Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1663/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1168/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 09 dekabr 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən və məhkəmə iclasında tədqiq edilmiş bir ədəd CD diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, qaz xəttinə baxış keçirən zaman İddiaçı evində qeyri-qanuni qaz xəttinə qoşulma aşkar edilmişdir.
2. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən və abonentin saldosundan müəyyən olunur ki, İddiaçı cəmi 33264 kub.metr itirilmiş qazın bərpası üçün 3991.68 manat cərimə (pul) hesablanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin Xaçmaz rayon qaz idarəsi tərəfindən aparılmış yoxlama nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt əsasında yazılmış 3991.68 manat cərimənin azaldılması və ona yazılmış ziyanın yenidən baxılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz regional qaz istismar idarəsinin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixində onun mənzili olan küçədə yoxlama aparılan zaman qeyri-qanuni olaraq təbii qaz şəbəkəsinə qoşulduğu aşkar edilmişdir. Belə ki, ******* saylı xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən ünvanına 3991 manat 68 qəpik dəyərində dəymiş ziyan hesablanmışdır. Guya ki, bu hesablama itirilmiş qazın bərpası deməkdir. Ancaq akta əlavə edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd olunur ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirlmiş qazın bərpası üçün hesabat aparılsın” Onun bir gün ərzində 92 m3 qaz istehlak etməsi (tələbnamənin hesabatına əsasən ay ərzində 2772 m3 təşkil edir) absurd və gülünc bir məsələdir. O, öz vəzifə öhdəliklərini vətən və dövlət qarşısında laiqincə yerinə yetirmiş bir Azərbaycan Respublikası vətəndaşı olaraq bildirir ki, qaz xəttinə cari ilin noyabr ayının 10-da qeyri-qanuni olaraq qoşulmuşdur. Buna da səbəb odur ki, ünvanına ödənişli smart tipli qaz sayğacı quraşdırıblar. Odur ki, karta ödəniş etməsə evdə qaz olmur. Amma hal-hazırda heç bir yerdə işləmir və ona görə də smart sayğaca ödəniş etməkdə çətinlik çəkir. O, övladlarının qarşısında qaz puluna görə aciz qalmaqdan utanır. Odur ki, bu yola əl atmışdır. Yaşadığı ərazidə xx.xx.2023-cü il tarixində qaz təchizatı idarə tərəfindən profilaktik tədbirlər çərçivəsində dayandırılmışdır. O, da həmin gün qaz xəttinə qeyri-qanuni qoşulmuş və evində 3 gözlü qaz pilətəsindən və radiator peçindən istifadə etmişdir. Xahiş edir ki, ona yazılmış dəymiş ziyana yenidən baxılması üçün köməklik edilsin və xx.xx.2022-cü il və xx.xx.2022-cü il tarixləri ərzində bir 3 gözlü qaz plitəsinin və radiator peçinin işlədə biləcəyi qaz sərfinin hesablanması üçün göstəriş verilsin. İdarə işçiləri mənzilinə əvvəlcə icazəsiz daxil olmuşlar, sonra isə ailə üzvləri, övladı və həyat yoldaşı həyətə düşərək onların həyətyanı sahəyə icazəsiz nə üçün daxil olduqlarını soruşmuşlar. Bu zaman isə onlar hədə-qorxu gələrək qeyri-qanuni qazdan istifadə etdiklərini demişlər. Həyat yoldaşı qorxuya düşdüyü üçün dərhal ona zəng vurmuş və o, həmin gün rayonda olmadığı üçün özü evə gələ bilməmişdir. İdarə işçiləri bunu fürsət bilib onun üçün 3991 manat 68 qəpik cərimə tətbiq etmişlər. Amma o, vicdanlı bir vətəndaş kimi etdiyi əməli qəbul edir.
5. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəmdəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı qaz sayğacından qanunsuz olaraq kənar xətt çəkmiş və istifadə etmişdir. Bunu qanunsuz istifadə etdiyini bilir və iddiaçı özü də etiraf edir. Ona görə də iddiaçı cərimə olunmuşdur. Yazılmış cəriməni əsaslı hesab edir. Bundan başqa, mütəxəssis rəyi ilə də razı deyildir. Ona görə ki, mütəxəssis rəyi Nazirlər Kabinetinin qərarından sonrakı normaya istinad edilmişdir. Nazirlər Kabinetinin qərarı 2023-cü ilin iyun ayında qüvvəyə minmişdir. İddiaçının çəkdiyi kənar qaz xətti isə 2022-ci ilin dekabr ayında aşkar edilmişdir. Buna görə də hesab edir ki, Azəriqaz İB-nin əməkdaşları hesablamanı düzgün aparmışlar. Hesablanmış cərimə 12 aydan çox olmayan müddət üçün, 12 saata vurulmaqla hesablanmışdır. Cərimənin məbləği maksimum hesablanmışdır. Mətbəxdə işlənən qaz peçi 1 saat ərzində 08 kub metr qaz istifadə olunur. 08 kub metri 24 saata vurulmaqla hesablanmışdır. Bunu heç kim bilmir ki, kənar çəkilmiş qaz xəttindən gün ərzində neçə saat istifadə olunub. Ona görə sərfiyyat 24 saata vurularaq hesablanıb.
6. Məhkəmə iclasında mütəxəssis qismində işə cəlb edilməklə izahat vermiş Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının nümayəndəsi X4 izahatında göstərmişdir ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən qaz sayğaclarına ildə bir dəfə baxış keçirilməlidir. Mövsümlə əlaqədar olaraq sayğaca baxış keçirilmiş, vətəndaşın sayğacdan kənar xəttdən istifadə etməsi aşkar olunmuşdur. Lakin vətəndaş bunu özü də etiraf edir ki, bir ay sayğacdan kənar xətdən istifadə edib. Kənar xəttdən istifadə etdiyi qaz sərfiyyatını hesablamaq üçün 365 gün 24 saata vurularaq hesablanır. Qaz təchizatı haqqında Qanuna əlavə edilmiş 13-cü maddənin 8.1-ci bəndində qeyd edilmişdir ki, əgər qaz sayğacına baxış keçirilməmişdirsə bu zaman son 3 ay müddət hesablanmaqla 12 saata vurulmalıdır. 24 saat su qızdırcısı istifadə oluna bilməz. Qaz plitəsini 0.8 kub metr 12 saata vurularaq, 90 gün hesablanmalı, İran peçini qış mövsümü ilə əlaqədar olaraq yalnız 5 ay müddət istifadə oluna bilər oda 0.8 kub metr 12 saata vurularaq, 150 gün hesablanmalı, su qızdırıcısı isə 2.25 kub metr 12 saata vurularaq 90 gün hesablanmalıdır.
7. Cavabdeh İB-nin iddiaya qarşı etirazında göstərilir ki, abonentin qaz xətlərinə və qaz sayğacına xx.xx.2022-ci il tarixində Xaçmaz RQİİ-nin X9 əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişdə öz əksini tapmışdır. Bu hal aşkar olunan zaman abonent İddiaçı haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” 09 dekabr 2024cü il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq 33264 kub.metr və ya 3991.68 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. Abonent İddiaçı qeyd olunan faktı iddia ərizəsində də etiraf etmişdir. “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozulmadan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”-ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın veriliməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanması İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz sayğacının nominal qaz sərfi evdə quraşdırılmış avadanlıqlarına uyğun, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır İddiaçı öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir.
8. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1168/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abıyeva) iddia təmin edilmiş, Cavabdeh Xaçmaz Regional Qaz istismarı İdarəsinin Siyəzən Xidmət Sahəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanaraq iddiaçının abunə koduna köçürülmüş 3423.60 manat borcun hesabdan silinməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya aid ünvan 1 ünvanındakı fərdi yaşayış evi üzrə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qanunsuz qoşulma halı baş vermiş, habelə bununla əlaqədar 09 dekabr 2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin aktda nöqsanın olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair heç bir sübut yoxdur. Bundan əlavə, qeyd olunan qanunsuz qoşulma halı məhkəmə iclasında iddiaçı tərəfindən etiraf edilməklə, işin mübahisəsiz halına çevrilmişdir. Lakin, tədqiq olunmuş mötəbər sənəd və sübutlar, o cümlədən iddiaçının izahatı ilə bu qanunsuz qoşulma, bu müddət ərzində qanunsuz istifadə edilmiş təbii qazın dəyərinin isə 568.08 manat olması müəyyən edilmişdir ((2,25x12x90=2430 kub metr, 0.8x12x90=864 kub metr, 0.8x12x150=1440 kub metr x 0,12 manat (tarif) = 568.08 manat)).
10. Həmçinin məhkəmə göstərmişdir ki, qazpaylayıcı tərəfindən qaz qurğularının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə onlara 6 ayda 1 (bir) dəfədən az olmayaraq baxış keçirməli, bu halda sayğacdan kənar qanunsuz qoşulma halı üçün zərər, qaz qurğusuna sonuncu baxışın keçirildiyi 24 fevral 2023-cü il tarixdən həmin tarixə qədər keçirilmiş 6 ay əvvəlki baxış dövrü nəzərə alınmaqla hesablanmalıdır. Bu mənada, mübahisəli 3997.68 manatlıq borc məbləğinin qalan hissəsi, yəni 568.08 manatı iddiaçıya aid evdə sayğacdan kənar istifadə edilmiş təbii qaza görə yaranmış borcdur, bu borc mövcud olmaqla, realdır, o cümlədən düzgün hesablanmışdır. Bu səbəbdən də, ümumi borc məbləğindən sonuncu məbləğin silinməsi istisna edilir və xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* saylı akta əsasən hesablanmış cərimənin tam silinməsi məqsədəmüvafiq deyil, bu səbəbdən iddiaçının abunə koduna köçürülmüş 3423.60 manat borcun silinməlidir.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 139.1-ci maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının tələbləri ilə əsaslandırmışdır.
12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, abonentin qaz xətlərinə və qaz sayğacına 09 dekabr 2022-ci il tarixində Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan kənar qoşularaq qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə müşayət olunmuşdur. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
20. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
21. 22. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın
22. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
23. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
24. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
25. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
26. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
28. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
29. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Hazırkı icraat çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, istehlakçı tərəfindən “Qazdan istifadə Qaydaları”nın pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi 3991.68 manat məbləğində hesablanmaqla, abonent bazasına işlənilmişdir. İddiaçı, Cavabdeh İB-nin Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsinin əməkdaşlarının hərəkətləri ilə hüquqlarının pozulduğununa istinad edərək həmin akt əsasında artıq hesablanmış borcun silinməsini xahiş edir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.10-cu yarımbəndinə görə bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir;
37. Həmin Qaydaların 3.1.11-ci yarımbəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir.
38. İş materiallarında olan Azərbaycan Respublikası Enerji X1 Xaçmaz filialının aparıcı müfəttişi X3 20 may 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən qaz xətlərinə texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim edilməmişdir. Göründüyü kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ tərəfindən vətəndaş İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeyri-qanuni qaz xəttinə görə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamışdır və qanunverciliyin tələblərinə əməl edilməmişdir.
39. Kollegiya sadalanan qanunvericilik aktları normalarına və iş üzrə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, istifadə edilmiş qazın dəyərini 3 (üç) ay müddətinə, sutkanın on iki saatını və qaz işlədici cihazların işləmə saatını nəzərə almaqla birinci instansiya məhkəməsinin apardığı hesablama və 3423.60 manat borcun silinməsi barədə gəldiyi nəticə əsaslıdır.
40. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1168/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.