Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1616/2021 17.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Cavabdehin nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia ərizəsinin təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1319 A saylı bağ evinə hesablanmış 1496 (bir min dörd yüz doxsan altı) manat 02 (iki) qəpik məbləğində borcun silinməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus Novxanı bağ massivində yerləşən 1319A-da əsassız olaraq hesablanmış 1496,02 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1319 A nömrəli bağ evi onun mülkiyyətindədir. Cavabdeh tərəfindən illər üzrə “su təchizatı xidmətləri”nə görə 03.09.2020-ci il tarixə 1496,02 (min dörd yüz doxsan altı manat, iki qəpik) manat borcun olması bildirilmişdir. Ona məxsus bağ sahəsində “su təchizatı xidmətlərinə görə” 01.01.2002-ci il tarixdə kod açılmış və yaşayış olmadığı halda 2 nəfər ailə tərkibinə və 12 sot torpaq sahəsinə görə hesabat aparılmışdır. Cavabdehin nümayəndələri tərəfindən bağ evinə su sayğacı quraşdırılmamışdır. Cavabdeh ASC “Abşeron Sukanal” İdarəsi əsassız olaraq 2 nəfərə və 12 sot torpaq sahəsinə görə su pulu hesablamışdır. Bağ evində yaşayış olmadığından tərəflərindən “su təchizatı xidmətləri”nə görə ödəniş olmamışdır. Hal-hazırkı vaxta 1496,02 (min dörd yüz doxsan altı manat, iki qəpik) manat borc yaranmışdır. Yaranmış əsassız borc kod açılan ildən yəni, 01.01.2002-ci il tarixdən bu günə qədər 2 nəfər ailə tərkibinə və 12 sot torpaq sahəsinə görə hesablanmışdır. Cavabdehin nümayəndələrindən əsassız hesablanmış borcun silinməsini tələb etsə də, cavabdeh borcu silməkdən imtina etmiş, hesablanmış borcu ödəməyini tələb edir. Hesab edir ki, Cavabdeh ASC “Bağlar Sukanal” İdarəsinin ona məxsus bağ evinə 01.01.2002-ci il tarixdən bu günkü tarixədək su pulunu ödənilməsini tələb etmək hüququ yoxdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi F.Kazımov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1319 A nömrəli bağ evi Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi 01.01.2002-ci il tarixdən İddiaçı adına bağlanmış müqavilə (№********) ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Hal-hazırda 22.09.2020-ci İİ tarixə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadəyə görə 1496 manat 02 qəpik borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh ASC-nin əsassız olaraq su pulu hesablaması olmuşdur. İddiaçıya məxsus ünvanda hesabat 01.01.2002-ci il tarixdən 2 nəfər ailə tərkibinə görə kimi normativ qaydada aparılmışdır. Cavabdeh ASC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildirişxəbərdarlıq göndərilir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Mübahisəli borc məbləğinin yaranacağı dövrdən su təchizatı müəssisəsi tərəfindən vətəndaşa göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq vergi (ədv) ödənilmişdir. Odur ki, sözü gedən borcun silinməsi Cəmiyyətin maliyyə vəziyyətinə mənfi təsir göstərməklə abonentlərin qanunvericiliklə nəzərdə tutulmuş öhdəliyini vaxtında icra etməməsi və işə baxan məhkəmələr tərəfindən eyni məzmunlu iddia tələblərinin təmin edilməsi vətəndaşlar arasında qanunun tələbinə riayət edilməsi istiqamətində hüquq düşüncəsinin formalaşmasına imkan yaratmayacaqdır. Məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 2(060)-5398/2020 saylı qətnaməsini ləğv edərək, iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi G.F.Cəfərova apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona uyğun izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı məhkəməyə ərizə göndərərək, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, işə onun iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi F.Kazımovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 25.16 kv.m yaşayış, 30.4 kv.m köməkçi sahədən ibarət 1319A nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə A.V.Həsənovanın adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan “Abonent kartından” görünür ki, Sədaqət Əsədovanın istifadəsində olan Abşeron rayonu, Novxanı Bağları 5, ev 150-yə 2016-2020-ci il üzrə 1496,02 manat borc hesablanmışdır. İşə əlavə olan Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsi Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı məhəllə komitəsinin 25.11.2020-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 1319 A saylı Novxanı bağ evində 2004-cü ildən 2020-ci ilin sentyabr ayına kimi yaşayış olmamışdır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşarı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 7.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini su təchizatı və kanalizasiya müəssisəsi ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh göstərilən borcun yaranma mənbəyi kimi özünün birtərəfli qaydada tərtib etdiyi “Abonent haqqında məlumat”a əsaslanır. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Cavabdeh tərəf dəlillərinin əsaslı və iddianın əsası kimi istinad edilən halların əsassız olmasına dair heç bir sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsi Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı məhəllə komitəsinin 25.11.2020-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 1319 A saylı Novxanı bağ evində 2004-cü ildən 2020-ci ilin sentyabr ayına kimi yaşayış olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, yaşayış olmayan yaşayış sahəsinə cavabdeh tərəfindən hər hansı bir borcun hesablanması qanunsuzdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi Faiq Kazımovun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 01 dekabr 2020-ci il tarixli 2(060)- 5398/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1616/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1616/2021
17.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver