Məhkəmə qərarları › İş №2(105)-1633/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1633/2022

25.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1633/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Telman Qədir oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab olunması, akt əsasında hesablanmış borcun silinməsi tələbi”nə dair Şamaxı Rayon Məhkəməsinin 19 aprel 2022ci il tarixli, 2(074)-433/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı “aktın etibarsız hesab olunması, akt əsasında hesablanmış borcun silinməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin 17 fevral 2022-ci il tarixli 235197 saylı aktının qismən əsassız hesab olunması və Azərişıq “ASC” tərəfindən hesablanmış 712 manat borcun 50 manatının saxlanmaqla qalan hissəsinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, Atatürk küçəsi 5-ci par., mənzil 2-də yaşayır. 17 fevral 2022-ci il tarixdə Azərişığın nümayəndələri gələrək kənar xəttdən istifadə etməyini aşkarlamış və barəsində akt tərtib etmişdir. Sonradan ona məlum olmuşdur ki, 712 manat borc hesablanmışdır. İddiaçı səhv etdiyini, lakin bunu ona Azərişığın nəzarətçisi Cəfər Nağıyev təklif etdiyini bildirmişdir. Belə ki, 15 fevral 2022-ci il tarixdə ona təklif etmişdir ki, ildə ona 50 manat pul versə kənar xəttdən istifadə etmək üçün şərait yaradar. Onunla razılaşdıqdan sonra qıranı düzəldib atmışdır. Amma pulu bəri başdan verməli olduğundan ona bildirmişdir ki, hal-hazırda pulu yoxdur, 3 günə verəcək, o, iki gün gəlib getmiş amma pulu olmadığından ona həmin pulu verə bilməmişdir. 3-cü gün işıqdan nümayəndələr gəlib kənar xətti aşkarlamışlar. Lakin iddiaçı 3 günə bu qədər ziyan olmasının mümkün olmadığını bildirmişdir. Odur ki, "xxxx" ASC-nin 17 fevral 2022-ci il tarixli 235197 saylı aktının qismən əsassız hesab olunması və "xxxx" ASC tərəfindən hesablanmış 712 manat borcun 50 manatının saxlanmaqla qalan hissəsinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 birinci instansiya məhkəməyə etirazında bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçıya məxsus Şamaxı şəhərində yerləşən fərdi yaşayış evi “Azərişıq'’ ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********06369 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları E.Əhmədov, R.Şahməmmədov və T.Məmmədov tərəfindən Şamaxı şəhərində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydalar”ına uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacdan kənar bir başa qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci ii tarixli, R235197 saylı akt tərtib olunmuşdur. Tərtib edilmiş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixli, R235197 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən xx.xx.2022ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 253 gün üçün 0.07 manatla 1450 kvt.s (dəyəri 101.50 manat), 0.08 manatla 600 kvt.s (dəyəri 48.00 manat), 0.09 manatla 300 kvt.s (dəyəri 27.00 manat), 0.11 manatla 3105 kvt.s (dəyəri 341.55 manat) və 0.13 manatla 2493 kvt.s (dəyəri 324.09 manat) toplamda 842,14 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçının faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərinin ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapmışdır. İddiaçı aşkar olunmuş qüsurun olmasını öz iddia ərizəsində də etiraf etmişdir. Bu da onu deməyə əsas verir ki, İddiaçı özünün qeyd etdiyi kimi özünə məxsus fərdi yaşayış evində yaşamaqla sayğacdan kənar bir başa qoşularaq elektrik enerjisindən istifadə etmişdir. Həmçinin iddiaçı kənar xətdən 3 gün istifadə etdiyini qeyd etmiş, lakin bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(074)-433/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı **********06369 saylı abonent koduna xx.xx.2022-ci il tarixli № R235197 saylı akta əsasən hesablanmış 842,14 manat borcun 776,14 manat hissəsinin İddiaçı **********06369 saylı abonent hesabından silinməsi qət edilmişdir (hakim Etibar Hümbətov). Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(074)-433/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsi və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsi hissəsinə dair qətnaməni əsaslandıran zaman “Elektrik enerjisindən istifadə qaydalarının” 8.33-cü bəndinə istinad etmişdir.Lakin “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli, 155 saylı qərarı ilə ləğv edilmişdir.Cavabdeh həmçinin qeyd etmişdir ki, məhkəmə tərəfindən işə baxılan zaman iş materiallarına əlavə edilmiş video çəkiliş diskindəki çəkiliş görüntüləri və iddiaçının etirafı nəzərə alınmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № R235197 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları E.Əhmədov, R.Şahməmmədov və T.Məmmədov tərəfindən iddiaçıya məxsus ünvan 1ndə yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına və elektrik xətlərinə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacdan kənar bir başa qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, № R235197 saylı akt tərtib olunaraq kənar xətt ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, № R235197 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 253 gün üçün 7948 kvts, dəyəri 842,14 manat məbləğində hesabat aparılmışdır. İş materiallarında olan abunə haqqında məlumat sənədindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğac üzrə 253 gün üçün 7948 kvts, dəyəri 842,14 manat məbləğində debitor borcu yaranmışdır. İddiaçı aktın etibarsız hesab olunması və qanunsuz hesablanmış borcun 50 manat hissəsinin saxlanılmasını tələb etmiş, iddiasını onun tərəfindən sayğaca müdaxilə edilməsi üçün cavabdehin əməkdaşı tərəfindən şərait yaradıldığını və elektrik enerjisindən cəmi 3 gün qanunsuz istifadə etdiyi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istehlak etdiyi elektrik enerjisinin dəyərini ödəməli olan iddiaçının evində elektrik enerjisi istehlak olunsa da, quraşdırılmış sayğac üzrə istehlak olunmuş enerji hesablamaması işin mübahisə edilməyən halıdır. Eləcə də abonentin sayğacdan kənar bir başa qoşularaq elektrik enerjisindən istifadə etdiyi onun özünün də izahatı ilə təsdiq edilir. Bundan əlavə birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, yaranmış qüsur nəticəsində ödənilməmiş enerji sərfiyyatının 1 ay ərzində ödəməsi iddiaçıdan tələb edilməli və ödəniş aparılmadığı halda enerjinin verilməsi dayandırılmaqla zərərin qarşısını almaq üçün ağlabatan tədbirlər görməli olan cavabdeh müvafiq hərəkətləri etməyərək zərərin miqdarının artmasına kömək göstərdiyindən, o, itirilmiş enerjinin bərpası üzrə iddiaçıya sərfiyyatı 253 gün üçün 7948 Kvt.s dəyəri 842,14 manatı əsassız hesablamışdır. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən sərfiyyatın 30 gün (bir ay) üçün (7948kVt.s:253 gün=31,41x30gün=942,46kVt.s; 942,46kVt.sx0,07 manat = 66 manat; 842,14-66=776,14 ) 776,14 manat borcun iddiaçıya əsassız hesablandığı nəticəsinə gəlmişdir. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Həmin Qaydaların 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə istehlakçıya elektrik enerjisinin verilməsi dayandırıla bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il, 14 saylı qərarı ilə ləğv edilən “Elektrik enerjisindən istifadə qaydalarının” 8.33-cü bəndinə istinad etməklə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında hüquq münasibəti yarandığı zaman mübahisələndirilən hüquq norması qüvvədə olduğundan məhkəmənin həmin normativ hüquqi akta istinad etməsi əsaslıdır. Apellyasiya şikayətinin dəlilinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(074)-433/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" ASC tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar