Məhkəmə qərarları › İş №2(105)-1640/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1640/2025

03.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1640/2025 03.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: miras əmlaka payın müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X41 və X26 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, cavabdeh, həmçinin iş üzrə müstəqil tələb irəli sürməyən üçünücü şəxslər X5, X9, X16 və X13 nümayəndəsi Cavabdeh iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-35/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, babası Hüseynov Məlik Abdulla oğlunun xx.xx.2003-cü il tarixdə vəfatından sonra miras qalmış ünvan 2ində yerləşən yaşayış evindən, 0,31 ha həyətyanı torpaq sahəsində və 1,19 ha kənd təsərrüfatlı torpaq sahəsində ona məxsus olmuş paydan ibarət mirasın nənəsi X10 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, sonuncunun xx.xx.2006-cı il tarixdə vəfatından sonra miras qalmış yaşayış evinin, 0,3 ha həyətyanı torpaq sahəsində və 1.19 ha kənd təsərrüfatlı torpaq sahəsində ona məxsus olmuş paylardan ibarət miras əmlakın ona düşən, tərəfindən vəsiyyətnamə üzrə qəbul edilmiş payın müəyyən edilməsi və onun naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.1990-ci ildə ünvan 1ində anadan olmuş, valideynləri olan atası X32 ilə anası X17 13 iyun 1988-ci ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, həmin tarixdə də anası Zərifə ata babası olan Hüseynov Məlik Abdulla oğluna məxsus ünvan 1ində yerləşən evə gəlin köçmüşdür. Valideynləri ailə həyatı qurarkən atası daimi Rusiya Federasiyasında yaşamış, ona görə də ailə həyatı qurduqdan sonra da atası Rusiya Federasiyasına qayıtmışdır. Evdə babası Məlik, nənəsi X10, anası X17 və onlar (o və bacısı) yaşamışlar. Babası Hüseynov Məlik Abdulla oğlu 27 fevral 2003-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras qalmış Xaçmaz rayonu, Yegüc kəndində yerləşən yaşayış evi, evin yerləşdiyi həyətyanı torpaq sahəsində və kənd təsərüfatı təyinatlı torpaq sahəsindəki paylardan ibarət mirası 1-ci növbə vərəsə olaraq həyat yoldaşı olan (yəni nənəsi) X10 faktiki olaraq idarə etrməklə qəbul etmişdir. X43 10 mart 2006-cı il tarixdə vəfat etmişdir. O, vəfat etməzdən əvvəl, yəni 01 mart 2006cı il tarixdə qanuni təsdiq edilmiş vəsiyyətnamə ilə ünvan 2ində yerləşən yaşayış evini, həyətyanı və öz pay torpağını, əmanət kassasında olan pullarını və bütün əmlakını ona vəsiyyət etmişdir. Vəsiyyət üzrə vərəsə olaraq mərhum nənəsindən miras qalmış əmlakı faktiki olaraq idarə etməklə və ona yiyələnməklə qəbul etmişdir və bu günə kimu həmin əmlakı idarə edir. Cavabdeh onun doğma əmisidir. O, hələ babasının və nənəsinin sağlığında evdən köçüb getmiş, ünvan 1ində özünə məxsus evdə yaşamışdır. Cavabdeh, nənəsinin ölümündən təxminən 1 il keçdikdən sonra özünə məxsus evini, meyvə bağlarını sataraq onların yaşadığı, yəni X43dan miras qalmış evə köçərək 1-ci mərtəbəsində məskunlaşmışdır. Həmin vaxt anası Zərifə Hüseynova və o etiraz etməmişlər ki, cavabdeh əmisidir, özünə başqa yaşayış yeri əldə edənə kimi miras evdə müvəqqəti yaşasın. Bu yaxınlarda cavabdeh əmisi onların evdə olmamalarından istifadə edərək miras evin 2-ci mərtəbəsindəki əmlakları özbaşına olaraq oradan çıxarıb evin 1-ci mərtəbəsinə ataraq özü ailəsi ilə birllikdə evin 2-ci mərtəbəsinə köçüb yaşamağa başlamışdır. Bu zəmində aralarında mübahisələr yaranmışdır. Hesab edir ki, Cavabdeh bu cür hərəkətlər etməsi tamamilə qanunsuzdur, miras əmlakla bağlı onun hər hansı hüququ yaranmamışdır. Əksinə o, vəsiyyət üzrə vərəsə olaraq mərhum X43dan miras qalmış əmlakı qəbul etmişdir. Miras əmlaka dair hüquqlarının qanunamüvafiq rəsmiləşdirilməsi üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, notariat ofisinin notariusu F.S.Məmmədovun 30 iyun 2020-ci il tarixli 336 saylı məktubu ilə ona cavab verilmişdir ki, X3 vəfatından sonra miras qalmış ünvan 1i ünvanında yerləşən torpaq sahəsi və evə dair vərəsəlik işi mübahisəli xarakter daşıyır. Bu səbəbdən notariat əməliyyatının aparılması qeyrimümkündür və məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunur. Beləliklə, babası Hüseynov Məlik Abdulla oğlunun ölümündən sonra yaşayış evindən, həyətyanı torpaq sahəsində və pay torpaq sahəsində ona məxsus olmuş paylardan ibarət mirası həyat yoldaşı (nənəsi) X10 faktiki olaraq qəbul etmişdir. Nənəsi isə, yuxarıda qeyd edildiyi kimi, vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakı ona vəsiyyət etmişdir. Nənəsinin öldüyü vaxt onun 16 yaşı olmuşdur. O, miras evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Xaçmaz rayon İcra Hakimiyyətinin başçısının Yergüc kənd İƏD nümayəndəsinin arayışı ilə təsdiq olunur ki, miras qoyan X3 ölümündən sonra evi və təsərrüfatı İddiaçı idarə edir. Cavabdeh miras əmlakı qanunda nəzərdə tutulmuş qaydada və müddətdə qəbul etməmişdir.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-35/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qətnaməsi (hakim Sərxan Səmədzadə) ilə iddia qismən təmin edilərək, mərhum Hüseynov Məlik Abdulla oğlunun adına xx.xx.1988-ci ildə qeydiyyata alınmış ünvan 1ində 2 otaqlı, cəmi 154.4 kv.m sahəsi olan fərdi yaşayış evindən mərhum X6 çatası miras payından sonuncunun vəsiyyət üzrə vərəsəsi İddiaçı vəsiyyətnamə əsasında 9/28 hissə payının, torpağın mülkiyyətə verilməsinə dair JN 2766 saylı 30209018 kodlu şəhadətnaməyə əsasən ünvan 1ində yerləşən 0,31 ha torpaq sahəsindən mərhum X6 düşən miras payından İddiaçı vəsiyyətnamə əsasında 9/70 hissə payının və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 1,19 ha torpaq sahəsindən mərhum X6 düşən miras payından İddiaçı vəsiyyətnamə əsasında 9/70 hissə payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqların qeydə alınması üçün əsas olması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mülki iş məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının 3-cü bəndinin təsiri altına düşür. Belə olan halda isə İddiaçı iddia tələbinin miras əmlakı faktiki qəbul etməsinə dair hissəsi əsassızdır və rədd edilməlidir. Lakin, İddiaçı X43nın vəsiyyət üzrə vərəsəsi olduğundan, nənəsindən qalan miras payları aşağıdakı kimi müəyyən edilməlidir: Hüseynov Məlik Abdulla oğlunun xx.xx.2003-cü il tarixdə vəfatından sonra miras qalmış ünvan 1ində yerləşən fərdi yaşayış evi X10 ilə birgə nikah dövründə əldə olunduğundan həmin evdən Çiçək Hüseynovanın ½ pay və Məlik Hüseynovun ½ payı müəyyən edilir. 2003-cü ildə Məlik Hüseynovun ölümündən sonra, Çiçək Hüseynova 2006cı ildə bütün əmlakını vəsiyyətnamə üzrə nəvəsi İddiaçı vəsiyyət etmişdir. Lakin həmin vəsiyyətnamə ilə hansı əmlakın və hansı payda vəsiyyət edilməsi göstərilməmişdir. Məhkəmə xüsusi ilə qeyd edir ki, sözügedən vəsiyyətnamə məhkəmə qaydasında mübahisələndirilsə də məhkəmə qətnaməsi ilə qüvvəsində saxlanılmış və həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda 10 mart 2006-cı il tarixli Çiçək Hüseynovanın nəvəsi İddiaçı verdiyi vəsiyyətnamə qüvvədə olan hesab edilir. X35 rayonu, Yergüc kəndində yerləşən fərdi yaşayış evinə dair ½ payı olduğundan, o, vəsiyyətnaməsi üzrə vəsiyyətinin yalnız həmin pay üzrə sərəncam vermək hüququna malik olmuşdur. Lakin miras qoyanın digər birinci dərəcəli vərəsələri də mövcud olduğundan onların da məcburi pay almaq hüquqları təmin edilməlidir. Çiçək Hüseynova özünə məxsus olan ½ payın yalnız yarısını, yəni ¼ payını vəsiyyətnamə üzrə nəvəsi İddiaçı vəsiyyət edə bilərdi. Bundan başqa, Çiçək Hüseynovanın vəfat edən ərindən (Məlik Hüseynovdan) qalan ½ paydan da payı mövcud idi. Məlik Hüseynovun ölən gününə 7 vərəsəsi (1 arvadı və 6 övladı) mövcud idi. Bu o deməkdir ki, Çiçək Hüseynovanın ərinin ½ payından ona çatası miras payı 1/14 pay təşkil edir. Yuxarıda qeyd olunan payları riyazi hesablama nəticəsində toplayarkən nəticə çıxır ki, X10 fərdi yaşayış evindən nəvəsi İddiaçı 9/28 pay vəsiyyət etmək hüququna malik idi. 0,31 ha və 1,19 ha torpaq sahələri Aqrar İslahatlar Komissiyasının qərarları ilə Hüseynov Məlik Abdulla oğlu, X10, X17, İddiaçı və X18 verilmişdir. Göründüyü kimi, hər iki torpaq sahəsi 5 nəfərin adına verildiyindən, X3 həmin torpaq sahələrindən 1/5 payının mövcud olması mübahisəsiz haldır. Məcburi pay ilə bağlı hüquq norması tətbiq edilərək, X10 öz 1/5 payından yalnız 1/10 payını nəvəsinə vəsiyyət edə bilər. Çiçək Hüseynovanın əri Məlik Hüseynovdan da qalan 1/5 paydan Məlik Hüseynovun 7 vərəsəsi olduğundan, onun torpaq sahələrində olan 1/5 payı 7 vərəsə arasında bölündükdə hər vərəsəyə 1/35 pay düşür. Yuxarıda qeyd olunan payları riyazı hesablama nəticəsində toplayarkən nəticə çıxır ki, X10 0,31 ha və 1,19 ha torpaq sahələrindən nəvəsi İddiaçı 9/70 pay vəsiyyət etmək hüququna malik idi.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.1, 213.2, 1133.1, 1134.2, 1145, 1151.1, 1151.2, 1170.1, 1255, 1193-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarına istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. İddiaçı Hüseynov Məlik Abdulla oğlu apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-35/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli, qətnaməsinin ləğv edilməsini, məhkəmədə müəyyən olunmuş sübutlar və faktlar əsasında iddia tələbinin tam təmin edilməsi və miras üzrə payların yenidən düzgün qaydada bölüşdürülməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər M.Hüseynov, Z.Məmmədov və İ.Dəmirov) 2(105)722/2025 nömrəli iş üzrə 08 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, ünvan 2ində torpağın mülkiyyətə verilməsinə dair JN 2766 (kod ********) nömrəli şəhadətnamənin aid olduğu 0,31 ha həyətyanı torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evində və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın aid olduğu 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı (iddiaçı) mülkiyyət payı 11/35 hissə, X8 mülkiyyət payı 7/35 hissə, X14 mülkiyyət payı 7/35 hissə, qalan 10/35 hissə isə Cavabdeh (cavabdeh), X22, X33, X32, X27 və X5 ümumi (birgə) mülkiyyət payları kimi müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

9.Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-722/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək hər iki məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin birinci instansiya məhkəməsinin qətnaməsindəki şəkildə qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-2775/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-722/2025 saylı 08 may 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, mübahisələndirilən qətnamə ilə X22, X33, X32, X27 və X5 Hüseynov Məlik Abdulla oğlu və X1 vərəsələri olduqları və miras əmlakda payları müəyyən edildiyi halda həmin şəxslər işdə iştirak etməyə cəlb edilməmişlər. Bundan başqa ünvan 1ində 2 otaqlı, cəmi 154.4 kv.m sahəsi olan fərdi yaşayış evi üzərində tərəflərin miras payı müəyyənləşdirərkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmə həmin əmlaka dair miras payını Hüseynov Məlik Abdulla oğlu, X17, X11, X28 və İddiaçı birgə mülkiyyətində olan torpaq sahələri ilə eyni qaydada müəyyən etmişdir. Halbuki torpaq sahələri iddiaçının paylı mülkiyyətində olduğu halda, fərdi yaşayış evi xx.xx.1988-ci ildə Hüseynov Məlik Abdulla oğlu tərəfindən nikahda olduğu dövrdə əldə edilmişdir. Bu əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunub-olunmadığına hazırda qüvvədə olan Ailə Məcəlləsinin normaları əsasında deyil, əldə edilən dövrdə qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsi tətbiq edilməklə hüquqi qiymət verilməli, Hüseynov Məlik Abdulla oğlu vəfat etdikdən sonra onun arvadı və digər vərəsələrinə düşən miras payı müəyyənləşdirilməli, o cümlədən X1 vəfatından sonra qanun üzrə birinci növbəli vərəsələrin məcburi payı və vəsiyyətnamə əsasında iddiaçının əldə etməli olduğu pay Mülki Məcəllənin 1133, 1151, 1159.1, 1162, 1193, 1194, 1196, 1301-ci maddələrinin tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X43nın onun adına verdiyi vəsiyyətnamə cavabdeh və digər vərəsələr tərəfindən mübahisələndirilsə də ona verilmiş vəsiyyətnamə məhkəmələr tərəfindən qüvvədə saxlanılmışdır. İddiaçı olaraq o, miras açıldığı andan vəsiyyət üzrə vərəsə kimi miras əmlakı faktiki qəbul etməklə, bunu şəksiz nümayiş etdirməklə, habelə onun idarəçiliyini həyata keçirməklə mirası qəbul etmişdir. Məhkəmə babası Məlik Hüseynovdan X43ya keçmiş payı və nənəsi tərəfindən ona vəsiyyət edilmiş mirasın kütləsini və həcmini düzgün müəyyən etməmiş, onun payını qanunvericiliyə uyğun ayırmamış, vəsiyyətnamə üzrə ona böyük miqdarda pay düşməli olduğunu nəzərə almamışdır. Həmçinin məcburi pay almalı olan şəxslərin paylarını əsassız olaraq artıraraq onun mülkiyyət hüquqlarını pozmuşdur. Birinci instansiyası məhkəməsi sübutlara düzgün qiymət vermədiyindən paylar düzgün bölüşdürülməmişdir. İşin mübahisəsiz halıdır ki, X43nın sağlığında verdiyi vəsiyyətnamə ilə o, vəsiyyət üzrə vərəsədir. Vəsiyyətnamə cavabdehlər tərəfindən mübahisələndirilsə də ona verilmiş vəsiyyətnamə məhkəmələr tərəfindən qüvvədə saxlanılmışdır. İddiaçı olaraq miras açıldığı andan vəsiyyət üzrə vərəsə kimi miras əmlakı faktik qəbul etməklə, bunu şəksiz nümayiş etdirməklə, habelə onun idarəçiliyini həyata keçirməklə mirası qəbul etmişdir. Məhkəmə vəsiyyətnamə üzrə rəhmətə getmiş babası Məlik Hüseynovdan X43 keçmiş payı və nənəsi tərəfindən ona vəsiyyət edilmiş mirasın kütləsini və həcmini düzgün müəyyən etməmiş, onun payını qanunvericiliyə uyğun ayırmamış, vəsiyyətnamə üzrə ona böyük miqdarda pay düşməli olmağını nəzərə almamışdır. Həmçinin məcburi pay almalı olan şəxslərin paylarını əsassız olaraq artıraraq onun təsbit olunmuş mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur. Bir sözlə paylar düzgün bölüşdürülməmişdir. Bu hallar yuxarı məhkəmə tərəfindən yenidən araşdırılmalıdır. Dediyi faktlaryenidən araşdırma zamanı üzə çıxacaqdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə razı idi, lakin qarşı tərəf kassasiya şikayəti vermiş və nəticədə həmin qətnamənin ləğv olunmasına nail olmuşdur. Mübahisəli əmlak ümumi birgə mülkiyyətdə olan əmlakdır, əlavə olaraq vəsiyyatnamə üzrə ona verilmiş əmlak da var. Odur ki, həmin əmlakın qanuni qaydada bölünməsini, ona çatmalı mirasın ona verilməsini xahiş edir. Qanunla nəzərdə tutulmuş məcburi payın qarşı tərəfə verilməsinə heç bir etirazı yoxdur. 31 sot həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətdə olan pay torpaqları və 152 kv.m-lik ikimərtəbəli ev miras qalan əmlaklardır, hər birinə münasibətdə vəsiyyətnamədə qeyd olunan paylarını, eyni zamanda, dövlətin verdiyi pay torpağını tələb edir. X22, X33, X27 və adları çəkilən digər şəxslər də öz paylarını istəyirlər, qanunla onlara düşən payın onlara verilməsinə etiraz etmir. Atası sağdır, uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır. 31 sot həyətyanı torpaqdır, hansıki iki mərtəbli ev onun üzərində yerləşir, digər torpaq sahəsi isə 1,9 ha-dır və kənd təsərrüfatı təyinatlıdır. İkimərtəbəli evdə o, yaşamış, torpaqlar özünün olub, istifadə etmişlər, icarəyə vermişlər. Əmisi Cavabdeh 2007-ci ildə nənəsinin ölümündən sonra öz əmlaklarını satıb gəlib onlarla yaşayıb, evin bir mərtəbəsində o, digərində əmisi yaşayıb. Əmisi öz şəxsi pay torpaqlarında kənd təsərrüfatı ilə məşğul olub, 1.9 ha torpaq sahəsinin ona aidiyyəti yoxdur. Əmisinin eyni kənddə ayrıca evi olub. Bütün vərəsələrin məcburi payına etiraz etmir. Humay anası, Zərifə bacısıdır. Vərəsələrin qanuni paylarının verilməsinə heç bir etirazı yoxdur. Miras əmlakın 3/5 hissəsi onlarındır. 1 ha 19 sot torpaq sahəsinin 3/5 hissəsi onlarındır. Vəsiyyətnamə və məcburi paylar nəzərə alınmaqla miras əmlakın bölüşdürülməsini xahiş edir. Babası Məlikin adına olan ev, nənəsi ilə babasının birgə nikah dövründə, onlar tərəfindən tikilib və onların ümumibirgə əmlakı hesab edir. 14 Məhkəmə kollegiyasının iclasında cavabdeh, həmçinin iş üzrə müstəqil tələb irəli sürməyən üçünücü şəxslər X5, X9, X16 və X13 nümayəndəsi Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, qardaşının ailəsi dağılmış, o, 1988-ci ildən gedib Rusiyada yaşamışdır. İkimərtəbəli evdə əvvəldən indiyə kimi o yaşamış, iddiaçı isə qardaşı ilə Rusiya Federasiyasında yaşayıb, bunu təsdiq edən fotoşəkillər mövcuddur. İddiaçıya o, baxmış, əmlakı o, idarə etmişdir. Anası xəstələnmiş, 10 gün içində ölmüş, xəstə halı ilə vəsiyyətnamə yaza bilməzdi. Atasının torpağından iddiaçıya, onun anası və bacısına pay düşmür. Atası 2003-cü ildə ölüb, atasının qaldığı evdə o, ailəsi ilə yaşamış, ayrıca evi olmamıdşır. X37 yaşadığından arada onun evinə gedib-gəlmişdir. Anası 2006-cı ildə ölüb. İddiaçı Rusiyaya gedib-gəlib, bura gələndə balaca uşaq olub, onunla yaşayıb, onu özü saxlamışdır. Əminə, Mətanət, Mərziyə bacıları, Bəhmən, Bəhram qardaşları, Məlik atası, Çiçək anasıdır. Rusiya Federasiyasında yaşayan qardaşınan başqa digər bacı-qardaşları öz paylarını ona verməyə razıdır. Miras qalmış ev ata və anasının birgə nikah dövründə, onlar tərəfindən tikilib və onların ümumibirgə əmlakı hesab edir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat ofisinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

16. Qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, Hüseynov Məlik Abdulla oğlu ilə X7 arasında nikah 19 iyun 1963-cü ildə bağlanmışdır. Nikahdan sonra qadın “Hüseynova” soyadını qəbul etmişdir.

17. Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X32 ilə X12 arasında nikah xx.xx.1988-ci ildə bağlanmışdır. Nikahdan sonra qadın Hüseynova soyadını qəbul etmişdir.

18. Torpağa mülkiyyət hüququna dair JN 2766 (kod ********) nömrəli Dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən Hüseynov Məlik Abdulla oğlu, X17, X11, X28 və İddiaçı birgə mülkiyyətinə 1,19 hektar torpaq sahəsi verilmişdir.

19. Torpağın mülkiyyətə verilməsinə dair JN 2766 (kod ********) nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən Hüseynov Məlik Abdulla oğlu, X17, X11, X28 və İddiaçı birgə mülkiyyətinə 0,31 hektar torpaq sahəsi verilmişdir.

20. Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1ində 2 otaqlı, cəmi 154.4 kv.m sahəsi olan fərdi yaşayış evi Hüseynov Məlik Abdulla oğlunun adına xx.xx.1988-ci ildə qeydiyyata alınmışdır.

21. xx.xx.2020-ci il tarixli **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2i ünvanında yerləşən 1,19 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə Hüseynov Məlik Abdulla oğlu, X17, X11, X23 və İddiaçı adına qeydiyyata alınmışdır.

22. Xaçmaz rayon notariat ofisinin iddiaçıya ünvanladığı 30 iyun 2020-ci il tarixli 336 nömrəli məktubdan görünür ki, vərəsəlik işi mübahisəli xarakter daşıdığından notariat əməliyyatının aparılması qeyri mümkündür.

23. 01 mart 2006-cı ildə tərtib edilmiş vəsiyyətnamədən müəyyən olunur ki, X11 vəfat edəcəyi günə özünə məxsus olan bütün əmlakını, onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq, o cümlədən ünvan 2ində yerləşən xüsusi yaşayış evini, həyətyanı və pay torpağını, əmanət kassasında olan pulunu və bütün əmlakını nəvəsi İddiaçı vəsiyyət etmişdir. 24.Xaçmaz rayon Yergüc kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 942 nömrəli arayışından müəyyən olunur ki, X11 1932-ci il tarixdən xx.xx.2006-cı ilədək ünvan 2ində yaşamış və orada da xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır: X22, X33, X32, X27, Cavabdeh, X15. Ölümündən sonra evi və təsərrüfatı oğlu Cavabdeh idarə edir.

25. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Hüseynov Məlik Abdulla oğlu xx.xx.2003-cü ildə vəfat etmişdir.

26. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.2006cı ildə vəfat etmişdir.

27. Xaçmaz rayon 1 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2026-cı il tarixli ərizələrdən görünür ki, Cavabdeh, X33, X22, X27, X15 ərizə ilə müraciət edərək xx.xx.2003-cü ildə ölümş ataları X24 və xx.xx.2006-cı ildə ölmüş anaları X2 qalmış mirası qəbul edir və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edirlər.

Tətbiq edilən hüquq

28. Azərbaycan SSR Nikah və Ailə Məcəlləsi

23. Ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq ərarvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvadaın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzürülü səbəblərə görə onun müstəqil qazancı olmadıqda da onlar əmlak üzərində bərabər hüquqlara malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ər-arvadın birinin adına yazılmasından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

31. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-35/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı payların müəyyən edilməsi və naturada ayrılması hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-35/2025 nömrəli qətnaməsi dəyişdirilməlidir.

33. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qərarın nəticə hissəsinin 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli Qərarının 2-ci bəndinə əsəsən Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Hazırkı mülki iş birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının nəticə hissəsinin 3-cü bəndinin təsiri altına düşmüşdür. Buna görə də məhkəmə kollegiyası tərəfindən Hüseynov Məlik Abdulla oğlu və X4 birinci növbədə bütün qanun üzrə vərəsələri müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilməklə, miras qalmış əmlakdan iddiaçı və cavabdehlə yanaşı, onların da məcburi pay almaq hüquqları təmin edilmişdir.

34. İşin müəyyən edilmiş hallarına əsasən miras qoyanlar Hüseynov Məlik Abdulla oğlu ilə X7 arasında nikah 19 iyun 1963-cü ildə bağlanmış, birgə nikah dövründə ünvan 1ində 2 otaqlı, cəmi 154.4 kv.m sahəsi olan fərdi yaşayış evini inşa etmiş və həmin əmlak mülkiyyət hüququ üzrə Hüseynov Məlik Abdulla oğlunun adına xx.xx.1988-ci ildə qeydiyyata alınmışdır. Həmin evin yerləşdiyi 0,31 hektar torpaq sahəsi və digər 1,19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən Hüseynov Məlik Abdulla oğlu, X11, X17, X28 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Hüseynov Məlik Abdulla oğlu xx.xx.2003-cü il tarixdə, X7 isə xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. X7 ölümündən 10 gün əvvəl, yəni 01 mart 2006-cı il tarixdə vəfat edəcəyi günə özünə məxsus olan bütün əmlakını, onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq, o cümlədən ünvan 2ində yerləşən xüsusi yaşayış evini, həyətyanı və pay torpağını, əmanət kassasında olan pulunu və bütün əmlakını nəvəsi İddiaçı vəsiyyət etmişdir. Hazırda vərəsələr arasında miras qalmış əmlaklarda payın müəyyən edilməsinə dair mübahisə yaranmışdır.

35. Məhkəmə kollegiyası ilk öncə miras qalmış ünvan 2ində yerləşən 0,31 hektar həyətyanı torpaq sahəsi və 1,19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vərəsələrin payını müəyyən edilməsi ilə əlaqədar olaraq qeyd edir ki, ünvan 2ində yerləşən 1,19 ha kənd təsərrüfatı təyinatlı və 0,31 ha həyətyanı torpaq sahəsi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən Hüseynov Məlik Abdulla oğlu, X17, X11, X28 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir ki, Mülki Məcəllənin 214.1-ci maddəsinin tələbinə əsasən həmin əmlak üzərində onların hər birinin 1/5 hissədə payı müəyyən edilmiş hesab olunur. Hüseynov Məlik Abdulla oğlu 2003-cü il tarixdə vəfat etdiyindən onun torpaq sahələri üzərində olan 1/5 hissədə payına miras açılmışdır. Hüseynov Məlik Abdulla oğlunun qanun üzrə birinci növbədə vərəsələri arvadı X7 və 6 övladı - X22, X33, X32, X27, Cavabdeh və X15 miras qalmış əmlakdan pay almışlar ki, bununla da Hüseynov Məlik Abdulla oğlunun miras qalmış 1/5 hissədə əmlakı 7 nəfər birinci növbədə vərəsə arasındakı payı bərabər şəkildə bölünməklə, 7 vərəsənin hər birinin 1/35 hissədə payı müəyyən olunur. X1 əmlak üzərində 1/5 hissədə payının olması da nəzərə alındıqda, onun payı 8/35 (1/5+1/35=7/35+7/35=8/35) hissədə müəyyən olunur. Mülki Məcəllənin 1193-cü maddəsinin tələbinə əsasən vəsiyyət edənin uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı olduğundan və bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etdiyindən, vəsiyyət edən X1 8/35 hissədə payının yarısı, yəni 4/35 hissəsi nəvəsi olan İddiaçı qalır. İddiaçı ümumi əmlak üzərində 1/5 hissədə də paya malik olması nəzərə alındıqda, onun payının 11/35 (1/5=7/35, 7/35=4/35=11/35) hissədə olması müəyyən olunur. X1 4/35 hissədə qalan payı isə digər məcburi pay hüququ olan 6 övladı arasında bərabər şəkildə bölünməklə yanaşı, həmin 6 nəfər vərəsənin ataları Hüseynov Məlik Abdulla oğlundan 1/35 hissədə pay almaları nəzərə alındıqda, onların onların hər birinin 1/21 (4/35:6=2/105, 1/35=3/105, 2/105+3/105=5/105, 5/105=1/21) hissədə payı müəyyən olunur. İddiaçı 11/35, X8 1/5, X19 1/5 və digər övlad olan 6 nəfər vərəsənin hər birinin 1\21 hissədə payı orta məxrəcə gətirildikdə isə İddiaçı 33/105, X8 21/105, X14 21/105 və digər övlad olan 6 nəfər vərəsənin isə hər birinin 5/105 hissədə payı müəyyən olunur ki, bununla da ümumi əmlak üzərində pay tamamlanmış (33/105+21/105+21/105+5/105+5/105+5/105+5/105+5/105+5/105=105/105) olur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ünvan 2ində yerləşən 1,19 ha kənd təsərrüfatı təyinatlı və 0,31 ha həyətyanı torpaq sahəsi üzərində paylı mülkiyyətçilərin payı və miras qalmış əmlakdan alınmış paylar nəzərə alınmaqla, ümumi əmlak üzərində İddiaçı 33/105, X8 21/105, Asanbəyova (Hüseynova) Humay Bəhmən qızının 21/105, X9 5/105, X16 5/105, X20 5/105, X13 5/105, Cavabdeh 5/105 və X5 5/105 payı müəyyən edilməlidir.

36. Məhkəmə kollegiyası miras qalmış ünvan 2indəki 0,31 hektar torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə isə qeyd edir ki, fərdi yaşayış evi Hüseynov Məlik Abdulla oğlu ilə X3 birgə nikah dövründə əldə olunduğundan ev üzərində Çiçək Hüseynovanın və Məlik Hüseynovun hər birinin 1/2 hissədə payı olmuşdur. Belə olduğu təqdirdə isə Hüseynov Məlik Abdulla oğlunun 1/2 hissədə payı 7 nəfər birinci növbədə vərəsə arasındakı payı bərabər şəkildə bölünməklə, 7 vərəsənin hər birinin 1/14 hissədə payı müəyyən olunur. X1 əmlak üzərində 1/2 hissədə payının olması da nəzərə alındıqda, onun payı 4/7 (1/2+1/14=orta məxrəcin 14 olması nəzərə alındıqda (7/14+1/14=8/14=4/7) hissədə müəyyən olunur. Mülki Məcəllənin 1193-cü maddəsinin tələbinə əsasən vəsiyyət edənin uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı olduğundan və bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etdiyindən, vəsiyyət edən X1 4/7 hissədə payının yarısı, yəni 2/7 hissəsi nəvəsi olan İddiaçı qalır. X1 2/7 hissədə olan payı isə digər məcburi pay hüququ olan 6 övladı arasında bölünməklə yananşı, ataları Hüseynov Məlik Abdulla oğlundan 1/14 hissədə pay almaları nəzərə alındıqda onların onların hər birinin 5/42 (2/7:6=2/42=1/21, 1/14 və 1/21 orta məxrəcinin 42 olması nəzərə alındıqda, 1/14=3/42, 1/21=2/42, 3/42+2/42=5/42) hissədə payı müəyyən olunur. İddiaçı payının 2/7 olması nəzərə alındıqda, ortaq məxrəcə gətirəndə onun payı 12/42 (2/7 =12/42) hissədə müəyyən olunur ki, bununla da ümumi əmlak üzərində pay tamamlanmış (12/42+5/42+5/42+5/42+5/42+5/42+5/42=42/42) olur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ünvan 1ində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən miras qalmış fərdi yaşayış evi üzərində İddiaçı 12/42, X9 5/42, X16 5/42, X20 5/42, X13 5/42, Cavabdeh 5/42və X5 5/42 payı müəyyən edilməlidir.

37. Məhkəmə kollegiyası iddiaçının payının naturada ayrılması ilə bağlı tələbinə münasibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə haqlı olaraq rədd etsə də qətnaməsində buna dair hər hansı bir əsaslandırma aparmamışdır. Buna görə də məhkəmə kollegiyası iddiaçının qeyd olunan tələbinə münasibətdə qeyd edir ki, hazırkı qətnamə ilə miras qalmış əmlaklar üzərində paylar müəyyən edilmişdir ki, qətnamə qanuni qüvvəsini aldıqdan və icra olunduqdan sonra payın naturada ayrılmasını tələb etmək hüququ yaranır. Əmlak üzərindəki pay daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmədiyindən miras qalmış əmlak üzərindəki mülkiyyət hüquqları üzrə sərəncam vermə hüquqları da əmələ gəlmir. Buna görə də iddiaçının hazırkı vəziyyətdə qeyd olunan tələb üçün subyektiv hüququ yaranmamış hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qətanmə qanuni qüvvəsini aldığı və icra olunaraq mübahisəli daşınmaz əmlak üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı təqdirdə yeni əsasla məhkəməyə müraciət etmək hüququ istisna olunmamaqdadır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ

Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-35/2025 nömrəli qətnaməsi əmlaklar üzərində payların müəyyən edilməsi hissəsində dəyişdirilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN 2766 saylı 30209018 kodlu şəhadətnaməyə əsasən ünvan 1ində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən **********81 reyestr nömrəli 1,19 ha torpaq sahəsi üzərində İddiaçı 33/105, X8 21/105, Asanbəyova (Hüseynova) Humay Bəhmən qızının 21/105, Cavabdeh 5/105, X9 5/105, X16 5/105, X20 5/105, X13 5/105 və X5 5/105 hissədə payı müəyyən edilsin.

Torpağın mülkiyyətə verilməsinə dair JN 2766 saylı 30209018 kodlu şəhadətnaməyə əsasən 0,31 ha həyətyanı torpaq sahəsində yerləşən 2 otaqlı, cəmi 154.4 kv.m sahəsi olan fərdi yaşayış evi üzərində İddiaçı 12/42, Cavabdeh 5/42, X9 5/42, X16 5/42, X20 5/42, X13 5/42 və X5 5/42 hissədə payı müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar