Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1644/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1688/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. 07 sentyabr 2016-cı il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, abonent kodu **********009480 olan Quba şəhər sakini Əkrəm Abdullayevin barəsində sonuncuya məxsus mənzilə baxış keçirilməklə həmin ünvanda sayğacdan əlavə kənar xəttin çəkilməsi aşkar edilməklə müvafiq sənədləşmə aparılmışdır.
2. 30 sentyabr 2016-cı il tarixli “Dəymiş ziyanın bərpasına dair” hesablama sənədində göstərilmişdir ki, qaz istifadəçilərindən 3 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0,97 kub metr saat, orta günlük iş rejimi 8 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, radiator sobasının maksimal saatlıq qaz sərfi 0,8 kub metr saat, orta günlük iş rejimi 10 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və tərtib olunmuş qeyd olunan sənəddə cəmi 1418,4 kub metr qaz sərfiyyatına görə borc hesablanmışdır. Əsas: 07 sentyabr 2016-cı il tarixli, 00991136 nömrəli akt. Qeyd olunan hesablama sənədi abonent kodu **********009480 olan Quba şəhər sakini Əkrəm Abdullayevin barəsində tərtib edilmişdir.
3. Azəriqaz İB-nin smart sayğaclı abonenti Xudiyeva (Məstanova) Maya Nüsrət qızının adına tərtib etdiyi abonentin saldolarından müəyyən olunur ki, Xudiyeva (Məstanova) Maya Nüsrət qızının abonent hesabına 2016-cı il üzrə 100,8 manat cərimə, 2018-ci il üzrə 2050 manat borc pul hesablanmışdır.
4. Azəriqaz İB-nin Xudiyeva (Məstanova) Maya Nüsrət qızının yaşadığı ünvandan götürülmüş qaz sayğacı ilə bağlı laboratoriya müayinəsinin nəticəsinə dair sənəddə qeyd edilmişdir ki, “Xətalar normadan artıqdır. Sayğac alarm-5 rejimindədir. Sayğac alarm-5 rejimindən çıxarılmışdır. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələrdə korroziya izi mövcuddur”.
5. Sorğu məktubu əsasında Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının müfəttişi Polad Mövlamov tərətindən verilmiş 05 iyul 2024-cü il tarixli rəydən görünür ki, məhkəmə tərəfindən təqdim edilmiş sorğu məktubu və sənədlər (materiallar) agentliyin müfəttişi tərəfindən təhlil edilərək qoyulmuş sualların mahiyyəti üzrə aşağıdakı rəy verilmişdir:
6. Təhlil nəticəsində məlum olmuşdur ki, Cavabdeh İB-nin X9 İstismar İdarəsinin nümayəndələri tərəfindən istehlakçı İddiaçı yaşadığı Xudat şəhəri, Azərbaycan küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış G-4 markalı, 25755273 nömrəli qaz sayğacı xətdən açılmış və növbəti dövlət yoxlamasına göndərilmişdir. Cavabdeh İB qaz sayğaclarının yoxlanılması barədə tərtib edilmiş MSK- 29/1828-00047 nömrəli aktına əsasən sayğaca texniki baxış keçirilmiş və sayğacın plastmas qapağının yan tərəfinin kənar təsir nəticəsində əzildiyi müəyyən edilmişdir. Verilmiş rəyə əsasən Cavabdeh İB Xaçmaz RQİİ tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2016-cı il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədi ilə hesabat aparılmış və 100,80 manat məbləğində borc abonentin hesabınına daxil edilmişdir. Tərtib olunmuş akt və aparılmış hesabat zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qazpaylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar), 4.9-cu (istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qazpaylayıcı tərəfindən həyata keçirilir) və həmin qaydalara 2 nömrəli əlavənin (Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi) 2.2.4.-cü bəndlərinin (aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək) tələbləri pozulmuşdur.
7. Həmçinin abonentin 1602AZ**********83 zavod nömrəli, G-4 tipli smart qaz sayğacı xx.xx.2018-ci il tarixində ******* nömrəli akta əsasən çıxarılan zaman sayğacın klapanimn kipləşdiyi və sayğacda olan öncədən dəyəri ödənilmiş qaz həcminin bitməsinə baxmayaraq sayğacın qazı buraxmağa davam etdiyi məlum olmuşdur. Sayğacın çıxarılma aktına əsasən sayğacın mexaniki göstəricisi 10432 m3, elektron göstəricisi isə 10374 m3 olduğu məlum olur və abonentin saldosunda ödənişlərdən sayğacın istismarda olduğu müddət ərzində (xx.xx.2016 - xx.xx.2018) abonent tərəfindən ümumilikdə 25 manat məbləğin ödənildiyi və bunun da 20 manatının borca görə tutulduğu, 5 manatına 50 m3 qaz həcminin alındığı məlum olmuşdur. Bunları nəzərə alaraq sayğacdan keçən və dəyəri ödənilməyən 10374 m3 qaz həcminin olduğu məlum olur və Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən 10374 m3 qaz həcmi 0,20 manat tarifi ilə 2074,80 manat məbləğ hesablanmışdır. Lakin abonent saldosuna baxan zaman 2050,40 manat işləndiyi müəyyən olmuşdur. Sayğacın klapanının kipləşdiyi və sayğacda olan limitin bitməsinə baxmayaraq sayğac qazı buraxmağa davam etdiyi üçün sayğacdan keçən, lakin dəyəri ödənilməyən 10374 m3 qaz həcminin dəyərinin hesablanması zamanı Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən həmin illərdə qüvvədə olan qazın sərfiyyəatına görə tətbiq edilən limitlər (2017ci və 2018-ci illərdə 1700 m3-ə qədər 0,10 manat, 1700 m3-dən yuxarı isə 0,20 manat) nəzərə alınmamışdır. Əgər hesabat zamanı bu limitlər nəzərə alınsaydı həmin məbləğ 1729,4 manat (10347-(1700+1700)=6947m3, (1700+1700)*0,10=340 manat, 6947*0,20=1389,4 manat, 340+1389,4=1729,4 manat) olardı. “Qazdan istifadə Qaydalan”nm 5.2-ci bəndinə əsasən (Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5- 2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur, istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz).
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xaçmaz X8 İdarəsi tərəfindən onun **********12700 nömrəli abonent hesabına əsassız olaraq yazılmış ümumilikdə 2150 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Cavabdeh əməkdaşları onun ünvanına böyük məbləğdə cərimə yazmışlar. Guya onun tərəfindən sayğaca müdaxilə olunmuş, müdaxilə nəticəsində istifadəyə yararsız vəziyyətə düşmüşdür. Lakin onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Cavabdeh əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 07 sentyabr 2016-cı il tarixli ******* nömrəli AKT tərtib edilmiş, həmin aktla nöqsan kimi **********009480 nömrəli abonent hesabına 100 manat hesablanmışdır. Əslində başqasına aid olan akt onun hesabına yüklənmişdir. ******* nömrəli aktın ona aid olmadığını bilir, lakin onun hesabına həmin məbləğ qanunsuz olaraq işlənmişdir. Basqa bir tarixdə- 2018-ci ildə guya “sayğacın geriyə işləməsi” səbəbi ilə 2050 manat məbləğ onun hesabına yazılmışdır. Həmin aktı Cavabdeh əməkdaşlarından tələb etsə də ona heç bir akt qalmadığını bildirmiş və həmin aktı müraciət etsə də ona təqdim etməkdən yayınmışlar. Lakin “GASREP” saldosundan görünür ki, ünvanında “Smart Sayğac” ola-ola borcu 745,12 manatdan birbaşa artmış və 2795,52 manat olmuşdur. Beləliklə də onun ünvanına 100 manat akt əsasında ona aid olmayan digər abonentin cəriməsi işlənmiş, bundan əlavə 2050 manat abonent hesabına əsassız olaraq işlənmişdir. Göstərilənlərə əsasən Cavabdeh Xaçmaz X8 İdarəsi tərəfindən onun **********12700 nömrəli abonent hesabına əsassız olaraq yazılmış ümumilikdə 2150 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
10. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1688/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Xaçmaz X8 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 07 sentyabr 2016-cı il tarixli, ******* nömrəli akt və “Dəymiş ziyanın bərpasına dair” 30 sentyabr 2016-cı il tarixli tələbnamə və 2018-ci il tarixli laboratoriya rəyi əsasında istehlakçı olaraq İddiaçı hesablanmış 100 (bir yüz) manat və 2050 (iki min əlli) manat, cəmi 2150 (iki min bir yüz əlli) manat məbləğində pulun silinməsi, iddiaçının azad edildiyi, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilən iddia üzrə müəyyən olunmuş 41 manat 50 qəpik dövlət rüsumu Cavabdehndən alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir (hakim Xıdır Quliyev).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.7, 2.8, 2.1.10, 2.1.11, 3.1.5, 4.7, 4.8, 4.9-cu bəndləri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.2, 119.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(067)-1688/2024 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qazpaylayıcı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablanmalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qazpaylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlaklçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz XS-nin işçiləri abonent İddiaçı Smart-kart tipli sayğacının mənfiyə getməsini müəyyən etdikdən sonra qanunvericiliyə uyğun olaraq abonentin istifadə etdiyi qazın dəyərini onun hesabına işləmişlər. Çünki sayğacın mənfi ilə qeyd etdiyi təbii qaz abonentin qaz işlədici cihazlarında istehlak edilmişdir. Müqavilənin bu bəndində istehlakçıların vəzifələri sadalanır. Həmin vəzifələrdən biri də qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək göstərilmişdir. İddiaçı qeyd olunan smart kart tipli sayğacın xətdə olduğu müddət ərzində, yəni xx.xx.2016-xx.xx.2018ci il müddətində hər ay təbii qazdan istifadə etdiyinə baxmayaraq, cəmi iki il ərzində 5 (beş) manat qaz pulu ödənişi etdiyi saldodan müəyyən olunur. Həmin müddətdə İddiaçı istifadə etdiyi qazın dəyərinin ödənilməsi barədə hər hansı sübutu (qəbzi) məhkəməyə təqdim edə bilməmişdir. Buradan da belə nəticə çıxır ki, abonent iki il ərzində təbii qazdan istifadə etmiş, lakin qazın dəyərini ödəməmişdir. Məhkəmə isə həmin məbləğin abonentin hesabından silinməsi barədə səhv qərar çıxartmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
19. Bənd 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
20. Bənd 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”
21. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
22. Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
23. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
24. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1688/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh qətnamənin tam ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş edir.
35. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edən apellyasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
38. Yuxarıda göstərilən normativ hüquqi aktların məzmunundan da göründüyü kimi qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması, dəyişdirilməsi, habelə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsini və mühafizə olunmasını fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir.
39. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür.
40. Qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya bilməz və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz.
41. Qaz paylayıcısı zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübuta yetirdiyi halda o məsuliyyət daşıyır. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyasında bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
42. Digər tərəfdən iş materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı adına akt tərtib edilməmişdir, ona aid olmayan digər abonentin Əkrəm Abdullayevin barəsində tərtib edilmiş akt əsasında 2050 manat iddiaçının abonent hesabına əsassız olaraq borc yazılmışdır.
43. Sadalanan xüsusatları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddiaçıya əsassız olaraq hesablanmış 2150 manat məbləğində cərimə borcun silinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1688/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.