Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1633/2023 11.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(031)- 360/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddianın qismən təmin edilməsi, "xxxx" ASC tərəfindən 01 mart 2023-cü il tarixli, 031081 nömrəli akta əsasən İddiaçı əsassız olaraq hesablanmış 1158.51 (bir min yüz əlli səkkiz manat əlli bir qəpik) manat məbləğində borc **********01226 saylı abonent kodundan silinməsi, iddia tələbinin 30 manat məbləğində olan hissəsi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq "xxxx" ASC tərəfindən 01 mart 2023-cü il tarixli, 031081 nömrəli akta əsasən ona əsassız olaraq hesablanmış 1188.51 (min yüz səksən səkkiz manat əlli bir qəpik) manat məbləğində borcun **********01226 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin əməkdaşları H.Kazımov və R.Osmanov tərəfindən 01 mart 2023-cü il tarixli, 031081 nömrəli akt tərtib edilərək həmin aktda göstərilmişdir ki, EEİQ-na uyğun baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik sayğacının «A» dövlət ştamp möhüründə müdaxilə izləri var. Sayğacın alt qapağ möhürünün simi kəsik vəziyyətdədir. Sayğacın üzərində komputer məlumat bazasına daxil edilməyən 4323 kvt/saat elektrik sərfiyyatı vardır. Həmin akta əsasən ona 1188.51 manat borc hesablanmışdır. “Azərişıq ASC”-nin əməkdaşları tərəfindən tərtib edilmiş 01 mart 2023-cü il tarixli, 031081 nömrəli aktda göstərilən və həmin akt əsasında ona hesablanmış borc əsassızdır. O, həmin aktın tərtib edilməsində belə iştirak etməmişdir. Həmin aktın surətini təzəliklə əldə etmişdir. Onun və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsiri müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. Sual olunur əgər o, sayğaca müdaxilə etmişdirsə onda qarşı tərəfin əməkdaşları nəyə görə vaxtında tədbir görməmişdirlər? Belə ki, hər ay evinin sayğacına baxılaraq işıq pulu yazılmış və ona bu barədə bildirişlər verilmişdir. O, da hər ay işıq pulunu vaxtı-vaxtında ödəmişdir. Elektrik sayğacı evdən çöldə yerləşir. Ev sakinləri tərəfindən sayğacın kənar müdaxilələrdən güdülməsi isə qeyri-mümkündür. Elektrik sayğacı 10-15 ildir yaşadığı evə quraşdırılmışdır. Həmin sayğacın istismar müddəti belə bitmişdir. Ona görə ona hesablanmış həmin borc əsassız olduğundan silinməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" ASC Şabran Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı qətnamədə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazimi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə nəzərdən qaçırmışdır ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 01 mart 2023-cü il tarixli, 031081 nömrəli akt tərtib edilərkən iddiaçıya 1188,51 manat məbləğində deyil, 568,15 manat dəyərində hesablaşma aparılmışdır. İddiaçı isə sui-istifadə halına yol vermiş, 01 mart 2023-cü il tarixli, 031081 nömrəli aktda 568,15 manat göstərilməsinə baxmayaraq, iddiaçı iddia tələbində 01 mart 2023-cü il tarixli, 031081 nömrəli aktda guya 1188,51 manat olduğunu göstərmiş və ümumilikdə 1188,51 manatın silinməsini tələb etmişdir. Halbuki, həmin məbləğ iddiaçının istifadə etdiyi elektrik enerjisinin haqqını ödəmədiyi borcudur. Onu da qeyd edilir ki, xx.xx.2023-cü il tarixli, 031081 saylı akt tərtib edilərək 568,15 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və video çəkilişlə qeydə alınmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçının deyil, cavabdehin özünün daşıması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh "xxxx" ASC vermiş olduğu apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7. maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarı da məhkəmələrdən məhz bunu tələb edir. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiya məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. İddia tələbi əsassız hesablanmış pul məbləğinin silinməsi barədədir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. İş materiallarında olan "xxxx" ASC Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən verilmiş 01 mart 2023-cü il tarixli 031081 saylı aktda göstərilmişdir ki, EEİQ-na uyğun baxış keçirilən zaman məlum oldu ki, elektrik sayğacının «A» dövlət ştamp möhüründə müdaxilə izləri var. Sayğacın alt qapağ möhürünün simi kəsik vəziyyətdədir. Sayğacın üzərində komputer məlumat bazasına daxil edilməyən 4323 kvt/saat elektrik sərfiyyatı vardır. Həmin akta əsasən istifadə olunmuş enerji sərfiyyatına görə 568,15 manat hesablanmışdır. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1097.1. maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, mülki məsuliyyətin yaranması üçün ilk növbədə təqsir müəyyən olunmalıdır, lakin iddiaçının yaşadığı ünvanda quraşdırılmış elektrik sayğacının sonuncu tərəfindən hər hansı bir müdaxilənin olunmasını sübutetmə yükü üzərində olan cavabdeh bunu sübut edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, akt əsasında hesablanmış 568,15 manat iddiaçının abonent hesabından silinməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, əsassız hesablanmış 568 (beş yüz altmış səkkiz) manat 15 (on beş) qəpik məbləğində borcun silinməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilsin. “Azərişıq ASC” tərəfindən 01 mart 2023-cü il tarixli, 031081 nömrəli akta əsasən İddiaçı əsassız olaraq hesablanmış 568 (beş yüz altmış səkkiz) manat 15 (on beş) qəpik məbləğində borc **********01226 saylı abonent kodundan silinsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1633/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1633/2023
11.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver