Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1689/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(060)-457/2021 nömrəli qətnaməsindən cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 1, 88 saylı otağa hesablanmış 769.69 manat borcun silinməsi qət edilmişdir. Cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 1 ünvanında yerləşən 86 saylı otağa görə hesablanmış 769.69 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 1, otaq 86, 88 hal-hazırda onun istifadəsindədir. 86 saylı otaq X6 tərəfindən ona 1988-ci ildə verilmiş, digər 88 saylı otağı isə o, 2012-ci ildə pul ilə almışdır. O, 88 saylı otağı alarkən suya görə borcunu tam ödəmişdir. Bu barədə "Cavabdeh” ASC-yə arayış təqdim etmişdir. Həmçinin həmin tarixdə yəni, 2012-ci ildə 86 saylı otağa görə də onun su borcu olmamışdır. İşlətdiyi suya görə yaranmış borc yalnız 88 saylı otağa görə 2012-ci idən bir neçə il onun adına hər iki otağa görə gəlmişdir. Yataqxanada ayrı-ayrı abonentlərə görə sayğac olmadığı üçün ödəniş ailə üzvlərinə görə hesablanmışdır. Hər ay ona 4 nəfərlik ailə üzvlərinə görə 7 manat 20 qəpik su pulu borcu gəlmişdir. Anlaşılmazlıq səbəbindən 88 saylı otağa görə su borcu səhvən 89 saylı otağa görə hesablanmışdır. 89 saylı otağa görə yəni, Məhərrəmov Tahirin adına olan borc onun otağına görə yəni onun adına 88 saylı otağa gəlmişdir. 88 saylı otağın borcu 89 saylı otağa, 89 saylı otağın borcu isə 88 saylı otağa gəlmişdir. O, su idarəsindən tələb etmişdir ki, 88 saylı otağını satmaq istəyir. Həmin otağa görə yaranmış borcu ona bildirsinlər və o, ödəsin. Su İdarəsi Abonentin kartını çıxardanda ona məlum olmuşdur ki, 88 saylı otağa görə borc məbləği 701.19 manat, 86 saylı otağa görə isə 769.69 manat su borcu hesablanmışdır. Beləliklə 2012-ci ildən bu günə qədər 4 nəfərlik ailə üzvünə cəmi 1434 manat borc hesablanmışdır. Bildirir ki, 2012ci ildən hal-hazıradək 86 saylı otağa görə su borcu bildirişi gəlməmişdir. Beləliklə də, hesab edir ki, 86 saylı otağa görə hesablanmış 769.69 manat borc əsassız olduğu üçün silinməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh ASC Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, onlar tərəfindən təqdim edilmiş sübutlar məhkəmə tərəfindən tam araşdırılmamışdır. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının 2012-ci il tarixdən 88 saylı otaqda yaşadığını və bunun müvafiq arayışla olunduğu, həmçinin ünvan üzrə ad dəyişikliyi edilməsi üçün Sukanal İdarəsinə müraciət etməməsini nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və o qanuni qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olmadığından, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni Cavabdeh ASC yaranmış borcu İddiaçı deyil, X1 tələb etməli olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan Cavabdeh ASC qətnaməni apellyasiya qaydasında mübahisələndirərək, apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 1, otaq 86, 88 halhazırda onun istifadəsində olduğunu, 88 saylı otağa görə su borcu səhvən 89 saylı otağa görə yəni, Məhərrəmov Tahirin adına olan borc onun otağına görə yəni onun adına 88 saylı otağa gəldiyini, 86 saylı otağa görə hesablanmış 769.69 manat borcun əsassız olduğu üçün silinməli olmasını əsas gətirərək hazırkkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə iddiaçının 86 saylı mənzilə hesablanmış borcun silinməsini xahiş etdiyi halda, tələbdən kənara çıxaraq 88 saylı mənzilə dair hesablanmış borcun silinməsi qənaətinə gəlmişdir. “Sudan istifadə qaydalan”nın 7.4-cü bəndinə uyğun olaraq, Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Həmin qaydaların 7.5-ci bəndinə əsasən su sayğacı olmadıqda fərdi yaşayış və bağ evlərinin torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 61-ci maddəsinin 1-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mənzil Məcəlləsinin 135.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. İşdən göründüyü kimi iddiaçının suya olan borcu abonent kartına əsasən Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 7/A, 86 saylı mənzil üzrə borcu var və bu borc ödənilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1689/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1689/2021
26.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver