Məhkəmə qərarları › İş №2(105)-163/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-163/2023

15.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-163/2023 15.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X14 və X4 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçıların nümayəndəsi vəkil X5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(027)-97/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddianın təmin edilməsi, Quba şəhərində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması ilə bağlı İddiaçı1, X23 və X35 ilə Cavabdeh1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Quba şəhərində yerləşən 0,60 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarış ləğv edilməsi, məhkəməxətşünaslıq ekspertizasının xərci olan 138 (bir yüz otuz səkkiz) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Quba regional “ASANxidmət” mərkəzində Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmçinin A432258 nömrəli torpaq sahəsinin planı və ölçüsünün JN- 620 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 0,60 ha torpaq sahəsi hissəsində ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağa mülkiyyət hüququna dair xx.xx.2001-ci il tarixli, JN-620 KOD 30301004 saylı dövlət aktında göstərilmiş 0,60 ha torpaq sahəsi onların xüsusi mülkiyyətindədir. 2001-ci ildən torpaq sahəsi onların mülkiyyətində, sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsi bağ sahəsidir və onlar hər il bağın meyvəsini yığır. İddiaçı2 göstərilən 0,60 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Cavabdeh3nə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmiş, Cavabdeh3 xx.xx.2020-ci il tarixli, **********51 saylı məktubu ilə bildirişmişdir ki, göstərilən torpaq sahəsi hüquq sahibləri tərəfindən Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqısatqı müqaviləsi ilə digər şəxsə satılmışdır. Daha sonra onlara məlum olmuşdur ki, Cavabdeh1 adına xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin çıxarışda göstərilmiş 1 hektar torpaq sahəsinin 0,60 hektarı barəsində söhbət gedən torpaq sahəsidir və guya onlar bu 0,60 hektarı torpaq sahəsini Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satmışlar. Onlar heç vaxt 0,60 ha torpaq sahəsini heç kimə satmamışlar və Dövlət Aktının verildiyi 2001-ci ildən hal-hazıra qədər torpaq sahəsi onların istifadəsində və sahibliyindədir. Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi saxta xarakter daşıyır və Cavabdeh1 dövlət reyestrindən çıxarışı saxta alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Bu səbəbdən onların Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə mübahisə ilə əlaqədar iddia ərizəsi ilə Quba rayon məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır. Ədliyyə Nazirliyinin Notariat İdarəsi sorğuya xx.xx.2020-ci il tarixli, 05/B-65-13 saylı cavab məktuba əsasən, Quba şəhəri ərazisində yerləşən JN-6** KC ***01004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 0,60 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi aşkar edilməmişdir. Həmin müqavilədə olan imzalar onlara məxsus deyil. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Quba Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 2(027)- 97/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə əqdi, yəni alqı-satqı müqaviləsini etibarsız hesab etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır, həm maddi hüququ normaları və həmdə ki, prosessual normalar düzgün tətbiq edilməmişdir. Məhkəmə, qətnaməsində istinad etdiyi məhkəmə sorğusu əsasında alınmış - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********46 nömrəli məktubundan görünür ki, xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsini Cavabdeh1 Qusar rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə924 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X15 adına özgəninkiləşdirmiş və həmin torpaq sahəsinə dövlət reyestrindən X15 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Belə olan halda məhkəmə, X17 işə maraqlarına toxunan üçüncü şəxs qismində işə cəlb edərək, izahatı alınmalı olduğu halda həmin faktın üzərindən də səthi keçmiş və bununla da, cavabdehlə yanaşı onun da mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinin 24 iyun 2022ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 2(027)-97/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi əsasında ləğv edilmiş X6 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışda göstərilən 1.0 ha torpaq sahəsi X12 tərəfindən Qusar rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-924 reyestr nömrəli müqaviləsi əsasında X1. Həmin müqavilə əsasında torpaq sahəsinə xüsusi mülkiyyət hüququ əsasında X15 adına xx.xx.2021-ci il tarixli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ cavabdeh X12 tərəfindən artıq itirilmişdir (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin73-cü maddəsinə əsasən), onun ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Məhkəmə mübahisəni həll edərkən torpaq sahəsinin cavabdehin mülkiyyətdə olub-olmamasını, özgəninkiləşdirilməsini, həbsdə olubolmamasını və bununlada qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçıların nümayəndəsi vəkil X10 apellyasiya şikayətlərini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilən X28 ifadəsində Quba rayonunda bağı olduğunu, İddiaçı1 ilə qonşu olduğunu, Cavabdeh1 isə tanımadığını bildirmişdir. O, həmçinin göstərmişdir ki, öz torpağında taxıl-buğda əkin-biçini ilə məşğul olduğundan, İddiaçı1 oğlunun xahişi ilə onlarında ərazisində əkin işləri aparmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilən X24 ifadəsində Quba rayonunda Əkrəm müəllimin həyətində işlədiyini, İddiaçı1 işlədiyi müddət ərzində tanıdığını, lakin Cavabdeh1 isə tanımadığını bildirmişdir. O, həmçinin göstərmişdir ki, taxılbuğda əkin-biçini ilə məşğul olduğundan, İddiaçı1 oğlunun xahişi ilə onlarında ərazisində əkin işləri aparmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilən X19 ifadəsində Quba rayonunda Əkrəm müəllimin həyətində işlədiyini, traktor sürücüsü olduğunu, İddiaçı1 işlədiyi müddət ərzində tanıdığını, Cavabdeh1 isə tanımadığını bildirmişdir. O, həmçinin göstərmişdir ki, taxıl-buğda əkin-biçini ilə məşğul olduğundan, İddiaçı1 oğlunun xahişi ilə onlarında ərazisində əkin işləri aparmışdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin qeyd olunan əmlaka qanunsuz əsaslarla sahib çıxması məhkəmə iclasında yetərli sübutlarla öz təsdiqini tapması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 567, 646.1, 646.2, 139.1-140, 182.1, 182.2, 182.3, 141.1, 141.2, 141.3, 148.2, 149.2., 324.1, 324.4, 337.1 və “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 2.3, 2.4-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdehlər Cavabdeh1 və 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda mübahisələndirilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddia tələbinə maddi hüquqi normalarını düzgün tətbiq etməmişdir. İşdən görünür ki, iddia tələbinin predmetini alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi təşkil edir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi daşınmaz əşyanın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə münasibətdə mübahisəyə aid olmayan Mülki Məcəllənin 152.1, 567, 646.1, 646.2, 139.1, 182.1, 182.2, 182.3, 141.1, 141.2, 141.3, 148.2, 149.2-ci maddələrinə istinad etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X36rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X31 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X2rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq hesab edir ki, əqdin etibarsızlığına dair iddia tələbinin nəticəsi çıxarış və plan ölçünün ləğvi tələbinin nəticəsini özündən asılı etdiyindən, ilk növbədə əqdin etibarsızlığına dair tələbə hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə iddia tələbi alqı-satqı müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın, plan ölçünün ləğvi barədədir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Quba rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2000-ci il tarixli 05 saylı qərarı ilə kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 0,60 ha torpaq sahəsinin ayrılması və bu barədə onlara JN-620 KOD 30301004 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktının verilməsi işin mübahisəsiz halıdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar onlara məxsus olan yuxarıda qeyd olunan torpaq sahələrinin onlara verildiyi gündən hal-hazıra qədər sahibliklərində və istifadələrində olduğunu, həmin torpaq sahəsinin Cavabdeh1 satmadıqlarını, onunla alqısatqı müqavilələrini bağlamadıqlarını və həmin müqaviləyə imza atmadıqlarını, müqavilənin mövcudluğundan xəbər tutduqdan sonra mövcud iddia ilə məhkəməyə müraciət etdiklərini bildirmişlər. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır (Mülki Məcəllənin 329.1., 331.1. maddələri). Mülki Məcəllənin 337.1. maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır (Mülki Məcəllənin 144.1. maddəsi) Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/582 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 15 sentyabr 2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsində “İmzalar” qrafasında yuxarı tərəfdən 1-ci sırada yerləşən imza- İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən, ekspertizaya təqdim olunmuş 15 sentyabr 2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsində “İmzalar" qrafasında yuxarı tərəfdən 2-ci sırada yerləşən imza- X16 tərəfindən tərəfindən yox, başqa şəxs tərəfindən, ekspertizaya təqdim olunmuş 15 sentyabr 2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsində “İmzalar” qrafasındakı yuxarı tərəfdən 3-cü sırada yerləşən imza - İddiaçı3ı tərəfindən yox, başqa şəxs tərəfindən, ekspertizaya təqdim edilmiş mülki işin 74-76-cı vərəqələrində İddiaçı1, mülki işin 80-82-ci vərəqələrində X9 və mülki işin 77-79-cu vərəqələrində İddiaçı3 eksperimental imza nümunələrində - qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır. Cavabdeh1 nümayəndəsi A.Şahmirzəyevin birinci instansiya məhkəməsindəki izahatında və eləcə də apellyasiya şikayətinin dəlilllərində alqı-satqı müqaviləsindəki iddiaçıların adlarının qarşısındakı imzaların həmin müqavilənin bağlanmasında onların adından etibarnamə üzrə çıxış edən X22 tərəfindən icra edildiyi və həmin torpaq sahəsinin Cavabdeh1 istifadəsində olduğunu göstərmişdir. Ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə Quba rayon İcra Hakimiyyətinə və Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə sorğular göndərilmişdir. Quba rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 18/2 saylı məktubundan görünür ki, JN-620 kod 30301004 saylı Dövlət Aktına əsasən vətəndaşlara subsidiya ödənilməsi barədə məlumat aşkar edilməmiş, həmçinin qeyd olunan torpaq sahəsi ilə əlaqədar bələdiyyəyə vergi ödənişi həyata keçirilməmişdir. Eyni zamanda Dövlət Notariat Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli 0/01-8443/11 saylı məktubuna əsasən Quba rayon Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş 2001-ci ilə dair etibarnamələrin qeydə alındığı notariat reyestrlərinə baxış keçirilərkən İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olmuş JN-620 saylı, kod 30301004 olan torpaq sahəsi üzərində sərəncam və sair tapşırıqların yerinə yetirilməsi ilə bağlı olan bütün hərəkətləri etməyi etibar edilməsinə dair X13 adına xx.xx.2001-ci il tarixli 4-Ə-151 nömrəli reyestrlə qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. Əkrəm Hüseynov, Arif Mustafayev və İsrafil Hacıyev apellyasiya baxışında dindirilərkən Cavabdeh1 tanımadıqlarını və heç vaxt da görmədiklərini, X44 Aslanovanın qonşu olduğunu, digərləri isə Əkrəm Hüseynovun torpaq sahəsində işlədiyi müddət ərzində İddiaçı1 tanıdıqlarını, sonuncunun oğlunun xahişi ilə onun da torpaq sahəsində əkin-biçin işləri ilə məşğul olduqlarını göstərmişlər. Göründüyü kimi mübahisəli torpaq sahəsi Cavabdeh1 yox, dövlət aktı verildiyi tarixdən mülkiyyətçi olaraq iddiaçıların sahibliyində və istifadəsində olmuşdur. Bu hal yuxarıda göstərilən həm şahid ifadələri, həm də Quba rayon İcra Hakimiyyətindən daxil olmuş məktubla da öz təsdiqini tapmışdır. “Notariat haqqında” Qanunun 28-ci maddəsinə əsasən notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs tərəfindən öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının) adına və bu şəxslərin adından, həmin notarius və ya notariat hərəkətləri aparan digər vəzifəli şəxs ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır. Müvafiq icra hakimiyyəti orqanlarının, həmçinin bu orqanın adına və onun adından notariat hərəkətləri aparmaq hüququ yoxdur. Bu maddənin tələblərini pozmaqla aparılmış notariat hərəkətləri və onlara bərabər tutulan hərəkətlər etibarsız sayılır və məhkəmənin qərarı ilə ləğv edilməsi üçün əsasdır. Hazırkı iş üzrə Cavabdeh1 həmin əqdi təsdiq etmiş notarius X8 doğma bacısıdır və qanunun yuxarıda qeyd olunan tələbi baxımından sonuncunun belə bir əqdi təsdiq etməsi yolverilməzdir. Məhkəmə kollegiyası mübahisələndirilən əqdi iddiaçıların əvəzinə Kristina Aliyevanın imza etməsi barədə cavabdehin dəlilinə gəldikdə qeyd edir ki, əgər mübahisəli torpaq sahəsinin alqı-satqısını yuxarıda adı qeyd edilən Kristina adlı şəxs həyata keçirmiş olsaydı, xx.xx.2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsinın satıcılar qrafasındakı imzalar eyni şəxs tərəfindən icra olunardı, lakin həmin imzalar üç fərqli şəxs tərəfindən imzalanması aşkardır və həmin alqı-satqı müqaviləsində Kristina adlı şəxsin iştirakı ilə bağlı da heç bir qeyd aparılmamışdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, həmin etibarnamə üzrə notariat hərəkətlərinin aparılması zamanı əqdin özündə onun bağlanması zamanı iddiaçıların təmsilçi vasitəsilə iştirakları öz əksini tapmamışdır. Bu baxımdan məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin bu dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı apellyasiya şikayətində və ayrıca ərizəsində göstərdiyi dəlillərinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddət iddia müddəti olmamaqla qanunun həmin normasının qüvvəsi müddətin tətbiqi barədə ərizənin verilməsindən asılı olmayaraq, bunun üçün qanuni əsaslar olduqda tətbiq edilir. Hazırki işdə isə iddiaçılar tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət (kəsici) ötürülməmişdir. Belə ki, sorğuya əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış 09 fevral 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı2 Ərazi İdarəsi tərəfindən göndərilmiş 22 may 2020-ci il tarixli məktub sifarişli göndərilmədiyi (sadə məktub kimi göndərilmişdir) üçün poçt qeydinin təqdim edilməsi mümkün olmamışdır. X34 Poçt filialının 09 fevral 2023-cü il tarixli məktubunda da İddiaçı2 ünvanlanmış məktubun çatdırılması barədə sənədlərin saxlama müddəti “Poçt haqqında” Qanunun 21.2-ci maddəsinə uyğun olaraq ötürüldüyünə görə təqdim etmək mümkün olmamışdır. Lakin iddiaçıların nümayəndəsi Vəkil1 izahatında reyestr xidməti tərəfindən ünvanlanmış 22 may 2020-ci il tarixli məktubdan həmin ilin iyun ayının axırında onlara çatdırıldığını, bundan sonra həmin sənədlərin əldə edilməsi ilə bağlı 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunduğunu, lakin Ərazi İdarəsi 10 avqust 2020-ci il tarixli **********9 saylı məktubla sənədlərin verilməsindən imtina etmişdir. Ədliyyə Nazirliyi Notariat İdarəsinə ünvanlanmış sorğuya isə xx.xx.2020-ci il tarixli 05/B-65-13 saylı məktubla cavab verərək bildirmişlər ki, ümumiyyətlə Quba şəhəri ərazində yerləşən JN 620 kod 30301004 saylı saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 0,60 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair Quba rayon notariat kontoru tərəfindən təsdiq olunmuş xx.xx.2002-ci il tarixli, 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi aşkar edilməmişdir. O həmçinin izahatında əqdlə bağlı iddia tələbi ilə 2020-ci ilin noyabr ayında məhkəməyə müraciət etmiş, lakin onların həmin ərizəsi məhkəmə tərəfindən 31 may 2021-ci il tarixdə baxılmamış saxlanılmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar mövcud əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində məhkəməyə müraciət etdiyindən, Cavabdeh1 şikayətin bu dəlillərini də məhkəmə kollegiyası əsaslı hesab etmir. İddiaçılar tərəfindən 1 illik müddət ötürülməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin çıxarış və plan ölçünün 0,60 hissəsində ləğv edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, qeyd olunan çıxarış və plan-ölçü mövcud alqı-satqı müqaviləsi əsasında verildiyindən və həmin müqavilə də məhkəmə kollegiyası tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməlidir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd edir ki, mübahisələndirilən çıxarış müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 əsası ilə ləğv edilsə də, bu hal iddiaçının mübahisələndirdiyi əqd əsasında əldə olunan həmin çıxarışın ləğvini tələb etmək hüququnu istisna etmir və iddianın bu hissədə təmin edilməsi qətnamənin icrasına heç bir maneəçilik yaratmır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən Yaşar Həmidova satılması və sonuncunun adına çıxarışın verilməsi ilə bağlı cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayətinin dəlilinə gəldikdə qeyd edir ki, həmin şəxs apellyasiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş və ididaçılar tərəfindən ona qarşı hər hansı bir iddia irəli sürmədiklərindən, məhkəmə kollegiyası onun mübahisəyə dair fikrini öyrənməklə kifayətlənərək, əqdə və onun əsasında mülkiyyətinə keçirdiyi çıxarışa qiymət vermək zərurəti olmamışdır. Cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan göründüyü kimi çıxarışın ləğv edilməsi hissəsində mübahisələndirir. Bu baxımdan məhkəmə kollegiyası cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza ilə bağlı xərc 138 (bir yüz otuz səkkiz) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X11, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehlər Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Quba şəhərində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması ilə bağlı İddiaçı1, X23 və X35 ilə Cavabdeh1 arasında Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2002-ci il tarixli 4-Ə-381 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Quba şəhərində yerləşən 0,60 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarış və A432258 nömrəli torpaq sahəsinin planı və ölçüsünün JN-620 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş 0,60 ha torpaq sahəsi hissəsində ləğv edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Keçirilmiş ekspertiza ilə bağlı xərc 138 (bir yüz otuz səkkiz) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X11, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar