Məhkəmə qərarları › İş №2(105)-1637/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1637/2024

16.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1637/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən cavabdehin hesabına çıxarılması və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Mürsəlzadə-X1 qarşı əşyaların mənzildən cavabdehin hesabına çıxarılması və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus 128 nömrəli mənzildən Cavabdeh məxsus olan əşyaların cavabdehin öz hesabına çıxarılması, mediasıya xərci 60 manat və məhkəməyə ödənilmiş 50 manat dövlət rüsumu olmaqla, cəmi 110 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi, ünvan 1 ünvanında yerləşən ona məxsus 128 nömrəli mənzildən cavabdehin əşyaları onun öz hesabına çıxarıldıqdan sonra mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) İddiaçı cavabdeh Mürsəlzadə-X1 qarşı əşyaların mənzildən cavabdehin hesabına çıxarılması və mənzilin təhvil verilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş cavabdehə aid portaldan çıxarışdan görünür ki, cavabdeh Mürsəlzadə-X3 ünvan 2 ünvanında qeydiyyatdadır. MPM-nin 35.1 və 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024 nömrəli qərardadından İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbindən də məlum olur ki, onun tələbi cavabdehin onun mənzilində qalmaqda davam edən əşyalarının mənzildən çıxarılmasıdır. Eyni zamanda cavabdehin mənzildən əşyaları çıxarıldıqdan sonra mənzilin iddiaçıya təhvil verilməsidir. İddiaçının iddia tələbi cavabdehin əmlaklarının qanunsuz olaraq onun mənzilində saxlaması və ona öz əmlakından istifadədə maneə yaratmasıdır ki, bununla da onun mülkiyyətçi kimi hüquqlarının pozulmasının məhkəmə yolu ilə aradan qaldırılması haqdadır. İddiaçının əsas məqsədi onun mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması barədədir ki, bu iddialar da Mülki Prosessual qanunvericiliyin tələblərinə görə daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi iddiaçının tələbi daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olduğu üçün iddia düzgün olaraq mənzilin yerləşdiyi yerin məhkəməsinə verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024 nömrəli qərardadı ləğv edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Hazırki işdən isə görünür ki, iddiaçının tələbi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 ünvanında yerləşən 128 nömrəli mənzildən cavabdehə məxsus əşyaların onun hesabına çıxarılması və mənzilin ona təhvil verilməsindən ibarətdir. Onun bu tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olmaqla, müstəsna aidiyyət qaydalarının təsirinə düşür. Birinci instansiya məhkəməsi isə prosessual qanunvericiliyin tələbini pozaraq, iddia ərizəsini icraata qəbul etməməkə düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024l tarixli ləğv edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.2, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 2(012)-5055/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar