Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1697/2023 01.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kompensasiya ödəmək yolu ilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(029)-312/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kompensasiya ödəmək yolu ilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdehlərə 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4.000 (dörd min) manat kompensasiya ödəməklə onların ünvan 1 evə olan yaşayış hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının qardaşı, Cavabdeh3 iddiaçının qardaşı arvadı və Cavabdeh2 isə iddiaçının qardaşı oğludur. Cavabdehlər hazırda isə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bağışlama müqaviləsinə əsasən iddiaçının atası Qusar rayonu, Qusar şəhəri, M.Vəliyev küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 50.5 kv.m yaşayış, 27,6 kv.m yardımçı olmaqla ümumi 78.1 kv.m sahədən ibarət olan 14 nömrəli fərdi yaşayış evini İddiaçı bağışlamışlar. Həmin ev paylı mülkiyyət deyil və tam pay olaraq İddiaçı mülkiyyətindədir. Hesab edir ki, şəxsə 4000 manat kompensasiya ödəməklə onların ünvan 1 evə olan yaşayış hüququna xitam verilməlidir. Bundan başqa, Cavabdeh1 məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddia tələbinin əsası kimi iddiaçı ona istinad etmişdir ki, Qusar şəhəri, M.Vəliyev küçəsində 0,04 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 78,1 kv.m. olan 14 saylı fərdi yaşayış evi atası tərəfindən ona bağışlamışdır və tam payla mülkiyyətindədir. Cavabdehlər həmin evdə qeydiyyatdadırlar və orada yaşayırlar. Hesab edir ki, 4.000 manat kompensasiya verməklə cavabdehləri həmin evdən yaşayış hüququna xitam verilməsini tələb edə bilər və tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci və 228-ci maddəsinə istinad etmişdir. İddia tələbi mülkiyyətçinin əldə etdiyi mülkiyyət hüququndan sui-istifadə, ümumi ailənin yaşayış sosial vəziyyətinin çətinləşdirilməsinə yönəldiyindən bununla bağlı maddi hüququ normalarına ziddi olduğundan iddianı qəbul etmir. Belə ki, İddiaçı onun doğma bacısı, digər cavabdehlər Cavabdeh3 həyat yoldaşı, Cavabdeh2 isə oğludur. İş üzrə tərəflər ailə üzvləri olmaqla, adı çəkilən 14 saylı fərdi yaşayış evində qeydiyyatda olub, birgə yaşayırlar. Həmin ev mərhum atası Dalik Ağarəhimova məxsus olmuşdur. O və bacısı İddiaçı həmin evdə anadan olub, orada böyümüşlər. Yoldaşı Salihat həmin evə atasının sağlığında gəlin köçmüş, oğlu Nail orada anadan olmuşdur. Atası ölümündən əvvəl evi bacısı İddiaçı bağışlamışdır. Göründüyü kimi həmin evə bağışlama yolu ilə mülkiyyət hüququnu bacısı iddiaçı əldə edərkən, onlar həmin evdə qeydiyyatda olmaqla, birgə yaşayırlar və mülkiyyətin ona bağışlanması zamanı evdə olan yaşayış hüququna xitam veriləcəyinə dair öhdəlik götürməmişdir. Tam əksinə evə mülkiyyət hüququnun onun adına rəsmiləşdirilməsinə tərəfindən etiraz edilməməsi, gələcəkdə bir yerdə yaşamaqda davam etməsi razılaşması əsasında olmuşdur. O, da yeni mülkiyyətçi olaraq, evi əvəlki mülkiyyətçidən bu şəkildə qəbul etmişdir. Yəni iddiaçı həmin evə mülkiyyət hüququnu “onlar cavabdehlərin həmin evdə qeydiyyatda olmaqla, yaşadıqları və mülkiyyət hüququ ona keçəndən sonra da yaşayacaqları” kimi məhdudiyyətlə qəbul etmişdir. Bu baxımdan da iddiaçı tələbinin əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsində təsbit olunmuş “mülkiyyətçinin ona mənsub əmlaka istəyinə uyğun sərəncam vermə” hüququndan sərbəst deyil, cavabdehlərə nisbətdə məhduddur. Çünki, hazırkı iddia ilə o, bağışlama yolu ilə ona keçmiş mülkiyyəti hüququndan cavabdehlərə nisbətdə sui-istifadə etmiş olur ki, bu da qeyd olunan maddənin tələbinə görə yol verilməzdir. Belə ki, adı çəkilən Məcəllənin 152.5-ci maddələrinin tələblərinə əsasən mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Bu məsələlərin həlli zamanı istifadə hüququnun yaranması və davam etməsi, istifadəsi zamanı mülkiyyətçi ilə bərabər ailə üzvlərinin yaşayış evindən istifadəsi mümkünsüzlüyü və s. dəlillər nəzərə alınmalıdır. Bu mövqey həmçinin mülkiyyətçinin keçmiş ailə üzvü üçün də eyndir. Qərara görə keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Göründüyü kimi “istifadə hüququna xitam verilməsi” ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi, yalnız bir “mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallar” yol verilir. Lakin hazırkı iddia tələbi ilə bağlı belə bir “mümkünsüzlük” halı mövcud deyildir. Belə ki, tərəflər ailə üzvü olmaqla, həmin evdə birgə yaşayaırlar. İstifadədə olan əmlak 3 yaşayış otaqlardan və köməkçi sahələrə malik fərdi yaşayış evindən və 0,04 ha. torpaq sahəsindən ibarət olduğundan, tərəflərin hər biri üçün birgə istifadə edilməsi imkanları genişdir. Ailə və birgə yaşayış münasibətləri iddianın qaldırıldığı müddətdən deyil, mülkiyyət hüququ iddiaçıya keçməmişdən əvvəl uzun müddət davam edir. İş üzrə tərəflər olan mülkiyyətçi və evdə istifadə hüququna malik ailə üzvlərinin birgə əmlakdan istifadəsi ilə bağlı hər hansı maneə mövcud deyildir. Bu baxımdan adı çəkilən fərdi yaşayış evindən cavabdehlərin istifadə hüququna xitam verilməsinə dair iddiaçı tərəfindən irəli sürülən dəlillərin heç birinin hüquqi əsası yoxdur. İddia ərizəsinə baxılarkən qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(029)-312/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4.000 (dörd min) manat kompensasiya ödəməklə onların ünvan 1 evə olan yaşayış hüququna xitam verilməsi qət edilmişdir (hakim Əli Cəlilov). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(029)-312/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamənin faktiki əsasları üçün iddiaçının iddia ərizəsində irəli sürülmüş mövqeyindən çıxış etmiş, hüquqi əsası üçün istifadə hüququna xitam verilməsi ilə bağlı Mülki Məcəllənin 152-ci, 157-ci, 228.1, 228.2-ci maddələrinə, kompensasiya təyini məsələsi ilə bağlı həmin məcəllənin 420-ci maddəsi və onun şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarına istinad etmişdir. Lakin həmin normaları hazırkı iş üçün tərəflərin münasibəti və iş üzrə müəyyən edilən hallar baxımından düzgün şərh etməmişdir. Hazırkı iddia tələbi mülkiyyət hüququndan sui-istifadə, ümumi ailənin yaşayış sosial vəziyyətinin çətinləşdirilməsinə yönəltmişdir. Yaşayış evini bağışlama yolu ilə əldə etmiş iddiaçı, həmin evdən cavabdehlərin istifadə hüququna xitam verilməsi tələbi ilə, evi bəxşiş verənin ailə üzvünə qarşı pis niyyətdə istifadə etmiş olur. Ona görə də hesab edir ki, iddia tələbi və onun təmininə dair şikayət olunan qətnamə hüquqa əsaslı deyildir. Məhkəmənin hakimin iddianın təmin edilməsi qənaətinə gəlməsinə səbəb, iş üçün mühüm əhəmiyyətli olan halların tam araşdırılmaması və hazırkı iddia tələbi ilə bağlı tərəflər arasında ailə üzvü, yaşayış evinin bağışlanması zamanı və ondan sonrakı müddətlərdə tərəflərin davam etmiş münasibətlərinə görə və həmçinin kompensasiya məbləğinin təyinində mühüm yanlışlığa yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, İddiaçı Cavabdeh1 doğma bacısıdır, digər cavabdehlər Cavabdeh3 cavabdehin həyat yoldaşı, Cavabdeh2 isə oğludur. Yəni digər cavabdehlər iddiaçının gəlini və qardaşı oğludur. Göründüyü kimi iş üzrə tərəflər ailə üzvləri olmaqla, adı çəkilən 14 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla birgə yaşayırlar. Daha dəqiq cavabdehlər həmin evdə daimi, iddiaçı isə çox vaxtları Rusiya Federasiyasında olmaqla, orada yaşayır və işləyir. Həmin ev iddiaçı Zərinə və cavabdeh Adikin atası Dalik Ağarəhimova məxsus olmuşdur. Adik və bacısı İddiaçı həmin evdə anadan olub, orada böyümüşlər. Cavabdeh Salihat həmin evə xx.xx.1996-cı il tarixdə gəlin köçmüşdür. Həmin müddətdə evin əvəlki mülkiyyətçisi olan iddiaçının atası sağ olmuşdur. O, 7 avqust 2012-ci ildə vəfat etmişdir. Cavabdeh Nail xx.xx.2000-ci il tarixdə həmin evdə anadan olmuşdur. Tərəflərin atası Dalik Ağarəhimov evi qızı İddiaçı bağışlayanda, evin əvvəlki mülkiyyətçisi və iş üzrə tərəflər həmin evdə birgə yaşamışlar və bağışlamada evə dair artıq mövcud olmuş tərəflərə aid istifadə hüquq faktiki əvvəlki vəziyyətində saxlanılmışdır. Bağışlama müqaviləsi də bu şəkildə yəni evdə olan ailə üzvlərinin evdə mövcud istifadə hüququna toxunmadan rəsmiləşdirilmişdir. Göründüyü kimi həmin evə bağışlama yolu ilə mülkiyyət hüququnu iddiaçı əldə edərkən, cavabdehlər həmin evdə qeydiyyatda olmaqla, birgə yaşayırdılar və evin ona bağışlanması zamanı evdə olan yaşayış hüququna xitam veriləcəyinə dair öhdəlik götürməmişlər. Tam əksinə evdə olan istifadə hüquqları saxlanıldığına görə, evə mülkiyyət hüququnun iddiaçının adına rəsmiləşdirilməsinə cavabdehin etiraz edilməməsi, gələcəkdə bir yerdə yaşamaqda davam etməsi razılaşması əsasında olmuşdur. O, da yeni mülkiyyətçi olaraq, evi əvvəlki mülkiyyətçidən bu şəkildə qəbul etmişdir. Yəni iddiaçı həmin evə mülkiyyət hüququnu “cavabdehlərin həmin evdə qeydiyyatda olmaqla yaşadıqları və mülkiyyət hüququ ona keçəndən sonra da yaşayacaqlarına davam edəcəkləri” kimi məhdudiyyətlə qəbul etmişdir. Məhkəmə qətnaməsinin əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsində təsbit olunmuş “mülkiyyətçinin ona mənsub əmlaka istəyinə uyğun sərəncam vermə” hüququndan sərbəst deyil, cavabdehlərə nisbətdə məhduddur. Çünki, hazırkı iddia ilə o, bağışlama yolu ilə ona keçmiş mülkiyyəti hüququndan cavabdehlərə nisbətdə sui-istifadə etmiş olur ki, bu ba qeyd olunan maddənin ümumi tələblərinə görə yol verilməzdir. Belə ki, adı çəkilən Məcəllənin 152.5-ci maddələrinin tələblərinə əsasən mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. MM-nin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2016-cı il tarixli qərarında nümayış etdirilən mövqeyinə görə Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Bu məsələlərin həlli zamanı istifadə hüququnun yaranması və davam etməsi, istifadəsi zamanı mülkiyyətçi ilə bərabər ailə üzvlərinin yaşayış evindən istifadəsi mümkünsüzlüyü və s. dəlillər nəzərə alınmalıdır. Bu mövqe həmçinin mülkiyyətçinin keçmiş ailə üzvü üçün də eyndir. Qərara görə keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Göründüyü kimi “istifadə hüququna xitam verilməsi” ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi, yalnız bir “mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallar”da yol verilir. Lakin hazırkı iddia tələbi ilə bağlı belə bir “mümkünsüzlük” halı mövcud deyildir. Belə ki, tərəflər ailə üzvü olmaqla, həmin evdə birgə yaşayırlar. İstifadədə olan əmlak 3 yaşayış otaqlardan və köməkçi sahələrə malik fərdi yaşayış evindən və 0,04 ha. torpaq sahəsindən ibarət olduğundan, tərəflərin hər biri üçün birgə istifadə edilməsi imkanları genişdir. Ailə və birgə yaşayış münasibətləri iddianın qaldırıldığı müddətdən deyil, mülkiyyət hüququ iddiaçıya keçməmişdən əvvəl uzun müddət davam edir. İş üzrə tərəflər olan mülkiyyətçi və evdə istifadə hüququna malik ailə üzvlərinin birgə əmlakdan istifadəsi ilə bağlı hər hansı maneə mövcud deyildir. Bu baxımdan adı çəkilən fərdi yaşayış evindən cavabdehlərin istifadə hüququna xitam verilməsinə dair iddiaçı tərəfindən irəli sürülən dəlillərin heç birinin hüquqi əsası yoxdur və təmin edilməsinə qətnamə yuxarıda qeyd edilən maddi hüquq normaların tələbinə ziddir. Lakin məhkəmə qətnamə çıxararkən hesab etmişdir ki, mülkiyyətçi tələb etdiyi halda, müəyyən kompensasiya verməklə, cavabdehi evdən çıxara bilər. Göründüyü kimi məhkəmənin bununla bağlı mövqeyi hazırkı iş üçün keçərli deyildir. Belə bir mövqe o halda mümkün olardı ki, cavabdehlər onlara təklif olunan kompensasiya məbləği ilə razılaşmış olsunlar. Belə razılaşma olmadıqda isə müəyyən edilən kompensasiya məbləği bir tərəfin mövqeyinə uyğun yox, ağlabatan olmalıdır. Yəni kompensasiya məbləği mübahisə əmlakının yerləşdiyi ərazidə əmlakların dəyərinə, istifadə kirayəsi məbləği və s. diqqətə layiq meyarlara nisbətdə müəyyən edilməlidir. Ona görə də məhkəmə kompensasiya ödənilməklə, cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi kimi düzgün olmayan qənaətinə gəlirdisə, onda heç olmasa kompensasiya məbləğini düzgün müəyyən etməli idi və bunun üçün iddiaçının mövqeyini deyil, mövcud meyarları nəzərə almalı idi. Məhkəmədə müəyyən olunmuşdur ki, bundan bir neçə il əvvəl tərəflər həmin evin satılması və 1/3 hissəsinin cavabdehə verilməsinə razılaşmışlar. Evi 50.000 manata alıcı da olmuşdur. Lakin iddiaçı evin real dəyərinin 80.000 manat olduğunu və minimum 70.000 satacağına israr etdiyindən ev satılmamışdır. Son illərdə Qusar şəhərində evlərin dəyəri ən azından 20-30% artması aşkar haldır. Həmçinin kommunal durumu aşağı olan evlərin aylıq kirayə haqqı minimum 200 manatdan aşağı olmadığı da hamıya bəllidir. Belə olan halda qətnamə ilə müəyyən edilmiş 4000 manat kompensasiya heç bir məntiqə uyğun deyildir. Ona görə də qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin münasibətlərinə görə maddi hüquq normaları baxımından əsassızdır. Bundan əlavə cavabdehlərin məhkəmə kollegiyasına birgə yazdıqları ərizədə isə aşağıdakılar qeyd olunmuşdur:”...Cavabdeh tərəf tək nəfər deyil, müxtəlif cinsdən olan üç nəfərdən ibarətdir. Yəni cavabdehlər ailə olaraq onların yaşaması və ya kirayədə qalmalarına ən azından iki yataq otağı olan mənzil gərəkir. Oxşar vəziyyətdə yaşayış sahəli mənzillərin aylıq kirayəsi Qusar şəhərində 450-500 manat civarındadır. Bu baxımdan cavabdehlərin 1 il üçün kirayə haqları ən azından 5400-6000 manat civarındadır. Məhkəmənin müəyyən etdiyi 3 ilə nisbətdə isə bu məbləğ 4000 manat deyil, 16200-18000 manat civarındadır. Bundan başqa cavabdeh son 3 ildə həmin evdə təmir işləri aparmış, həyətində köməkçi sahələr inşa etməklə vəziyyətni xeyli yaxşılaşdırmışdır. Fərdi yaşayış evinin mövcud vəziyyətdə hazırda bazar qiyməti 100.000 manat civarındadır. Ona görə də iş üzrə tərəflərin qarşılıqlı, eləcə də adı keçən fərdi yaşayış evinə münasibətləri nisbəti baxımında hazırkı iş üçün ədalətli kompensasiya məbləği 20000-25000 manat civarında təyin edilməlidir...”. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştrirak etmiş Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli,iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhəri, M. Vəliyev küçəsi ev 14 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 78.1 kv/metr, yaşayış sahəsi 50.5 kv/m, yardımçı sahəsi 27.6 kv/metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüuquq üzrə İddiaçı məxsusdur. İş materiallarında olan **********72-10301 saylı fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Qusar şəhəri, M. Vəliyev küçəsi ev 14 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 78.1 kv/metr, yaşayış sahəsi 50.5 kv./m., yardımçı sahəsi 27.6 kv./metr-dir. Həmin ev 1967-ci il də tikilmişdir. İş materiallarında olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 18 mart 2021-ci il tarixli 703 saylı arayışın surətindən görünür ki, ünvan 3 ünvanda aşağıdakı şəxslər yaşayırlar. Cavabdeh1, Cavabdeh3 (qeydiyyatsız), Cavabdeh2. İş materiallarında olan 23.10.08-ci il tarixli 14 saylı CÇM-nın rəisi Ədliyyə Polkivnikleytenantı Həsənov tərəfindən təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, 14 saylı cəzaçəkmə müəssəsində cəza çəkən Cavabdeh1 Qusar şəhəri M.Vəliyev küçəsində yerləşən 14 saylı evin, bacısı İddiaçı adına keçirilməsinə heç bir etirazı yoxdur. Onun adından bütün sənədlərin hazırlanması və imzalanmasını bacısı, Qusar şəhəri M.Vəliyev küçəsi ev 14-də qeydiyyatda olan İddiaçı etibar edir. İş materiallarında olan AZ-İ 818046 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 nikahları 16 mart 2013-cü il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 39 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadına “Ağarəhimova” soyadını qəbul etmişdir.İş materiallarına əsasən həmçinin müəyyən olunur ki,Cavabdeh3 mübahisəli mənzildə 1996-cı ildən gəlin kimi köçərək yaşayır. İş materiallarında olan AZ-İİİ 539073 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası Cavabdeh3dır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Qusar şəhəri, M. Vəliyev küçəsi ev 14 ünvanda yerləşən istifadədə olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 78.1 kv/metr, yaşayış sahəsi 50.5 kv/m, yardımçı sahəsi 27.6 kv/metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin evdə yaşamaqla evə dair istifadə hüquqları vardır. Cavabdeh1 iddiaçının qardaşı, digər cavabdeh Salihat Ağakərimov iddiaçının qardaşı arvadı, cavabdeh Nail Ağakərimov isə cavabdehlərin oğludur. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddiaçının mülkiyyətində olan fərdi yaşayış evini satmaq istədiyini bildirmişdir. Odur ki, hazırda iddiaçının mənzilə dair mülkiyyət hüququ ilə cavabdehlərin istifadə hüquqları toqquşur və iddiaçı cavabdehlərə müvafiq kompensasiya verilməsi üsulu ilə mülkiyyət hüququnun müdafiə olunmasını tələb edir. Cavabdeh1 iddiaçının iddia tələbinə qarşı yalnız kompensasiyanın məbləği ilə bağlı etiraz etmiş, həmçinin, iddiaçı ilə onun daimi olaraq həmin evdə yaşaması ilə bağlı razılığa gəldiyini bildirmiş, lakin belə bir razılaşmanı məhkəməyə təqdim etməmişdir. Odur ki,birinci instansiya məhkəməsi cavabdehin həmin etirazına dair dəlillərini qəbul etməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnamədə onunla əsaslandırmışdır ki, İddiaçı özünə məxsus Qusar şəhəri, M. Vəliyev küçəsi ev 14 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdehlərin istifadə hüquqlarına 4000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılmaları barədə dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehlərin həmin məbləğdə pul müqabilində istifadə hüquqlarına xitam verilməsi onların mənafeyini pozmamaqla davamlı olaraq həmin mənzilə oxşar bir mənzildə yaşamalarının təmin olunması üçün kifayətdir. Belə ki, qeyd olunan mənzil köhnə tikili olmaqla yaşayış sahəsi 78.1 kv.metr təşkil edir və Qusar şəhərində həmin ölçüdə və şəraitdə olan mənzillərin kirayə haqları yüksək deyildir. Həmçinin, nəzərə alınmalıdır ki, istifadə hüququ olan şəxslərin istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi əmlakın dəyərinə görə müəyyən olunmur və kompensasiya yaşayış sahəsindən istifadə etmək hüququnun xitamının elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Odur ki, cavabdehin etirazı iddiaçının iddia tələbinin əsaslı olmasını şübhə altına alacaq dərəcədə deyil və ona görə də, məhkəmə iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehin istifadə hüququna xitam verilməsini məqsədə müvafiq hesab edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki,”... Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar...”. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunur ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdehlər xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2 anadan olduqları vaxtdan, digər Cavabdeh3 isə 1996-cı ildən Qusar şəhəri, M.Vəliyev küçəsi 14 saylı evdə yaşayırlar. İş materiallarında olan məhkəmə iclas protokoluna əsasən müəyyən olunur ki, əvvəllər cavabdehlərə qeyd olunan evə istifadə hüquqlarına xitam verilməsi üçün 10 min manat kompensasiya təklif olunmuş (i/v 87), lakin cavabdehlər bununla razı olmamışlar. İşin 71-75-ci vərəqində olan elanlara əsasən Qusar şəhəri istirahət mərkəzinə aid olduğundan günlük kirayə haqları müxtəlif fərdi yaşayış evlərinə münasibətdə 50 manatdan 100 manatadək müəyyən olunur. Birinci instansiya məhkəməsində Cavabdeh3 öz izahatında 16-17 min manat verildiyi təqdirdə evdən çıxmağa razı olduqlarını bildirmişdir (i/v 79). Cavabdehlərin apellyasiya instansiyası məhkəməsinə birgə göndərdikləri ərizələrində isə 20000-25000 manat civarında kompensasiya məbləği təklif olunmasını ədalətli hesab etmişlər. Yuxarıda qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsinə cavabdehlərə davamlı surətdə və üç il müddət daxilində başqa yerdə əvvəlki evdə onlara xac olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi məqsədi ilə 4000 manat kompensasiya məbləğinin həddən artıq aşağı olması bildirilməklə, 15.000 manat məbləğində kompensasiya verilməsi təklif olunmuşdur. Lakin iddiaçının nümayəndəsi bununla əlaqədar iddiaçının adından həmin təkliflə razı olmadığını bildirmişdir. Beləliklə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(029)-312/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı cavabdehlərə 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4.000 (dörd min) manat kompensasiya ödəməklə onların ünvan 1 evə olan yaşayış hüquqlarına xitam verilməsinə dair iddia tələbi təmin olunmasın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1697/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1697/2023
01.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver