Məhkəmə qərarları › İş №2(105)-1654/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1654/2024

16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1654/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 1992/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, STP-nin direktoru Hicran Valehovun, İnzibati departmentin rəhbəri Mehman Əhmədovun, STP-nin təhlükəsizliyinə məsul Arzu Məmmədovun, onun bacısı oğlu Tural Şahbazovun, birbaşa müdiri Aqşin Rzayevin özbaşınalıqlarını Cinayət Məcəlləsinin 113, 133, 133.2.3, 144-2.1, 144-2.2.6, 154, 154.1, 154.2, 162, 162.1, 308, 308.1, 308.2, 309, 309.1, 309.2, 313-cü maddələri ilə, direktorun katibi Eldar Ağayevi isə Cinayət Məcəlləsinin 147, 147.1-ci maddələri ilə təqsirli bilib, məsuliyyətə cəlb edilməsi, ona STP rəhbərliyi tərəfindən edilmiş basqınların ictimai nüfuzuna xələl gətirdiyi və sağlamlığında ciddi problemlər yaratdığını əsas götürərək, STP rəhbərliyi tərəfindən ona 10 000 manat təzminatın ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqiləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, STP rəhbərliyi tərəfindən edilmiş basqınların ictimai nüfuzuna xələl gətirdiyini və sağlamlığında ciddi problemlər yaratdığını əsas götürərək, STP tərəfindən ona 10000 manat təzminatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı mahiyyətcə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən STP rəhbərliyi tərəfindən verilmiş 018-İRD/b nömrəli əmrin ləğv edilməsi və iddiaçının öz əmək fəaliyyətini davam etdirməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Aynur Behbudova) iddia tələbinin dəyişdirilməsinə dair İddiaçı ərizəsinin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia tələbinin dəyişdirilməsinə dair ərizə baxış mərhələsində verildiyi üçün, ərizənin verilməsi üçün əsasların hazırki baxış iclasında yaranması, hazırlıq iclasında verilməsinin mümkün olmaması müəyyən edilmədiyindən, ən əsası əmək mübahisəsi ilə bağlı tələblərdə MPM-nin tələblərinə əsasən mediasiya prosessində mübahisənin məhkəmədən kənar həlli tələb olunduğundan və qeyd olunan normalara əməl edilmədiyi üçün həmin ərizə geri qaytarılmalıdır. İddiaçı məhkəməyə etiraz (məzmununda apellyasiya şikayəti) verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş etirazın (məzmununda apellyasiya şikayəti) onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1992/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə MPM-nin 53-cü maddəsini düzgün şərh etsə də, həmin maddənin tövsifini düzgün verməmişdir. Belə ki, STP rəhbərliyinin xx.xx.2024-cü il tarixli, 018-İRD\b nömrəli qərarı son hazırlıq iclasından 40 (qırx) gün sonra verilmişdir ki, bu da məhkəmə baxışı zamanı əsasın yaranmasına sübutdur. Məhkəmə hesab edir ki, “Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır”. Hakimin bu maddəyə istinadı anlaşılan deyil. Belə ki, tərəflər arasında fevral ayından məhkəmə çəkişməsi var və bu məhkəmə çəkişməsi məhz həmin hakimin icraatındadır. “Mediasiya haqqında” qanunun tələbinə əsasən iş məhkəmə çəkişməsinə verilənəcən tərəflər arasında moderatorluq edən şəxsin xidmətindən istifadə edilir, 2023-cü ilin noyabrın 6-dan iş hüquq-mühafizə orqanlarının, 2024-cü ilin fevralından isə Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır və artıq nə Mediasiyalıq, nə də moderatorluq bir iş qalmayıb. Məhkəmə aydınlaşdıra bilərdi ki, STP rəhbərliyinin xx.xx.2024-cü il tarixli, 018-İRD\b nömrəli qərarı son hazırlıq iclasından 40 (qırx) gün sonra verilib və həmin qərardan bir neçə ay əvvəl şikayət vermək qeyri-mümkündür. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1992/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin verilməsi üçün əsasların məhkəmə baxışnda yaranmaması, hazırlıq iclasında verilməsinin mümkün olması ilə bağlı əsası ilə razılşamasa da məhkəmənin Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinin tələbinə müvafiq olaraq, mahiyyətcə iddia tələbinin həcminin artırılması barədə ərizəni icraata qəbul etmədən geri qaytarılması ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçının qeyd olunan tələbi əmək münasibətlərindən irəli gələn mübahisə hesab olunmaqla, həmin mübahisə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1.3-cü maddəsinin tətbiq dairəsinə düşməkdədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizəni geri qaytarması barədə gəldiyi nəticədə prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1992/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1992/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar