Məhkəmə qərarları › İş №2(105)-1626/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1626/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1626/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3602/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2150 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun (41,5 manat) Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 13:43 radələrində Bakı şəhəri, Bakı-Quba yolunun 9-cu kilometr ərazisində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi "Khazar SD" markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi “VAZ 2107” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Khazar SD" markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “VAZ 2107” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2150 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədinə əsasən 2150 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Ekologiya yol patrul xidmətinin 712-saylı postunun xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi Hüseynov X2 Xətalar Məcəlləsinin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, X4 yol-nəqliyyat hadisəsi zamanı etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" ASC Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həmin maddəni düzgün tətbiq etməmişdir. Belə olan halda, məhkəmənin gəldiyi nəticənin - “Avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.” nəticəsinin açıq-aşkar yanlış nəticə olduğu və bu nəticədən çıxış edərək maddi hüquq normasını düzgün tətbiq etmədiyi aşkardır. Göründüyü kimi, hətta istinad edilən maddi hüquq normasında da, qanunverici, nəqliyyat vasitəsini idarə etməyə hüququ olan şəxs kimi, sürücülük vəsiqəsi ilə yanaşı, həmçinin “nəqliyyat vasitəsini idarə etmək hüququnu” şərtləndirən etibarnamənin də olmasını tələb edir. Belə olan halda, məhkəmə tərəfindən bu normanın da imperativ tələblərinin məhkəmə tərəfindən tətbiq edilmədiyini təsdiq edir. Hazırkı işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarıapellyasiya şikayətinin 5-ci bölməsində sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə hazırkı iş üzrə- nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi halını tam şəkildə araşdırmamış, həmçinin iddiaçının subroqasiya hüququnu pozmaqla qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçı tərəfindən cavabdehin avtomobilə hüquqa zidd şəkildə yiyələndiyini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməməsi ilə əsaslandırmış, bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh tərəfindən idarə olunan "Khazar SD" markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Bakı-Quba yolunun 9-cu kilometr ərazisində yol-nəqliyyat hadisəsi törətməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia subroqasiya qaydasında zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsi maddəsi təşkil edir. Həmin normaya görə icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Məlum olduğu kimi, Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Qanunun 25.1.3-cü maddəsindəki şərtləri Mülki Məcəllənin 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqazidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Qeyd olunmalıdır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtib etməsi tələb olunmur. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı. Baxılan iş üzrə qeyd olunan avtomobil mülkiyyətçinin razılığı ilə Cavabdehov tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinin məzmununa əsasən iddiaçı öz maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Məhkəmə müdafiəsi hüququ öz təbiət etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin movcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələsi araşdırılmalıdır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, sığorta şirkətinin hazırkı halda avtomaşını idarə edən Cavabdeh ödənilmiş sığorta məbləğini geri tələb etməyə subyektiv hüququ yaranmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməklə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar