Məhkəmə qərarları › İş №2(105)-1620/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1620/2021

18.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1620/2021 18.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(060)-5851/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(060)-5851/2020 saylı qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın təmin edilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 5a saylı yataqxananın 43 saylı otağına hesablanmış 1006 manat məbləğində borcun silinməsi qət edilmişdir. Qətnamədən Cavabdeh ASC apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən verilmiş borc qəbzinin ləğv edilməsi və əsassız hesablanmış borcun tamamilə silinməsi barədə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlara məxsus olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 5a saylı yataqxananın 43 saylı otağında 10 ildən artıqdır ki, heç bir yaşayış yoxdur. 1 saylı Mənzil Kommunal Sahəsi də imza ilə təsdiq edib ki, həqiqətən də, bu mənzildə 10 ildən artıqdır ki, yaşayış olmamışdır. Lakin qeyd etdiyi ünvana cavabdeh tərəfindən 1006 manat məbləğində borc hesablanmışdır. Bu borc əsassız hesablanmışdır və buna görə də iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olunmasına baxmayaraq qanunsuz qətnamə ilə bu tələb təmin edilmişdir. İddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsinin qısa məzmunundan göründüyü kimi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin onlara aid olması iddia edilir, lakin həmin mənzildə heç kimin yaşamadığı və özünün qeydiyyatının da tamam başqa ünvan üzrə olduğu qeyd edilir. Mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna daxildir. Bundan başqa, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ASC-nin abonent bazasında həmin yaşayış sahəsi üzrə su və kanalizasiya xidmətlərindən istifadə edən abonent kimi Qasımov Gündüz Nəzər oğlunun (iddiaçının mərhum atası) adına qeydə alınmışdır. Eləcə də, işə baxan məhkəmə MPM-nin 54.1-ci maddəsinin tələbləri baxımından iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsinə baxmalı olduğu halda, bunu etməmiş və iddianı təmin etməklə yuxarıda sadalanan normanın tələbərini pozaraq yanlış nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, X2 hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki o, mübahisəli mənzil üzrə qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, ümumiyyətlə sözügedən mənzilin hər hansı hüquqla ona məxsusluğu müəyyən edilməmişdir. Uzun müddət ərzində isteklakçı tərəfindən həmin ünvanda ailə tərkibini, eləcədə mənzildə yaşayışın olmamasını təsdiq edən arayış təchizatçı müəssisə olan “Sumqayıt Sukanal” İdarəsinə təqdim edilməmiş və belə olan halda düzgün olaraq qeyd olunan ünvanda su təchizatı və tullantı sularına görə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılmışdır. Belə olan halda, mübahisəli yaşayış sahəsi üçün hesablanmış borc silinə bilməzdi. Bu kimi faktlara məhkəmə tərəfindən səthi yanaşaraq düzgün hüquqi qiymət verilməmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia isə təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Apelyasiya baxışında məhkəmə iclasında İddiaçı qətnamənin qanuni olduğunu, buna görə də apelyasiya şikayətinin rədd olunmasını xahiş etdi. O, bildirdi ki, mübahisəli yataqxana otağı atasının adına olub, atası isə 2018-ci ildə vəfat edib. Mənzilə dair heç bir sənədi olmasa da, oranı 8 ay öncə başqa şəxsə “satmışdır”. Mənzildə 10 ildən çoxdur yaşayış olmamışdır. Borcun ona aidiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1 saylı Mənzil-Kommunal Sahəsinin 22.09.2020-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında 2010-cu ildən 2020-ci ilin sentyabr ayına kimi yaşayış olmamışdır. Həmin Sahənin möhürü ilə təsdiq edilmiş 22.09.2020-ci il tarixli aktdan da görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 5a saylı yataqxananın sakinləri M.Dünyamalıyev, M.Manafova və G.İmaməliyeva ünvan 1 ünvanında İddiaçı 2010-cu ildən 2020-ci ilə kimi yaşamadığını öz imzaları ilə təsdiq etmişlər. Yenə iş materiallarında olan abonent kartından görünür ki, Gündüz Qasımovun istifadəsində olan ünvan 1 ünvanına 2017- 2020-ci il üzrə 1016,31 manat borc hesablanmışdır. İşdə olan AZ-İ 911285 saylı, 03.08.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qasımov Gündüz Nəzər oğlu 16.06.2018-ci il tarixdə ölmüşdür. Yenə işdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(060)-5851/2020 saylı qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə iddianı təmin edərkən ona əsaslanmışdır ki, yaşayış olmayan mənzilə cavabdeh tərəfindən hər hansı bir borcun hesablanması qanunsuzdur. Bu mənzildə isə yaşayışın olmamasını Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1 saylı Mənzil-Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş 22.09.2020-ci il tarixli akt sübut edir. Məhkəmənin gəldiyi nəticə ilə aşağıda göstərilənlərə əsasən razılaşmaq olmaz. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aiddir və oranın su ilə təchiz edilməsi və tullantı sularının təmin edilməsi ilə bağlı hüquq münasibətləri Qasımov Gündüz Nəzər oğlu ilə Cavabdeh ASC arasında yaranmış, abonentə **********430 saylı kod verilmişdir. Qasımov Gündüz Nəzər oğlu 16.06.2018-ci il tarixdə ölmüşdür. Lakin onun vəfatından sonra mübahisəli yaşayış sahəsilə bağlı qeyd edilən müqavilə və abonent kodu dəyişdirilməmişdir. Eləcə də, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə almamış, bu barədə öz hüquqlarını dövlət qeydiyyatına aldırmamışdır. Uzun müddət ərzində isteklakçı tərəfindən həmin ünvanda ailə tərkibini, eləcədə mənzildə yaşayışın olmamasını təsdiq edən arayış təchizatçı müəssisə olan “Sumqayıt Sukanal” İdarəsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun 5-ci maddəsinə görə su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; su ehtiyatlarından səmərəli istifadə olunması; tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə görə, su təchizatı müəssisəsi ilə istehlakçı arasında hüquqi münasibətlərin yaranması üçün onlar arasında müqavilənin bağlanması zəruri şərtdir. Konkret hazırkı mübahisə üzrə isə belə bir müqavilə iş materiallarında mövcud deyildir. Keçmiş abonentin övladı kimi İddiaçı belə bir iddia qaldırması üçün hüquq müəyyənedici sənədlər (vərəsəlik hüququ haqqında şəhadətnamə və s.) yoxdur. İş materiallarından görünür ki, su təchizatı müəssisəsi mübahisəli yaşayış sahəsinə verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini müəyyən etmiş və bununla bağlı borc hesablamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Daha öncə qeyd olunduğu kimi Cavabdeh ASC-nin abonent bazasında həmin yaşayış sahəsi üzrə su və kanalizasiya xidmətlərindən istifadə edən abonent kimi Qasımov Gündüz Nəzər oğlunun (iddiaçının mərhum atası) adına qeydə alınmışdır. Abonent kartında müqavilə tarixi 01.10.2012-ci il, ailə tərkibi isə 5 nəfər göstərilmişdir. İş üzrə cavabdeh qurumun apelyasiya şikayətindən məlum olur ki, uzun müddət ərzində isteklakçı tərəfindən həmin ünvanda ailə tərkibini, eləcədə mənzildə yaşayışın olmamasını təsdiq edən arayış təchizatçı müəssisə olan “Sumqayıt Sukanal” İdarəsinə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, düzgün olaraq qeyd olunan ünvanda su təchizatı və tullantı sularına görə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılmışdır. Sadalanan hallara məhkəmə düzgün qiymət verməmiş, iddianın təmin edilməsi barədə qanunsuz nəticəyə gəlmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmiş, Cavabdeh ASC isə apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı tutularaq ona qaytarılmalıdır. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 404-1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(060)- 5851/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh ASC tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı onun xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar