Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-163/2025 27.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: paylı mülkiyyətdə olan əmlakda payın ayrılması, kompensasiya tələbi, əmlakın açıq hərracda satılması) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "paylı mülkiyyətdə olan əmlakın real bölgüsü, digər mülkiyyətçidən kompensasiya tələbi və ya əmlakın açıq hərracda satılması" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(012)-102/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın real bölgüsü, digər mülkiyyətçidən kompensasiya tələbi və ya əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1 -ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evinin 4/6 hissəsi onun payına, 1/6 hissəsi Cavabdeh1 payına, 1/6 hissəsi Cavabdeh2 payına mütənasib naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda cavabdehlər tərəfindən onun payına mütənasib şəkildə kompensasiya ödənilməsi, kompensasiya məbləğini cavabdehlər qəbul etmədiyi halda əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evi iddiaçının anası X5 məxsus olmuş və mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. İddiaçı anası X12 22 dekabr 2010-cu il tarixdə ölmüş və həmin günə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evi miras qalmışdır. Abşeron Rayon Məhkəməinin 14 fevral 2020-ci il tarixli, 2(012)-710/2020 saylı qətnaməsi ilə mərhum anası X3 ölümündən sonra miras qalan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evində həm vəsiyyət üzrə, həm də qanun üzrə payı nəzərə alınmaqla İddiaçı həmin əmlakdakı payı 4/6 hissə, Cavabdeh1 payı 1/6 hissə və Cavabdeh2 payı 1/6 hissədə müəyyən edilmişdr. Həmin əmlakın ekspert rəyi əsasında naturada bölgüsünün mümkün olmadığı müəyyən olunmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(02)-710/2020 saylı qətnaməsindən görünür ki, iddia tələblərinin qismən təmin edilməsi, mərhum X3 ölümündən sonra miras qalan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evində vərəsələr İddiaçı payı 4/6 hissə, Cavabdeh1 payı 1/6 hissə və Cavabdeh2 payı 1/6 hissədə müəyyən edilməsi qət edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-2246/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 apelyasiya şikayətinin təmin edilməməsi, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(02)- 710/2020 saylı qətnaməsinin Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 11 saylı fərdi yaşayış evi dövlət reyestrində 2 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə İddiaçı adına 4/6 hissədə, Cavabdeh1 Hüsyn oğlunun adına 1/6 hissədə və Cavabdeh2 adına 1/6 hissədə qeydiyyata alınmışdır.
7. “X16” MMC-nin xx.xx.2023-cü il tarixli, LBC-009/2023 saylı qiymətləndimə hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 11 saylı fərdi yaşayış evinin müqayisəli satışlar metoduna əsasən hesablanaraq bazar dəyəri müəyyən edilmişdir. 22 iyun 2023-cü il tarixə həmin fərdi yaşayış evinin bazar dəyəri 97000 manat müəyyən edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6836 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 11 saylı fərdi yaşayış evinin faktiki vəziyyətdə İddiaçı (4/6 hissədə), Cavabdeh1 (1/6 hissədə) və Cavabdeh2 (1/6 hissədə) paylarına uyğun naturada bölgüsü texniki cəhətdən mümkün deyildir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Abşeron Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(012)-102/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddianın təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evinin 4/6 hissəsi onun payına, 1/6 hissəsi Cavabdeh1 payına, 1/6 hissəsi Cavabdeh2 payına mütənasib naturada bölünməsi mümkün olmadığından həmin mübahisəli mənzilin 97000 manat məbləğində qiymətləndirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının payına mütənasib şəklində 1 ay ərzində kompensasiya ödənilməsinin təklif olunması, təklif mümkün olmadıqda həmin əmlakın açıq hərracda 97000 manat məbləğində satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müşdərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 213.4, 220.1, 220.2, 220.3 və 220.4-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 101.7, 107, 119.1, 14.2, 77.1, 217.4, 218.3, 216-220, 227 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(012)-102/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, həmin qətnamə ilə razı deyil və aşağıdakılara əsasən ləğv olunmasını, yeni qətnamə qəbul edilərək iddianın rədd olunmasını xahiş edir. Belə ki, hələ xx.xx.2015-ci il tarixdə Abşeron Rayon Məhkəməsində İddiaçı ona və digərlərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab ediləməsi tələbinə dair, onun isə İddiaçı qarşı vərəslik hüququ haqqında şəhadətnamənin və reyesterdən çıxarışın etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası üzrə 2(012)- 28/2015 saylı qətnamə qəbul olunmuşdur ki, həmin qətnamədə İddiaçı iddiası təmin olunmamış, onun isə qarşılıqlı iddiası təmin olunaraq Abşeron rayon 2 saylı Notariat Kontorunun xüsusi notariusu G.İ.Məsimova tərəfindən İddiaçı verilmiş, xx.xx.2013-cü il tarixli, 2V-1-162 reyester nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və İddiaçı məxsus RX hüququ haqqında” şəhadətnamə və İddiaçı məxsus RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarış etibarsız hesab olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılmış və məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(105)-623/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-28/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, İddiaçı adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv olunmuş, onun adına verilmiş ünvan 1 ünvandakı yaşayış sahəsinə 4/6 hissədə payının olması barədə reyesterdən çıxarış etibarsız hesab olunmuşdur. Bundan sonra Abşeron Rayon Məhkəməsində iddiaçı Cavabdeh1 ona qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X8, 2-ci X14 və X17 miras əmlakın qəbul edilməsi və mirasda payların qəbul edilməsi tələbinə dair iddia tələbi və müstəqil tələb irəli sürən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X6, X9, X2 və X15 qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi, miras əmlakın paylara uyğun vərəsələr arasında bölünməsi tələbinə dair mülki işə baxaraq iddia tələblərini qismən təmin etmiş, mərhum X3 ölümündən sonra miras qalan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evində vərəsələr İddiaçı payı 4/6 hissə, Cavabdeh1 payı1/6 hissə və Cavabdeh2 1/6 hissədə müəyyən edilən xx.xx.2020-ci il tarixli, 2(012)- 710/2020 saylı qətnamə qəbul olunmuşdur. Bundan sonra yenə də Abşeron Rayon Məhkəməsində İddiaçı cavabdehlər Cavabdeh1 və ona qarşı paylı mülkiyyətdə olan əmlakın real bölgüsü, digər mülkiyyətçilərdən kompensasiya tələbi və ya əmlakın açıq hərracdan satılması tələbinə dair iddiası üzrə işə baxılaraq xx.xx.2024-cü il tarixli, 2(012)- 102/2024 saylı qətnamə qəbul edilmişdir ki, həmin qətnamə ilə İddiaçı iddiası təmin olunmuş, Abşeron r-nu, Xırdalan şəhəri, Quşçuluq y/m, 1-ci küçədə yerləşən 11 saylıyaşayış evinin 4/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi isə onun payına mütənasib naturada bölünməsi mümkün olmadığından, həmin mübahisəli evin 97000 manat məbləğində qiymətləndirilməsi, Cavabdeh1 və ondan iddiaçının payına mütənasib şəkildə bir ay ərzində kompensasiya ödənilməsinin təklif olunması, təklifin mümkün olmadığı halda, həmin əmlakın açıq hərracda 97000 manat məbləğində satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin arasında paylara mütənasib surətdə bölüşdürülməsi qət olunmuşdur. Bu qətnamə ilə də razı deyil. Əvvəla, qətnamənin çıxarıldığı məhkəmənin vaxtı və yeri barədə onun məlumatı olmadığından məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Əgər məhkəmə iclasında iştirakı təmin olunsa idi, əvvəllər qəbul olunmuş və hazırda da qüvvədə olan qətnamələri təqdim etməklə məhkəməni xəbərdar edərdi. Bildirir ki, həmin qətnamədən xəbəri olmadığına görə apellyasiya şikayəti verilməmişdir. Hazırda həmin qətnamənin də müqqəddəratının həll edilməsi üçün apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasını üzrlü hesab etməklə icraata qəbul edib ləğv olunmasını xahiş edir. Bundan başqa, maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası MPMnin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-28/2015 saylı qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnamənin dəyişdirilmədən saxlanması barədə xx.xx.2016-cı il tarixli, 2(105)-623/2016 saylı qətnaməsinin qüvvədə olduğu halda yenidən pay bölgüsü aparılmış və həmin bölgüyə əsasən Abşeron Rayon Məhkəməsinin hazırda mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli, 2(012)-102 saylı qətnaməsi qəbul olunmuşdur ki, mövcud vəziyyətdə həmin qətnamələr maddi hüquq normasının düzgün tətəbiq olunmaması şəraitində qəbul olunduğundan Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulnması və ya düzgün tətbiq edilməməsi əsası ilə hazırda mübahisələndirilən qətnamə ləğv olunmalıdır. Bununla bağlı Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixli, 2(012)-28/2015 saylı qətnaməsinin və həmin qətnamədən verilmiş apellyasiya şikayəti ilə bağlı xx.xx.2016-cı il tarixli qətnamənin qüvvədə olması nəzərə alınmamış və bununla da məhkəmə ya tərəf tərəfindən aldadılmış, ya da bilə-bilə eyni tərəflər arasında eyni predmet barəsində artıq baxılmış, hazırda da qüvvədə olan məhkəmə qətnamələrinin mövcudluğu nəzərə alınmamışdır. Bundan başqa Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-710/2020 saylı qətnamə qəbul olunan zaman da onun iştirakı təmin olunmamışdır. Artıq İddiaçı əvvəllər özbaşına mənimsədiyi ümumi paylı əmlakın 4/6 hissədəki payının olması barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyesterdən çıxarışın etibarsız hesab olunması sonrakı məhkəmələrdən gizlədərək məhkəməni aldatması aşkardır. Həm onun xəbəri və iştirakı olmadan keçirilmiş olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi, bundan əvvəl 2015-ci il tarixli Abşeron Rayon Məhkəməsinin qətnaməsində göstərilənlər və həmin qətnamədən verilmiş şikayətlə bağlı qəbul olunmuş xx.xx.2016-cı il tarixli qətnamə ilə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qətnamələr işin hallarına uyğun olmayaraq qəbul edilmişdir. Abşeron Rayon məhkəməsində həm xx.xx.2020-ci il tarixli, həm də xx.xx.2024-cü il tarixli qətnamələr qəbul olunan zaman eyni predmet barədə və eyni tərəflər arasında olmuş mübahisələrin nəticəsini özündə etiva edən qətnamələr məhkəməyə təqdim olunmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
16. İş üzrə İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
17. Kollegiya ilk olaraq qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
22. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(02)-710/2020 saylı qətnaməsinə əsasən mərhum X3 ölümündən sonra miras qalan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evində vərəsələr İddiaçı payı 4/6 hissə, Cavabdeh1 payı 1/6 hissə və Cavabdeh2 payı 1/6 hissədə müəyyən edilmiş və paylı mülkiyyət hüququ Dövlət reyestri tərəfindən qeydə alınmışdır. Hazırda, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın real bölgüsü, digər mülkiyyətçidən kompensasiya və ya əmlakın açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət etmişdir.
23. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6836 saylı rəyi ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 11 saylı fərdi yaşayış evinin faktiki vəziyyətdə İddiaçı (4/6 hissədə), Cavabdeh1 (1/6 hissədə) və Cavabdeh2 (1/6 hissədə) paylarına uyğun naturada bölgüsü texniki cəhətdən mümkün deyildir.
24. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia yuxarıda qeyd edilən şəkildə (bənd 9) təmin edilmişdir.
25. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6836 saylı rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 11 saylı fərdi yaşayış evinin faktiki vəziyyətdə İddiaçı (4/6 hissədə), Cavabdeh1 (1/6 hissədə) və Cavabdeh2 (1/6 hissədə) paylarına uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. “X16” MMC-nin xx.xx.2023-cü il tarixli, LBC- 009/2023 saylı qiymətləndimə hesabatı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 11 saylı fərdi yaşayış evinin müqayisəli satışlar metoduna əsasən hesablanaraq bazar dəyəri müəyyən edilmişdir. 22 iyun 2023-cü il tarixə həmin fərdi yaşayış evin bazar dəyəri 97000 manat həcmində müəyyən edilmişdir. Buna görə də məhkəmə iddiaçının iddia tələbində əmlakın naturada bölgüsü mümkün olmadıqda cavabdehlər tərəfindən iddiaçının payına mütənasib şəkildə kompensasiya ödənilməsi, kompensasiya məbləğini cavabdehlər qəbul etmədiyi halda əmlakın 97000 manat məbləğində açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri olaraq tərəflərin aralarında onların paylarına mütənasib surətdə bölüşdürülməsini əsaslı və məqsədəuyğun hesab edir.
26. Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(012)-102/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
28. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
29. Apellyator şkayətin dəlili olaraq göstərmişdir ki, Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixli, 2(012)-28/2015 saylı qətnamənin və həmin qətnamədən verilmiş apellyasiya şikayəti ilə bağlı xx.xx.2016-cı il tarixli qətnamənin qüvvədə olması nəzərə alınmamış, eyni tərəflər arasında eyni predmet barəsində artıq baxılmış, hazırda da qüvvədə olan məhkəmə qətnamələrinin mövcudluğu nəzərə alınmamışdır.
30. Kollegiya şikayətin dəlili ilə razılaşmır.
31. Belə ki, Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixli, 2(012)- 28/2015 saylı qətnaməsindən görünür ki, Abşeron rayon 2 saylı Notariat Kontorunun xüsusi notariusu G.İ.Məsimova tərəfindən İddiaçı verilmiş, xx.xx.2013-cü il tarixli, 2V-1-162 reyester nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və İddiaçı məxsus RX hüququ haqqında” şəhadətnamə və İddiaçı məxsus RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən çıxarış etibarsız hesab olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum X3 digər övladlarının məcburi miras payının olmasına baxmayaraq, İddiaçı verilməsi nəticəsində sonuncuların əmlak hüquqları qanunsuz pozulduğundan, 13 iyun 2014-cü İl tarixdə Abşeron rayon 2 saylı notariat kontorunun xüsusi notariusu G.İ.Məsimova tərəfindən İddiaçı verilmiş 17 sentyabr 2013-cü il tarixli, 2V-1-162 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən İddiaçı məxsus RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü.tarixli çıxarış həmin torpaq sahəsinə dair sonuncunun mülkiyyət hüququnun dövlət reyestrində qeydinin əksidir. Həmin qeydin aparlmasına və sözügedən çıxarışın verilməsinə əsas olmuş 17 sentyabr 2013-cü il tarixli, 2V-1-162 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ, haqqında” şəhadətnamənin etibarsız hesab olunması öz növbəsində İddiaçı mübahisəli torpaq sahəsinə olan hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydinin və müqavilə əsasında verilmiş çıxarışın etibarsızlığını özündə ehtiva etməlidir.
32. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-623/2016 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-28/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. Sadalananlardan göründüyü kimi apellyatorun şikayətin dəlili olaraq istinad etdiyi məhkəmə çəkişmələri eyni tərəflər arasında olsa da, mübahisənin predmeti və əsasları eyni olmamışdır. Odur ki, hazırkı mübahisəyə MPM-nin 82.3-cü maddəsinə istinadən qiymət verilməsi barədə şikayətin dəlili əsassızdır.
34. Kollegiya vurğulayır ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(02)-710/2020 saylı qətnaməsinə əsasən mərhum X3 ölümündən sonra miras qalan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 11 saylı fərdi yaşayış evində vərəsələr İddiaçı payı 4/6 hissə, Cavabdeh1 payı 1/6 hissə və Cavabdeh2 payı 1/6 hissədə müəyyən edilməsi qət edilmişdir.
35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-2246/2020 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(02)-710/2020 saylı qətnaməsinin Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
36. Qeyd olunan qətnamə qüvvədə olmaqla, hazırki mübahisə üzrə daşınmaz əmlak üzərində tərəflərin payı həmin qətnamə əsasında müəyyən edilməklə, dövlət qeydiyyatına alınmışdır.
37. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxıb həll etməkdə haqlı olmuş, prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
38. Apellyatorun digər dəlili məhkəmənin vaxtı və yeri barədə ona məlumat verilməməsi, məhkəmə iclasında iştirakının təmin olunmaması ilə bağlıdır.
39. Kollegiya apellyasiya şikayətinin məhkəmənin vaxtı və yeri barədə cavabdehə məlumat verilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına dəfələrlə poçt vasitəsi ilə rəsmi məhkəmə bildirişi və bundan əlavə məhkəmənin vaxtı və yeri barədə istifadəsində olan mobil nömrəsinə SMS bildiriş göndərilmiş, poçt xəbərnaməsindən görünür ki, cavabdehin yaşayış yeri üzrə göndərilmiş məhkəmə bildirişi qəbul edilmişdir.
40. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
41. Kollegiya iddianın əsaslığı ilə bağlı həmçinin aşağıda şərh olunanları qeyd edir:
42. Araşdırılan mübahisədən görünür ki, iddiaçı cavabdehlə paylı mülkiyyətində olan daşınmaz əşyadan payının ayrılmasını, bu mümkün olmadıqda kompensasiyanın verilməsini, kompensasiya ödənilməsini cavabdeh qəbul etmədiy halda əmlakın hərracdan satılmasını və əldə olunan vəsaitin paylarına mütənasib bölünməsini xahiş etmişdir.
43. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarında irəli sürülmüş hüquq mövqedən müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi.
44. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Yəni əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bu qaydalara əsasən əvvəlki iki mərhələnin tətbiqi mümkün olmadığı halda isə əşya məhkəmə qərarı ilə açıq hərracdan satıla və əldə olunan vəsait paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülə bilər.
45. Göründüyü kimi birincin instansiya məhkəməsi tərəfindən iddiaçının mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı istiqamətində araşdırma aparılmış, naturada bölgünün mümkünsüz olduğu müəyyən edilmişdir.
46. Naturada ayrılma mümkün olmadıqda ikinci mərhələnin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 2014-cü il 4 aprel tarixli qərarında göstərilmişdir ki, ...mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil.
47. Mülki iş materiallarından cavabdehlər tərəfindən pul kompensasiyasının ödənilməsi tələbi irəli sürüldüyü müəyyən edilmir.
48. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə» 06 dekabr 2024-cü il tarixli Qərardadında göstərilmişdir ki, Məhkəmə araşdırması zamanı cavabdehlərdən heç biri kompensasiya ödəmək istəmədikdə və ya hər hansı səbəbdən ödəyə bilmədikdə iddiaçının tələbi əsasında məhkəmə üçüncü mərhələyə keçid etməklə əşyanın birbaşa açıq hərracdan satılmasını qət etməlidir. Məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməlidir.
49. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən mərhələli araşdırma həyata keçirilərək, müvafiq nəticəyə gəlinmişdir.
50. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisə düzgün həll edilmişdir. Odur ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(012)-102/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(012)-102/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.