Məhkəmə qərarları › İş №2(105)-1691/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1691/2024

18.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1691/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2nə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsinə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Hacıyev Vahid Məcid oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3949/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh1 ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında sudan istifadəyə görə yazılmış 1216,96 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin xüsusi mülkiyyət hüququ əsasında sahibidir. Həmin mənzilə yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçıdan başqa heç kim həmin mənzilə qeydiyyatda deyildir. Lakin faktiki həmin mənzildə yaşaya bilmir. Çünki mənzilə su sayğacı quraşdırılmayıb. Bununla əlaqədar olaraq aidiyyəti üzrə müraciət etmiş, lakin ona bildirilmişdir ki, həmin mənzildə əvvəllər yaşamış və qeydiyyatda olmuş abunəçinin, istehlak etdiyi suya görə guya borcu var. Məhkəməyə təqdim etdiyi “hesab fakturasın”dan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildə ondan əvvəl yaşamış və Cavabdeh1 ASC ilə həmin abonent arasında bağlanmış hər hansı müqavilə olmadığı halda şəxs barəsində borc yazılmışdır. Göründüyü kimi nə onun, nə də ondan əvvəlki mənzil sahibinin həmin borc ilə heç bir əlaqəsi yoxdur, həmin borc qanunvericiliyin tələbləri pozulmaqla yazılıb. Kirayəyə verən və kirayəyə götürən sonrakı subyektlər, əvvəlki kirayənişinin borcları üçün, su təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında suyun alqı-satqısının abunə müqaviləsinə əsasən müəyyən edilir, müqavilə olmadığı halda kimsə məsuliyyət daşımır. Bu məsuliyyəti məişət abonenti daşıya bilməsi üçün müqavilə olmalı, istehlakçıların sayı müəyyən edilməlidir. Bütün bu prosedurlar qanunvericilik çərçivəsində həyata keçirilməlidir. Özbaşına qaydada deyil. Hər hansı rəsmi sənədləşmə olmadan istehlak müqaviləsi olmadan özbaşına sudan istifadə borcu yazıla bilməz. Göstərilənlərə əsasən ünvan 1 ünvanında sudan istifadəyə görə yazılmış 1216,96 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. İddia tələbinə dair etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3949/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan borc başqa bir şəxsə hesablanmış borcdur. İddiaçı yalnız, yaşadığı mənzilə su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri üzrə yeni abunə kodunun bağlanmasını və əvvəlki mülkiyyətçiyə aid borcun ondan tələb edilə bilməməsini cavabdehdən tələb edə bilər.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

7. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti əsl Cavabdeh2 ilə əvəz edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3949/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzilin xüsusi mülkiyyət hüququ əsasında sahibidir. Həmin mənzilə yaşayış yeri üzrə qeydiyyatdadır. Ondan başqa heç kim həmin mənzilə qeydiyyatda deyil. Lakin faktiki həmin mənzildə yaşaya bilmir, çünki mənzilə su sayğacı quraşdırılmayıb. Bununla əlaqədar olaraq aidiyyəti üzrə müraciət edib, ona bildirilib ki, həmin mənzildə əvvəllər yaşamış və qeydiyyatda olmuş abunəçinin, istehlak etdiyi suya görə guya borcu var. Məhkəməyə təqdim etdiyi “hesab faktura”dan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildə ondan əvvəl yaşamış və Cavabdeh1 ASC ilə həmin abonent arasında bağlanmış hər hansı müqavilə olmadığı halda şəxs barəsində borc yazılmışdır. Göründüyü kimi nə onun, nə də ondan öncəki mənzil sahibinin həmin borc ilə heç bir əlaqəsi yoxdur, həmin borc qanunvericiliyin tələbləri pozulmaqla yazılıb. Kirayəyə verən və kirayəyə götürən sonrakı subyektlər, əvvəlki kirayənişinin borcları üçün, su təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında suyun alqı-satqısının abunə müqaviləsinə əsasən müəyyən edilir, müqavilə olmadığı halda kimsə məsuliyyət daşımır. Bu məsuliyyəti məişət abonenti daşıya bilməsi üçün müqavilə olmalı, istehlakçıların sayı müəyyən edilməlidir. Bütün bu prosedurlar qanunvericilik çərçivəsində həyata keçirilməlidir. Özbaşına qaydada deyil. Hər hansı rəsmi sənədləşmə olmadan istehlak müqaviləsi olmadan özbaşına sudan istifadə borcu yazıla bilməz. Lakin çox təəssüf ki, birinci instansiya məhkəməsi tərəfindən bu fakt nəzərə alınmayıb. Qeyd etdiyi əsaslar onu bir daha göstərir ki, həmin borc mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi dəyərləndirilə bilinməz. Borc məbləğinin ödənilməsi yükünü, öhdəliyini istehlak müqaviləsi olduğu halda fiziki şəxs daşıya bilər. Yalnız sudan istifadədə pozuntuya yol verərək istehlak etdiyi suyun dəyərini ödəməyən və bu faktın yaratdığı məsuliyyəti istehlakçı daşıyır, hazırki vəziyyətdə isə məsuliyyətin müəyyən edilməsi üçün hüquqi fakt yoxdur, bu öhdəlik mənzilə bağlı olan yüklülük deyil, müqavilə tərəfləri abonent və su təchizatı müəssisəsidir, mənzil deyil. Hər hansı müqavilə yoxdur. Sudan istifadə həcmini təsdiq edən dəlil yoxdur. Cavabdehin məsul şəxsləri öz mülahizəsinə görə borc yazıb. Birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, o borc Qocayevin borcudur, iddiani da o qaldıra bilər, lakin o borcun Qocayevə aid ola bilməsi üçün vaxtilə Qocayev ilə cavabdeh arasinda istehlak müqaviləsi olmali idi. Belə bir müqavilə isə yoxdur. Həmçinin evi satin almiş, həmin evin ünvanına bağli olan su sayğaci yoxdur, borc həmin su sayğacı vasitəsilə qeydə alınır. Su sayğaci isə yoxdur. Mənzili bütün öhdəliklər ilə birlikdə satın alıb. Cavabdeh tərəf isə özbaşına hər hansi hüquq normalarinin tələblərinə əməl etmədən su sayğacının olmadığı ünvana borc rəsmiləşdirib. Cavabdeh hansi rəsmi göstərici sənədlər əsasında müəyyən edə bilir ki, suyu kim və hansı həcmdə istehlak edib.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 6 ay bundan qabaq evi alıb, sonra borc gəlib. Evi satan şəxs Gürcüstan Respublikasına getmişdir. Asan Xidmətdən orada qeydiyyatda bir nəfərin olmasına dair sənəd əldə edib. Cavabdeh1 ASC isə 4 nəfərə görə hesabat aparmışdır. Həmin şəxsdən kommunal xərclərin sıfırlanmasını tələb etmək ağlına gəlməmiş, alqı-satqı ilə məşğul olmuşdur. Həmin şəxs hazırda Azərbaycanda deyil, Gürcüstandadır. Orada 12 il bir nəfər qeydiyyatda olub. Çıxarış da həmin şəxsin adına olmuşdur. 2011-ci ildən qeyd olunan tarixədək enerji və qaz sərfiyyatı barədə çıxarışları, sayğac olub-olmamasın dair məlumatları əldə edib məhkəməyə təqdim edə bilər. Öz evi sözügedən evin qonşuluğunda olmuş, həmin ünvanda uzun müddət yaşayış olmamışdır. Evi alan zaman kommunal xidmətlərlə əlaqədar borcun ola biləcəyini düşünməmişdir.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Belə ki, iddiaçıya məxsus ünvanda xx.xx.2022-ci il tarixdə kod açılaraq 4 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmış, iddia qaldırılan tarixə də borc yaranmışdır. İddiaçı həmin ünvanda 4 nəfər ailə tərkibinə uyğun hesabat aparılmasına etiraz edir, lakin “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə uyğun olaraq ailə tərkibində dəyişiklik olduğu halda istehlakçı tərəfindən sənəd təqdim olunmalıdır. Hər hansı sənəd təqdim olunmadığı halda 4 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılır. İddiaçı evi aldığı müddətdə borcun olmamasına dair arayış almalı idi. Hesab ediriik ki, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Şəxs borcu ödəyib, daha sonra digər şəxsdən reqres qaydada geri tələb edə bilər. Ortada xidmət göstərildiyi halda borcun silinməsi əsası yoxdur. Birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğundan apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Mülkiyyətçi borcu tam ödədikdən sonra abonent hesabı onun adına qeydə bilər. Abonent hesabını hazırki mülkiyyətçinin adına qeydə alaraq, borcu əvvəlki abonentın hesabında saxlamaq mümkün deyildir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

İşdə olan sübutlar

13. Cavabdeh1 ASC-nin **********010 nömrəli abonent hesabı üzrə çıxarışından kartından görünür ki, ünvan 3 ünvanı üzrə istifadə edilmiş xidmətlərə görə abonent Təhməz Qocayevin Cavabdeh1 ASC-yə 1216,96 manat məbləğində (2016-cı il üzrə 290,89 manat, 2017-ci il üzrə 111,5 manat, 2018-ci il üzrə 114 manat, 2019-cu il üzrə 121,5 manat, 2020-ci il üzrə 123 manat, 2021-ci il üzrə 223,07 manat, 2022-ci il üzrə 240 manat, 2023-cü il üzrə 222 manat) borc mövcuddur.

14. xx.xx.2024-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 2 otaqlı mənzil Təhməz Qocayev tərəfindən İddiaçı satılmışdır. Həmin müqavilənin 10-cu bəndinə əsasən su və digər xidmətlərə görə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür.

15. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Sahil küçəsi, ev 12 ünvanında yerləşən 1 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2024cü il tarixdə, ********** nömrə ilə qeydiyyatdan keçirilmişdir.

16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan görünür ki, ünvan 4 saylı mənzildə qeydiyyatda olan yoxdur.

17. "xxxx" ASC-nin **********02235 nömrəli abonent hesabı üzrə çıxarışından görünür ki, 2022-ci iln mart ayından 2024-cü ilin mart ayınadək Sumqaqyıt şəhəri, Tağıyev qəsəbəsi, bina 0680, mənzil 2235 (Sahil küçəsi bina 12, mənzil 01) ünvanında elektrik enerjisindən istifadə edilməmişdir.

18. "xxxx" ASC-nin **********00010 nömrəli abonent saldosundan görünür ki, Sumqaqyıt şəhəri, Tağıyev qəsəbəsi, Sahil küçəsi bina 12, mənzil 01 ünvanında 2022-ci iln mart ayından 2024-cü ilin mart ayınadək qazdan istifadə edilməmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 532.4. Əgər borclu öhdəliyi yalnız kreditor öz öhdəliyini icra etdikdən sonra icra etməlidirsə, kreditorun depozitə qoyulmuş əşyanı almaq hüququnu qarşılıqlı öhdəliyin icrasından asılı edə bilər. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.

20.“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının qanunu Maddə 30. Verilən suyun həcminin hesablanması

1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.https://eqanun.az/framework/74

2. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur. Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri

1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”

5.1. İstehlakçıların hüquqları aşağıdakılardır: 5.1.5. verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək. 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 8.1. STKM “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər: 8.1.8. istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə; 8.4. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3949/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3949/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir.

24. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddianı qaldırması üçün subyektiv hüquqa malik olmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, su təchizatı müəssisəsinin “Sudan istifadə Qaydalarının” tələbinə müvafiq olaraq, istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə su təchiztını dayandırmaq hüququ vardır ki, su təchizatı müəssisəsinin iddiaçının mülkiyyətinə keçmiş ünvada su təchizatının dayandırması halı iddiaçının birbaşa hüquqlarına toxunan hal hesab olunur. Bundan başqa iddiaçı ilə əvvəlki mülkiyyətçi arasında bağlanmış alqı-satqı müqaviləsinin 10-cu bəndində su və digər xidmətlərə görə yaranmış borcların ödənilməsinin satıcının üzərinə düşməsi ilə bağlı şərt mövcud olduğu halda iddiaçı əvvəlki mülkiyyətçi olan satıcıdan həmin şərtin yerinə yetirilməsini tələb etməklə yanaşı, Mülki Məcəllənin 441.3-cü maddəsinin tələbinə müvafiq olaraq qarşılıqlı icra öhdəsinə düşən tərəf qismində öz öhdəliyinin müvafiq hissənin icrasından imtina etmək hüququ olmuşdur. Qeyd edilən halla yanaşı, “Sudan istifadə qaydaları”nın 8.4-cü bəndində yeni mülkiyyətçinin obyektin mülkiyyətinə keçdiyi günədək sudan istifadəyə görə olan borcun olmaması barədə arayışı əvvəli mülkiyyətçidən tələb edə bilməsi ilə bağlı müvafiq normanın mövcudluğu, su və kanalizasiya xidmətinə görə yaranmış borcun dolayısı ilə Mülki Məcəllənin 648.2-ci maddəsində nəzərdə tutulan əşya ilə bağlı xərc kimi qiymətləndirlməsini şərtləndirir ki, bu da su ilə təchiz olunmuş obyektin mülkiyyətçisinin dəyişməsi nəticəsində yeni mülkiyyətçiyə əvvəlki mülkiyyətçinin dövründə yaranmış borclarla bağlı iddia qaldırmaq üçün subyektiv hüquq verir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının hazırkı iddianı qaldırması üçün subyektiv hüquqa malik olmaması ilə bağlı gəldiyi nəticəni əsassız hesab etmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iddiaçının mülkiyyətinə keçmiş evin əvvəlki mülkiyyətçisi ilə su təchizatı müəssisəsi arasında su və kanalizasiya xidmətindən istifadəyə dair müvafiq müqavilənin olmaması yaranmış borcun silinməsi üçün əsas hesab oluna bilməz. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının qanunu 61-ci maddəsinin tələbinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olubolmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Digər dərəfdən su ilə təchiz olunmuş obyektdə sudan istifadə olunması istehlakçı ilə su təchizatı müəssisəsi arasında şifahi müqavilənin bağlandığını təsdiq etməkdədir. Buna görə də məhkəmə kollegiyası iddiaçının qeyd olunan şikayətinin dəlilini əsassız hesab etmişdir.

26. Məhkəmə kollegiyası iddiaçının mülkiyyətinə keçmiş evdə bir nəfərin qeydiyyatda olması, su təchiztı müəssisəsinin isə dörd nəfərə görə xidmət haqqı hesablaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan görünür ki, ünvan 4 saylı mənzildə qeydiyyatda olan yoxdur. Buna görə də su təchizatı müəssisəsi “Sudan istifadə Qaydalarının” 7.4-cü bəndinə müvafiq olaraq su təchizatı və tullantı suları barədə hesabatı ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparmaqda haqlı olmuşdur.

27. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mülkiyyətinə keçmiş mənzildə uzun müddət yaşayışın olmadığını və kommunal xidmətlərdən istifadə edilmədiyini iddia etmişdir ki, onun bu iddiası iş materiallına əlavə edilmiş "xxxx" ASC-nin **********02235 nömrəli və "xxxx" ASC-nin **********00010 nömrəli abonent hesabı üzrə çıxarışı adlı sənədlər ilə təsdiq olunmuşdur. Belə ki, həmin sənədlərdən görünür ki, həmin ünvanda təxminən 2022-ci iln mart ayından 2024-cü ilin mart ayınadək elektrik enerjisindən və qazdan istifadə edilməmişdir ki, bu fakt qeyd edilən dövr ərzində həmin ünvanda sudan və kanalizasiya xitmətlərindən də istifadə olunmasını istisna etmişdir. Belə olan halda isə qeyd olunan dövr üzrə su və kanalizasiya xidmətlərinə görə hesablanmış məbləğin istehlakçıdan tələb olunması əsaslı hesab oluna bilməz. Cavabdeh1 ASC-nin **********010 nömrəli abonent hesabı üzrə çıxarışından isə görünür ki, 2022-ci ilin mart ayından 2024-cü ilin mart ayına kimi su və kanalizasiya xidmətinə görə 507 manat borc məbləği hesablanmışdır.

28. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3949/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, ünvan 1 ünvanında sudan və kanalizsiya xidmətindən istifadəyə görə 2022-2024-cü illər ərzində hesablanmış 507 manat su və kanalizasiya xidməti haqqına görə borc məbləği silinməli, iddia qalan hissədə isə təmin edilməməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3949/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. ünvan 1 ünvanında sudan və kanalizsiya xidmətindən istifadəyə görə hesablanmış 1216,96 (min iki yüz on altı manat, 96 qəpik) manat borc məbləğinin 507 (beş yüz yeddi) manatı **********010 nömrəli abonent hesabından silinsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirimədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kasssiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar