Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1665/2022 19.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi: Nümayəndə, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil iştirakları ilə, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.X.Hüseynov) iddianın qismən təmin edilməsi, Cavabdeh ona məxsus olan əşyaları Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 saylı yataqxananın 6 saylı otağından çıxarılmaqla həmin otağın boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddianın verilməsinə görə 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, 6 saylı otağında ona məxsus olan yorğan-döşəyin çıxarılaraq otağın boşaldılması və qapının qırılması ilə əlaqədar vurulmuş zərərin (300 AZN) zərərçəkənin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 14 saylı yataqxana Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 19 noyabr 2007-ci il tarixli 377 saylı sərəncamı ilə MKTİB-nin balansına verilmişdir. Sözü gedən 42-ci məhəllə, yataqxana 14, otaq 6 X12 tərəfindən xx.xx.1999-cu il tarixində Həsənov Natiq Həsən oğluna verilmişdir. N.H.Həsənov orada qeyri-rəsmi olaraq, X7 ilə vəfat edənə qədər yaşamışdır. N.Həsənov 2012-ci ildə vəfat etmişdir. Qonşuların verdiyi məlumata görə A.Ş.Əliyeva orada yaşadığı müddət ərzində həmin yataqxananın 30-cu mənzilində yaşayan Cavabdeh 5-6 dəst yorğan döşəyini yerinin dar olduğunu bəhanə edərək, onun otağına yığmışdır. A.Ş.Əliyeva 2020-ci ildə vəfat etmişdir. Ə.Aytəkinin vəfatından sonra onun bacısı bütün əşyaları oradan aparmış, otağın açarlarını 8 saylı MKS-yə təhvil vermişdir. 6 saylı otaq xx.xx.2021-ci il tarixindən mənzilin keçmiş sahibi N.Həsənov, Ü.N.Həsənliyə kirayə müqaviləsi əsasında verilmişdir. Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi, 8 saylı MKS-nin rəhbərliyi və Ü.N.Həsənli tərəfindən dəfələrlə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, ona aid olan əşyaları otaqdan götürməmiş və ailə üzvlərinin sayının çox olmasını bildirərək, otağın ona verilməsini tələb etmişdir. Bu səbəbdən Ü.N.Həsənli həmin otağa köçə bilmir. Ü.Həsənlinin müraciətini nəzərə alaraq xx.xx.2022-ci il tarixində MKTİB və ərazinin MKS işçiləri tərəfindən qanunsuz yığılmış yorğan-döşəyin otaqdan boşaldılması barədə komissiya yaradılmışdır. Komissiya tərəfindən otaqda olan yorğan-döşək oradan çıxarılaraq akt əsasında anbara aparılarkən, Telmiranın həyat yoldaşı X8 buna imkan verməmiş və aktı imzalayaraq yorğan-döşəyi təhvil alaraq evinə aparmışdır. Otaq boşaldıldıqdan sonra Ü.Həsənli tərəfindən otağın qıfılı dəyişdirilmişdir. Lakin, komissiya üzvləri getdikdən sonra Cavabdeh oraya gəlmiş, otağın qapısını qıraraq yorğandöşəyi yenidən otağa yığmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan otağın iddiaçıya heç bir aidiyyəti yoxdur. Həmin otaq əlavə olaraq cavabdeh tərəfindən bir növ yataqxana dəhlizindən ayrılmaqla sonradan öz hesabına inşa olunmuş və heç bir sənədi yoxdur. İddiaçının həmin əmlaka subyektiv hüququ belə yoxdur. Cavabdehin ailəsi ağır maddi vəziyyətdə və əziyyətdə, təhlükə ilə üz-üzə qoyan, yəni 1988ci ildən bu ünvanda yaşayan şəxs kimi bu otaqlar istifadə etmək hüququndan məhrum etmək istəyirlər. Keçirdiyi stress nəticəsində hələ də təcili yardımın köməyindən istifadə edir. Məhkəmə tərəfindən onun konstitusion hüquqları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli 2022-ci il 2(060)-1732/2022 nömrəli qətnaməsini ləğv edərək, iddianın rədd edilməsi və onun ailə üzvləri ilə birlikdə həmin sahəyə hüquqlarının bərpa olunması barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan otağın könüllü şəkildə boşaldılmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə iddiaçının subyektiv hüququnun olmamasının barədə gətirdiyi dəlili qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 6 ünvanında yerləşən yaşayış sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olduğu üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-X2 İstismar Birliyinin 18 saylı xx.xx.2007-ci il tarixli əmrinin surətindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 19 noyabr 2007-ci il tarixli 377 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, 42ci məhəllə, yataqxana 14, otaq 6 Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına verilmişdir. 8 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 6 X12 tərəfindən xx.xx.1999-cu ildə Həsənov Natiq Həsən oğluna verilmiş, otağın sahibi Həsənov Natiq Həsən oğlu xx.xx.2012-ci ildə ölmüşdür. X1 Natiq Həsən oğlunun nikahsız arvadı olmuşdur, Aytəkin 2020-ci ildə ölmüşdür. Həsənov Ülvi Natiq oğlu Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 6 ünvanlna sosial kirayə müqaviləsi əsasında qeydiyyata düşmüşdür. İşə əlavə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 6 kirayə müqaviləsi əsasənda Ü.N.Həsənliyə verilmişdir. Əvvəllər həmin mənzildə yaşamış A.Ş.Əliyeva öldükdən sonra A.Ş.Əliyevaya aid əşyalar onun bacısı tərəfindən oradan aparılmışdır. Həmin otaqda qalan 8-9 dəst yorğan-döşək isə həmin yataqxananın 30-cu mənzilində yaşayan Cavabdeh aid olduğu bildirilmişdir. Xəbərdarlıqlara baxmayaraq T,M.Osmanova ona məxsus əşyaları həmin otaqdan götürmək istəməmişdir. Ona görə də yorğan-döşək MKTİB-nin Təmir-Tikinti İdarəsinin anbarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 14 saylı Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında sosial kirayə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 14 saylı yataqxananın 6 saylı otağı Ü.N.Həsənliyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsininin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 153.2ci maddəsinə əsasən qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur (17.1.). Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu (17.2.). İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu (17.3.). Xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir (91.1.1). Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir (92). Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən- Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 6 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 377 saylı sərəncamı ilə MKTİB-nin balansına verilmişdir. Həmin otaq xx.xx.2021-ci il tarixli sosial kirayə müqaviləsi əsasında Ü.N.Həsənliyə verilmişdir. Həmin yataqxananın 30 saylı otağında yaşayan Cavabdeh özünə məxsus olan əşyaları 14 saylı yataqxananın 6 saylı mənzilinə qanunsuz yerləşdirmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh həmin əşyaları götürməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixində MKTİB və ərazinin MKS işçiləri tərəfindən qanunsuz yığılmış yorğan-döşəyin otaqdan boşaldılması barədə komissiya yaradılmışdır. Komissiya tərəfindən otaqda olan yorğan-döşək oradan çıxarılaraq akt əsasında anbara aparılarkən, Telmiranın həyat yoldaşı Z.Q.Osmanov buna imkan verməmiş və aktı imzalayaraq yorğan-döşəyi təhvil alaraq evinə aparmışdır. Otaq boşaldıldıqdan sonra Ü.Həsənli tərəfindən otağın qıfılı dəyişdirilmişdir. Lakin, komissiya üzvləri getdikdən sonra Cavabdeh oraya gəlmiş, otağın qapısını qıraraq yorğan-döşəyi yenidən otağa yığmışdır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, Cavabdeh həmin yataqxananın 30-cu mənzilində qeydiyyatdadır və ailə üzvləri ilə orada yaşayır, lakin ailə üzvlərinin mənzil şəraitini pis oldugu üçün mübahisəli edilən otagın keçmiş sakininə qulluq etmiş və bununla da həmin otaqdan istifadə etmək hüquququn əldə edilməsini bildirmişdir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrəbüdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 10 may 2022-ci il tarixli 2(060)-1732/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1665/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1665/2022
19.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver