Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-168/2025 17.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 qızının katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2(060)-6172/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Stul-eko-6 ədəd, babilyataq-dolab, nevada-qonaq-masa üçün ödənilməmiş 2090.15 manat borc, 209.85 manat cərimə, Texas-masa dəsti-mətbəx üçün ödənilməmiş 397.51 manat borc, 39.49 manat cərimə və İMEİ kodu **********78136 olan Samsung Galaxy A04E markalı telefon üçün ödənilməmiş 132.78 manat borc, 13.22 manat cərimə olmaqla, ümumilikdə 2883 manat borc və ödənilmiş 48.83 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan stul eko-6 ədəd, babil - yataq - dolab , nevada- qonaq - masa, Texas – masa dəsti – mətbəx , İMEİ kodu **********78136 samsung galaxy a04e markalı telefon almış və nəticədə 2883 (iki min səkkiz yüz səksən üç) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2376.24 (iki min üç yüz yetmiş altı manat iyirmi dörd qəpik) manat (24 ay x 99.01 manat + 0 manat ilkin ödəniş) stul - eko-6 ədəd, babil - yataq - dolab , nevada- qonaq – masa üçün ümumilikdə,2300 (iki min üç yüz) manat olmaqla ondan, 2090.15 (iki min doxsan manat on beş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 209.85 (iki yüz doqquz manat səksən beş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 636.96 (altı yüz otuz altı manat doxsan altı qəpik) manat (24 ay x 26.54 manat + 0 manat ilkin ödəniş) Texas - masa dəsti – mətbəx üçün ümumilikdə, 437 (dörd yüz otuz yeddi) manat olmaqla ondan, 397.51 (üç yüz doxsan yeddi manat əlli bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39.49 (otuz doqquz manat qırx doqquz qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 429.96 (dörd yüz iyirmi doqquz manat doxsan altı qəpik) manat (12 ay x 35.83 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********78136 Samsung Galaxy A04E markalı telefon üçün ümumilikdə, 146 (yüz qırx altı) manat olmaqla ondan, 132.78 (yüz otuz iki manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.22 (on üç manat iyirmi iki qəpik) manat cərimə; cavabdehin cəmi ödədiyi məbləğ 822.72 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il , xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2(060)-6172/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh cəmi 2620.44 manat borc və 50 manat cərimə olmaqla, cəmi 2670.44 manat borc və 46.7 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt şəhər Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli,e-2(060)-6172/2024 saylı qətnaməsinin tam ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında istehlak mallarının alqı-satqısına dair 2023-cü ildə 3 dəfə müqavilə bağlanmışdır. Həmin müqavilədə alıcı kimi göstərilsə də, o həmin müqaviləni məcburən, təhdid altında imzalamış, müqavilədə göstərilən əşyaları almamışdır. Müqavilədə göstərilən əşyaları keçmiş həyat yoldaşı X3 almışdır. Həmin müqavilə Səadət Bəhmənovadadır. Göstərilən müqavilələr üzrə ödənişləri iddiaçıya Səadət Bəhmənova etmişdir. Alınan həmin əşyaları Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 9, otaq 76-da yerləşdirmişdir. X10 arasında bağlanmış nikaha Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə 2023-cü ilin mart ayında xitam verilmişdir. Həmin dövrdən etibarən onlar birgə yaşamır, ailə münasibətləri pozulmuşdur, birgə təsərrüfat idarə etmirlər. Həmçinin o, müddətsiz İİİ dərəcəli əlildir, psixi cəhətdən orta dərəcəli əqli gerilik xəstəliyinin daşıyıcısıdır. Müqaviləni imzalayan zaman qorxu, təhdid altında olmuşdur. Məcburiyyət qarşısında qalıb müqaviləni imzalamışdır. Müqavilə bağlanarkən keçmiş həyat yoldaşı onu aldatmış, əqli geriliyindən istifadə etmişdir. Yoldaşı alınan əşyaların dəyərini özünün ödəyəcəyini bildirmişdir. Lakin bir müddətdən sonra ödənişi dayandırmışdır. O, yuxarıda qeyd etdiklərini etiraz ərizəsi formasında Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Lakin etiraz məhkəməyə müəyyən edilmiş müddətdə çatmadığına görə yuxarıda qeyd etdikləri qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Məhkəmə mübahisəni həll edərkən araşdırma aparmamış, kredit müqaviləsi üzrə ödənişlərin gecikmə səbəbi ilə maraqlanmamışdır. Alınan mallar Səadət Bəhmənovanın istifadəsindədir və o, alınan mallara görə 822,72 manat ödəniş etmiş, hazırda ödəniş etməkdən yayınır. Müqavilə keçmiş həyat yoldaşının təhriki, hədəsi altında bağlanmışdır. Hal-hazırda o, Sumqayıt Şəhər Məhkəməsində Səadət Bəhmənovaya qarşı yuxarıda qeyd etdiyi məsələlərlə əlaqədar iddia qaldırmışdır. S.Bəhmənova əqli geriliyini bilə-bilə onunla "xxxx" MMC arasında müqavilə bağlanmasına nail olmuşdur. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 445.2.1, 442, 448.1, 560, 739, 337.1, 337.5, 1091-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 9.1, 9..3-cü maddələrinə istinad etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 394-1.3-cü və 394-1.4-cü maddələrinə əsasən işə baxılmasını məhkəmə iclasına təyin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 04246277 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 6 ədəd Stul-eko, babil-yataq-dolab, nevada-qonaqmasanı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüş, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, 04246277 nömrəli müqaviləyə əsaən həmin malları qüsursuz şəkildə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 15522730 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən Texas-masa dəstini qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüş, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, 15522730 nömrəli müqaviləyə əsaən həmin malları qüsursuz şəkildə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 15522730 nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh ödəniş cədvəlinə əsasən tələbləri 3 aydan artıq müddətə yerinə yetirmədikdə 63,69 manat cərimənin ödənilməsinə dar tələbi yerinə yetirməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 15523356 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********78136 olan Samsung Galaxy A04E markalı telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüş, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, 15523356 nömrəli müqaviləyə əsaən həmin malları qüsursuz şəkildə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 15523356 nömrəli müqaviləyə əlavədən görünür ki, Cavabdeh ödəniş cədvəlinə əsasən tələbləri 3 aydan artıq müddətə yerinə yetirmədikdə 43 manat cərimənin ödənilməsinə dar tələbi yerinə yetirməlidir. İş materiallarında olan maliyyə və ödəniş cədvəllərinə əsasən tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh tərəfindən 822,72 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasından müayinəyə dair məlumata əsasən müəyyən edilir ki, Cavabdeh 3-cü dərəcəli əlilliyi olmaqla orta dərəcədə əqli geriliyi vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, buna görə də borc məbləği cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təzyiq altında müqaviləni imzaladığını bildirsə də, buna dair əhəmiyyətli olan sübutu ilə məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh keçmiş həyat yoldaşı tərəfindən həmin əşyaların götürüldüyünü bildirsə də, bu onu öhdəliklərinin yerinə yetirməsindən azad etmir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2(060)-6172/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-168/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-168/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver