Məhkəmə qərarları › İş №2(105)-1628/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1628/2023

11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1628/2023 11.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(060)-1988/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) İddiaçı Cavabdeh qarşı onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların Cavabdeh tərəfindən aşağıdakı üsulla: işlədiyi kollektiv qarşısında həqiqətə uyğun olmayan məlumatların cavabdeh tərəfindən təkzib edilməsi və ondan üzr istənilməsi, Cavabdeh mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manatın və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların Cavabdeh tərəfindən aşağıdakı üsulla: işlədiyi kollektiv qarşısında həqiqətə uyğun olmayan məlumatların cavabdeh tərəfindən təkzib edilməsi və ondan üzr istənilməsi, Cavabdeh mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manatın və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı hal-hazırda Sumqayıt şəhərində 39 nömrəli tam orta məktəbdə müəllimə vəzifəsində çalışır. Cavabdeh hal-hazırda Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbdə dalandar işləyir. Bir-biriləri ilə çox yaxın olduqlarından iddiaçı xx.xx.2021-ci ildə Kapital Bankdan kredit götürüb Cavabdeh təqdim etmişdir. Lakin pulu söz verdiyi kimi ödəmədiyindən xx.xx.2022-ci ildə öz evindən iddiaçıya xəsarət yetirdiyindən 102-nin köməyi əsasında inzibati xəta haqqında 157-ci maddəsi ilə protokol tərtib olunmuş və 300 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bundan sonra cavabdeh iddiaçının şərəf və ləyaqətini və işgüzar nüfuzunu ləkələmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək guya iddiaçı cavabdehə və digər müəllim yoldaşlarına faizə pul verir. Bundan sonra həmin ərizə araşdırılması üçün Abşeron-Xızı regional təhsil idarəsinə gödərilmişdir. Abşeron-Xızı regional təhsil idarəsinin müfəttişi iddiaçını Sumqayıt şəhəri ərazisində yerləşən Abşeron- Xızı regional təhsil idarəsinə dəvət etmiş və iddiaçını cavabdehin ərizəsi ilə tanış etmişdir. Abşeron-Xızı regional təhsil idarəsinin müfəttişi tərəfindən aparılan araşdırma zamanı Cavabdeh ərizədə qeyd etdiyi faktların heç birinin hüquqi əsası olmadığı müəyyən edilmişdir. Cavabdeh yazdığı ərizənin surətini tələb etsə də, müfəttiş tərəfindən ona bildirilmişdir ki, onun barəsində daxil olmuş şikayət ərizəsi ilə bağlı müraciətinə X2 Təhsil İdarəsi tərəfindən baxılmışdır. Bildirilib ki, qeyd edilən sənədlər aidiyyəti dövlət orqanlarının və ya məhkəmənin rəsmi sorğusu əsasında təqdim oluna bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1988/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə razı olmadığına görə həmin qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qət edərkən maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə yuxarıda qeyd edilən hər üç hal (məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması) müəyyən olunmur. Hesab edir ki, birinci instansiya məhkəməsi işi tam obyektiv və qərəsiz olaraq araşdırmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə nəzər salarkən cavabdehin məhkəmə prosesində iştirak etməsinə baxmayaraq onun birinci instansiya məhkəməsinə verdiyi izahat qətnamədə öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsində şifahi qaydada məhkəməyə bildirmişdir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinə Cavabdeh tərəfindən barəsində yazılmış ərizənin surətini tələb etsə də Abşeron-Xızı Regional Təhsil İdarəsindən ona bildirilmişdir ki, həmin ərizəni yalnız məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edə bilərlər. Birinci instansiya məhkəməsində şifahi qaydada vəsatət verərək məhkəmədən cavabdeh tərəfindən barəsində yazılmış ərizənin X2 Təhsil İdarəsindən tələb olunmasını tələb etsə də məhkəmə buna heç bir məhəl qoymamışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən barəsində X2 Təhsil İdarəsinə ünvanlanmış ərizənin mahiyyətini bilmədən və həmin ərizə ilə tanış olmadan iddia tələbini rədd etmişdir. Halbuki, həmin ərizə məhkəmə tərəfindən X2 Təhsil İdarəsindən tələb olunmalı idi. Hesab edir ki, hazırkı ərizənin məhkəmə tərəfindən tələb olunmaması ciddi qanun pozuntusudur. Belə ki, birinci instansiya məhkəməsinin hakim Elmir Hüseynov ərizə ilə tanış olmadan ərizənin mahiyyətin bilmədən cavabdeh tərəfindən şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı ərizəyə hüquqi qiymət vermişdir. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyası tərəfindən birinci instansiya məhkəməsində buraxılan yalnışlıqlar aradan qaldırılaraq cavabdehin barəsində yazdığı ərizənin məhkəməyə gətirilməsi təmin olunacaqdır. Həmçinin hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1988/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddi tələbinin təmin olunması barədə yeni qətnamə qət olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni iddiaçının tələbinin sübut edilməməsi ilə əsaslandırmış və iddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun iddia tələbi təmin edilməmiş, gəlinən nəticədən vermiş olduğu apellyasiya şikayətində həmin xüsusatların aydınlaşdırılmadığını mübahisələndirmişdir. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. (Azərbaycan Respublikası Konstitusiyasının 46 və 60-cı maddəsinin İ hissəsi). Mülki Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1., 21.2. maddələri). Həmin Məcəllənin 23.1. maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2. maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarda göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə edilmiş məhkəmə aktlarından görünür ki, iddiaçı tərəfindən Rövşən Əsgərov, Tehran Məmmədov, Sevinc Hüseynova və hazırkı iş üzrə Cavabdeh müxtəlif vaxtlarda müəyyən məbləğdə borc pul vermiş və həmin məbləğlər məhkəmə qətnamələri ilə iddiaçının xeyrinə tutulmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən müxtəlif şəxslərə borc pul verməsi həmin məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı barəsində yer almış fikirlərdə məzmuna görə onun birbaşa şərəf və ləyaqətinə və işgüzar nüfuza xələl gətirən ifadələr işlədilməsi, eləcə də həqiqətə uyğun olmayan ifadələr işlətməsi müəyyən olunmadığından, eləcə də iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, habelə cavabdehin təqsiri müəyyən edilmədiyindən, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382., 384.0.1., 385.2., 393., 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar