Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1647/2023 04.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehlər Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(060)-571/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh və X9 oğlu ünvan 1 ünvanında qeydiyyatdadır.
2. MH seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 84 nömrəli reyestr kitabının 140 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır.
3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/23-155 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, 66 saylı mənzilin xx.xx.2023-cü il tarixə olan bazar dəyəri 72000 manat, likvid dəyəri 61000 manat, aylıq kirayə haqqı isə 300 manat təşkil edir.
4. Qohumluq məlumatları barədə elektron sistemdən edilmiş çıxarışa əsasən xx.xx.2014-cü il təvəllüdlü X9 oğlu Cavabdeh övladıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (övladı xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh İlkin oğlu ilə birlikdə) 7500 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməklə ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh (övladı xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh İlkin oğlu ilə birlikdə) 10800 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməklə ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 17 saylı evin 66 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun oğlu, X9 oğlu isə onun nəvəsidir. Hazırda cavabdeh həmin mənzildə yaşayır. Onların birgə yaşamaqları qeyri-mümkün olduğuna görə cavabdehə uşağı ilə birlikdə kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
8. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) 19 iyun 2023-cü il tarixli, 2(060)-571/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh (övladı xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh İlkin oğlu ilə birlikdə) Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, 66 saylı mənzilə olan istifadə hüququna İddiaçı tərəfindən ona 10800 (on min səkkiz yüz) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və onun həmin mənzildən çıxarılması qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün qeyd olunan hallar hazırkı işdə öz əksini tapır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/23-155 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mübahisəli mənzilin kirayə haqqı 300 manat təşkil edir. Göründüyü kimi, iddiaçı tərəfindən təklif edilən 10800 manat məbləğində kompensasiyanın hesabına, cavabdeh hər ay orta hesabla 300 manat məbləğində kirayə haqqı ödəyərsə, davamlı surətdə, təxminən 3 il (10800 manat:300 manat 12 ay) müddətində başqa yerdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı əldə edə bilər. Beləliklə mənzildən istifadə hüququna xitam verilməsi əvəzində ödənilməli olan kompensasiyanın istifadə hüququna xitam verilmiş şəxsin ayrıca mənzillə təmin olunması məqsədi daşımadığını nəzərə alan məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün təklif edilən 10800 (on min səkkiz yüz) manat məbləğində kompensasiya ədalətli və ağlabatandır.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 228.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
11. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1.-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipiəsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1.maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iş üzrə obyektiv araşdırma aparmamış, kompensasiya məbləğinin yetərli olub-olmamasını mötəbər sübutlarla əsaslandırmamışdır. Cavabdeh iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, bu mənzil onun və 4 nəfər ailə üzvlərinin yeganə yaşayış yeridir, belə ki, cavabdeh ailəlidir, xx.xx.2014-cü ildə X4 ilə ailə həyatı qurmuş və birgə nikahdan 2 azyaşlı övladları vardır. İddiaçını hazırkı tələblə məhkəməyə müraciət etməyə cavabdehin bacı və qardaşı sövq edirlər. Kompensasiya məbləği isə çox azdır. Yalnız 35000 manat kompensasiya verildiyi halda o iddianı qəbul edə bilər, belə ki, həmin pul ilə heç olmasa 1 otaqlı mənzil alıb yaşamaq mümkündür. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı tərəfindən təklif olunan məbləğ xeyli aşağıdır. Həmin məbləğə o başqa yerdə ev tapa bilməz. Anası tərəfindən oan 35 000 manat məbləğində kompensasiya ödənilərsə, onda iddianı qəbul edər. İddiaçını belə bir iddia irəli sürməyə cavabdehin qardaş bacısı vadar edir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin rədd edilməsini xahiş edir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, bu qoca yaşında kirayədə yaşayır. Cavabdeh onun oğlu olsa da münasibətləri kəskindir. Mübahisəli mənzil ona məxsusdur. Onların bir evdə yaşamaqları mümkün deyildir. Ona görə də kompensasiyanın məbləğini 200 manat da artıraraq, cavabdehin oğlu İlkinlə birlikdə istifadə hüququna xitam verilməsini xahiş edir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
27.1-ci maddəsinə əsasən Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəasinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 228.1-228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci madddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları:
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(060)-571/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiyanın məbləğinə münasibətdə dəyişdirilməlidir.
22. İddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının tələbi kompensasiya institundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehlərə müvafiq kompensasiya ödəməklə onların istifadə hüquqlarına xitam verilməsindən ibarətdir.
23. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir.
24. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.
25. Kollegiya bildirir ki, qeyd olunan mövqe mübahisənin həllinə təsiri baxımından önəmli olmaqla, kompensasiya institutu ilə uzlaşır.
26. Apellyasiya icraatı zamanı iddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq cavabdehə (övladı xx.xx.2014-cü il təvəllüdlü X9 oğlu ilə birlikdə) Sumqayıt şəhəri 17 ci mkr, ev 17, 66 saylı mənzilə olan istifadə hüququna 11000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsini xahiş etmişdir.
27. İddia ərizəsində xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh İlkin oğlu qeyd edilsə də, sonradan bu səhv aradan qaldırılaraq X9 oğlu kimi göstərilmişdir. Kollegiya əlavə vaxt itkisinin qarşını almaq, həmçinin prosessual qənaət prinsipi baxımından təqdim olunmuş ərizəni mahiyyətcə əvvəlki iddianın davamı və aydınlaşdırılması kimi qəbul edərək işə həmin ərizənin tələbi çərçivəsində baxılmasını mümkün hesab etmişdir.
28. İşin mübahisə olunmayan hallarına görə ünvan 1, xx.xx.2007-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Birinci cavabdeh iddiaçının övladıdır və həmin ünvanda yaşamaqla, ünvana istifadə hüququ əldə etmişdir. İkinci cavabdeh isə birinci cavabdehin oğlu olmaqla, iddiaçının nəvəsidir.
29. İddiaçı cavabdehlə bir mənzildə yaşamaqlarının mümkün olmadığına görə cavabdehə (sonuncunun övladı X9 oğlu ilə birlikdə) cəmi 10800 manat kompensasiya verilməklə onların mənzilə istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Sonradan apellyasiya icraatı zamanı isə bu məbləği bir az da qaldıraraq 11000 manat müəyyən etmişdir.
30. Cavabdeh tərəf isə iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə razılaşmır və etirazının əsası kimi onu göstərir ki, həmin məbləğlə normal şəraiti olan yaşayış sahəsi ilə təmin edilməsi mümkün deyil, ən azı 35000 min manat kompensasiya verilərsə, iddianı qəbul edər.
31. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçının oğlu olmaqla, ailəlidir və ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. İddiaçı onlarla birlikdə yaşamağın mümkünsüzlüyündə israrlıdır.
32. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.
33. Konstitusiya Məhkəməsinin mövqeyinə görə kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.
34. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
35. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır.
36. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur
37. Ona görə də iddiaçının cavabdehə təklif edildiyi sonuncu məbləğ, yəni 11000 manat kompensasiya məbləği mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.
38. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər dəlilləri şəxsi mülahizələr hesab edən apellyasiya kollegiyası həmin dəlillərlə razılaşmır və hesab edir ki, hazırkı işdə işin halları aşkardır. Belə ki, mülkiyyətçinin özü yaşlı olmaqla Sumqayıt şəhərində yerləşən yeganə mənzilinə görə oğluna və onun ailəsinə kompensasiya təklif etməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Ona görə apellyasiya şikayətinin dəlilləri keçərli deyil.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
40. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
41. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır.
42. İşdən də müəyyən olunduğu kimi iddiaçı cavabdehə 11000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Şərh olunanları ümumiləşdirən kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ilk olaraq təklif olunmuş kompensasiya məbləği özlüyündə işin hallarına uyğun olmuş və kollegiya da həmin məbləğlə razılaşmış, özü tərəfindən əlavə kompensasiya məbləğinin müəyyən edilməsinə zərurət görməmişdir. Lakin apellyasiya icraatı zamanı iddiaçı kompensasiyanın məbləğini artıraraq cavabdehə (övladı ilə birlikdə) 11000 manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsini xahiş etdiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kompensasiyanın məbləğinə münasibətdə dəyişdirilməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(060)-571/2023 nömrəli qətnaməsi – kompensasiyanın məbləğinə münasibətdə dəyişdirilsin. Cavabdeh (övladı xx.xx.2014-cü il təvəllüdlü X9 oğlu ilə birlikdə) Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, 66 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması ilə bağlı təklif olunan kompensasiyanın məbləği 11000 (on bir min manat) müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.