Məhkəmə qərarları › İş №2(105)-1661/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1661/2023

15.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1661/2023 15.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(067)- 511/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(067)-511/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* №-li akt və “itirilmiş qazın bərpası üzrə” xx.xx.2021ci il tarixli komissiya qərarı əsasında İddiaçı əsassız olaraq hesablanmış 456,62 manat məbləğində ziyanın silinməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Cavabdeh İB Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(067)- 511/2023 saylı qətnaməsindən şikayət verərək, qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edərək iş üzrə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-511/2023 saylı 14 iyun 2023-cü il tarixli qərardadına əsasən Cavabdeh İB tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(067)-511/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh İB Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(067)-511/2023 saylı qərardadından şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-511/2023 saylı 17 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmədən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir (hakim Vüsalə Qasımova). Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda səbəb kimi qeyd olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş, 361.1.2- 361.1.7-ci maddələrində isə apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Apellyasiya şikayətində bütün maddi və prosessual hüquq normalarına düzgün əməl olunmuşdur. Cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması düzgün müəyyən edilmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən digər faktiki hallar düzgün qeyd edilmişdir. Məhkəmə şikayəti nəzərdən keçirərkən müəyyən etmişdir ki, şikayətdə yalnız “İşin halları” və “Apellyasiya şikayəti verən şəxsin tələbi” qrafalarında qeydiyyat aparılmış, yuxarıda göstərilən əlavədə göstərilməli olan digər məlumatlar (şikayət verən tərəf, şikayət verən tərəfin vəkili və nümayəndəsi barədə məlumatlar və s.) qeyd edilməmişdir. Qeyd olunan Apelyasiya şikayətinə baxıldıqda görünür ki, “şikayət verən tərəf, şikayət verən tərəfin vəkili və nümayəndəsi” barədə məlumatlar Qərardadda qeyd olunmuşdur və tam şəkildə əks olunmuşdur. Cavabdeh İB “vəkil” ilə deyil “nümayəndə” vasitəsi ilə məhkəmələr də təmsil olunur. Qərardadda qeyd olunmuşdur ki, yalnız “İşin halları” və “Apellyasiya şikayəti verən şəxsin tələbi” qrafalarında qeydiyyat aparılmışdır. . Lakin skan olunaraq olunaraq sisteme yüklənmiş apellyasiya şikayətində də, elektron məhkəmə sistemi tərəfindən düzənlənən elektron apellyasiya şikayətində də görünür ki, İşin halları” və “Apellyasiya şikayəti verən şəxsin tələbi” qrafaları deyil bütün qrafalar tam doldurulmuşdur. Əlavə sənədlər hissəsinə dövlət rüsumu, apellyasiya şikayəti və digər sənədlər yüklənmişdir. Elektron ərizənin “ərizənin məzmunu” hissəsinə tərtib etdiyi apellyasiya şikayətininin mətnini yazdıqdan sonra imza prosesində elektron məhkəmə portalının özü tərəfindən tam doldurulmuş (bütün xanalar tam doldurulmuşdur) xanalara uyğun formanı sistem göstərir. Həmin formada da yalnız “İşin halları” və “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsi deyil bütün hissələr doldurulmuşdur. Məhkəməyə eyni və düzgün üsulla yüklənilmiş bir neçə apellyasiya şikayəti formalarını qoşmada təqdim edilir. Hansi ki, apellyasiya məhkəməsi tərəfindən “MPM-ə əlavə 2”-nə uyğun gələrək icraata götürülmüşdür və qərar qəbul edilmişdir. Qoşmada qələm cizgisi ilə elektron ərizənin məzmunu hissəsinə əlavə etdiyi hissəni qeyd edir. Cizgidən yuxarı hissə elektron tərəfindən elektronlaşmış vahid formadır. Qeyd edir ki, apellyasiya şikayəti “MPM-ə əlavə 2”-nə uyqun olaraq tam düzgün formada yüklənmişdir. Bu cür yüklənmiş formada dəfələrlə məhkəmə təcrübəsindən keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(067)-511/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə qeyd etmişdir ki, şikayətdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formasına və cədvəl daxilində məzmuna uyğun tərtib edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli Qanunun keçid müddəalarına əsasən: 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir. “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavədə apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe- mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir. Şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Hazırki şikayətdən görünür ki, yalnız “İşin halları” və “Apellyasiya şikayəti verən şəxsin tələbi” qrafalarında qeydiyyat aparılmış, yuxarıda göstərilən əlavədə göstərilməli olan digər məlumatlar (şikayət verən tərəf, şikayət verən tərəfin vəkili və nümayəndəsi barədə məlumatlar və s.) qeyd edilməmişdir. Bununla da müəyyən edilir ki, şikayətdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formasına və cədvəl daxilində məzmuna uyğun tərtib edilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Əlavə 2-Apellyasiya şikayətinin forması) tərtib edilməmiş, eləcə də şikayəti elektron kabinet vasitəsi ilə göndərilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilmiş şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada (Əlavə 2-Apellyasiya şikayətinin forması) tərtib edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq şikayəti geri qaytarmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, dəlillər birinci instansiya məhkəməsini qanuni və əsaslı qərardadının ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(067)-511/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qərardadda qeyd edilən nöqsanları aradan qaldırıldıqdan sonra yenidən cavabdehin apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xaçmaz Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(067)-511/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh İB- tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar