Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1608/2025 22.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Açar söz: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2630/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 1900 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, həmçinin onun tərəfindən ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus olan mağazadan xx.xx.2011-ci il tarixdə ümumi dəyəri 2000 manat olan “İphone 11” markalı mobil telefonu nisyə olaraq almışdır. O, xx.xx.2022-ci il tarixinə kimi telefonun dəyərini tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə kimi o, cəmi 100 manat ödəniş etmişdir. Belə ki, o, 2022-ci ilin yanvar ayında 50 manat, 2024-cü ilin yanvar ayında isə 50 manat ödəniş etmişdir. Hazırda onun 1900 manat borcu vardır. Dəfələrlə müraciət etsə də cavabdeh borcunu ödəməmişdir. Bildirir ki, o, ona məxsus mağazadan 2000 manat dəyərində olan “İphone 11” markalı mobil telefonu nisyə olaraq aldığını öz xətti ilə əlyazma yazaraq təsdiq etmişdir. Ona görə də hesab edir ki, 1900 manat pul və dövlət rüsumu kimi olaraq ödədiyi 39 manat pul cavabdehdən alınıb ona verilməlidir.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2630/2025 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilərək, Cavabdeh 1900 manat borc və ödənilmiş 39 manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixində iddiaçıdan aldığı 2000 manatlıq “İphone 11” markalı telefona görə həmin məbləğdə pulu xx.xx.2022-ci il tarixə kimi qaytaracağı barədə öhdəlik götürmüşdür. Lakin həmin məbləğdən sadəcə 100 manat ödəniş etmişdir. Məhkəmə, cavabdehin iddiaçıya 1900 manat qaytarmaq öhdəliyinin onlar arasında yazılı iltizamın mövcudluğunu nəzərə alaraq, cavabdehin etirazının əsasları sübut olunmadığından iddia tələbini əsaslı hesab edərək, təmin edilməsi qənaətinə gəlir. Məhkəmə həmçinin cavabdehin iltizamı hər hansı təsir və ya məbləğin ödənildiyi və sair mülhaizələrini, yalnız üzərinə götürdüyü öhdəlikdən yayınmaq xarakteri daşıdığını, yəni qeyd etdiyi xüsusatlarla bağlı, ödənişi tam ödəməsinə dair sübut təqdim etədiyindən əsassız hesab etmişdir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1 567 və 601-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(060)-2630/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2-ci qrup Qarabağ müharibəsi əlili olmaqla, baş-beyin travması keçirmiş və hazırda daimi müalicə alır. İddiaçı ilə aralarında mobil telefon alqı-satqısı olmuşdur. Ondan cəmi 600 manat dəyərində iki ədəd ikinci əl telefon almış və bu məbləği də hissə-hissə ödəməyə başlamışdır. Ödənişləri mağazada qeyd edilmişdir. Hazırda yalnız 100 manat borcu qalmışdır və onu da ödəməyə tam hazır olduğunu məhkəmədə bildirmişdir. Lakin iddiaçı məhkəməyə müraciət edərək, guya ondan 2000 manat dəyərində “İphone 11” markalı telefon aldığını və bu günə kimi yalnız 100 manat ödədiyini iddia etmişdir. Halbuki, heç vaxt İphone markalı telefon istifadə etməmişdir. İddiaçı xəstəliyi, əlilliyi və həmin gün dərman preparatlarının təsiri altında olduğunu görərək, aldatma yolu ilə saxta “iltizam” yazdırmağa məcbur etmişdir. Bu iltizam əsasında əsassız şəkildə iddia qaldırılmışdır. Məhkəmə baxışı zamanı dəfələrlə yalnız 100 manatlıq borcu qaldığını və digər hissəsini ödəyib qurtarmasını bildirmişdir. Lakin, məhkəmə onun izahatlarını və təqdim etdiyi faktiki halları nəzərə almadan, yalnız iddiaçının təqdim etdiyi “iltizam” əsasında qətnamə çıxarmışdır. Halbuki, iddiaçının öz ərizəsində də ziddiyyətlər vardır. Bir yerdə guya yalnız bir telefon aldığını, digər yerdə isə borcun çox olduğunu göstərmişdir. Bu fakt özü iddia tələbinin etibarsız olduğunu sübut edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, o, iddiaçıdan iki telefon almış və həmin telefonların da dəyərini ödəmişdir. Onun iddiaçıya cəmi 100 manat borcu qalmışdır. İş materiallarında olan iltizamı da dərman vasitəsinin təsiri altında yazmışdır. Belə ki, müharibə əlili olmaqla, baş-beyin travması keçirmiş və bu xəstəliyinə görə ona güclü ağrı kəsici dərmalar vurulmuşdur. İltizamı yazan gün evdə olmuş, iddiaçı ona zəng vurmuş və 100 maant borcunu istəmiş, o da iddiaçıya hazırda iynə vurdurduğunu və halının yaxşı olmadığını bildirmişdir. Buna baxmayaraq maşınla iddiaçı onun evinə gəlmiş və onu maşını ilə yadında qaldığına görə notariusa getmişlər. Lakin, notarius onun halının yaxşı olmadığını görüb əməliyyat aparmaqdan imtina etmişdir. Bundan sonrasını xatırlamır. Belə ki, həmin iynə vurulduğu vaxt o, yuxulu və bir çox vəziyyəti dərk etmək qabiliyyətində olmur. İddiaçı da onun bu vəziyyətindən istifadə edərək, iltizama imza elətdirmişdir. Sabahısı iddiaçı ona zəng vuraraq, ondan İphone markalı telefona görə iltizam aldığını bildirmişdir. İddiaçıdan iki ədəd işlənmiş telefon almış, lakin həmin telefonların markasını xatırlamır. İddiaçı onun veteran vəsiqəsini və pasportunu da cibindən götürmüşdür. Hesab edir ki, 100 manat borcunu ödəmədiyi üçün iddiaçı faiz qismində 1900 manatlıq telefon alması barədə iltizamı ona imzalatdırmışdır. Ödənişləri iddiaçı öz jurnalında qeyd etmiş, ona ödəniş qəbzi verməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2021-ci il tarixli müqavilədən görünür ki, X1 Elxan RÖvşən oğlundan ümumi dəyəri 2000 manat olan “İphone 11” markalı telefonu nisyə almış və dəyərini xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi ödəyəcəyini öz öhdəsinə götürmüşdür.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.3. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570.1.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
14. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
15. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2630/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2630/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında dəyəri 2000 manat olan İphone 11 markalı telefonun nisyə alqı-satqısına dair yazılı müqavilənin bağlanması və həmin müqavilə üzrə telefonun dəyərinin xx.xx.2022-ci il tarixinə kimi cavabdeh tərəfindən ödənilməsinə dair öhdəliyin götürülməsi təsdiq olunsa da cavabdeh həmin müqavilənin bağlandığı zamanı müvəqqəti psixi pozuntu vəziyyətində olduğunu və öz hərəkətlərinin mənasını başa düşmədiyini iddia etmiş, lakin buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.
18. Cavabdeh iddia ərizəsində ziddiyyətlərin olduğunu iddia etsə də iddia ərizəsində hər hansı bir ziddiyətin olması da müəyyən edilməməkdədir.
19. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2630/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2630/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.