Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1624/2021 18.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Cəfərova Günay Fizuli qızının və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(060)-720/2021 saylı qətnaməsindən İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(060)-720/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, 1445 manat 40 qəpik borcun və 15 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, İddiaçı açıq səhmdar cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh su və kanalizasiya xidmətləri üzrə yaranmış 2201,74 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2231,74 manat məbləğində pulun cəmiyyətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 25.08.2020-ci il tarixinə 2201,74 manat borcu qalmışdır. İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə 25.08.2020-ci ildə xəbərdarlıq göndərilmişdir. Lakin cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə tam ödəniş etməmişdir. Belə ki, abonentin ünvanında hesabat normativ qaydada ailə tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Prezidentinin 08.04.2011-ci il tarixli fərmanına əsasən 01.02.2011-ci il tarixə cavabdehin ünvanına hesablanmış 1651,52 manat borc silinmişdir. Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı açıq səhmdar cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” 06.01.2007-ci il tarixli qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısının H.Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24.08.2020-ci il tarixli, 466 nömrəli arayışa əsasən cavabdehin yaşadığı ünvan 1 ünvanında 12 nəfər qeydiyyatdadır. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31.01.2011-ci il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, 13.05.2016-cı il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı açıq səhmdar cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, məhkəməyə müraciət olunmasına səbəb Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Hacıbəyov küçəsi, ev 57-də yaşayan Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 2201,74 manat borcunun yaranması olmuşdur. Borc qeydiyyatda olan 12 nəfər ailə tərkibinə görə normativ qaydada aparılan hesablama nəticəsində yaranmışdır. Qeyd olunan ünvan 01.01.2002-ci il tarixli, 30483325 saylı müqavilə əsasında yeni abonent kimi kodlaşdırılmışdır. Bağlanmış müqavilə əsasında içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edilmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətlər və onunla əlaqədar yaranan digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” ilə tənzim olunur. "Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslər barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik tərkibinə uyğun olaraq aparılır. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdeh tərəfindən arayışın vaxtında təqdim edilməməsinə münasibət bildirməmiş, nəticədə maddi hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilərək iddia tələbinin tam təmin olunmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Cəfərova Günay Fizuli qızı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilərək iddia tələbinin tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Hacıbəyov küçəsi 57 saylı evdə 12 nəfər qeydiyyatdadır, lakin həmin evdə faktiki olaraq 5 nəfər yaşayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, iddiaçının qeydiyyatda olduğu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Hacıbəyov küçəsi 57 saylı evdə 12 nəfərin qeydiyyatda olmasına, lakin həmin evdə 5 nəfərin yaşamasına, 1 nəfərin isə qeydiyyatsız yaşamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işə əlavə edilmiş sənədlərə uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyinin 24 avqust 2020-ci il tarixli, 466 saylı arayışından görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi, 57 saylı evdə Cavabdeh da daxil olmaqla 12 nəfər qeydiyyatdadır, onlardan 5 nəfər həmin evdə yaşayır, 1 nəfər isə qeydiyyatsız yaşayır. İşdə olan abonent kartından görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Hacıbəyov küçəsi 57 saylı ev üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün 01.01.2002-ci il tarixli, 30483325 saylı müqavilə bağlanmışdır, su və kanalizasiya xidmətlərindən istifadəyə görə 2011-2020-ci illər üzrə 2201,74 manat borc vardır. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin birinci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 61-ci maddəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndinə əsasən istehlakçılar bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Həmin Qaydaların 7.1-ci bəndinə görə suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddia təmin edilməmiş hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh yaşadığı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi, 57 saylı evdə Cavabdeh da daxil olmaqla 12 nəfər qeydiyyatdadır və həmin evə suölçən cihaz quraşdırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinin mənasına görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunvericilikdə verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus fərdi yaşayış evində faktiki yaşayan deyil, qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31.01.2011-ci il tarixli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,06 manat, 13 may 2016-cı il tarixli 6 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,35 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,15 qəpik müəyyən edilmişdir. İş materialları ilə sübuta yetirilmişdir ki, Cavabdeh qızının qeydiyyatda olduğu ünvanda suölçən cihaz quraşdırılmamış, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi həmin ünvanda qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq hesablanmışdır və Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 2201,74 manat borcu yaranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflərin qarşlıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış hissəsində, yəni 756,34 (2201,74 manat- 1445,40 manat) manat hissəsində ləğv edilməli, həmin hissədə də iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 756,34 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə də iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh Əliqardan qızından İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(060)-720/2021 saylı qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 756,34 (yeddi yüz əlli altı manat 34 qəpik) tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1624/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1624/2021
18.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver