Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-166/2024 05.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızına qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququndan məhrum edilmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X17 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, vəkili Vəkil2, cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-493/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Xaçmaz rayon Qeydiyyat Şöbəsinin ölüm haqqında şəhadətnamə barədə arayışından görünür ki, X8 xx.xx.2004-cü il tarixdə ölmüşdür.
2. Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 15 sentyabr 2022-ci il tarixli 05/Q-790/69 saylı arayışından görünür ki, X8 və X3 nikahı haqqında xx.xx.1992-ci il tarixdə 21 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir. X1 xx.xx.2004-cü ildə ölməsi ilə bağlı xitam verilmişdir.
3. X14, X10, X7 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X8 ilə X9 1992-ci ildə ailə qurmuşlar. 2000-ci ildə X8 ağır xəstələnmiş və bundan sui-istifadə edən X9 özünə lazım olan əşyaları götürüb və heç kimin tanımadığı naməlum istiqamətdə getmişdir. 2004-cü ildə X8 vəfat edən gündən bu günə kimi onun adına olan torpaq sahəsində heç bir iş görməmişdir.
4. 22 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X6 verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyetrindən çıxarışa əsasən Xaçmaz şəhəri, ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən ibarətdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızına qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızına DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X5 adına verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən ibarət əmlaka 20 fevral 2023-cü il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızının qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızı ilə mərhum qardaşı X8 xx.xx.1992-ci il tarixdə nikahlarını Xaçmaz rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə ailə qurmuşlar. Onların birgə nikahından övladları olmamışdır. Bir müddət birgə yaşadıqdan sonra qardaşı Hacıbaba Xəlilov xəstələndi və onun xəstəliyindən sonra cavabdeh heç kimə məlumat vermədən xəstə qardaşını ataraq özünə məxsus predmetləri də götürərək çıxıb getmişdir. Son vaxtlara qədər onun harada olmasından heç bir məlumatları olmamışdır. Hətta Xaçmaz rayon Qeydiyyat Şöbəsinə müraciət edərək onun ölüb-ölmədiyini öyrənmək istədikdə Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ümumrespublika elektron məlumatların yoxlaması aparılmış və Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızının ölüm akt qeydi aşkar olunmamışdır. Mərhum qardaşı X8 cavabdehin onun tərk edib getməsindən təxminən 5 il sonra xx.xx.2004-cü ildə vəfat etmişdir. Ondan miras olaraq ünvan 1 ünvanında 400 kv.m torpaq sahəsi qalmışdır. Qardaşının ölümündən sonra sığorta kassasına təqdim etmək üçün Qeydiyyat Şöbəsindən (VVADQ Şöbəsi) müvafıq arayış alaraq dəfn pulunu almışdır. Miras qalmış həmin torpaq sahəsini hasara alaraq orada tikinti işləri aparmağa başlamışdır. Orada daş hasar, sanitar qovşağı, hamam inşa etmiş və yaşayış evinin tikintisi üçün fundament atmışdır. Başqa sözlə qardaşından miras qalan torpaq sahəsi faktiki olaraq tərəfindən istifadə olunduğundan miras tərəfindən qəbul edilmiş hesab olunur. Mirası adına rəsmiləşdimək üçün müraciət edərkən məlum olmuşdur ki, cavabdehə artıq qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan sonra vəkil sorğusu ilə Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət edilmiş və 27 fevral 2023-cü il tarixli, X-244 saylı cavabla müvafiq sənədlər əldə edilmişdir. Məlum olmuşdur ki, cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızına DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X5 adına verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən ibarət əmlaka 20 fevral 2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki cavabdeh mərhum qardaşını atıb getdiyinə və təxminən 5 il ərzində qardaşı xəstə vəziyyətdə tək yaşadığına görə, ona yalnız özü baxdığına görə cavabdeh vərəsəlik hüququndan məhrum edilməlidir. Qonşuların iştirakı ilə tərtib edilmiş və Xaçmaz şəhər İƏD-də təsdiqlənmiş rəsmi aktdan göründüyü kimi qardaşı X8 ilə cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızı 1992ci ildən birgə yaşamış, qardaşı xəstələndikdən sonra 2000-ci ildə cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızı onu ataraq lazımı əşyaları götürərək naməlum istiqamətdə getmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, qardaşı ilə cavabdehin nikahları rəsmi olaraq pozulmamışdır. Sağlığında qardaşına o, baxsada qardaşı əmlakını ona bağışlamasının səbəbini bilmir.
7. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-493/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Natiq İsmayılov).
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X8 ilə X9 xx.xx.1992-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. X8 xx.xx.2004-cü ildə ölmüşdür. Həmin vaxtadək onları nikaları pozulmamışdır. X4 ölümündən sonra ondan Xaçmaz şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsi miras qalmışdır. Onun ölümündən sonra həyat yoldaşı Cavabdeh əri X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1137, 1139, 1151.1, 1159.1.1, 1164-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-493/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə çıxarılmış Şamaxı Rayon Məhkəməsinin qətnaməsində əsaslandırıcı hissə demək olar ki, mövcud deyil, belə ki, məhkəmə iddiaçının qardaşı X4 xəstə vəziyyətdə, cavabdeh tərəfindən hələ ölməmişdən 5 il əvvəl tərk edilməsinə və bu səbəbdən cavabdehin vərəsəlik hüququndan məhrum edilə bilməsinə heç bir münasibət bildirməmişdir. İş materialları ilə tam təsdiq olunur ki, X8 ilə cavabdeh X9 xx.xx.1992-ci ildə rəsmi nikaha daxil olaraq X4 xəstəliyinə qədər birgə yaşasalar da, X4 xəstəliyindən sonra cavabdeh onu ataraq heç kimə məlumat vermədən özünə məxsus predmetləri də götürərək çıxıb getmiş, xəstə X8 onun getməsindən təxminən 5 il sonra vəfat etmişdir. Göstərilən hal qonşuların iştirakı ilə tərtib edilərək müvafiq surətdə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli aktla tam təsdiq olunur. Məhkəmə bu məqama əhəmiyyət verməmiş, sırf formal mülahizələr əsasında, yəni tərəflər arasında nikah qeydinin olmasına istinad etməklə əsassız nəticəyə gəlmişdir. Məhkəmə yalnız ona istinad etmişdir ki, tərəflər xx.xx.1992-ci ildə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar, X8 xx.xx.2004-cü ildə ölmüş, həmin vaxtadək onların nikahları pozulmamışdır. İddianın predmeti qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüuqundan məhrum edilmə barədədir. İddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsi və onunla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 01 may 2019-cu il tarixli qərarıdır. Məhkəmə isə göstərilənlərə əhəmiyyət verməmiş, iddianı təmin etməsə də, bununla bağlı heç bir əsaslandırma aparmamışdır. X8 xx.xx.2004-cü il tarixdə ölməmişdən 5 il əvvəl cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızı onu xəstə vəziyyətdə qoyaraq ailə dəyərlərini nəzərə amadan, üzərinə düşən öhdəlikləri icra etməmiş, faktiki olaraq həmin tarixdən ailə münasibətlərinə son qoyaraq çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Belə vəziyyətdə onun vərəsə olaraq tanınması və miras payı alması və məhkəmənin də buna göz yumması, ailə dəyərlərinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə uyğun gəlmir. Qeyd olunan torpaq sahəsində 11 cərgə mişar daşından hasarın çəkilməsini və torpaq sahəsində 11 cərgə mişardaşından hamam və ayaqyolunun inşa edilməsini təsdiq edən fotoşəkili birinci instansiya məhkəməsinə təqdim etsə də, hakim fotoşəkilə baxdıqdan sonra ona qaytarmışdır. Qətnamədə bu barədə heç bir qeyd göstərilməsə də, yəqin ki, məhkəmə baxışının video və audio yazılarına baxmaqla bunu müəyyən etmək olar. Bununla belə fotoşəkili apellyasiya şikayətinə əlavə edir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
16. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
17. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
18. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
19. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
20. Maddə 1164. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-493/2023 nömrəli qətnaməsini ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. İşin hallarından görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 qardaşı hazırkı iş üzrə İddiaçı mirasın faktiki qəbul etməsinə istinad edərək, mərhumun arvadı olan Cavabdeh Xaçmaz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən ibarət əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və cavabdehin qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsini məhkəmədən xahiş etmişdir.
33. İddiaçı iddiasını və apellyasiya şikayətini Mülki Məcəllənin 1164-cü maddəsi ilə əsaslandırmışdır. Belə ki, həmin maddənin məzmununa görə, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.
34. Cavabdeh Xaçmaz şəhərində yerləşən 400 kv.m torpaq sahəsini onun tərəfindən hasara alınaraq orada tikinti işlərin aparmasına, orada daş hasar, sanitar qovşağı, hamam inşa etməsinə və yaşayış evinin tikintisi üçün fundamentin qoyulmasına, bununla da qardaşından miras qalan torpaq sahəsini faktiki qəbul edilməsinə istinad etmişdir.
35. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına” dair Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
36. Digər tərəfdən kollegiya qeyd edir ki, mülki qanunvericiliyin vərəsəliklə bağlı müddəalarına görə, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Göründüyü kimi, iddiaçı ikinci növbə vərəsə olaraq, birinci növbə vərəsənin mərhumun arvadını mirasdan məhrum edilməsini xahiş edərək, miras əmlaka iddia edir.
37. Lakin apellyasiya icraatı zamanı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı cavabdehin vəkilinin və nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki, Cavabdeh qardaşının ölümündən 2 il əvvəl evi tərk etmişdir. Bununla da, iddiaçı öz iddiasında göstərdiyi 5 il cavabdehin qardaşınında ayrı yaşaması ilə bağlı dəlilinə zidd izahat vermişdir.
38. Kollegiya həmçinin vurğulayır ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
39. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
40. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
41. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
42. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, cavabdehin qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas olmadığından, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
43. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-493/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-493/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.