Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1690/2023 15.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı borcun alınması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)- 430/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, 10 oktyabr 2017-ci il tarixli AK-126/15 saylı öhdəliyin icrası ilə bağlı sazişə əsasən, lizinq obyekti olan “Audi A7” minik markalı, **- AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan üçün 9329 manat borc və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən 25 manat olmaqla, cəmi 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE**********0002088501 saylı hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 "xxxx" MMC-yə vurduğu ziyan üzrə olan 11 940 (on bir min doqquz yüz qırx manat) manat məbləğində borcunun və iddiа ərizəsinə görə ödənilmiş 125.82 (bir yüz iyirmi beş manat səksən iki) mаnаt dövlət rüsumu ödənişinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh2 "xxxx" MMC-nin mülkiyyətində olan Audi A7 minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı vurmuş olduğu maddi ziyan üzrə 11940 (on bir min doqquz yüz qırx manat) manat məbləğində borcunun və iddiа ərizəsinə görə ödənilmiş 125.82 (bir yüz iyirmi beş manat səksən iki) mаnаt dövlət rüsumu ödənişinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında 10 oktyabr 2017-ci il tarixli, öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə əsasən X1 04 mart 2015-ci il tarixli 126 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh1 ötürülmüşdür. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişin təminatı olaraq Cavabdeh3 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 cəmiyyətin razılığı olmadan lizinq predmeti olan nəqliyyat vasitəsini sürücülük hüququ olmayan Cavabdeh2 (etibarnaməsiz) vermiş və cavabdeh lizinq predmeti olan nəqliyyat vasitəsi ilə 10 noyabr 2019-cu il tarixində Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə lizinq predmeti olan nəqliyyat vasitəsinə əsasən 11 940 (on bir min doqquz yüz qırx manat) manat maddi ziyan dəymişdir. Həmin ziyanın məbləği istintaq zamanı Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən lizinq predmeti olan nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən edilməsi üçün Qrand Avto servisə müraciət edilmiş və həmin avto servisin xx.xx.2020-ci il tarixli 275 saylı arayışına əsasən müəyyən edilmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1 və 264-cü maddələri ilə Nərimanov rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli 1(005)-17/2021 saylı hökm elan edilmişdir. Cavabdeh2 "xxxx" MMCnin mülkiyyətində olan nəqliyyat vasitəsini iddiaçının razılığı olmadan sənədsiz idarə etdiyini etiraf etmiş və məhkəmə zamanı iddiaçıya vurmuş olduğu ziyanı tez bir zamanda ödəyəcəyi ilə bağlı söz verməsinə baxmayaraq o, iddiaçıya vurmuş olduğu ziyanı bugünə kimi ödəməmişdir. Göründüyü kimi cаvаbdеhlər 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişi əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində "xxxx" MMC-ni müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişlər. Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhlərə dəfələrlə şifahi və yazılı mürаciət оlunmаsınа, məsələnin məhkəmədən kənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq, cavabdehlər vurmuş olduqları ziyanın qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quliyev X2 Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın Cavabdeh1 münasibətdə rədd edilməsi barədə yeni qətnamə edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən tərəflər arasında lizinq müqaviləsi üzrə öhdəliyə xitam verilməsi və lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən işin müəyyən edilmiş faktiki halları və iddiaçı- "xxxx" MMC-nin nümayəndəsinin izahatları ilə mübahisəsiz müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi səbəbindən avtomobil iddiaçı tərəfindən 2018-ci ildə geri alınmışdır. Bundan sonra tərəflər arasında hər hansı lizinq münasibətləri mövcud olmamışdır. Bu halı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-17/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmünə əsasən iddiaçının nümayəndəsi özü də etiraf etmişdir ki, lizinq ödənişləri aparılmadığından avtomobil Cavabdeh1 alınmışdır. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən saziş üzrə ödənişlər xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək aparılmışdır. Bu halda avtomobil cavabdeh tərəfindən hər hansı bir şəxsə idarə edilməsi üçün verilə bilməzdi. Çünki hadisə baş verən zaman artıq avtomobil lizinq şirkəti tərəfindən cavabdehdən geri alınmış və avtomobil Cavabdeh1 istifadə və sahibliyində olmamışdır. Hazırda qeyd edilən hadisə isə 10 noyabr 2019-cu il tarixdə baş vermişdir. Odur ki, həmin hadisənin baş verməsinə və dəymiş ziyana görə cavabdehin hər hansı öhdəliyi yarana bilməzdi. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi istinad edilən maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə prosesində iştirakı təmin edilmədiyi və məhkəmə baxışı haqqında heç bir məlumat almadığı üçün etirazı əsaslandıran halları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur. Belə ki, qeydiyyatda olduğu ünvan söküldüyündən məhkəmə tərəfindən ona göndərilən bildirişləri qəbul etmək imkanına malik deyil. SMS bildiriş vasitəsilə xəbərdar edilməyi üçün məhkəmə prosesində iştirakı təmin olunmadan yekun qərar qəbul edilmişdir. Halbuki o, məhkəmə iclasında iştirak edə bilsə avtomobilin hadisə baş verən zaman onun istifadə və sahibliyində olmadığını təsdiq edən sübutları, məhkəmə araşdırmaları nəticəsində qəbul edilmiş yekun qərarları məhkəməyə təqdim edə bilərdi. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Məhkəmə heç bir mötəbər və qanuni əsas olmadan Cavabdeh1 maddi ziyan vuran şəxs olması qənaətinə gəlmişdir. Halbuki, bu nəticəni təsdiq edən hal kimi iddiaçı tərəf məhkəməyə sübut qismində heç bir mötəbər dəlil təqdim etməmişdir. Məhkəmə prosesində iştirakı təmin edilmədiyi və məhkəmə baxışı haqqında heç bir məlumat almadığı üçün etirazı əsaslandıran halları məhkəməyə təqdim etmək imkanından məhrum olmuşdur. Belə ki, qeydiyyatda olduğu ünvan söküldüyündən məhkəmə tərəfindən ona göndərilən bildirişləri qəbul etmək imkanına malik deyil. SMS bildiriş vasitəsilə xəbərdar edilməyi üçün məhkəmə prosesində iştirakı təmin olunmadan yekun qərar qəbul edilmişdir. Halbuki o, məhkəmə iclasında iştirak edə bilsə avtomobilin hadisə baş verən zaman onun istifadə və sahibliyində olmadığını təsdiq edən sübutları, məhkəmə araşdırmaları nəticəsində qəbul edilmiş yekun qərarları məhkəməyə təqdim edə bilərdi. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi məhkəmə müdafiəsi hüququn pozmuşdur. Məhkəmə heç bir mötəbər və qanuni əsas olmadan Cavabdeh1 maddi ziyan vuran şəxs olması qənaətinə gəlmişdir. Halbuki, bu nəticəni təsdiq edən hal kimi iddiaçı tərəf məhkəməyə sübut qismində heç bir mötəbər dəlil təqdim etməmişdir. Məhkəmə cavabdehin öhdəliyinin olubolmamasını müəyyən etməmiş, bunu təsdiq edən xüsusatların olub-olmamasını aydınlaşdırmadan formal baxış keçirməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə heç bir əsaslı sübut olmadan iddianı Cavabdeh1 münasibətdə təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya və digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən cavabdehlərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranması, iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, lakin cavabdehlərin müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməməsi ilə əsaslandırmış, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin maddi ziyanın ondan tutulması hissəsinin ləğv edilməsini xahiş edərək həmin hissədə qətnaməni mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə Cavabdeh1 mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddia tələbi dəymiş zərərin ödənilməsi barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında 10 oktyabr 2017-ci il tarixli, öhdəliyin icrası ilə bağlı saziş bağlanmış və Cavabdeh1 cəmiyyətin razılığı olmadan lizinq predmeti olan nəqliyyat vasitəsini sürücülük hüququ olmayan Cavabdeh2 (etibarnaməsiz) vermiş və cavabdeh lizinq predmeti olan nəqliyyat vasitəsi ilə 10 noyabr 2019-cu il tarixində Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə lizinq predmeti olan nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Mülki Məcəllənin 748-7.1 və 748-1.8-ci maddələrinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İşdən görünür ki, apellyator şikayətinin əsası kimi avtomobilin iddiaçı tərəfindən 2018-ci ildə geri alınması, bundan sonra tərəflər arasında hər hansı lizinq münasibətlərinin mövcud olmamasına istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4862/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və R.Ə.Eyvazov) iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-191/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 04 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 46.838,70 manat əsas, 14.473,83 manat lizinq mükafatı (faiz), 3.000 manat cərimə borcu, ümumilikdə 64.312,53 (altmış dörd min üç yüz on iki manat 53 qəpik) manat borcun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-6054/2022 nömrəli qərarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4862/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmişdir ki, avtomobil öhdəliklərin ötürülməsi barədə razılaşmaya (sazişə) əsasən Cavabdeh1 verilmiş və sonuncu tərəfindən həmin avtomobilin iddiaçıya qaytarılması barədə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı lizinq obyektinə vurulmuş zərəri Mülki Məcəllənin 748-7.1, 748-1.8, 21, 1097.1, 1108.2-ci maddələrinə əsasən həmin lizinqi alan Cavabdeh1 tələb etməkdə haqlı olmuş və məhkəmə də ona aid hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 məhkəmə iclaslarında onun iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edir ki, iş materiallarında olan bildirişə əsasən sms bildiriş müvafiq qaydada sonuncuya çatdırılmış, lakin sonuncu məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbləri barədə heç bir tutarlı sübut təqdim etmədiyindən, məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsassız hesab edir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1690/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1690/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver