlakların onun mülkiyyətinə qaytarılmasını xahiş etmişdir.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. Şahid qismində dindirilən tərəflərin birgə nikahdan olan övladı X2 izahatında göstərmişdir ki, iddiaçı və cavabdeh onun valideynləridir, heç biri ilə ədavəti yoxdur. Keçən il bu vaxtlar anası atasından boşanmaq istəyirdi. Lakin atası razı deyildi. Atası anasına deyirdi ki, uşaqların gələcəyi var, boşanmayaq. Sonra anası bir şərtlə razı oldu ki, əmlaklar anasının adına keçirilsin. Belə də oldu. Atası əmlakları anasının adına keçirtdi. Bir müddət anası ilə atasının arası yaxşı oldu. Daha sonra anası atasına hədə-qorxu gəlməyə başladı. Hətta onu evə buraxmırdı. Sentyabr ayında isə boşanma kağızı ilə gəldi. Əslində atası ilə anasının arasında heç bir problem yox idi. Atası anasını döyməyib, təhqir eləməyib. Anası şəxsən özü deyib ki, 3 əmlakı da adına keçirsən, boşanmayacaq. Bunu anasından özü soruşmuşdur. Anası bunu ona şəxsən özü deyib. Anası atasının nikahdan kənar uşağı olacağını əvvəldən bilirdi. Bu boşanmağa səbəb deyil. Hətta özü deyirdi ki, Allah vergisi olan uşaqdı. Yəni, heç nə demirdi. Sonradan bu məsələni problem elədi. Anası hər şeyi bilirdi və razı idi. Əmlaklar anasının adına keçəndən sonra anası dəyişdi. Onun doğma bacısı da var. O, hazırda anasının yanında qalır. Atasının nikahdan kənar yoldaşı var. Atasının nikahdan kənar olan yoldaşı da Xudatda yaşayır. O, qadın onlara gəlib-getmir. Atası özü ona ikinci yoldaşı olduğunu bildirmişdi. O, hazırda Xudatda yerləşən obyektdə nəzarətçi işləyir. Onun bu əmlak məsələsindən atası ilə anası danışarkən xəbəri olub. Yəni, onlar danışarkən eşitmişdir. Anası atasına hədə-qorxu gəlirdi. Atası da əmlakları anasının adına keçirib. Anası ilə axrıncı dəfə nə vaxt danışıbsa yadında deyil.

6. Xaçmaz rayonu, 1 saylı notariat Ofisi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, 4Ə-1908 nömrəli, Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 269.5 kv.m olan qeyri yaşayış binasına, ünvan 1 ünvanında yerləşən 0.0143 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır.

7. ünvan 4 2023-cü il tarixli, 4Ə1918 nömrəli, Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi, ev 80 ünvanında yerləşən, ümumi sahəsi 185.3 kv.metr olan fərdi yaşayış evinə, ünvan 2ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsini Cavabdeh bağışlamışdır.

8. ünvan 4 2023-cü il tarixli, 4Ə1917 nömrəli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı ümumi sahəsi 108.97 kv.metr olan ünvan 5 ünvanında yerləşən evi Cavabdeh bağışlamışdır.

9. Xaçmaz Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli 2(067)-498/2024 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X3 anasının himayəsində saxlanılmaqla, onun yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 300 manat aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir.

10. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX№ ******* saylı xx.xx.2016-cı il tarixli Çıxarışından müəyyən olunur ki, Xudat şəhəri, Şəhriyar küçəsi 80 saylı ünvanda 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olub.

11. Arayışdan müəyyən olunur ki, tam mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ev xx.xx.2023-cü il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır.

12. Mediasiya Prosesinin tədbiqi barəsində olan xx.xx.2023-cü il tarixdə verilmiş təklifdən görünür ki, Təklif göndərən şəxs olaraq Cavabdeh Təklif göndərilən tərəf olaraq İddiaçı qarşı nikahın pozulması, aliment və əmlak tələbi ilə bağlı təklif göndərmişdir.

13. Ev alqı-satqısı ilə bağlı fotoşəkillərdən (elandan) müəyyən olunur ki, Bakı şəhəri 9 mkr- M.Cəlal küçəsində olan yeni tikilidə yerləşən 2 otaqlı ev 215000 manata satışa çıxarılmışdır.

14. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair № 01/2024 saylı Arayışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Xudat şəhəri, Şəhriyar küçəsi, ev 80 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi, ümumi sahəsi 185.3 kv.m olan tikilinin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 75000 (yetmiş beş min) manat, № 02/2024 Arayışdan müəyyən olunur ki, ünvan 10 ünvanında yerləşən, 0.0143 ha torpaq sahəsində, tikilinin ümumi sahəsi 269.5 kv.m olan obyekt xx.xx.2024-cü il tarixinə bazar dəyəri 170000(bir yüz yetmiş min) manat, № 03/2024 Arayışdan müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkrn, Mir Cəlal küçəsi, ev 72, 350 saylı mənzilin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 218000(iki yüz on səkkiz min) manat dəyərində qiymətləndirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

15. Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(067)-1657/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) İddiaçı Cavabdeh qarşı “bağışlamaqdan imtina” tələbinə dair iddiasının qismən təmin olunması, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binasının və həmin binanın yerləşdiyi 0,0143 ha torpaq sahəsinin, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.08 ha torpaq sahəsinin, ünvan 8 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən Cavabdeh bağışlanmasından imtinasının qəbul olunması, iddianın qalan hissədə təmin olunmaması, Cavabdeh ödənilmiş 100 manat dövlət rüsumu xərcinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 666, 673.1, 673.1.1, 673.1.2, 673.1.3, 673.2, 673.2.1, 673.2.2, 673.2.3, 673.3 və 673.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

17. Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(067)-1657/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə bir sıra maddi və prosessual normaları pozmaqla qəbul edilmişdir. Məhkəmə öz qətnaməsində göstərir ki, “Cavabdeh bağışlanan əmlakları qəbul etməsi və bundan təqribən iki ay sonra bağışlamanın qarşılığnda verdiyi vədə əməl etmədən İddiaçıla olan nikaha xitam verməsi barədə məhkəmədə iddia qaldırması onun əsas niyyətinin öz hüququndan sui-istifadə etməklə ərinin əmlakını özününküləşdirmək olduğunu deməyə əsas verir. Halbuki, qüvvədə olan qanunvericiliyə görə hüquqdan sui-istifadə qadağandır (Mülki Məcəllənin 16 və 560-cı maddələri)”. Məhkəmənin bağışlama müqaviləsinin sinallaqmatik deyil, birtərəfli müqavilə (əqd deyil!) olduğunu bilməməsi heyrətvericidir. Halbuki, Mülki Məcəllənin 666.1ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Maraqlıdır, Cavabdeh bağışlama müqaviləsi üzrə hansı vədini yerinə yetirməmişdir?! Digər tərəfdən, Mülki Məcəllənin 560-cı maddəsində sui-istifadə halları sadalanmışdır. Məhkəmə Cavabdeh bunlardan hansına yol verdiyini belə açıqlamaq zərurəti hiss etməmişdir. Sanki Cavabdeh bu maddədəki bütün sui-istifadə hallarına yol vermişdir. Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər”. Göründüyü kimi, həmin maddənin hazırkı mübahisəyə tətbiq edilə bilməsi üçün Cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına və hüquqa zidd olaraq pozması tələb olunurdu. Birinci instansiya məhkəməsi Cavabdeh ailə münasibətlərindən irəli gələn hansı vəzifəni kobudcasına pozduğuna dair heç bir əsaslandırma aparmamışdır. Plenum Qərarının nəticə hissəsində açıq şəkildə ifadə edildiyi kimi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir”. Cavabdeh boşanma tələbi ilə çıxış etməsi isə, heç bir halda, vəzifənin pozulması kimi qiymətləndirilə bilməz. Çünki Ailə Məcəlləsinin 14 və davamındakı maddələrindən aydın olduğu kimi, nikaha xitam verilməsini tələb etmə bir vəzifə deyil, ər-arvada tanınmış və qanunvericiliklə təminat altına alınmış bir hüquqdur. Azərbaycan ailə hüququ baxımından hər hansı şəxsin boşanma istəyini əsaslandırması belə tələb edilmir; eyni zamanda, iddiaçının ailə dəyərlərinə və Ailə Məcəlləsində nəzərdə tutulmuş sədaqət vəzifəsinə açıqaşkar zidd olan hərəkətləri (mütəmadi olaraq arvadına xəyanət etməsi, nikahdan kənar uşağının olması və s.) cavabdehin boşanma tələbində tamamilə haqlı olduğuna dəlalət etməkdədir. Beləliklə, Cavabdeh nikaha xitam verilməsini tələb etmək hüququnu həyata keçirməsinin Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulmuş “ailə vəzifəsinin kobudcasına pozulması” ilə hər hansı əlaqəsinin olmadığı ortadadır. Məhkəmə gəldiyi nəticəni əsaslandıra bilməmişdir, sadəcə olaraq, əsaslandırdığına dair bir görüntü yaratmışdır. Bunu anlamaq elə də çətin deyildir. Məhkəmə qətnaməsi, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının mətnindəki ifadələrin (sözlər, kəlmələrin) təkrarından ibarətdir. Halbuki, Mülki Məcəllənin 673.1.2-ci maddəsi və onun şərhinə dair Plenum qərarının hazırkı mübahisə ilə heç bir əlaqəsi olmadığı yuxarıda ətraflı şəkildə ifadə edilmişdir. Hətta həmin qərara istinad haqlı olmuş olsaydı belə, məhkəmə Qərarın mətnini öz qətnaməsində təkrarlamaqla kifayətlənə bilməzdi. X11 göstərilir ki, “Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir”. Dolayısı ilə, Plenum sadəcə əsas qaydaları müəyyən etdiyini, hər bir işin özünə məxsus cəhətlərinin olduğunu və bunların işə baxan məhkəmələr tərəfindən qüvvədə olan qanunvericiliyə uyğun şəkildə diqqətə alınmalı olduğunu ifadə etmişdir. Birinci instansiya məhkəməsi isə, faktları qiymətləndirmək əvəzinə, Plenum qərarının mətnini öz qətnaməsinə köçürməklə işini bitmiş saymışdır. Məhkəmə qətnaməsinin nəticə hissəsi də anlaşılmazdır. Məhkəmə qət etmişdir ki, “iddiaçının imtinası qəbul edilsin”. Həqiqətən, məhkəmə bununla nə demək istəmişdir?! Bu vəziyyət, aparıl(ma)mış “araşdırma”nın məntiqi nəticəsidir. Başqa sözlə, Məhkəmə nəinki iddianı təmin etməklə maddi hüquq pozuntusuna yol vermiş, həm də, gəldiyi nəticəni prosessual normalar baxımından düzgün şəkildə belə ifadə edə bilməmişdir. Məhkəmə qətnaməsi yalnız birtərəfli qaydada və qərəzli şəkildə tərtib edilmişdir. Bu hal, aparılan araşdırmanın da seyrinin bu yöndə olduğuna dəlalət etməkdədir. Məhkəmə, İddiaçı ailə dəyərlərinə sadiq olan yüksək əxlaqlı bir ailə başçısı olduğunu onun 20 illik arvadı Cavabdeh isbat etməyə çalışmışdır. Halbuki, iddiaçı və cavabdeh arasındakı münasibətlərin kəskinləşməsinin səbəbkarı elə İddiaçı özüdür. Belə ki, İddiaçı Ailə Məcəlləsində nəzərdə tutulmuş vəzifələrini (ilk növbədə də, ailəyə sadəqət vəzifəsini) kobud şəkildə və mütəmadi olaraq pozaraq başqa bir qadınla faktiki olaraq birgə yaşamışdır. Ancaq maraqlısı odur ki, nə məhkəmə, nə iddiaçı özü, nə də ki, iddiaçının diktəsi altında hərəkət etmiş və iş üzrə şahid qismində dindirilmiş oğlu Mirkənan Məmmədov bu halı ailə qanunvericiliyinin və ailə dəyərlərinin kobud pozuntusu olaraq qiymətləndirməmişlər. Belə çıxır ki, İddiaçı ailə münasibətlərinin təməllərini kökündən sarsıdan davranışlara mütəmadi olaraq yol verməsi və faktiki birgə yaşadığı qadından uşağının olması normal bir haldır. Bundan başqa, məhkəmənin bağışlamanın motivini öz qulluq mövqeyindən çıxış edərək əsaslandırma cəhdi də qanunsuzdur. Belə ki, məhkəmə iddiaçının davranışlarının ailəsinin maddi vəziyyəti üzərində mənfi nəticələr doğurması faktını görməzdən gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı özü illər ərzində ər-arvadın birgə mülkiyyətinə daxil olan qazancının kifayət qədər əhəmiyyətli hissəsini arvadının/cavabdehin xəbəri belə olmadan faktiki birgə yaşadığı bir xanımın saxlanmasına xərcləmişdir. Sual odur ki, bağışlamanın motivinin iddiaçının xəyanətinin cavabdehə vurduğu maddi və mənəvi zərərin kompensasiyası ola bilməzdimi? Məhkəmə qətnaməsində göstərilir ki, “Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Sonradan ailə daxili münaqişələr baş vermiş, cavabdeh ilə iddiaçı arasında əmlakların sonuncuya bağışlanacağı təqdirdə boşanmamaq vədi verməklə şifahi olaraq razılığa gəlmişlər. İddiaçı sözügedən əmlakları cavabdehə bağışlasa da, cavabdeh sonradan aralarında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin aralarında olan razılığı pozması əsası ilə məhkəməyə müraciət edərək, bağışladığı əmlaklardan imtinanın qəbul edilməsini xahiş etmişdir”. Məhkəmənin bu qənaəti tamamilə qanunsuz və əsassızdır. Birincisi, tərəflər arasında bağlanmış bağışlama müqavilələri iş materiallarına əlavə edilmişdir. Əgər bu müqavilələr iddiaçının iddia etdiyi kimi, ləğvedici şərtlə bağlanmışdısa, onda bu şərt də, müqavilənin tərkib hissəsi olmalı, yəni həmin müqavilələrdə aydın şəkildə ifadə edilməli idi. Ancaq bağışlama müqavilələrinin məzmununda belə bir şərt nəzərdə tutulmayıb. İkincisi, şahid Mirkənan Məmmədovun ifadəsinin qərəzli olduğu və şahidin iddiaçının diqtəsi altında hərəkət etdiyi ortada ikən məhkəmənin bu ifadəyə tənqidi yanaşmaması düşündürücüdür. Belə ki, şahid deyir ki, “... atası anasını döyməyib, təhqir etməyib. ... Anası atasının qeyri-nikahdan uşağı olacağını əvvəlcədən bilirdi. Bu boşanmağa səbəb deyil...”. Maraqlıdır, şahid M.Məmmədov nəyin boşanma üçün əsas olub-olmadığını necə müəyyən edir? Digər tərəfdən, şahid deyir ki, “Anası şəxsən özü deyib ki, 3 əmlakı da adına keçirsən, boşanmayacaq. Bunu anasından özü soruşmuşdur. Anası bunu ona şəxsən özü deyib. ... Anası atasına hədə-qorxu gəlirdi. Atası da əmlakları anasının adına keçirib. Anası ilə axrıncı dəfə nə vaxt danışıbsa yadında deyil”. Göründüyü kimi, şahid M.Məmmədov öz doğma anası ilə axırıncı dəfə nə vaxt danışdığını xatırlamır, ancaq anasının bağışlama müqavilələri müqabilində iddiaçıdan boşanmayacağını ona dediyini isə, çox aydın xatırlayır. Eyni zamanda, şahidin öz ifadəsində anasının atasına hədə-qorxu gəldiyini dəfələrlə vurğulaması da, onun məhz atasının təsiri altında hərəkət etdiyini bir daha təsdiq edir. Məhkəmə nədənsə, bu hədə-qorxunun nədən ibarət olduğunu şahiddən soruşmamışdır. Üçüncüsü, iddiaçı iddia edir ki, bağışlamadakı məqsəd uşaqların gələcəyinin təminat altına alınması olmuşdur. Əgər həqiqətən də beləydisə, onda həmin əmlaklar niyə tərəflərin uşaqlarına bağışlanmamışdır?! Məhkəmə bu sualı da iddiaçıya verməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

20. Etiraz onunla əsaslandırılmışdır ki, aşağıdakı əsaslı səbəblərə görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Məcəllənin 670.1-ci maddəsində bağıslamanın müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini mümkün saymışdır. Həmin maddəyə uyğun olaraq, bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı omayan şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinin nəticələri Məcəllənin 670.3-cü maddəsi ilə tənzimlənir. İşin araşdırılan hallarına əsasən müəyyən edilir ki, iddiaçı ailə dəyərlərinə sadiq qalaraq, ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailə üzvlərinin ailə qarşılıqlı yardım və məsuliyyətindən çıxış edərək ailə bağlarının daha da möhkəmləndirilməsi üçün ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 0,0143 ha torpaq sahəsinin, ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.08 ha torpaq sahəsinin, ünvan 8 ünvanda yerləşən mənzili nikahda olduqları zaman arvadı Cavabdeh bağışlamışdır. Göründüyü kimi İddiaçı öz arvadına heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi dəyərlər zəminində maddi dəyərləri yüksək olan (təxminən 463.000 manat) əmlakları öz qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əmlakları bağışlamaqla zənginləşdirmiş, bunu isə, ailə hüquq münasibətlərindən irəli gələn ana və arvad olaraq üzərinə düşən öhdəlikləri və vəzifələri, hansı ki, nikah münasibətlərinin qorunub saxlanılmasında, ailədə uşaqların birlikdə vətənə sədaqət ruhunda tərbiyə edilməsi, ailə üzvləri arasında mənəvi bağların güclənməsi ilə şərtləndirilmişdir. Bunun isə sağlam və etibarlı ailə munasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alan sağlam ailə münasibətlərinin kökünü sarsıdan hərəkət edərək, əmlakları qəbul etdikdən qısa müddət sonra nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hədiyyə alan olaraq hədiyə verənin ümidlərini puç edərək, ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobudcasına pozmuş, nəticədə bağışlamanın motivini aradan qaldırmış, bununla da bu hal hədiyyədən imtina üçün əsas yaratmışdır. Qeyd edilməlidir ki, hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün mülki qanunvericilikdə nəzərdə tutulan şərtlərə əməl edilməlidir. Bağışlama müqaviləsinin etibarlılıq şərtlərindən biri kimi hədiyyə verənin iradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi çıxış edir. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb müqavilə azadlığı prinsipindən irəli gəlir. Belə ki, həmin Məcəllənin 673.1-ci maddəsində qeyd edilən bağışlamaqdan imtina müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Ailə institutu fərdin psixi və fiziki cəhətdən sağlam böyüməsi, təhsil alması və gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. Bu istiqamətdə ailənin sosiallaşma (şəxsin cəmiyyətin normalarını, dəyərlərini, davranış modellərini mənimsəməsi), emosional məmnunluq, müdafiə (ailə üzvlərinin fiziki, iqtisadi və psixoloji müdafiəsinin müxtəlif müstəvidə təmin edilməsi), iqtisadi (ailə üzvləri arasında sıx iqtisadi əlaqələrin olması) və s. funksiyalarını qeyd etmək olar. Ailə anlayışı hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə edir. Burada ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunması nəzərdə tutulur. Ailə hüquq münasibətləri ailə qanunvericiliyinin predmeti olmaqla, məzmununu ailə üzvlərinin qarşılıqlı hüquq və öhdəlikləri təşkil edir və bu münasibətlər müəyyən hüquqi faktların baş verməsi ilə (nikaha daxil olma, doğulma və s.) yaranır. Ailə qanunvericiliyi isə Konstitusiyadan, Azərbaycan Respublikasının Ailə Məcəlləsindən, həmin Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir (Ailə Məcəlləsinin 1.1-ci maddəsi). Beləliklə, ailə hüquq münasibətləri dedikdə, ailə üzvləri (ərarvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində müəyyən edilən hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətləri başa düşülür. Ailə hüquq müstəvisində şəxsi qeyri-əmlak münasibətlərinə aşağıdakılar aiddir -nikahın bağlanması və nikaha xitam verilməsi;ailə həyatına aid məsələlərin həlli zamanı ər-arvad arasında yaranan münasibətlər; nikah bağlanarkən və nikah pozulduqdan sonra soyadı seçimi; uşaqların tərbiyəsi və təhsili zamanı valideyn və uşaqların münasibətləri və s. Əmlak münasibətlərinə isə ər-arvadın keçmiş ər-arvadın, valideynlərin və uşaqların aliment öhdəlikləri, onların birgə və şəxs, əmlaka dair münasibətləri və s. aiddir. Aliə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Mülki işin hallarındanda göründüyü kimi, Cavabdeh İddiaçı arvadı olub. 03 avqust 2005-ci il tarixdə nikaha girmişlər, birgə nikahdan 2006-cı il təvəllüdlü X2 və 2008-ci il təvəllüdlü, X3 anadan olmuşdur. Cavabdehlə 2023-cü ilin ortalarında münasibətləri korlandıqdan sonra Məmmədov Günel nikahın pozulmaması üçün İddiaçı təklif etmişdir ki, ona məxsus olan əmlakları onun adına keçirsə onun uşaqları üçün təminat olacaqdır, o, isə əvəzində ailəni qoruyub saxlayacaq, nikahın pozulması halına yol verməyəcəkdir. Aralarında şifahi razılaşma olmuş, bu razılaşma mülki işin materiallarına əlavə edilmiş səs yazılardada öz əksini tapmışdır. Bu səbəbdəndə iddiaçı sağlam və etibarlı ailə münasibətlərinin qorumaq, ailə üzvləri arasında mənəvi bağların güclənməsin naminə ona məxsus əmlakları cavabdehə pay kimi vermişdir. Cavabdeh iddiaçının qeyd olunan saf niyyətindən suiistifadə etmiş, əmlaklar ona bağışlanandan sonra üzərindən qısa bir müddət keçdikdən sonra X10 Rəfailə qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək aralarında olan nikahın pozulmasını israrla istəyərək nikahın pozulması nəticəsinə nail olmuşdur. Həmçinin, X10 Rəfaili ona bağışladığı əmlakda birlikdə yaşamağa imkan verməmiş, daha sonra Məmmədov Günel bağışlanan əmlakları satışa çıxarmaqla Məmmədov Rəfaeli maddi cəhətdən ağır vəziyyətə salmışdır. Həmçinin, tərəflərin birgə nikahından olan övladları da bağışlanmış əmlakların ailə münasibətlərinin qorunub saxlanması üçün bağışlanmasının şahidi olsa da, anası bunun əksinə, ailə dəyərlərini və bütövlüyünü qorumaq əvəzinə boşanmağa üstünlük verdiyini, onun buna şahid olduğunu etiraf etmişdir. odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

21. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, o, nikahın pozulması barədə niyyətini Rəfail Məmmdova bildirərkən, sonuncu ona güvənməsi, ailə münasibətlərinin davam etməsi üçün daşınmaz əmlakları onun adına keçirəcəyini, nikahın pozulmasından imtina etməsini təklif etmiş, o da bu təkliflə razılaşmış, boşanma barədə ərizə ilə müraciət etməmişdir. Lakin sonra Rəfail ona şiddət göstərmiş, o da nikahın pozulması barədə ərizə ilə müraciət etmiş, nikahları pozulmuşdur. O, döyülməsi, şiddət göstərilməsi faktı ilə bağlı heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir.

22. Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

23. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, ailəsinin dağılmaması, cavabdehin ona etibar etməsi, ailə münasibətlərinin davam etməsi, əmlakları üçüncü bir şəxsə verməyəcəyi barədə cavabdeh də inam olması üçün əmlakları cavabdehə bağışlamışdır. Lakin cavabdeh, ailə münasibətlərinin davam etdirilməsi barədə verdiyi vədinə əməl etməyərək, bağışlamadan qısa vaxt sonra nikahın pozulması barədə müraciət etmişdir. O, əmlakları cavabdehə bağlışlayarkən inanmışdır ki, ailə münasibətləri dağılmayacaq, həmin əmlaklar ailədə qalacaqdır.

24. İddiaçının nümayəndələri və vəkilləri Nümayəndə, Vəkil3 hər biri ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(067)- 1657/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Maddə 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Sonradan ailə daxili münaqişələr baş vermiş, cavabdeh əmlakların ona bağışlanacağı təqdirdə boşanmamaq barədə vəd verməklə iddiaçını davamlı, etibarlı ailə münasibətlərinə inandırmışdır. İddiaçı sözügedən əmlakları cavabdehə bağışlasa da, cavabdeh sonradan nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin aralarında olan razılığı pozması əsası ilə məhkəməyə müraciət edərək, bağışladığı əmlaklardan imtinanın qəbul edilməsini xahiş etmişdir.

31. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “bağışlamaqdan imtina” tələbinə dair iddiasının qismən təmin olunması, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 0,0143 ha torpaq sahəsinin, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.08 ha torpaq sahəsinin, ünvan 8 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən Cavabdeh bağışlanmasından imtinasının qəbul olunması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

32. Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(067)-1657/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

35. Məhkəmə kollegiyası qeyd olunan huquq normalarının göstərişi, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı qanuni qətnamə qəbul edilmişdir.

37. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

38. İşin hallarından göründüyü kimi mübahisənin predmetini bağışlama, bağışlamadan imtina, ailə institutu ilə bağlı münasibətlər təşkil edir.

39. Kollegiya ilk növbədə, bağışlama müqaviləsinin, bağışlamadan imtinaya əsas verən halların hüquqi mahiyyəti ilə bağlı aşağıda şərh olunanları qeyd etməyi vacib hesab edir.

40. Bağışlama bir tərəfin, əvəzində heç bir cavab xidməti almadan digərinə maddi neymət verməsini nəzərdə tutur. Hədiyyədən imtina qaydaları onun hansı formada bağlanmasından, məzmunundan və digər amillərdən asılıdır. Hədiyyə aktının ləğvi əmlakın ilk sahibinə qaytarılması ilə bağlı hüquqi prosedurdur.

41. İşin mübahisəsiz hallarına əsasən bağışlma həyata keçirildikdən qısa müddət sonra tərəflər arasından ailə münasibətləri pozulmuş, cavabdeh nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı hüquqlarının pozulduğunu həmin vaxt bildiyinə istinad etmişdir.

42. Məhkəmə kollegiya araşdırılan mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin 673.3-cü maddəsi üzrə qiymətləndirmə aparılmasını zəruri bilir.

43. İş materialları ilə müəyyən edilir ki, bağışlama faktı 11 iyul və 12 iyul 2023-cü il tarixlərdə baş tutmuş, tərəfə (iddiaçıya) nikah pozulmasına dair mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixdə təklif göndərilmiş, tərəflər arasında nikah 31 yanvar 2024-cü il tarixdə məhkəmə qətnaməsinə əsasən pozulmuşdür.

44. İddiaçı 19 aprel 2024-cü il tarixdə ilk əvvəl bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə isə iddia tələbinin dəqiqləşməsinə dair ərizə verərək bağışlamaqdan imtinanın qəbul edilməsinə dair araşdırılan mübahisə ilə məhkəməyə müraciət etmişdir.

45. Məhkəmə kollegiyası Mülki Məcəllənin 673.3-cü maddəsinin tələbi üzrə qiymətləndirmə apararaq hesab edir ki, bağışlama, imtinanın qüvvədə olduğu müddətdə mübahisələndirilmişdir.

46. Qeyd olunmalıdır ki, bağışlamadan imtinanın qanuni əsasları Mülki Məcəllərinin 673-cü maddəsində nəzərdə tutulmuşdur.

47. Məhkəmə kollegiyası Konstitutsiya Məhkəməsinin müvafiq Plenum Qərarına istinadən vurğulamağı zəruri hesab edir ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir.

48. Kollegiya qeyd edir ki, araşdırılan mübahisə üzrə bağışlanan əmlaklarin cavabehin mülkiyyətinə keçməsi faktı olsa da, göründüyü kimi qnunvericilik bağışlamaqdan imtina ilə bağlı mübahisəyə baxılmasının mümkünlüyünü tanımışdır.

49. İddiaçı arvadı olan cavabdehə güvəndiyini, aralarında olan münaqişəyə son qoyulması, ailə münasibətlərinin etibarlı şəkil alması, on səkkiz il davam edən ailə münasibətlərinin dağılmasının qarşısının alınması, ailə bağlarının möhkəmlənməsi niyyəti ilə mübahisə predmetləri olan əmlakları bağışlma müqaviləsi əsasında cavabdehə hədiyyə verdiyini bildirmişdir.

50. İddiaçı bildirdi ki, cavabdeh əmlakların ona bağışlanacağı halda ailə münasibətlərinə xitam vermək niyyətindən daşınacağını vəd etmişdir.

51. Kollegiya ilk əvvəl qeyd edir ki, belə bir vədin verilməsi və bu vədlə müqavilənin bağlanması özlüyündə etibarsız şərtdir, ailə qanunvericiliyinin prinsiplərinə ziddir.

52. Belə ki, Ailə qanunvericiliyinə əsasən ailə münasibətləri qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulur.

53. Bu baxımdan qeyd olunmalıdır ki, tərəflərdən hər hansı biri nikah münasibətlərində məcburi saxlanıla bilməz, könüllülük hüququnun məhdudlaşdırılması yolverilməzdir.

54. Lakin bununla yanaşı qeyd olunmalıdır ki, işin faktiki halları bunu deməyə əsas verir ki, iddiaçı bağışlamanı həyata keçirərkən ümid etmişdir ki, bağışlanan əmlaklar arvadına məxsus olacaqdır, ər-arvaddan kimin adına qeydə alınmasından asılı olmayaraq ümumi ailə təsərrüfatında qalacaqdır. Yəni ki, iddiaçınin bağışlamanı həyata keçirməkdə iradə ifadəsi və həqiqi niyyəti əmlakı ailəsi olan şəxsə, yəni arvadına bağışlmaq, əmlakların ümumi ailə təsərrüfatına xidmət etməsi olmuşdur.

55. Məhkəmə kollegiyası araşdırması zamanı dindirilən cavabdeh bildirdi ki, iddiaçının əmlakları bağışlayacağı müqabilində boşanmamasına dair təklifi ilə razılaşmış, əgər əmlaklar bağışlanarsa boşanmayacağını bildirmiş, bundan sonra əmlaklar ona bağışlanmışdır.

56. Cavabdeh həmçinin bildirdi ki, iddiaçı ona fiziki zor işlətmiş, şiddət göstərmiş, ona görə də o, nikahın pozulması barədə iddia qaldırmışdır. İddiaçının bu hərəkətləri barədə heç bir orqana şikayəti olmamışdır.

57. Cavabdeh eləcə də göstərdi ki, ailə münasibələri pozulan vaxtadək, on səkkiz birlikdə yaşadıqları müddətdə iddiaçı tərəfindən ona əmlak bağışlanmasına dair heç bir söhbətləri, təklif olmamışdır.

58. Kollegiya işin obyektiv həlli baxımından oun da vurğulağamağı zəruri bilir ki, araşdırılan mübahisədən görünür ki, tərəflər arasında kəskin münasibətlər olmuşdur. Tərəflər arasında münasibətlərin kəskinləşməsinə səbəb iddiaçı – İddiaçı nikahdan kənar digər bir qadınla faktiki ər-arvad münasibətlərində olması və bu münasibətdən övladının olması olmuşdur. Qeyd olunan bu hal cavabdeh tərəfindən qəbul edilməmiş, narazılıq yaratmış, cavabdehin iddiaçıya olan güvənini sarsıtmışdır. Bununla yanaşı göründüyü kimi iddiaçı ailəsinin dağılmasını istəməmiş, cavabdehin ona güvənib etibar etməsi, ailəyə məxsus olan əmlakların digər şəxsə verilməcəyinə inanması, on səkkil il davam edən ailə bağlarının yenidən möhkəmlənməsi, ailə münasibətlərinin qorunması üçün bu bağışlamanı həyata keçirmiş, cavabdehin də ailə münasibətlərini davam etdirəcəyinə inanmışdır.

59. Mülki Məcəllənin 673-cü maddəsində bağışlamaqdan imtinanın əsaslarından biri olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması göstərilmişdir.

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 26 aprel 2024-cü il tarixli qərarında Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan bağışlamaqdan imtina halı ilə bağlı xüsusilə ailə və ailə hüquq münasibətləri anlayışlarına aydınlıq gətirərək göstərmişdir ki, ailə hüquq münasibətləri dedikdə, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində müəyyən edilən hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətləri başa düşülür.

61. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Əmlak münasibətlərinə ər-arvadın, keçmiş ər-arvadın, valideynlərin və uşaqların aliment öhdəlikləri, onların birgə və şəxsi əmlaka dair münasibətləri və s. aiddir.

62. Plenum göstərmişdir ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.

63. Konstitusiya Məhkəməsinin Plenum vurğulamışdır ki, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.

64. Şərh olunan hüquq mövqe üzrə qiymətləndirmə apararaq məhkəmə kolleyiası hesab edir ki, işin müəyyən edilmiş faktiki halları cavabdeh tərəfindən ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması qənaitinə gəlməyə əsas verir.

65. Cavabdeh tərəfindən ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması dedikdə kollegiya vurğulağamı lazım bilir ki, bu fakt özünü boşanma ilə bağlı vədin verilməsində göstərmir. Yuxarıda qeyd olunduğu kimi ailə qadın və kişinin könüllü nikah ittifaqıdır, könüllülük prinsipi heç bir halda məhdudlaşdırıla bilməz.

66. Kollegiyanın qənatincə cavabdeh tərəfindən ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması araşdırılan mübahisə üzrə cavabdehin etibarlı ailə bağlarının davam edəcəyinə, ailə üzvü olaraq qalacağına iddiaçını inandırmaqda özünü göstərir. İddiaçının niyyəti ailəni qoruyub saxlamaq olmaqla, eyni əxlaqi münasibətə inanmış və hədiyyə vermişdir.

67. Kollegiya hesab edir ki, cavabdeh ailə münasibətlərinin davam edəcəyinə iddiaçını inandırmaqla ailə münasibətlərini sarsıdan hərəkətlərə yol vermişdir. Yuxarıda göstərilən hüquqi mövqedən çıxış edərək kollegiya hesab edir ki, bu hal hədiyyədən imtina üçün əsas kimi qəbul edilməlidir.

68. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara əsasən araşıdırılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(067)-1657/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar