Məhkəmə qərarları › İş №2(105)-1609/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1609/2025

24.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1609/2025 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh X4 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh X4 qarşı öhdəlik üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2023-cü il tarixli, B-***-SA-23 saylı avtomobil alğı-satqısı üzrə müqaviləyə əsasən İddiaçı MMC modeli “Skoda Kamiq 1.6 MPİ”, buraxılış ili 2023 olan avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcı X4 istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 70.810 (yetmiş min səkkiz yüz on) manat müəyyən edilir. Tərəflərin razılığı ilə ilkin ödəniş 4.390 (dörd min üç doxsan) manat müəyyən edilir. Qalıq borc sayılacaq 66.420 (altmış altı min dörd yüz iyirmi) manat məbləği isə alıcı ##.##.2023-cü il tarixindən etibarən 60 ay müddətinə, ayda 1.107 (bir min yüz yeddi) manat ödəməyi satıcı qarşısında öz öhdəsinə götürmüşdür.

2. İş materiallarına əlavə edilmiş kassa mədaxil orderlərindən görünür ki, X4 tərəfindən İddiaçı MMC-yə ##.##.2023-cü il tarixdə 4.390 (dörd min üç yüz doxsan) manat, ##.##.2023cü il tarixdə 1.107 (bir min yüz yeddi) manat, ##.##.2023-cü il tarixdə 1.107 (bir min yüz yeddi) manat, ##.##.2023-cü il tarixdə 800 (səkkiz yüz) manat və ##.##.2024-cü il tarixdə 2.180 (iki min yüz səksən) manat ödənişlər edilmişdir.

3. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, X4 ##.##.2023-cü il tarixli, B- ***-SA-23 saylı müqavilə üzrə İddiaçı MMC-yə 60.879 (altmış min səkkiz yüz yetmiş doqquz) manat qalıq borcu, ##.##.2024-cü il tarixi üçün gecikdirilmiş məbləğ 3.355 (üç min üç yüz əlli beş) manat, cərimə məbləği 1.587 (bir min beş yüz səksən yeddi) manatdır.

4. İş materiallarından görünür ki, İddiaçı MMC-nin ##.##.2024-cü il tarixli təmir aktına əsasən “Skoda Kamiq” markalı, **AU*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli ehtiyat hissələrinin və görüləcək işlərin ƏDV daxil olmaqla qiyməti 5055,94 (beş min əlli beş manat, doxsan dörd qəpik) manat təşkil edir.

5. ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən İddiaçı MMC tərəfində X4 borcu barədə məlumatlandırılmış və ##.##.2024-cü il tarixdən etibarən ##.##.2023-cü il tarixli, B-***-SA-23 saylı “avtomobil alqı-satqısı” üzrə müqaviləyə tərəflərindən birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir.

6. İş materiallarından görünür ki, İddiaçı MMC-nin ##.##.2024-cü il tarixli icra edilmiş xidmətlərə dair aktına əsasən “Skoda Kamiq” markalı, **AU*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli ehtiyat hissələrinin və görüləcək işlərin ƏDV daxil olmaqla qiyməti 1351,98 (bir min üç yüz əlli bir manat doxsan səkkiz qəpik) manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı İddiaçı MMC cavabdeh X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.355 (üç min üç yüz əlli beş) manat əsas borc, 1.587 (bir min beç yüz səksən yeddi) manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 5.055,94 (beş min əlli beş manat, doxsan dörd qəpik) manat olmaqla, ümumilikdə 9.997,94 (doqquz min doqquz yüz doxsan yeddi manat soxsan dörd qəpik) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC və cavabdeh Cavabdeh arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil alğı-satqısına dair ##.##.2023-cü il tarixli, B-***-SA-23 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 70810 manat müəyyən edilən “Skoda Kamiq 1.6 MPİ” markalı, buraxılış ili 2023 olan (VİN:TMBGC6NW0P3124736), yeni və yürüşü 0 km olan avtonəqliyyat vasitəsini satıcı tərəfindən alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh tərəfindən 4.390 (dörd min üç yüz doxsan) manat ilkin ödəniş edilmiş və ödənilməli olan qalıq borc sayılacaq 66.420 (altmış altı min dörd yüz iyirmi) manat ##.##.2023-cü il tarixindən etibarən 60 ay müddətinə, ayda 1.107 (bir min yüz yeddi) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmiş, yəni ##.##.2023-cü və ##.##.2024-cü tarixlərində edilməli olan ödənişləri ##.##.2024-cü il tarixində ödədikdən sonra heç bir aylıq ödəniş etməmiş, sonrakı ayların gecikmələri barədə əməkdaşlar tərəfindən cavabdehlə şifahi danışıqlar aparılsa da, həmçinin cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh sonrakı ayların ödənişindən boyun qaçırmışdır. Öhdəliklərini icra etməməsi səbəbindən cavabdehə “Skoda Kamiq 1.6 MPİ” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş, ##.##.2024-cü il tarixində X1 tərəfindən saxlanılmış və duracağa yerləşdirilmiş nəqliyyat vasitəsi tərəflərindən geri götürülmüşdür. Bununla bağlı cavabdeh Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliyinə geri qaytarıldığı tarixlə birlikdə üç ay müddətdə iddiaçıya ödəməli olduğu məbləğləri gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən ##.##.2024-cü il tarixli məktubu ilə müqavilənin 3.2.6-cı bəndinə əsasən ##.##.2023-cü il tarixli, B-***-SA-23 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra ##.##.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzinə gətirilmiş, avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün, eyni zamanda avtomobilin cavabdeh tərəfindən istismarı zamanı avtomobilə vurulmuş zərər nəticəsində (mülki hüquqi delikt) təmir xərci 5.055 (beş min əlli beş) manat müəyyən edilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində İddiaçı MMC-yə real zərər dəymişdir. Eyni zamanda baxış aktı ilə avtomobilin yürüşü müəyyən edilmiş və faktiki vəziyyəti nəzərə alınmaqla avtomobilin ilinə, yürüşünə (31998 km) və bazar qiymətlərinə uyğun olaraq 25% dəyərdən düşmüşdür. Bu zərər məbləği isə 10.975 (on min doqquz yüz yetmiş beş) manat təşkil edir. Eyni zamanda cavabdeh tərəfindən gecikdirmələr də nəzərə alınmaqla ödənişin edildiyi son tarix olan ##.##.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü ##.##.2024-cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi qalmaqla 3.355 (üç min üz yüz əlli beş) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 1.587 (bir min beş yüz səksən yeddi) manat məbləğində dəbbə pulu yaranmışdır. Beləliklə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində İddiaçı MMC-yə ümumilikdə 9997,94 (doqquz min doqquz yüz doxsan yeddi manat doxsan dörd qəpik) manat miqdarında zərər dəymişdir. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin edilən müraciətlərə qarşı tərəfdən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli, B***-SA-** saylı müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən “Alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq “Satıcı”ya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

9. İddiaçının nümayəndəsi ##.##.2025-ci il tarixdə iddia həcminin azaldılmasına dair ərizəsi ilə müraciət edərək, cavabdehdən 3.355 (üç min üç yüz əlli beş) manat əsas borc, 1587 (bir min beş yüz səksən yeddi) manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 4029 (dörd min iyirmi doqquz) manat olmaqla, ümumilikdə 8971 (səkkiz min doqquz yüz yetmiş bir) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflərindən təqdim edilən baxış aktında qeyd edilən və sifariş edilməli olan pultun cavabdeh tərəfindən sifarişlərindən əvvəl qaytarıldığını nəzərə alaraq, iddia tələbində hesabladıqları 5055,94 (beş min əlli beş) manat zərərin 4029 (dörd min iyirmi doqquz) manata endirilməsi, bu ərizəyə əlavə etdiyi icra edilmiş xidmətlərə dair aktın sübut olaraq qəbul edilməsi, iddianın qalan hissəsinin isə olduğu kimi saxlanılmasını xahiş etmişdir.

10. İddiaçının nümayəndəsi məhkəməyə ##.##.2025-ci il tarixdə iddia həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, cavabdehdən 3.316 (üç min üç yüz on altı) manat əsas borc, 1.587 (bir min beş yüz səksən yeddi) manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 1.352 (bir min üç yüz əlli iki) manat olmaqla ümumilikdə 6255 (altı min iki yüz əlli beş) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflərindən təqdim edilən icra edilmiş xidmətlərə dair akta əsasən avtomobilin əvvəlki vəziyyətə gətirilməsi üçün 1.352 (bir min üç yüz əlli iki) manat məbləğin tələb olaraq saxlanmasını məqsədəuyğun hesab edirlər. Belə ki, tələbdə qoyulan ön sol faranın zədələnməsinin cavabdeh tərəfindən törədildiyinə dair sübutlar yetərli deyildir. Eyni zamanda məhkəməyə təqdim edilən ekspertiza rəyinə əsasən ekspert tərəfindən daha dəqiq tədqiq edilmiş əsas borcun da yuvarlaq olaraq 3.316 (üç min üç yüz on altı) manata azaldılmasını məqsədəuyğun hesab edirlər.

11. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, əsas borcla razı deyillər. Müqaviləyə əsasən cavabdeh tərəfindən ödənişlər edilmişdir. Əsas borcu qəbul etmədiklərinə görə cəriməni də əsassız sayırlar. Avtomobilin təmir xərclərinə görə iddiaçı tərəf tərtib olunmuş aktın bir hissəsini qəbul edib, digərini inkar etdiyinə görə onun əsaslı akt olması şübhə yaradır. Onlar məhkəməyə edilmiş təmir xərclərinə dair qəbz təqdim etməli idilər. Bu hissəni də qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

12. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyinə görə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən ##.##.2023-cü il tarixli, B-***-SA-23 saylı avtomobil alğı-satqı müqaviləsi üzrə X4 ##.##.2024-cü il tarixə İddiaçı MMC-yə olan borcunun məbləği əsas borc üzrə 3.315,88 (üç min üç yüz on beş manat səksən səkkiz qəpik) manat, cərimə borcu üzrə 1.587 (bir min beş yüz səksən yeddi) manat təşkil edir.

13. Qubadlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Ramiz Quliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X4 3.316 (üç min üç yüz on altı) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu, real zərər olaraq avtomobilin təmir xərci üçün 1.352 (bir min üç yüz əlli iki) manat, cəmi 4.768 (dörd min yeddi yüz altmış səkkiz) manat və 67,68 (altmış yeddi manat altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub iddiaçı İddiaçı MMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 52,32 (əlli iki manat otuz iki qəpik) manat hissəsinin iddiaçının özünə aid edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X4 tərəfindən İddiaçı MMC-yə ##.##.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən ilkin olaraq 4.390 (dörd min üç yüz doxsan), ##.##.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən 1-ci ay üzrə 1.107 (bir min yüz yeddi) manat, ##.##.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən 2-ci ay üzrə 1.107 (bir min yüz yeddi)manat, ##.##.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən aylıq ödənişi üzrə 800 (səkkiz yüz) manat və ##.##.2024-cü il tarixli kassa mədaxil orderinə əsasən aylıq ödənişi üzrə 2.180 (iki min yüz səksən) manat ödənişlər edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini qismən icra etmiş və ödənişləri etmişdir. Daha sonra ödənişlər ödəyə bilmədiyi üçün avtomaşını təhvil vermişdir. Ona görə də cavabdehin əsas borc üzrə iddiaçıya hər hansı borcu yoxdur. Çünki iddiaçı avtomobili dəyərindən daha da artıq məbləğə satmış və pul vəsaitini əldə etmişdir. Hazırkı vəziyyətdə əsas borca görə iddiaçı tərəfindən pul tələb olunması əsassız və qanunsuzdur. Cərimə borcunu da qəbul etmir. Çünki hesab edir ki, əsas borc üzrə borc yoxdur deyə cərimə borcu da əsassız olaraq tutulmuşdur. Avtomobilin təmir xərci üçün 1352 manata gəlincə isə iddiaçı tərəf tərtib olunmuş aktın bir hissəsini qəbul edib, digərini inkar etdiyinə görə onun əsaslı akt olması şübhə yaradır. Çəkilən xərclərlə bağlı ödəniş qəbzləri məhkəməyə təqdim olunmayıb və bu da iddia tələbinin rəddi üçün əsasdır. Təqdim olunmuş akt mötəbər sübut kimi qəbul oluna bilməz. Hazırkı vəziyyətdə iddiaçı hüquqdan sui-istifadə edərək, əsassız olaraq varlanmışdır. Hüquqdan sui-istifadə isə yolverilməzdir. Ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə İlham oğlu apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri (...) 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

21. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (...) 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

29. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. İş materiallarından görünür ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh X4 arasında bağlanmış ##.##.2023-cü il tarixli, B-***-SA-23 saylı avtomobil alğı-satqı müqaviləsinə əsasən cavabdeh “Skoda Kamiq 1.6 MPİ”, buraxılış ili 2023 olan avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcı X4 istifadəsinə verməyini, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür.

36. Avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 70.810 (yetmiş min səkkiz yüz on) manat müəyyən edilmiş, ilkin ödəniş 4.390 (dörd min üç doxsan) manat olmaqla, qalıq borc sayılan 66.420 (altmış altı min dörd yüz iyirmi) manat məbləği isə alıcı ##.##.2023-cü il tarixindən etibarən 60 ay müddətinə, ayda 1.107 (bir min yüz yeddi) manat ödəməyi öhdəsinə götürsə də, cavabdeh alğı-satqı müqaviləsi üzrə ödənişləri sonuncu dəfə ##.##.2024-cü il tarixdə etsə də, sonradan ödənişləri dayandırmışdır. “Skoda Kamiq 1.6 MPİ” markalı avtomobil ##.##.2024-cü il tarixdə X1 tərəfindən saxlanılaraq duracağa yerləşdirilmiş və İddiaçı MMC tərəfindən geri götürülmüşdür.

37. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyinə görə iş materiallarında olan sənədlərə əsasən ##.##.2023-cü il tarixli, B-***-SA-23 saylı avtomobil alğı-satqı müqaviləsi üzrə X4 ##.##.2024-cü il tarixə İddiaçı MMC-yə olan borcunun məbləği əsas borc üzrə 3.315,88 (üç min üç yüz on beş manat səksən səkkiz qəpik) manat, cərimə borcu üzrə 1.587 (bir min beş yüz səksən yeddi) manat təşkil edir.

38. Kollegiya apellyasiya şikayətinin borcun məbləğı ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh ondan tələb edilən əsas və cərimə borcunun düzgün hesablanmamasına dair heç bir mötəbər sübut təqdim etməmişdir.

39. Kollegiya apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, tərəflər arasında mövcud mübahisə üzrə düzgün nəticəyə gəlinməsini təmin etmək məqsədi ilə ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

40. Mərkəzi Ekspertiza Bürosu tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş mütəxəssis rəyində qeyd olunur ki, Mərkəzi Ekspertiza Bürosunun mütəxəssisləri tərəfindən aparılmış araşdırmalar və təhlillərə əsasən “Skoda Kamiq” markalı, **AU*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün tələb olunan xərclər iş materiallarında olan ##.##.2024-cü il tarixli icra edilmiş xidmətlərə dair aktda göstərilən məbləğ: 1351,98 (bir min üç yüz əlli bir manat doxsan səkkiz qəpik) manatdır. Qüsur aktında avtomaşının təmiri üçün tələb olunan xərclər siyahısında göstərilən ehtiyyat hissələrinin və təmir xərclərinin dəyəri həmin vaxt bazar qiymətlərinə uyğundur.

41. Məhkəmə kollegiyası vurulmuş zərərin miqdarı və borcun məbləği ilə bağlı ekspert rəylərini Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qəbul edir.

42. Kollegiya birinci instaniya məhkəməsinin iş üzrə hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdehdən 3.316 (üç min üç yüz on altı) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu, real zərər olaraq avtomobilin təmir xərci üçün 1.352 (bir min üç yüz əlli iki) manat, cəmi 4.768 (dörd min yeddi yüz altmış səkkiz) manat pul tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.

43. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

45. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

46. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar