Məhkəmə qərarları › İş №2(105)-1699/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1699/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1699/2023 11.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair” iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli e-2(060)-1975/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A22 markalı telefon üçün 445.4 manat ödənilməmiş hissə, 44.6 manat cərimə, ümumillikdə 490 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A22 markalı telefonı almışdır. Cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 655.44 manat olan mobil telefon üçün 490 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Paket M və Qızıl Zəmanət ULtradan xx.xx.2021-ci il tarixində imtina etmiş, məhsul 155 manat qiymətləndirilərək borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 55.04 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiyməti 155 manat, cəmi ödədiyi məbləğ 210.04 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

4. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, onun qızıl zəmanəti ola-ola xəbərsiz onu qeyri-qanuni olaraq ləğv etmişlər. Zəmanətin bərpasını tələb etsə də bunun xeyri olmamış, bir Qarabağ müharibəsi qazisi kimi sözlərinə məhəl qoymamışlar. Telefonunu qaytarmış, pulu geri istədikdə isə onlar bundan imtina etmişlər. Ona görə etiraz ərizəsini nəzərə alaraq işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir.

5. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə 02 may 2023-cü il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung Galaxy A22 markalı telefon üçün 570.41 manat ödənilməmiş borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021- ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən Samsung Galaxy A22 markalı telefon almış, həmin tarixli bildiriş-əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli müqavilədə nəzərdə tutulmuş Samsung Galaxy A22 markalı telefonı tam qüsursuz halda təhvil almış və ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ay 54.62 manat ödəməyi öhdəsinə götürmüşdür.

7. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilənin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

8. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, Cavabdeh üçüncü dərəcəli əlillik diaqnozu qoyulmuşdur. Əlilliyin səbəbi isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitsuya quruluşunun müdafiəsi ilə əlaqədardır. Diaqnoz isə başın dəqiqləşdirilməmiş travmaların nəticələri, üzvi mənşəli şəxsiyyət pozuntusu, vegetativ tez-tez təkrarlanan paroksizimlər (ayda 6-7 dəfə), dəqiqləşdirilməmiş ensefalopatiya qoyulmuşdur.

9. Ambulator kitabçadan çıxarışdan görünür ki, X4 çoxlu sayda dərman qəbul etdiyindən komotoz vəziyyətinə düşmüş və kontakda girmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

10. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli e-2(060)-1975/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 739, 425.1, 442, 448.1, 5.3, 462.1, 600.1, 600.4 və 600.5-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələri və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1 və 10.6-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

12. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli e- 2(060)-1975/2023 nömrəli iş üzrə qətnaməsini tam ləğv edərək, Cavabdeh ümumilikdə 570.41 manat və 30 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə müvafiq olaraq məhsul cavabdehə qüsursuz təhvil verilmişdir. Birinci instansiya məhkəməsi qənaətə gəlmişdir ki, iddia tələbinin əsası sübuta yetirilməmiş, tərəflər arasında olan öhdəlik münasibətlərinin şərtlərinə iddiaçı tərəfindən əməl edilməmiş, işin araşdırılan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmayaraq, cavabdeh tərəfindən verilmiş etirazın dəlilləri əsaslı hesab edilmişdir. İddia tələbinin hüquqi əsasının olmamasına dəlalət edən hallardan biri də tərəflər arasında bağlanılmış qızıl zəmanətin şərtlərinin pozulmasıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı deyil o səbəbdən ki, cavabdeh əvvəlki məhkəmə prosesində iddiaçının nümayəndəsi ilə razılığa gəlmişdir ki, qızıl zamanəti bərpa edilərsə borcu ödəyəcək. Daha sonra şirkət tərəfindən qızıl zəmanət bərpa edilmişdir. Eyni zamanda qeyd edir ki, cavabdeh xx.xx.2023-cü il tarixdə yaxınlaşıb servisə İMEİ kodu **********17289 olan Samsung Galaxy A22 markalı telefonundan imtina edib. Qeyd edir ki, xx.xx.2023-cü il tarixli 454685 saylı sifariş qəbzindən görünür ki, cavabdeh özü İMEİ kodu **********17289 olan Samsung Galaxy A 22 markalı telefondan imtina etmiş və özü həmin qəbzə imza atıb. Eyni zamanda qeyd edir ki, sözügedən qəbzdən görünür ki, İMEİ kodu **********17289 olan Samsung Galaxy A 22 markalı telefonun ekranında istehlakçının günahı ucbatından çat və çox saylı ləkələr və cızıqlar var. Eyni zamanda, cavabdeh əvvəlki məhkəmə prosesində iddiaçının nümayəndəsi ilə razılığa gəlmişdir ki, qızıl zamanəti bərpa edilərsə borcun ödənilməsinə söz vermişdir. Daha sonra şirkət tərəfindən qızıl zəmanət bərpa edilmişdir. Onuda qeyd edir ki, sözügedən Samsung Galaxy A 22 markalı telefon alındığı gündən (xx.xx.2021-ci) məhkəmə prosesinin 3-cü iclasına qədər Cavabdeh istifadəsində olub. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

16. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu: Maddə 7.1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Maddə 10.6. İstehlakçı malın (işin, xidmətin nəticələrinin) istifadəsi, daşınması və saxlanılması qaydalarına düzgün əməl etdikdə, lakin həmin mal (iş, xidmət) onun həyatına, sağlamlığına, əmlakına və ya ətraf mühitə zərər vurduqda və ya zərər vura bilərsə, istehsalçı (icraçı, satıcı) onun istehsalını (satışını) zərər vura bilən səbəblər aradan qaldırılanadək dayandırmalı, zəruri hallarda isə onun dövriyyədən çıxarılması və istehlakçıdan geri qaytarılması üçün tədbirlər görməlidir. Zərərin səbəblərini aradan qaldırmaq mümkün deyildirsə, istehsalçı (icraçı) belə malları (işləri, xidmətləri) istehsaldan çıxarmaqla, dövriyyədən yığmağa və istehlakçıdan geri almağa borcludur. İstehsalçı (icraçı) bu vəzifələrini yerinə yetirmədikdə malları (işləri, xidmətləri) istehsaldan çıxarmaq, dövriyyədən yığmaq və istehlakçılardan geri almaq haqqında qərarı müvafiq dövlət nəzarət orqanları öz səlahiyyətləri çərçivəsində qəbul etməlidirlər. Bu hərəkət nəticəsində ərzaq xammalı və məhsulları qidalanma üçün yararsız sayılarsa, onlar məhv və ya təkrar emal edilməlidirlər. Malların (işlərin, xidmətlərin) geri qaytarılması ilə əlaqə dar istehlakçıya dəyən zərəri istehsalçı (icraçı) tam həcmdə ödəməlidir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

22. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 655.44 manat dəyərində məişət məhsulu nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdehdən 490 manat qalıq borcu tələb etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Samsung Galaxy A22 markalı telefon üçün ümumillikdə 570.41 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdeh məişət məhsulunu "xxxx" MMC-yə təhvil verdiyini, iddiaçının qızıl zəmanətin şərtlərinə əməl etməmədiyini, ona müqavilə ilə nəzərdə tutulmuş proqramın yazılmadığını, qızıl zəmanətin əməkdaşlar tərəfindən silindiyini, dəfələrlə iddiaçıya müraciət edilməsinə baxmayaraq, qızıl zəmanətin bərpa edilmədiyini, bir ayın ödənişi olaraq (əlli beş manatın) ödədiyini, öhdəliyinin yerinə yetirilməsindən imtina etmədiyini, lakin iddiaçı yenidən diaqnostika edilməsi üçün telefonun qoruyucu şüşəsinin bərpası üçün ondan pul tələb etdiyini, onun isə buna maddi imkanın olmaması barədə etiraz etmiş, məhkəmədən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir.

25. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsası sübuta yetirilməmiş, tərəflər arasında olan öhdəlik münasibətlərinin şərtlərinə iddiaçı tərəfindən əməl edilməmiş, işin araşdırılan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmayaraq, cavabdeh tərəfindən verilmiş etirazın dəlilləri əsaslı hesab edilmişdir. İddia tələbinin hüquqi əsasının olmamasına dəalət edən hallardan biri də tərəflər arasında bağlanılmış qızıl zəmanətin şərtlərinin iddiaçı tərəfindən pozulması, qızıl zəmanətin bərpası və ya digəri ilə əvəz olunmasına dair heç bir şərt irəli sürmədən müqavilədə nəzərədə tutulmuş tələblərdən çıxış etməyərək iddia tələbi ilə məhkəməyə müraciət olunmuş, iddiaçı tərəfin təqsiri nəticəsində olan (qızıl zəmanətin bərpası) hal ilə bağlı əlavə məbləğ hesablanaraq tələb irəli sürülmüşdür. Buna görə məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilə bilməz.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli e-2(060)-1975/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar