Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1656/2025 07.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3n Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3n nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4742/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Abonent kartından görünür ki, Cavabdeh ilə "xxxx" ASC (hazırda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3) arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 1.134,24 manat məbləğində borc hesablanmışdır.
2. Cavabdeh yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin buna baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1.134,24 manat borcun (abonent kodu:**********320) və 31.35 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 iddia tələbini onunla əsaslandırmışdır ki, ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh(abonent kodu:**********320) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablanmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 1.134,24 (min yüz otuz dörd manat iyirmi dörd qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4742/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh (abonent kodu:**********320) 1,134.24 (bir min bir yüz otuz dörd manat iyirmi dörd qəpik) manat borc və 31.35 (otuz bir manat otuz beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3n hesabına ödənilməsi qət edilmişdir (hakim Aynur Behbudova).
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1, maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsinə, 61-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4742/2025 nömrəli qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamışdır. Belə ki, o və ailə üzvləri ümumiyyətlə su istehlakçısı deyillər. Çünki hesablanmış su borcu ümumi istifadədə olan su ilə bağlıdır. O ailə üzvləri ilə birlikdə hazırda su təchizatı borcu hesablanmış ünvanda yaşamırlar. Ona isə 4 ailə üzvü adına borc hesablanmışdır. Halbuki yaşadıqları yer yataqxanadır. Orada su ümumi istifadədir və övladları 4 ilə yaxındır Bakı şəhərində yaşayırlar. Onun adına tərtib edilən abonent kodundan da məlumatı olmamışdır. Bildiriş gələndə bilmişdir ki, adıma abonent kodu tərtib edilib və bundan sonra iddiaçının müvafiq idarəsinə yaxınlaşıb bununla bağlı etirazını bildirmişdir. Ümumi istifadədə olan suya görə heç bir əsasla ödəniş etməməlidir. Yataqxanada yalnız bir qism vətəndaşa abonent kodu verilib və yalnız onlardan borc tələb edirlər. Aralarında nə müqavilə var, nə də ki bütün sakinlərə abonent kodu verilmişdir. Bu onu göstərir ki, iddiaçı bir sıra sakinlərin şəxsiyyət vəsiqələrini hər hansı bir yolla əldə edib və onlara abonent kodu vermişdir. Özü də faktiki olaraq ümumi istifadədə olan su xətlərində daha az istifadə edən sakinlərə bu kod verilmişdir. Bütün bunlar iddiaçının əsassız tələbini isitisna edən hallardır. Ancaq çox təəssüf ki, məhkəmə buna diqqət ayırmamış və iddiaçının tələbini olduğu kimi təmin etmişdir.
9. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 2ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Qeyd edilən maddədən görünür ki, su təchizatının təmin edilməsi ilə bağlı onunla müqavilə bağlanmalı idi. Ancaq nə onunla, nə də digər sakinlərlə buna dair müqavilə yoxdur. Ümumiyyətlə ona abonent kodu verilməsi ilə bağlı məlumatlı olmamışdır. Yalnız iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən qısa bir müddət əvvəl adına abonent kodunun qeydə alındığından xəbəri olmuşdur. Dərhal bununla bağlı iddiaçıya etiraz etmişdir. Ancaq bu nəzərə alınmamışdır. Qanunvericiliyin tələblərinə əsasən onunla müqavilə bağlanmalı idi. Ancaq məhkəmə işdə müqavilə olmamasına rəğmən iddianı təmin etmişdir. Bu, onun hüquqlarının pozuntusudur.
10. Sudan faktiki istifadə etmələrinə dair heç bir sübut yoxdur. Məhkəmə bir tərəfdən aralarında müqavilənin mövcud olmalı olduğunu qeyd edir. Ancaq iddiaçı ilə aralarında bağlanmış heç bir müqavilə yoxdur. Digər tərəfdən isə müqavilə olmadan belə xidmət haqqını hesablana biləcəyini qeyd edir. Ancaq yenə də buna dair işdə heç bir sübut yoxdur. Əgər sudan faktiki istifadəsinə dair sübutlar mövcud olsa idi iddiaçı bunu məhkəməyə təqdim edərdi.
11. Sumqayıt Şəhər Məhkəməsində işə baxılarkən məhkəmə işi üzrə mövcud olan halları ətraflı araşdırılmamışdır. Məhkəmə iş üzrə dəlillərə təktərəfli baxmış və iddianı tam təmin edərək obyektivlik və ədalətlilik prinsiplərini pozmuşdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi, işdə onun su istehlakçısı olduğunu sübut edən heç bir əsaslı sənəd yoxdur. İşdə yalnız hansı şəkildə qeydə alındığı bilinməyən abonent kodu var. Nə müqavilə mövcuddur, nə də onun su istehlalk etməsinə dair digər bir sübut. Məhkəmənin yanaşması prosessual baxımdan da əsasızıdır və qətnamə ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu
15. Maddə 61 (bənd 1). Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
16. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının
17. Maddə 1.6. Su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.
18. Maddə 2.1.4. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir.
19. Maddə 5.1.5. Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.
20. Maddə 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4742/2025 nömrəli qətnaməsini ləğv edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, məhkəmə araşdırmaları ilə Cavabdeh yaşadığı ünvan 1 ünvanına su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə ödəməli 1.134,24 manat məbləğində borcu yarandığı müəyyən edilmişdir. Cavabdehin qeyd edilən borcunun olması iş materiallarında olan cavabdehin adına açılmış **********320 nömrəli kod üzrə abonentin kartı ilə sübuta yetirilmişdir.
34. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçı ilə hər hansı müqavilə bağlanılmadığını, sudan faktiki istifadə etməsinə dair sübut olmadığını və övladlarının borc hesablanan ünvanda yaşamadıqlarını göstərmişdir.
35. Lakin cavabdeh övladlarının başqa ünvanda yaşamasını təsdiq edən hər hansı sübutu (arayış, akt və s.) təqdim etməmişdir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
38. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
39. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
40. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, apellyator öz dəlillərini sübut edə bilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini tam təmin etməklə, Cavabdeh təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 1134,24 manat borc Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X3 xeyrinə tutmuşdur.
41. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4742/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.